Məhkəmə qərarları › İş №2(006)-314/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-314/2021

25.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-314/2021 25.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi (vəkili) X7 iştirakları ilə, İddiaçı cavabdehlər “xxxx” MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Camal oğluna, Cavabdeh6 qarşı «qeyri-yaşayış sahəsinin verilməsi, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və s." tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında iddiaçının mülkiyyətində və sahibliyində olmuş 43,0 kv.m qeyri-yaşayış sahəsinin 20% əlavə olunmaqla əvəzi olaraq pilot layihənin tələblərinə uyğun qeyri-yaşayış sahəsinin verilməsi, vurulmuş maddi ziyana görə 200000.0 manat, mənəvi ziyana görə 25000,0 manat və əldən çıxmış faydaya görə 250000.0 manat olmaqla ümumilikdə 475000.0 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, xüsusi mülkiyyətə, şəxsi əşyalara və əmlaka qəsd etməklə talan edərək dağıtmış şəxslərin məsuliyyətə cəlb olunmaları barədə xüsusi qərar çıxararaq araşdırılması üçün prokurorluğa təqdim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, 2003-cü ildə Bakı şəhəri, Nəsimi rayonu, Ak.MirQasımov küçəsi 10 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının yarım zirzəmisindəki 34.7 kv.m qeyri-yaşayış sahəsini İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentindən alqı-satqı yolu ilə almış, həmin zirzəmiyə xüsusi mülkiyyət hüququ xx xxxxxx 2003-cü il tarixli şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Şəhadətnamədə zirzəminin sahəsi 34,7 kv.metr göstərildiyinə baxmayaraq, faktiki olaraq sahəsi təxminən 50 kv.m.olmuşdur. Həmin qeyri-yaşayış sahəsi uzun müddət 2017-ci ilin sonlarınadək obyekt kimi fəaliyyət göstərmiş, ayrıca girişi, işıqlandırma üçün geniş pəncərəsi, ventelyasiyası və nəfəsliyi olan (fortoçkası), hər cür kommunal şəraitə malik tam təminatlı obyekt olmuşdur. Obyekt fəaliyyətdə olmuş iddiaçıya məxsus şəxsi əşyalar, qiymətli kağızlar, məsul əmlaklar obyektdə olmuş, sökülərkən dağıdılaraq talan edilmişdir, Lakin, Nəsimi RİHB-nin xx.xx.2017-ci il tarixli sərəncamı və bağlanmış müqavilə əsasında MMC tərəfindən fəaliyyət dayandırılmışdır. Mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 4 mərtəbəli binanın birinci mərtəbəsi tam olaraq mənzillərdən ibarət olmuş və yaşayış məqsədləri üçün istifadə olunmuşdur. 2018-ci ilin mart-may aylarında "xxxx' MMC şirkətinin vəzifəli şəxsləri xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi müqabilində uyğun olmayan sahə təklif etdiklərinə görə razılaşmamış və bu barədə dövlət orqanlarını rəsmi xəbərdar etmişdir. Lakin, xx xxx 2018-ci il tarixdə mülkiyyətində olan obyekt dağıdılmış, ona məxsus əmlak dəyərli əşyalar məişət texnikası, o cümlədən JVC markalı televizor, siemens markalı qızdırıcı və məişət texnikası təmir məqsədilə yeni alınmış metlax və dekorativ tavan örtüyü, bir neçə çeşiddə tikinti materialları və ləvazimatları, şəxsi seyf, həmin seyfdə saxlanan ona məxsus qiymətli kağızlar və sənədlər, eləcə də pul vəsaiti naməlum şəxslər tərəfindən oğurlanmış, obyekt qanunsuz şəkildə sökülərkən qarət edilərək talanmışdır. Bununla da cavabdeh “xxxx” MMC tərəfindən ona maddi və mənəvi zərər vurulmuşdur. Ona vurulmuş maddi ziyana görə 200000.0 manat, mənəvi ziyana görə 25000,0 manat, əldən çıxmış faydaya görə 250000.0 manat olmaqla ümumilikdə 475000.0 manat məbləğinə vəsaitin cavabdehdən tutulmasını tələb edir. Bundan əlavə, o, Bakı şəhəri, Nəsimi rayonu, Ak. MirQasımov küçəsi 10 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının yarım zirzəmisindəki 34.7 kv.m qeyri-yasayış sahəsinin əvəzinə yalnız birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi ona verilməsini tələb edir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək, öz izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx xxxxxx 2017-ci il tarixli 317 saylı Sərəncamına görə Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi, Azadlıq Prospekti, İmran Qasımov küçəsi və Süleyman Rüstəm küçələrinin əhatəsində yerləşən yaşayış binaların sökülməsi, yerində yeni yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “xxxx” MMC-nin istifadəsinə verilmişdir. Həmçinin, həmin sərəncama əsasən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi, qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və sakinləri tikililərin yerində yeni tikiləcək yaşayış binasından müvafiq mənzillərin ayrılmasının qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyinə uyğun olaraq həll edilməsi “xxxx” MMC-yə tapşırılmışdır. Sərəncamın şərtlərinə görə söküləcək evdəki mənzillərin və qeyri-yaşayış obyektlərin sahibləri ilə ədalətli şərtlərlə, yəni tikiləcək binada 20 % artıq ölçüdə qeyri yaşayış sahəsi verilməsi barədə müqavilələrin bağlanması, bina təhvil verilənədək sakinlərin kirayə haqları ödənilməsi nəzərdə tutulmuşdur. Söküntünün təsiri altına düşən binanın zirzəmisində yerləşən 34,7 kv.m olan qeyri-yaşayış sahəsini mülkiyyətçisi İddiaçı ilə danışıqlar zamanı 20 % və daha artıq sahəli qeyri-yaşayış sahəsi, eləcə də istənilən mərtəbədə yaşayış sahəsi təklif edilsə də, o yalnız birinci mərtəbə də qeyri-yaşayış sahəsi verilməsini tələb etmişdir. Birinci mərtəbədə yerləşən sahələr sökülən binanın eyni mərtəbəsində sahələri olan şəxslərə verilməli olduğundan onun tələbini yerinə yetirmək mümkün olmamışdır. Hal hazırda Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi 10 ünvanında yerləşən dördmərtəbəli binası sökülmüş və onun yerində Bakı şəhəri, Nəsimi rayonu, X16 Azadlıq Prospekti, İmran Qasımov küçəsi və Süleyman Rüstəm küçəsinin kəsişməsində 5 ədəd hündürmərtəbəli yaşayış binaların kompleksi inşa olunmuşdur. Təsdiq olunmuş layihə üzrə yeganə piyadalar və avtomobillər üçün giriş yolu va kompleksin sakinlərinin azyaşlı uşaqlarının oyun meydançası (yaşayış kompleksinin havalanması, işıqlanması, qəza zamanı ehtiyat çıxış imkanlarının yaranması üçün ayrılmış sahə) vardır. Bu sahə tikinti normalarının, yanğın təhlükəsizlik qaydalarının tələbləri baxımından, habelə 1000-dən artıq sakinin böyük yaşayış kompleksinə yeganə daxil olma vasitəsi olduğu üçün heç bir halda heç kim tərəfindən özgəninkiləşdirilmə bilməz. Hər hansı bir əsasla bu sahəyə yaxın ərazidə özgəninkiləşdirilməsi mümkün olan əlavə sahənin ayrılması üçün isə sakinlərə təhvil verilmiş 15 mərtəbəli binaların fiziki olaraq başqa yerə sürüşdürülməsi nə fiziki nə də ki, hüquqi baxımdan mümkün deyildir. Bu baxımdan sözügedən 2 bina arasındakı boş sahədə hər hansı bir tikili inşa oluna bilməz. Məlumdur ki, Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi, Azadlıq Prospekti, İmran Qasımov küçəsi və Süleyman Rüstəm küçəsinin kəsişməsində “xxxx” MMC tərəfindən inşa olunmuş 5 ədəd hündürmərtəbəli yaşayış binaları kompleksinin ümumi ünvanı Ak. Mirüqasımov 10 ünvanıdır. İddiaçı zirzəmisi isə İmran Qasımov küçəsi hissəsində idi. Həmin küçənin bir tərəfi Süleyman Rüstəm küçəsinə digər tərəfi isə Azadlıq Prospektinə gedib çıxır. İddiaçı əvvəlki zirzəmisi hazırki yeni inşa olunan 3 və 4 nömrəli binaların arasındakı yuxarıda qeyd olunan boş sahədə yerləşir (daha çox 3 nömrəli binaya yaxın). Sözügedən küçə boyu inşa olunmuş hər 2 binaların (3 və 4 nömrəli binalar) 1-ci mərtəbələrindəki qeyri-yaşayış sahələri həmin yerdə əvvəllər mövcud olmuş 1-ci mərtəbədəki mülkiyyətçilərə əvəzlənmə qaydasında mülkiyyətə verilmişdir və heç bir sahədən 1-ci mərtəbə üzrə əlavə sahə qalmadığından kimsəyə alqı-satqı edilməsi mümkün olmamışdır. 2-ci mərtəbə üzrə isə İddiaçı keçmiş zirzəmisinə daha yaxın sahədə 1 nəfər əvvəlki mülkiyyətçi başqa hissədən yaşayış sahəsi istədiyindən müqavilə əsasında onunla istəyi üzrə yuxarı mərtəbədən yaşayış sahəsi əvəzlənmişdir. Bununla bağlı 3 nömrəli binanın 2-ci mərtəbəsində, yerdən 4.2 metr hündürlükdə 60.8 kv.m qeyri yaşayış sahəsi heç kimə özgəninkiləşdirilmədən saxlanılmışdır. Digər sahələr İddiaçıla eyni vəziyyətdə olan və “xxxx” MMC ilə razılığa gələrək müqavilə bağlamış digər mülkiyyətçilərin mülkiyyətindədir və həmin sahələr bu mülkiyyətçilərin hüquqlarının pozulması ilə İddiaçı təklif edilə bilməz. İddiaçı keçmiş zirzəmisinə daha yaxın sahədə yerləşən, ona təklif olunan sözügedən 60.8 kv.m qeyri-yaşayış sahəsi Bakı Apellyasiya Məhkəməsinin qərardadında qeyd olunan sahə ölçüsü ilə bağlı iddianın təmini tədbirinin tətbiq edilməsini məhdudlaşdıran “iddia ərizəsində tələb olunan sahəyə uyğun qeyri-yasayış sahəsi ilə bağlı iddianın təmini tədbirinin görülməsi təmin olunmalıdır" göstərişindəki 43 kv.m + 20 % = 51,6 kv.m. qeyri-yaşayış sahəsindən də artıq sahədir. Həmin hissədə iddianın təmin edilməsinə etiraz etmir. İddia tələbinin qalan hissədə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Camal oğlu, Cavabdeh6 məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdi. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasın mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddiaçının və “xxxx” MMC-nin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 317 saylı xx xxxxxx 2017-ci il tarixli “Yaşayış və qeyriyaşayış binalarının layihələndirilməsi haqqında” Bakı şəhəri İcra hakimiyyəti başçısının Sərəncamından görünür ki, Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarına və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05 saylı, xx.xx.2017-ci il tarixli tikinti-planlaşdırma eskizini nəzərə alaraq, Nəsimi rayonu, Ak.Mirqasımov, Azadliq prospekti, İmran Qasımov və Süleyman Rüstəm küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “xxxx” MMC-nin istifadəsinə verilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra Hakimiyyəti başçısının Q.S.İsmayılovun və “xxxx” MMC-nin direktoru Cavabdeh2 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx xxxxxx 2016-cı il tarixli Qərarına əsasən Şirkət tərəfindən Nəsimi rayonu, Ak.Mirqasımov, Azadliq prospekti, İmran Qasımov və Süleyman Rüstəm küçələrinin kəsişmələrində yaşayış binalarının tikintisi üçün qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən Şirkət yeni binanın tikintisi başa çatanadək, sakinlər binaya köçənədək həmin sakinlərə yaxın ərazidə və razılaşdırılmış şəraitli müvəqqəti yaşayış yerləri üçün kompensasiya ödəməyi; 2.4-cü bəndinə əsasən binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin sahəsindən 15%-dən artıq sahəsi olan, təmirli və püşkatmailə seçilmiş mərtəbələrdə mənzil sahəsi ilə təmin edilməsini öhdəsinə götürmüşdür. İş materiallarında Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 6888/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, iddiaçı “xxxx” MMC-nin kasassiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-4366/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5138/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi təmin olunmuş, iddiaçı “xxxx” MMC tərəfindən cavabdeh İddiaçı 48000 manat məbləğində pul kompensasiya ödənilməklə cavabdeh İddiaçı ünvan 3 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının zirzəmisindəki 34,7 kv.metr qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasimov küçəsi 10 ünvanın qeyri-yaşayış zirzəmisi X3 xüsusi mülkiyyətidir. Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 7204 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasimov küçəsi 10 ünvanın daşınmaz əmlakın ümumi sahəsi 169,3 kv.m X4 xüsusi mülkiyyətidir. Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 121 nömrəli reyest kitabının 11321 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi 10 ünvanın daşınmaz əmlakın ümumi sahəsi 39,9 kv.m X5 xüsusi mülkiyyətidir. Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 184 nömrəli reyestr kitabının 17260 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışından görünür ki, ünvan 4 ünvanın daşınmaz əmlakın ümumi sahəsi 88,5 kv.m X6 xüsusi mülkiyyətidir. Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 201 nömrəli reyestr kitabının 18946 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasimov küçəsi 10 ünvanda yerləşən qeyri-yaşayış sahəsi və 1-ci mərtəbə və zirzəmi X8 mülkiyyətidir. Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 29 nömrəli reyestr kitabının 2797 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestri ******* saylı çıxarışından görünür ki, X10 ondan ötrü ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirbəşir Qasımov küçəsində istifadədə olan 0.244 ha torpaq sahəsində yerləşən 10 nömrəli binanın zirzəmisində 69.8 kv.m ümumi, 55.3 kv.m əsas, 14.5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X9 adına daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 3695 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestri ******* saylı çıxarışından görünür ki, X2 ondan ötrü ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsində istifadədə olan 0.244 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 4 mərtəbəli binanın 13-cü girişində, 1-ci mərtəbəsində yerləşən 78.5 kv.m ümumi, 50 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 41 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 101 nömrəli reyestr kitabının 8488 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyini Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2003-cü il tarixli reyestr kitabı №2 qeydiyyat nömrəsi 001289 saylı Şəhadətnamədən görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirqasımov küçəsi, 10 ünvanında yerləşən dördmərtəbəli binanın zirzəmisindəki 34,7 kv.m olan qeyri-yaşayış sahəsinin qüvvədə olan qanunvericilik əsasında satın almışdır. Bu şəhadətnamə ilə rəsmiləşdirilən həmin 34,7 kv.m qeyri-yaşayış sahəsi alıcının toxunulmaz mülkiyyətidir. İş materiallarında olan “xxxx” MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, xx xxxxxxxx 2020-ci il tarixə “xxxx” MMC tərəfindən Ak.Mirqasımov 10 ünvanda inşa olunmuş “Yaşayış Kompleksi”ndə 3 №-li binanın 2-ci mərtəbəsində sahəsi 60.8 kv.m olan qeyri-yaşayış sahəsindən başqa özgəninkiləşdirilməmiş yaşayış və qeyri-yaşayış sahəsi mövcud deyildir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 1119 saylı Arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarına müvafiq olaraq, Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2017-ci il tarixli 317 №-li Sərəncamı ilə Nəsimi rayonu, Ak.Mirqasımov, Azadlıq prospekti, İmran Qasımov və S.Rüstəm küçələrinin əhatəsində yerləşən yaşayış binasının sökülməsi, yerində yeni yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “xxxx” MMC-nin istifadəsinə verilmişdir. Sərəncama əsaən, qeyd olunan ərazidə yerləşən qəzalı vəziyyətdə olan yaşayış və qeyri-yaşayış sahələri sökülmüş, yerində yüksəkmərtəbəli “yaşayış kompleksi” tikilmişdir. Qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra “yaşayış kompleksi” tikilib istismara təhvil verilən ana qədər olan müddət üzrə “Əmlak mülkiyyətçi”lərinə kompensasiya ödənilmişdir. İmran Qasımov küçəsinə çıxışı olan, zirzəmidə yerləşən qeyri-yaşayış sahələrinin “Əmlak mülkiyyətçi”lərinə hər ay üzrə ödənilmiş kompensasiyanın məbləği 1 kv.m üçün 7.22 manat təşkil etmişdir və ödəmə müddəti 2018-ci ilin aprel ayından 2019-cu ilin noyabr ayı daxil olmaqla olan dövrü əhatə etmişdir. İş materiallarında olan Nəsimi Rayon Prokurorluğunun xx xxxxxx 2018-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı şikayət ərizələri əsasında aparılmış materialı üzrə cinayət işinin başlanması “xxxx” MMC-nin rəhbərlərinin və işçilərinin hərəkətlərində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi 10 ünvanında yerləşən qəzalı vəziyyətdə olan həmin dördmərtəbəli yaşayış binasını İ.Qasımov küçəsi tərəfindən vətəndaş İddiaçı məxsus 34,7 kv.m qeyri-yaşayış sahəsi vardır. Bildirir ki, İddiaçı tərəfindən tam boşaldılmış bu zirzəminin içərisində heç bir maddi dəyərli material, mülk və avadanlıqlar yoxdur. Məhkəməyə təqdim edilmiş, Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısının müavini Qurban İsmayılov tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli, 01 saylı tikinti obyektinin istismarına icazədən görünür ki, xx xxxxxx 2019-cu il tarixindən Nəsimi Rayonu, Azadlıq prospekti, Ak.Mirqasımov, S.Rüstəm və İ.Qasımov küçələrinin kəsişməsində yerləşən “xxxx” MMC tərəfindən tikilmiş 5 binanı istismarına icazə verilmişdir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə xx.xx.2018-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının müavini ilə “xxxx” MMC-nin direktoru arasında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən “xxxx MMC” tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirqasımov, Azadlıq prospekti, İmran Qasımov və Süleyman Rüstəm küçələrinin kəsişmələrində qəzalı vəziyyətdə olan evlərdən sakinlərin köçürülməsi işlərinə başlanılmışdır. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirqasımov küçəsi 10 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının yarım zirzəmisindəki rəsmi 34.7 kv.m, faktiki isə 43 kv.m olmaqla qeyri-yasayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Hazırda Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirqasımov, Azadlıq prospekti, İmran Qasımov və Süleyman Rüstəm küçələrinin kəsişmələrində qəzalı vəziyyətdə olan evlər sökülüb və onun yerində yeni yaşayış binası inşa edilib. İddiaçı ilə danışıqlar zamanı 20 % və daha artıq sahəli qeyriyaşayış sahəsi, eləcə də istənilən mərtəbədə yaşayış sahəsi təklif edilsə də, o yalnız birinci mərtəbə də qeyri-yaşayış sahəsi verilməsin tələb etmişdir. Birinci mərtəbədə yerləşən sahələr sökülən binanın eyni mərtəbəsində sahələri olan şəxslərə verilməli olduğundan onun tələbini yerinə yetirmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan əlavə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 84.0, 84.0.1 və 84.0.2-ci maddələrinə əsasən yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda; yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilməli olduqda; yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edildikdə vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə, yaşadıqları yaşayış sahələrindən çıxarılırlar. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 169.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyəti kimi qeyd olunan ümumi sahəsi 34 kv.metr qeyri-yaşayış sahəsi faktiki olaraq istifadəyə yararsız, qəzalı vəziyyətdə olmuşdur. Buna baxmayaraq, “xxxx MMC”-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasında İddiaçı oğluna ümumilikdə 51.6 kv.metr əmlak sahəsinin verilməsini təmin etməklə əvəzləşdirəcəyini öhdəsinə götürmüşdür. Həmçinin, məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirqasımov, Azadlıq prospekti, İmran Qasımov və Süleyman Rüstəm küçələrinin şəhərin abadlaşdırılması, müasir tipli binaların tikintisi, başqa sözlə cəmiyyətin maraqları naminə sökülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Göstərilən Məcəllənin 560.3.5.1-ci maddəsinə əsasən alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur. Məhkəmə işin faktiki hallarına və ağlabatan mühakiməyə əsaslanaraq hesab edir ki, İddiaçı mülkiyyəti kimi qeyd olunan ümumi sahəsi 34 kv.metr qeyri-yaşayış sahəsi istifadəyə yararsız, qəzalı vəziyyətdə olmuş əmlakı yeni tikilmiş, müasir standartlara cavab verən Bakı şəhəri, Nəsimi rayonu, X16 küçəsi, Azadlıq Prospekti, İmran Qasımov küçəsi və Süleyman Rüstəm küçələrinin əhatəsində yerləşən 3 nömrəli yaşayış binanın 2-ci mərtəbəsində yerləşən 51.6 kv.m əmlak sahəsi ilə əvəzləşdirilməsi qanunauyğun və ədalətlidir. Məhkəmə, iddia tələbinin maddi ziyana görə 200000 manat, mənəvi ziyana görə 25000 manat və əldən çıxmış faydaya görə 250000 manat olmaqla ümumilikdə 475000 manat həcmində zərərin əvəzinin, 30.000 (otuz min) manat həcmində əldən çıxmış faydanın tutulması” hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də müəyyən edilmişdir ki, cavabdeh “xxxx MMC”-nin qanunsuz hərəkətləri nəticəsində İddiaçı mülkiyyətində olan obyekt və ona məxsus dəyərli əmlak və əşyalar cavabdeh tərəfindən dağıdılmışdır. Göstərilənlər iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olan hallar olduğundan məhkəmə hesab edir ki, iddiaçıya mənəvi zərər dəymişdir. Belə olan halda iddiaçı cavabdehdən vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır və ona vurulmuş zərər cavabdeh tərəfindən ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin məbləğinin iddia tələbində 25.000 manat göstərilməsi çox olmaqla real qiymətləndirilmir və məhkəmə hesab edir ki, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkət nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmaqla dəymiş mənəvi zərərin 2500 (iki min beş yüz) manat məbləğində müəyyən edilməsi ağlabatan və ədalətli olar. Bundan əlavə, məhkəmə əldən çıxmış faydaya görə tələblə bağlı qeyd edir ki, həmin tələb qismən 7451 manat 04 qəpik məbləğində təmin olunmalıdır. Belə ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ak.MirQasımov küçəsi 10 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının yarım zirzəmisindəki 43 kv.m və 20% əlavə etməklə cəmi 51,6 kv.m. təşkil edir. Həmin küçənin zirzəmisində yerləşən digər qeyri-yaşayış sahələrinin əmlak mülkiyyətçilərinə hər ay üzrə ödənilmiş kompensasiya məbləği hər bir kv.m üçün 7,22 manat təşkil etmişdir. Odur ki, 51,6 kv.m x 7,22 manat = 372,552 manat bir ay üçün vəsait təşkil edir. Nəzərə alsaq ki, İddiaçı ona məxsus zirzəmidən 20 ay (2018-ci ilin aprel ayından 2019-cu ilin dekabr ayının 1-dək olan dövr ücün) müddətində istismardan məhrum olunmuşdur, yəni 20 ay x 372,552 manat = 7451,04 manat məbləğində vəsait təşkil edir. Odur ki, iddia tələbi əldən çıxmış faydanın ödənilməsi hissəsində 7451 manat 04 qəpik hissəsində təmin olunmalıdır. Məhkəmə iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona vurulmuş maddi ziyanla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Camal oğlu, Cavabdeh6 maddi və mənəvi ziyanın tutulması barədə tələbin əsası və yaranma səbəbləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, X16 10 ünvanında iddiaçının mülkiyyətində və sahibliyində olmuş 43 kv.m qeyri-yaşayış sahəsinin əvəzi olaraq həmin ünvanda “xxxx” MMC tərəfindən inşa edilmiş 3 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən 51.6 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı verilməlidir. Cavabdeh “xxxx” MMC-dən İddiaçı xeyrinə 2500 (iki min beş yüz) manat mənəvi zərər və 7.451 (yeddi min dörd yüz əlli bir) manat əldən çıxmış fayda tutularaq ödənilməlidir. İddia digər hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, X16 10 ünvanında iddiaçının mülkiyyətində və sahibliyində olmuş 43 kv.m qeyri-yaşayış sahəsinin əvəzi olaraq həmin ünvanda “xxxx” MMC tərəfindən inşa edilmiş 3 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən 51.6 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı verilsin. Cavabdeh “xxxx” MMC-dən İddiaçı xeyrinə 2500 (iki min beş yüz) manat mənəvi zərər və 7.451 (yeddi min dörd yüz əlli bir) manat əldən çıxmış fayda tutularaq ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar