Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3129/2024 01.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdeh X2 (yekun məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma üçün əsas olan qətnamənin çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma üçün əsas olan qətnamənin çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 15 saylı evin, 32 saylı mənzilinə (yeni qaydalarla:AZ-1111, Bakı şəhəri, Nəsimi r-nu, Rəşid Məmmədov küç., giriş 39.M.1.M2) istifadə hüquqlarının itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma üçün əsas olan qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 15 saylı evin, 32 saylı mənzilinə (yeni qaydalarla:AZ-1111, Bakı şəhəri, Nəsimi r-nu, Rəşid Məmmədov küç., giriş 39.M.1.M2) istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı Bakı şəhəri, Nəsimi r-nu, Rəşid Məmmədov küçəsi, 15 saylı evin, 32 saylı mənzilini 12 mart 2024-cü il tarixdə notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən, dəyərini ödəməklə almışdır. Həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il tarixdə çıxarış verilmişdir. Mənzil lazımi qaydada alqı-satqı edildikdən sonra cavabdehiər bütün əşyalarını götürərək, mənzili ona təhvil verib başqa ünvana getmişlər. Lakin həmin vaxt mülkiyyətinə verilmiş evə iş üzrə olan cavabdehlər qeydiyyatda qalmışdır. Cavabdehlərin mübahisəli mənzildə yaşamamasına baxmayaraq, həmin mənzildə pasport qeydiyyatında qalması onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki icasında iştirak edən cavabdeh X5 iddia tələbini qəbul etdiyini bildirmişdir. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin etirazı: Cavabdehlər tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Azərbacan Respublikasının DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsindəki, 15 saylı evin 32 saylı mənzilinin yeni qaydalarla: AZ 1111, ünvan 1 ünvanında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qeydiyyatdadırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs Hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən xx.xx.2024-cü il tarixli elektron çıxarışa əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsindəki, 15 saylı evin 32 saylı mənzili, yeni qaydalarla: AZ 1111, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın AN-İ seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, X6 Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsindəki, 15 saylı evin 32 nömrəli mənzilini X1. Bakı şəhəri 17 saylı notariat ofisində təsdiq olunmuş ərizələrin surətindən görünür ki, cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsindəki, 15 saylı evin 32 saylı mənzilinin satılmasına razılıq vermişlər və müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi və paport qeydiyyatından çıxmağı öhdələrinə götürmüşlər. Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk öncə “istifadə hüququnun” hüquqi mahiyyətinə aydınlıq gətirilməsinə və həmin məsələ barədə Konstitusiya Məhkəməsi Plenumunun aşağıda göstərilən qərarlarına nəzər yetirilməsini zəruri hesab edir. Yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Bu mənada qeyd edilməlidir ki, Mülki Məcəllədə “istifadə” sözü mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilmişdir. Məsələn, Mülki Məcəllənin əşya hüququ olan mülkiyyət hüququ anlayışının izahı ilə bağlı 152-ci maddəsində, 11-ci Fəslinin servitut və uzufrukt ilə bağlı müddəalarında, habelə öhdəlik hüququna aid olan 33-cü Fəslində kirayə və 36-cı Fəslində əvəzsiz istifadə müqaviləsi ilə bağlı müddəalarda da bu anlayışa rast gəlinir. İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi birbirindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Yuxarıda göstərilən hüquqi mövqedən aydın olduğu kimi ümumiyyətlə istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq, yəni həmin sahədə yaşamaq imkanını təmin edir. Bu imkan isə ehtiyacdan(məcburiyyətdən) yaranır və ehtiyacın aradan qalxması ilə itir. Hüququn yaranması əsası isə yuxarıda göstərildiyi kimi müxtəlif ola bilər. Bunlara etibarlı ailə münasibətlərinin mövcudluğunu, müqavilə və digər razılaşmaları aid etmək olar. Lakin hər bir halda həmin hüquq mülkiyyət hüququnun mütləq şəkildə məhdudlaşdırılması ilə nəticələnə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 15 saylı evin, 32 saylı mənzili, (yeni qaydalarla:AZ-1111, Bakı şəhəri, Nəsimi r-nu, Rəşid Məmmədov küç., giriş 39.M.1.M2) İddiaçı mülkiyyətindədir. Həmin mənzilə dair alqı-satqı həyata keçirilsə də, cavabdehlər ona məxsus olan mənzildə formal olaraq qeydiyyatdadırlar, həmin mənzildə faktiki yaşamırlar. Məhkəmə sorğusu əsasında təqdim olunmuş notariat işində olan Bakı şəhəri 17 saylı notariat ofisində təsdiq olunmuş ərizələrin surətindən görünür ki, cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 X3 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsindəki, 15 saylı evin 32 saylı mənzilinin satılmasına razılıq vermişlər və müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi və paport qeydiyyatından çıxmağı öhdələrinə götürmüşlər. Beləliklə, sözügedən mənzilin hal-hazırda iddiaçının mülkiyyətində olması, onun həmin mənzili alqı-satqı müqaviləsi əsasında alması və mənzili almamışdan öncə cavabdehlərin həmin mənzilin satılmasına etiraz etməməsi və mənzil satıldıqdan sonra mənzili tərk etməsi və oradan qeydiyyatdan çıxması ilə bağlı üzərinə öhdəlik götürməsi işin mübahisə edilməyən hallarıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının irəli sürdüyü əsasın tələblə uyğunlaşmaması əsası ilə iddia təmin edilməməlidir. Belə ki, iddiaçının irəli sürdüyü dəlil – cavabdehlərin qeydiyyatda qalması onların istifadə hüquqlarının mövcudluğunu sübut etmir, iddiaçı özü cavabdehlərin faktiki olaraq istifadə hüquqlarının mövcud olmadığını qeyd etsə də, istifadə hüqunun itirilmiş hesab edilməsinə dair iddia irəli sürmüşdür. Qeyd edilməlidir ki, cavabdehlərin mənzildən istifadə hüquqlarının iddiaçıya (yeni mülkiyyətçiyə) münasibətdə yarandığı müəyyən edilmir. Şəxsin istifadə hüquqlarının olmadığı təqdirdə obyektiv mənada bu hüququn itirilməsi anlaşılan deyil. Qanunvericiliyin təhlili müəyyən edir ki, şəxsin başqasının mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınmasının qanunvericilikdə iki halı nəzərdə tutulmuşdur: 1) Şəxsin, mənzilin mülkiyyətçisinin ailə üzvü olması; 2) Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış istifadə hüquqları olan digər şəxs kimi. Yuxarıda sadalalanan qanunvericilik normalarına əsasən, hazırki mülki işdə cavabdehlərin iddiaçının yaxın ailə üzvü,yəni cavabdeh ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər dairəsinə aid deyil, həmçinin tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən hər hansı bir razılaşma olmamışdır. Sadalanan qanunvericilik normalarını, işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdehlərin İddiaçı münasibətdə mübahisəli mənzilə ümumiyyətlə istifadə hüquqları yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin istifadə hüquqları olmadığı mübahisəli mənzilə dair istifadə hüququnun itirilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 15 saylı evin, 32 saylı mənzilinə (yeni qaydalarla: AZ-1111, Bakı şəhəri, Nəsimi r-nu, Rəşid Məmmədov küç., giriş 39.M.1.M2) istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia tələbi cavabdehlərin mənzilə istifadə hüquqlarının olması müəyyən edilmədiyindən təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-3129/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3129/2024
01.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver