Məhkəmə qərarları › İş №2(006)-3145/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3145/2022

16.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3145/2022 16.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 may 2022-ci il tarixində, saat təxminən 19:40 radələrində Astara-Bəhrəmtəpə magistral yolunun Nəsimi kənd ərazisində X3 idarə etdiyi 12 BG-914 dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı idarə etdiyi **-TN-*** dövlət qeydiyyat nişanlı avtomaşınına Fizuli yolunan çıxaraq çırpılmış və nəticədə ona ziyan vurmuşdur. Həmin ziyanın həcmi “Cəsur” avtotəmir müəssisəsinin 17 may 2022-ci il tarixli, 173 saylı aktına əsasən 2490 manat təşkil etsə də, cavabdeh tərəf ona 1154 manat təklif etmişdir. O, bununla razılaşmayaraq ona vurulmuş 2490 manat məbləğində zərəri tələb etdikdə isə onlar bundan yayınmış və sadəcə 1154 manat ödəyə biləcəklərini bildirmişlər. Göstərilənlərə əsasən, cavabdeh "xxxx" ASC tərəfindən “BMW 523” markalı, 10TN554 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 2490 manat pulu və ödənilmiş 45 manat dövlət rüsumun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, ekspert rəyi ilə qismən razı deyil. Belə ki, həmin ekspert rəyi iş matriallarına əlavə olunan foto şəkillərə əsasən verilmiş və həmin foto şəkillərlə müəyyən edilməsi mümkün olmayan bəzi hallar orada qeyd olunmamışdır.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edirlər. Həmçinin AR ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə razıdırlar. Bundan əlavə, hazırki mülki iş üzrə məkəmə tərəfindən təyin olunmuş ekspertiza xərcinin iddianın təmin olunmayan hissəsinə uyğun olaraq iddiaçıdan da müştərək qaydada tutulmasını xahiş edirlər.

5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan «Cəsur» avtotəmir servisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “BMW 523” markalı, 10TN554 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği: 1. Sağ qabaq krel dəyişilməsi – 80 manat; 2. Sağ qabaq qapı dəyişilməsi – 130 manat; 3. Sağ güzgü dəyişilməsi – 100 manat; 4. Qabaq patpres və germetqası dəyişilməli – 150 manat; 5. Patpres kantı dəyişilməli – 45 manat; 6. Sağ fara dəyişilməli – 150 manat; 7. Abirçofka dəyişilməli – 60 manat; 8. Qapı kantı dəyişilməli – 30 manat; 9. Krelin sporleri dəyişilməli – 15 manat; 10. Sağ krelin pavarotniki – 10 manat; 11. Sağ buferin salaçkası dəyişilməli – 15 manat; 12. Sağ patkrelnik zbor dəyişilməli – 60 manat; 13. Su baçoku dəyişilməli – 40 manat; 14. 1 ədəd disqi + 1 ədə təkər – 200 manat; 15. Sağ saffa dəyişilməli – 50 manat; 16. 1 ədəd tiyaqa dəyişilməli – 40 manat; 17. 1 ədəd üst qol dəyişilməli – 65 manat; 18. Stupsiya paçemniki dəyişilməli – 50 manat; 19. Söküb-yığma zəhmət haqqı – 150 manat; 20. Rəng işinin qiyməti – 550 manat; 21. Dəmirçinin işinin qiyməti – 500 manat, cəmi 2490 manat

7. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24 oktyabr 2022-ci il tarixli, 9/6172 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan «Cəsur» avtotəmir servisi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “BMW 523” markalı, 10TN554 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2095 manat müəyyən edilmişdir. (Dəyişilməli hissələrin adı: 1. Sağ qabaq krel – 80manat; 2. Sağ qabaq qapı – 130 manat; Sağ güzgü – 100 manat; 4. Qabaq podpres və germetikası – 150 manat; 5. Podpres kantı – 45 manat; 6. Sağ fara – 150 manat; 7. Oblisovka – 60 manat; 8. Qapı kantı – 30 manat; 9. Krelin spoyleri – 15 manat; 10. Sağ krelin povorotniki – 10 manat; 11. Sağ buferin salaskası – 15 manat; 12. Sağ podprelnik zbor – 60 manat;

13. Su baçoku – 40 manat, cəmi 885 manat. Təmir bərpa işləri: 1. Dəmirçi – 400 manat; 2. Rəngsaz – 500 manat; 3. Armatur – 10 manat; 4. Çilingər – 300 manat, cəmi 1210 manat). Aparılmış ekspert tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan “BMW 523” markalı, 10TN554 dövlət qeydiyyat nişanlı avtomaşına ziyan dəymişdir. İddiaçı baş vermiş hadisə ilə bağlı sığorta ödənişinin alınması üçün cavabdehə müraciət etmiş, lakin sığorta şirkəti dəymiş ziyanı 1154 manat məbləğində qiymətləndirilmişdir. «Cəsur» avtotəmir servisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı ilə “BMW 523” markalı, 10TN554 dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2490 manat məbləğində ziyan dəymişdir. İş üzrə keçirilmiş 24 oktyabr 2022-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, “BMW 523” markalı, 10TN554 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 2095 manat təşkil etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, sığorta şirkəti tərəfindən hesablanan ziyan məbləği ilə razı deyil. Bu səbəbdən iddiaçı cavabdehdən vurulmuş ziyanın əvəzi kimi 2490 manat məbləğində sığorta ödənişinin tutulmasını xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

9. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur.

10. Məhkəmə digər tərəfdən qeyd edir ki, sığorta şirkəti tərəfindən iddiaçıya sığorta ödənişinin ödənilməsi təklif olunsa da, həmin ödənişlə iddiaçı razı olmadığından, o vurulmuş ziyanın tam həcmdə ona ödənilməsi ilə bağlı sığorta şirkətinə qarşı məhkəmədə tələb irəli sürməkdə haqlı olmuşdur.

11. Belə ki, məhkəmə qeyd edir ki, cavabdeh şirkət tərəfindən avtomaşına vurulmuş ziyanın məbləği 1154 manat məbləğində müəyyən edilsə də, iddiaçı tərəfindən təqdim edilmiş avtomaşının bərpa edilməsinə dair qüsur aktına əsasən həmin məbləğ 2490 manat təşkil edir.

12. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.

15. “İcbari sığortalan haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir.

16. Həmin Qanunun 4.1-ci maddəsiən əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir.

17. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.

18. Hazırki mübahisəli vəziyyət üzrə xüsusi bilik tələb olunduğundan iş üzrə müvafiq ekspertiza təyin edilmiş və ekspertizanın rəyində göstərilmişdir ki, «Cəsur» avtotəmir servisi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “BMW 523” markalı, 10TN554 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2095 manat təşkil edir.

19. Məhkəmə qeyd edir ki, ekspert tərəfindən avtomaşına vurulmuş ziyanı müəyyən edərkən yalnız vizual baxış keçirmiş və üzdən görünən ehtiyat hissələrinə vurulmuş ziyanı müəyyən etmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilən müstəqil qiymətləndirici rəyindən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı avtomaşının ekspert rəyində göstərilməyən digər hissələr də zədələnmişdir. Bu səbəbdən həmin müstəqil qiymətləndirici rəyi daha mötəbər sübut növü kimi qəbul edir. Lakin ekspertiza tərəfindən rəydə göstərilən rəngsaz və dəmirçi işinin qiyməti 900 manat (500 manat + 400 manat) məbləğində olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, ziyan məbləğinin ekspert rəyi ilə müəyyən edilmiş həddə olması nəzərə alınmalıdır.

20. Digər tərəfdən ekspert rəyində göstərilən armatur və çilingər işinin qiyməti 310 manat məbləğində olması qeyd edilsə də, həmin xərclərin sözügedən avtomaşına dəymiş zərərin aradan qaldırılması ilə əlaqəsi olmadığından məhkəmə rəyini həmin hissədə mötəbər sübut kimi qəbul etmir. 21.Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.

23. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

24. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

26. Göstərilənlərə əsasən, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli və cavabdehdən dəymiş ziyan kimi iddiaçının xeyrinə 2340 manat məbləğində pul tutulmalı, iddia digər hissələrdə təmin edilməməlidir.

27. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan məhkəmə xərci olan dövlət rüsumunun məbləği və məhkəmə ekspertizasının tədqiqat dəyəri də həmin nisbətdə tərəflərə aid edilməlidir.

29. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (43,40 AZN) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

30. Həmçinin ekspertiza təqdiqatının aparılmasına görə 100 manatın 6 manatı İddiaçı, 94 manatı isə cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. (iddia tələbi : 2490- məhkəmənin gəldiyi nəticə 2340 = 150 manat fərq. 2490 manatın 1% - 24,90 qəpik, 150 manat (aradakı fərq) : 24.90 = 6 manat )

31. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

34. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən İddiaçı məxsus olan “BMW 523” markalı, 10TN554 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan kimi 2340 AZN (iki min üç yüz qırx manat) və dövlət rüsumunun əvəzi kimi 43,40 AZN (qırx üç manat, qırx qəpik) tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 100 manatın 2 manatı İddiaçı, 98 manatı isə cavabdeh "xxxx" ASC-dən tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar