Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3147/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Abşeron rayonu, Novxanı qəsəbəsi, H.Əliyev küçəsində yerləşən “Topaz” mərc oyuları obyektində satıcı işləyir. xx.xx.2023-cü il tarixdə 15:40 radələrində sözügedən mərc oyunları öbyektinə cavabdeh gələrək, 2000 manat kupon vuracağını bildirmişdir. Bu zaman ona bildirmişdir ki, 1000 manat limiti var və bu zaman həmin şəxsə 1000 manat dəyərində kupon yazıb həmin kuponu terminalda qeydiyyatdan keçirmişdir. Həmin şəxslə birlikdə yaxınlıqda olan Oba marketə gedib kassa aparatının yanında olanda ona bildirdi ki, puldan 200 çatmır. Pulu gətirmək üçün maşına getmiş lakin oradan da maşını sürüb uzaqlaşmışdır. Özü də polisdə izahat verərək bunu etiraf etmişdir. Həmçinin pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin cavabdeh bu vaxta kimi də pulu ödəmir. Ona görə də o pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Cavabdeh 1000 manat məbləğində pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə etdiklərini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək iddianı qəbul etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik leytenantı kapitanı X3 tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK-1/704 nömrəli material üzrə araşdırma zamanı İddiaçı şikayəti ilə bağlı izahatı alınmış Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 15:40 radələrində Novxanı qəsəbə ərazisində olan Topaz mərc oyunlarına daxil olduğunu, iddiaçıdan balansının 2000 manat olub-olmadığını soruşduğunu, iddiaçının ona balansında 1000 manat pulun olduğunu bildirdiyini, iddiaçının ona 1000 manat pul kuponu verdiyini və birlikdə marketə gedib aparat vasitəsilə 2000 manat pulu köçürməyini təklif etdiyini, sonra marketə getdiklərini, pulunun maşında olduğunu bildirərək, pulu götürmək üçün maşına getdiyini və oradan da avtomobili ilə uzaqlaşdığını, pulu olmadığı üçün 1000 manat pulu ödəyə bilmədiyini, lakin hissə-hissə ödəyəcəyini bildirmişdir. İş materiallarından görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh kassaa ödəniş etmək şərti ilə 1000 manat dəyərində kuponu vermiş, onun əvəzinə kuponun pulunu ödəmiş lakin cavabdeh iddiaçı qarşısında öz öhdəliklərini yerinə yetirməmişdir. Abşeron Rayon Polis İŞ-də Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı dəyəri 1000 manat olan kuponu götürmüşdür. Hazırda iddiaçı cavabdehin pulu qaytarmadığını bildirərək, Cavabdeh 1000 manat məbləğində pulun tutulmasını tələb edir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da görünür ki, Cavabdeh 1000 manat məbləğində vəsaiti xx.xx.2023-cü il tarixində iddiaçıdan almasını polisə izahatında yazılı şəkildə təsdiq etmiş və yazısını öz imzası ilə təsdiq etmişdir. Beləliklə məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehlərin təqsiri müəyyən edilmişdir. Qeyd edilənlərə və işdə olan materiallara əsasən belə qənaətə gəlinir ki, iddiaçıya 1000 manat məbləğində maddi ziyan dəymişdir və bu məbləğ də zərər vurandan – cavabdehdən tutulmalıdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1000 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №2(006)-3147/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3147/2023
10.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver