Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3086/2024 24.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş zərərə görə 932,50 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 962,50 manat pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 21 oktyabr 2023-cü il tarixdə saat 10:00 radələrində yaşadığı mənzilin su basmasını görərək dərhal "xxxx" ASC-nin qaynar xəttinı yığaraq məlumat vermişdir. Zərərin ödənilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. Cavabdehdən ona verilmiş cavabda cavabdeh tərəfin tərtib etdiyi aktda ona 600 manat zərərin dəyməsi öz əksini tapmışdır. Bununla bağlı onun bank hesabına 350 manat ödəniş edilmişdir. O, «Rəşadoğlu İnşaat» şirkətinin rəsmi servis qurumu olan "xxxx" Təmir- Tikinti Şirkəti tərəfindən ona verilmiş arayışa əsasən ona 932,50 manat maddi zərərin dəyməsi göstərilmişdir. Qüsur aktında hər bir məqam açıq-aşkar göstərilmişdir. Bununla bağlı o, cavabdehə narazılığını bildirdikdə və müstəqil ekspert təyin edilməsini istədikdə sığorta şirkəti bundan imtina etmişdir. Bu səbəbdən, o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçının vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, "xxxx" ASC-də RPA********** saylı «Daşınmaz əmlakın icbari sığortası» növü üzrə sığortalanmış, ünvan 1 ünvanda yerləşən yaşayış evinə xx.xx.2023cü il tarixdə subasma nəticəsində zərər dəymişdir. ünvan 2 ünvanda yerləşən yaşayış evinə dəymiş zərər 600,00 manat məbləğində qiymətləndirilmişdir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsində yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri müəyyən edilmişdir. Qanunun 39.3.1-ci maddəsinə əsasən Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250,00 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 927.2-ci maddəsinə əsasən zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi həyata keçirilir. Daşınmaz əmlaka dəymiş zərər məbləği və sığorta ödənişi məbləği ilə bağlı "xxxx" ASC ilə İddiaçı arasında razılıq əldə olunmuş, İddiaçı 350,00 manat məbləğində sığorta ödənişinin onun şəxsi bank hesabına köçürülməsi ilə bağlı ərizə yazmış, İddiaçı təqdim etdiyi bank hesabına 350,00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən ərizədə «Razılaşıram ki, sığortaçı sığorta ödənişini həyata keçirməklə sığorta hadisəsi üzrə bütün öhdəliklərini tam və əskiksiz şəkildə icra etmiş hesab olunur və cari sığorta hadisəsi üzrə gələcəkdə sığortaçıya qarşı hər hansı iddia və ya sığorta tələbi irəli sürməyəcəkdir» məzmununda müddəa mövcuddur və İddiaçı bu müddəa ilə tanış olmuş, razılığını öz imzası ilə təsdiq etmişdir. Göründüyü kimi "xxxx" ASC qanunvericiliklə və müqavilə ilə öhdəliklərini düzgün və tam icra etmişdir. Şirkət qanunvericiliyin tələblərinə əməl etmişdir. Belə ki, zərərin miqdarı barədə qarşı tərəfə bildiriş getmişdir. Zərər 600 manat qiymətləndirilib, qanunvericiliyə və müqaviləyə əsasən 250 manat azad olma çıxılıb, 350 manat ödəniş edilib və qarşı tərəf isə razı olub. Bununla bağlı iddiaçının ərizəsi və imzası da var və ödəniş həyata keçirilmişdir. Əgər qarşı tərəf razı olmasaydı müstəqil ekspert cəlb olunacaqdı. Şəxsin razı olduğu halda sonradan məhkəmədə iddia qaldırmasını əsassız hesab edirlər. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında əmlakın icbari sığortası müqaviləsi bağlanmış və iddiaçıya bu barədə RPA********** saylı xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi təqdim edilmişdir. Həmin şəhadətnamənin qüvvədə olduğu müddət xx.xx.2023-cü il tarixdən saat 00:00-dan xx.xx.2024-cü il tarixə saat 23:59-dək olan dövrü əhatə etmişdir. İddiaçı tərəfindən sığorta şirkətinə 50 manat sığorta haqqı ödənilmişdir. Təmir qiymət çıxarışından görünür ki, memar Adil Talıb tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən mənzilə su sızması nəticəsində vurulmuş zərərin 932,50 manat məbləğində olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli zərər dəymiş daşınmaz əmlakın qiymətləndirilməsinə dair hesabatdan görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən mənzilə su sızması nəticəsində vurulmuş zərərin 600 manat məbləğində olması müəyyən edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, İddiaçı "xxxx" ASC-yə müraciət edərək mülkiyyətində olan, icbari qaydada sığorta olunmuş mənzilinə (ünvan 2 ünvanda yerləşən mənzilə) su sızması nəticəsində sığorta hadisəsi baş verdiyini, bununla əlaqədar hesablanmış 600 manat, ikinci ərizədə isə 350 manat (250 manat franşiza çıxıldıqdan sonra) ziyan məbləği ilə razı olduğunu bildirmiş, həmin məbləğdə sığorta ödənişinin verilməsini xahiş etmişdir. İddiaçı sığorta şirkətinə ünvanladığı hər iki ərizəsində sığortaçının ödənişini həyata keçirdikdən sonra sığorta hadisəsi üzrə bütün öhdəlikləri yetirə yetirmiş hesab olunması və gələcəkdə zərərçəkən, sığortalı, sığorta olunan və faydalanan şəxs tərəfindən bu hadisə ilə bağlı heç bir iddia irəli sürülməyəcəyi ilə razılaşmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2024-cü il tarixli 10/5813 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 823 saylı mənzilin dəhliz tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini nəzərə alaraq, Bakı şəhəri Yasamal rayonunda inşa edilmiş «Renessans Palace» yaşayış kompleksinin 3 saylı binasının E blokunun 7-ci mərtəbəsində yerləşən 823 saylı mənzilin dəhliz tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri Yasamal rayonunda inşa edilmiş «Renessans Palace» yaşayış kompleksinin 3 saylı binasının E blokunun 7-ci mərtəbəsində yerləşən 823 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1.111 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1.2-ci maddəsinə əsasən Mülki Məcəllənin vəzifəsi mülki dövriyyəni təmin etməkdir. - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür..... - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. - 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. - 927.2-ci maddəsinə əsasən zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi həyata keçirilir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: - 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. - 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. - 16.2-ci maddəsinə əsasən Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925- 1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. - 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. - 20.1-ci maddəsinə əsasən əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. - 39.3-cü maddəsində yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri müəyyən edilmişdir. - 39.3.1-ci maddəsinə əsasən Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250,00 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, tərəflər arasında sığorta ödənişi ilə əlaqədar razılıq əldə edilmiş, iddiaçıya 350 manat sığorta ödənişi icra edilmiş, cavabdeh tərəf öz üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Doğrudur, ekspert rəyində iddiaçının mənzilinə dəymiş ziyan daha yüksək məbləğdə qiymətləndirilsə də, iddiaçı sığorta şirkəti tərəfindən ona təklif edilmiş məbləğə daha öncədən etirazını bildirməmiş, əksinə şirkətə yazılı ərizə təqdim edərək sığortaçının ödənişi həyata keçirdikdən sonra sığorta hadisəsi üzrə bütün öhdəlikləri yetirə yetirmiş hesab olunmaqla gələcəkdə bu hadisə ilə bağlı heç bir iddia irəli sürülməyəcəyi ilə razılaşmışdır. Lakin bununla belə iddiaçı məbləği qəbul etdikdən sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iddia tələbinin rədd edilməsi qənaətinə gələrkən eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, bu növ iddia tələblərinin təmin edilməsi gələcəkdə əvvəllər aralarında müvafiq razılıq əldə etmiş şəxslərin yenidən məhkəmədə iddia qaldırmağa maraqlı etməklə bir növ mülki dövriyyənin təmin edilməsinə xidmət etməyəcəkdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-3086/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3086/2024
24.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver