Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3090/2021 23.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "maddi və mənəvi zərərin əvəzinin və məhkəmə xərclərinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı "maddi və mənəvi zərərin əvəzinin və məhkəmə xərclərinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 01 fevral 2021-ci il tarixində idarə etdiyi “Honda Civıc minik” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkət edən zaman qəza törədərək iddiaçının idarə etdiyi mülkiyyətində olan “Audi Q7 minik” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Nəticədə hər iki avtomaşına maddi ziyan dəymişdir. Bununla bağlı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X4 İdarəsinin əməkdaşı X2 tərəfindən Cavabdeh1 barəsində “İnzibati xəta haqqında” İXP ******* nömrəli, 01.02.2021 -ci il tarixli protokol tərtib olunmuş və həmin protokola əsasən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında'' TP4171369 nömrəli 01.02.2021-ci il tarixli qərarla Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Cavabdehin təqsiri ucbatından baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçının idarə etdiyi “Audi Q7 minik” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomaşının əzilməsi nəticəsində iddiaçıya xeyli miqdarda maddi ziyan dəymişdir. Belə ki, iddiaçının avtomobilinin təmirini həyata keçirmiş "xxxx" MMC-yə avtomobilin əzilən ehtiyat hissələrinin dəyişdirilməsi və təmiri üçün iddiaçı tərəfindən ümumilkdə 8005 manat məbləğində pul vəsaiti ödənilmişdir. Lakin cavabdeh avtomobilin əzilən ehtiyat hissələrinin dəyişdirilməsi və təmiri üçün sərf olunan həmin 8005 manat məbləğində vəsaitin yalnız 5.000 manatı Cavabdeh1 sığorta olunduğu "xxxx" Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilmiş, qalan məbləğ isə iddiaçının öz vəsaiti hesabına təmin olunmuşdur. Hadisənin baş verdiyi tarixindən və avtomaşının təmir olunmasından xeyli vaxt keçsə də, lakin cavabdeh onun təqsiri ucbatından iddiaçının aldığı zərərin qalan məbləği olan 3005 manatı ödəməkdən imtina edir. Cavabdehlər ona vurduğu məbləğində maddi ziyanla yanaşı, həmçinin 5000 manat məbləğində də mənəvi ziyan vurmuşdur. Cavabdehlər iddiaçının hüquqularını müdafiə edən vəkilə ödədiyi 500 manat məbləğində pulu və 30 manat məbləğində dövlət rüsumunu ona ödəməlidirlər. Göstərilənlərə əsasən, Cavabdeh1 qanunsuz hərəkəti nəticəsində ona dəymiş 3005 manat məbləğində maddi, 5000 manat məbləğində mənəvi zərərin və 530 manat məbləğində məhkəmə məsrəfinin cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilnin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş üzrə AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş 18.02.2019-cu il tarixli, AD№456976 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiqlənmiş surətinə əsasən “Audi Q7 minik” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı minik avtomaşın (2018-ci il buraxılışlı) İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhər DYPİ Yol patrul Xidməti tərəfindən tərtib edilmiş 01.02.2021-ci il tarixli inzibati xəta haqqında protokolun və onun əsasında tərtib edilmiş həmin tarixli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən, Cavabdeh1 01.02.2021-ci il tarixində “Honda Civıc minik” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Cavabdeh1 AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş qüsur aktına əsasən “Audi Q7 minik” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği ümumilikdə 8005 manat təşkil edir. İş üzrə "xxxx" DSKŞ-nin sığorta ödənişi ilə bağlı aktından görünür ki, sığorta şirkəti tərəfindən İddiaçı 5000 manat sığorta ödənişi ödənilmişdir. Məhkəmə qərardadına əsasən təyin edilmiş ekspertizaya əsasən verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/3647 nömrəli, 14 iyul 2021-ci il tarixli rəyindən görünür ki, “Audi Q7 minik” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri 7360 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh1 idarə etdiyi “Honda Civıc minik” markalı, **-KV-*** dövlət nömrə nişanlı avtomaşın 01.02.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Audi Q7 minik” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. Bakı şəhər DYPİ Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş 01.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli blinərək 40 manat cərimə edilmişdir. "xxxx" DSKŞ tərəfindən “Audi Q7 minik” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddiaçının avtomobilinin zədələnməsi nəticəsində avtomobilin təmiri üçün ödənilmiş məbləğ 8005 manat təşkil etmişdir. Hazırda iddiaçı ona dəymiş zərərin həcminin daha yüksək olduğuna istinad edərək 3005 manat maddi və 5000 manat mənəvi zərərin alınıb ödənilməsini tələb edir. Məhkəmə iddianı hüquqi tərəfləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Qeyd olunan Məcəllənin 922.1-ci maddəsinə görə sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (həmin Məcəllənin 922.2-ci maddəsi). Həmin Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Eyni Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 56-cı maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləği üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə - 5000 manat məbləğində müəyyən edilmişdir. Hazırki işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya dəymiş ziyanla bağlı 5000 manat məbləğində pul ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi məbləğ “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsində göstərilən 5000 manat məbləğini keçdiyindən iddiaçı bu məbləği cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən deyil, yalnız cavabdeh Cavabdeh1 tələb etməli idi. Hazırki halda sığorta hadisəsi nəticəsində “Audi Q7 minik” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın həcmi ekspert rəyinə əsasən 7360 manat həcmində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə Cavabdeh1 avtomobilin təmirbərpa işləri üçün tələb olunan 2360 manat məbləğində pulun yerdə qalan hissəsinin (7360-5000=2360) tutulmasını ədalətli hesab edir. Qeyd olunanlara əsasən, iddia tələbi “3005 manat məbləğində maddi ziyanın ödənilməsi” hissəsində qismən təmin edilməli, Cavabdeh1 2360 manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin iddianın digər cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı hissədə qeyd edir ki, cavabdeh tərəfindən iddia tələbinin maddi ziyanla bağlı hissəsi ona aid hissədə (5000) tam icra edildiyindən və qanunun tələbinə əsasən məsuliyyət 5000 manatla əhatələndiyindən digər artıq məbləğin Sığorta Şirkətindən tələb edilməsi əsassız olduşdur. Odur ki, iddia cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin mənəvi zərərə aid hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı). Məhkəmə iddiaya bu hissədə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmiş, eyni zamanda, özünün hansı şəxsi qeyri-əmlak hüquqlarının pozulmasını məhkəməyə bildirməmişdir. Bundan əlavə, Məhkəmə hüquqi yardım xərcinə görə 500 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməlidir. Həmin Məcəllənin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəməyə təqdim edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardımla bağlı vəkilə 500 manat pul ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş 500 manat pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin olunmaqla, Cavabdeh1 2360 (iki min üç yüz altmış) manat, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2890 (iki min səkkiz yüz doxsan) manat məbləğində pul tutularaq İddiaçı verilməli, iddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh Cavabdeh1 tutulub Az.MEM, VÖEN **********, hesab AZ34CTRE********************, X1, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 2360 (iki min üç yüz altmış) manat, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2890 (iki min səkkiz yüz doxsan) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh Cavabdeh1 tutulub Az.MEM, VÖEN **********, hesab AZ34CTRE********************, X1, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3090/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3090/2021
23.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver