Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3146/2021 21.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Notariat Kontoruna qarşı "borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Notariat Kontoruna qarşı "borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 İddiaçı qarşı “7700 manat məbləğində pulun, 30 manat dövlət rüsumun, mənəvi zərərin əvəzi kimi 500 manat məbləğində pulun 30.09.2018-ci il tarixdən pul vəsaitin cavabdeh özündə saxladığına görə qətnamə qəbul edilənədək bank uçot dərəcəsinə uyğun hesablanaraq faizlərin ondan tutulması” tələbi ilə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4805/2020 saylı, 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilmiş, İddiaçı 7700 manat məbləğində pul vəsaitinin və həmin vəsaitin məbləğində Azərbaycan Respublikasının Mərkəzi Bankının 28.09.2020-ci il tarixə olan bank uçot dərəcəsi üzrə faizlərin, həmçinin iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. İddiaçı həmin qətnamənin mövcudluğundan icra şöbəsindən xəbər tutduğu zaman apellyasiya şikayəti vermişdir. Həmin işlə bağlı Cavabdeh1 iddia ərizəsində İddiaçı ilə 10 oktyabr 2017-ci il tarixində 7700 manat borclu olması barədə “borcun etirafı” müqaviləsi bağlanmasını, müqavilənin şərtlərinə əsasən 30.09.2018-ci il tarixədək pulu qaytarmağı öhdəsinə götürməyini, lakin pulu qaytarmadığını və nəticədə iddiaçıya mənəvi zərər vurmağını göstərmişdir. Cavabdeh1 İddiaçı heç bir zaman borca pul verməmiş, aralarında avtomobil söhbəti olmuş, həmin avtomobil bankda kreditdə olduğundan cavabdeh iddiaçıya sənədləşdirilməsi üçün notariat kontorunda müqavilə imzalamaq lazım olduğunu bildirmişdir. İddiaçı həm cavabdeh Mansurova, həm 43 saylı Notariat Kontorunun notariusu tərəfindən aldadılaraq guya bankdan götürdüyü avtomobilin sənədləşdirilməsi üçün lazım olan sənəd kimi notariat kontorunda izah edilmədən və oxunulmadan bağlanılmış bir müqavilədir. İddiaçı bunu məhkəmə qətnaməsini alarkən notariat kontorunda imzaladığı müqavilənin avtomobilin bankdan kreditə götürülmüş olduğu sənədin olmamasının şahidi oldu. İddiaçı heç bir zaman cavabdehdən borca pul götürməmiş, borcun etirafı haqqında müqavilənin imzalanması isə cavabdehin məqsədli şəkildə hərəkət edərək bir qrup şəxs tərəfindən iddiaçıya qarşı olan əvvəlcədən düşünülmüş addımdır. Həm borcun etirafı haqqında müqavilə 10.10.2017-ci il tarixdə, həm avtomobil üçün etibarnamə eyni gündə eyni vaxtda 01 dəqiqə intervalla verilməsi həmin müqavilənin etibarsız əqd olması bir daha öz-özlüyündə təsdiq etmiş olur. İddiaçının cavabdehlə tanışlığı Füzuli Məmmədovun vasitəsi ilə başlanmış, Füzuli Məmmədov cavabdehlə faktiki münasibətdə olan şəxsdir. İddiaçı 2017-ci ilin mart ayından Füzuli Məmmədovdan “VAZ 21074” markalı, ** KK *** dövlət qeydiyyat nişanlı avtomobili ilkin ödəniş kimi 2000 manat pulu nağd ödəməklə almışdır. İddiaçı avtomobili alarkən həmin avtomobilin bankda kreditdə olmasını, o zaman avtomobilin mülkiyyətçisi olan X1 əri Ədalətin şikayəti əsasında Qazax rayonunda cərimə meydançasında olmasını bilirdi. Lakin Füzuli iddiaçını əmin etdi ki, onun faktiki münasibətdə olduğu qadın Cavabdeh1 həmin avtomobilin cərimə meydançasından çıxarılmasına köməklik edəcəkdir, çünki cavabdeh M.X6 (Bakı şəhəri, H.Əliyev sarayından aşağı Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında yerləşən bankda) xadimə işləyirdi. İddiaçı da həmin avtomobilin alınmasına razılıq verdi, razılıq verməyinin əsas səbəbi aylıq ödənişin hər ay 100 manat olması idi və bu ödənişin az olması iddiaçıya sərf edirdi. İddiaçı Füzuliyə avtomobil üçün ilkin ödəniş 2000 manat pulu verdikdən sonra Cavabdeh1 bankda xadimə işlədiyindən avtomobili cərimə meydançasından çıxartmaq üçün bankdan hər hansı bir sənəd düzəltdirdi. Həmin sənəd əsasında iddiaçı avtomobili cərimə meydançasından çıxartdı, avtomobili Bakı şəhərinə gətirdi. Həmin avtomobilin idarə edilməsi üçün iddiaçıya mülkiyyətçi tərəfindən notariat kontorunda etibarnamə də verilmişdir. Cavabdeh1 avtomobilin bankda kreditdə olduğu üçün avtomobili iddiaçının adına sənədləşdirilməsinə görə onunla notariat kontorunda müqavilə bağlamaq lazım olduğunu bildirmişdir. Həmin avtomobilin idarə edilməsi üçün etibarnamə Bakı şəhəri 43 saylı Notariat Kontorunda həm avtomobilin idarə edilməsi üçün iddiaçıya cavabdeh X2 tərəfindən 10.10.2017-ci il tarixdə saat 17:06 radələrində avtomobilin idarə edilməsi üçün etibarnamə verilmiş, 1 dəqiqə sonra isə iddiaçının Cavabdeh1 arasında borcun etirafı haqqında müqavilə bağlanmışdır. İddiaçı cavabdeh Mansurova ilə müqavilə bağlanarkən 43 saylı Notariat Kontorunda hüquq və vəzifələri izah edilməmiş, ona tərəflər arasında bağlanmış müqavilənin borcun etirafı haqqında olması, onun sonrakı nəticələri barədə məlumat verməmiş, iddiaçıya imzalanmış müqavilədir. Hətta notarius iddiaçıya bunun imzalanması sadəcə olaraq avtomobilin sənədləşməsi adı ilə əlaqədar tələb olunması üçün imzalanması bildirilmişdir. İddiaçının həmin avtomobilin banka olan ümumi borcu 7700 manat təşkil etdiyi üçün iddiaçı ilə notariat kontorunda bankda kreditdə olan avtomobilə görə sənədləşmək adı ilə həmin müqavilə ona imzalandırılmışdır. İddiaçı avtomobilin bankda kreditdə olduğu, cavabdehin bankda xadimə işlədiyi üçün ona ilk aylıq ödəniş kimi 200 manat, sonrakı ayda isə 140 manat olmaqla, cəmi 340 manat pul vermişdir. İddiaçının bu aylar ərzində avtomobil üçün cavabdeh Mansurovaya ödədiyi pulun cavabdeh tərəfindən banka heç bir ödəniş olunmamasını sonradan iddiaçının adına verilmiş etibarnamə ləğv edilərkən məlumatı olmuşdur. İddiaçının bildiyinə görə avtomobilin mülkiyyətçisi olan Mustafayeva İlhamənin əri Ədalət cavabdeh Mansurovadan ayrı-ayrı bölmələrə şikayət etmiş, həmin işlə bağlı iddiaçı da Nəsimi RPİ-nin 19-cu PB-nə izahat vermək üçün təhqiqatçı tərəfindən çağrılmışdır. Cavabdeh həmişə iddiaçını arxayın salmışdır ki, bu şikayət formal xarakter daşıyır, iddiaçıya heç bir aidiyyatı yoxdur. Nəticədə iddiaçı cavabdeh, Füzuli və 43 saylı Notariat Kontorunun notarusu tərəfindən aldanıldı. Əlavə olaraq, iddiaçı 02 noyabr 2017-ci il tarixdə həmin avtomobil üçün 100 manat “X7 edilməsi Agentliyi” MMCdə ödəniş də etmişdir. Avtomobilin mülkiyyətçisi İ.Mustafayevanın əri Ədalət iddiaçıya avtomobil üçün ödənişi Beynəlxalq banka deyil, “X7 edilməsi Agentliyi” MMC-yə ödəniş etməli olduğunu bildirdi. Avtomobil barədə mübahisə avtomobilin mülkiyyətçisi İ.Mustafayeva və Cavabdeh1 arasında 7700 manata dair pul tələbinə dair mülki iş Nəsimi Rayon Məhkəməsinin hakimi Rəşid Səmədovun sədrliyi ilə 2(006)-3213/2018 saylı işə baxılaraq qətnamə qəbul edilmişdir. Həmin məhkəmə prosesində iddiaçı və Elvin də iştirak etmişdir. Bundan əlavə, tərəflər İ.Mustafayeva ilə Cavabdeh1 arasında Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun sədrliyi ilə 2(006)- 2088/2020 saylı mülki işə baxılmış və qətnamə çıxarılmışdır. İddiaçı bankda kreditdə olan avtomobilin onun adına sənədləşdirilməsi üçün notariat kontorunda imzaladığı müqavilənin məhz banka görə bağlanmış müqavilə olmasını düşünmüşdür. Cavabdehlər qanuna zidd olaraq sövdələşmə əldə edərək avtomobil üçün görünüş yaratmaq adı ilə iddiaçını borcun etirafı haqqında müqaviləni imzalatdırmaqla etibarından sui-istafadə edərək onu aldatmışlar. İddiaçının borcu etirafı haqqında bağlamış olduğu müqavilənin cavabdeh Mansurova iddiaçıya qarşı olan pul tələbi əsasında Binəqədi Rayon Məhkəməsinin 2(001)-4805/2020 saylı, 28 sentyabr 2020-ci il tarixli qətnaməsini rəsmi qaydada aldıqda məlumatı olmuşdur. Hal-hazırda da cavabdehlər tərəfindən iddiaçının etibarından sui-istifadə edilərək dövlət orqanı olan 43 saylı Notariat Kontorunda notarus tərəfindən aldadılaraq əsassız olaraq iddiaçının borclu olmadığı təqdirdə borcun etirafı haqqında müqavilə imzalatdırmaqla iddiaçıya maddi və mənəvi ziyan vurmuşdur. Göstərilənlərə əsasən 10.10.2017-ci il tarixli “Borcun etirafı” haqqında müqavilənin etibarsız hesab edilməsi və 43 saylı Notariat Kontorunun notarusu tərəfindən aldadılaraq iddiaçıya imzalandırılmış müqavilə nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi ziyana görə 5000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 43 saylı Notariat Kontoru tərəfindən məhkəməyə ərizə göndərilərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 10.10.2017-ci il tarixli “borcun etirafı” müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 01.05.2016-cı il tarixdə 7700 manat borc pul aldığını etiraf edir. O, həmin pulları 30.09.2018-ci il tarixədək Cavabdeh1 qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli, 2(001)-4805/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı 7700 manat məbləğində pul vəsaiti və həmin vəsaitin məbləğindən Azərbaycan Respublikasının Mərkəzi Bankının 28.09.2020-ci il tarixə olan bank uçot dərəcəsi üzrə faizlər tutularaq Cavabdeh1 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında “borcun etirafı” müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı həmin müqavilənin etibarsız hesab olunmasını tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qeyd edir ki, İddiaçı “borcun etirafı” müqaviləsində göstərilən şərtlərlə razılaşaraq Cavabdeh1 ilə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə borcun vaxtında və tam şəkildə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Habelə, hazırki işə baxılarkən iddiaçının Cavabdeh1 ilə müqaviləni bağlayarkən həmin müqavilənin şərtləri ilə tanış olmağa ona hər-hansı maneçiliyin olunması, cavabdehlər tərəfindən aldadılması halı öz əksini tapmamışdır. Məhkəmə, həmçinin qeyd edir ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qeyd edildiyi kimi iddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan əlavə, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddəti keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Eyni Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər-hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Digər tərəfdən, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. İş materiallarından göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə MM-nin 354.2-ci maddəsində göstərilən kəsici müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Notariat Kontoruna qarşı "borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 43 saylı Notariat Kontoruna qarşı "borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3146/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3146/2021
21.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - M
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver