Məhkəmə qərarları › İş №2(006)-3153/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3153/2023

13.12.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3153/2023 13.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Ak. M. Topçubaşov küçəsi, 23 ”A” saylı evin 23 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların azyaşlı övladı X14 ilə birlikdə çıxarılmaları haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Ak.M.Topçubaşov küçəsi 23”A”saylı evin bir otaqlı ümumi sahəsi 35 kv.metr olan 23 saylı mənzili nənəsi X5 şəxsi mülkiyyətində olmuşdur. Nənəsinin vəfatı ilə əlaqədar olaraq bu mənzil vərəsəlik əsasında onun şəxsi mülkiyyətinə keçərək, onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ Şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** saylı xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Rəhmətlik nənəm erməni vandallarının məlum hərəkətləri nəticəsində Ermənistan Respublikasından Bakı şəhərinə köçərək, çətin və ağır bir qaçqın həyatı yaşamışdır. Bu barədə nənəsi onlara çətin günləri xatırlayaraq, kədərlə həmişə danışmışdır. Məhz doğma yurd-yuvanın itirilməsinin necə ağır olduğunu bildiyinə və o, həyatı yaşadığına görə Qarabağ torpaqları erməni işğalçıları tərəfindən işgal olunan zamanı Füzuli rayonundan Bakı şəhərinə pənah gətirən qaçqın ailəsinə hər bir Azərbaycanlı ailəsi kimi qucaq açaraq öz mənzilində müvəqqəti olaraq məskunlaşdırmışdır. Nənəsi həmişə övladlarına və nəvələrinə tapşırarmış ki, Qarabağ torpaqları erməni işğalçılarından azad olunmayınca Füzuli rayonundan məcburi köçkün düşmüş cavabdehlərin ailəsini narahat etməsinlər. Onlar da nənəsinin tapşırıqlarını və nəsihətini nəzərə alaraq cavabdehlərin ailəsini heç vaxt narahat etməmişlərdir. Qarabağ torpaqları erməni işğalçılarından azad olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev dəfələrlə öz çıxışlarında Qarabağa böyük qayıdışın yaxın zamanlarda başlayacağını bildirmişdir. Bu yaxınlarda da Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəsi cənab Emin Hüseynov “Xalq qəzeti”nə müsahibəsində bildirmişdir ki, hazırda Füzuli şəhərində 6 məhəllə inşa olunur. Burada 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. 800 ailə həmin yaşayış sahəsinə ilin sonunadək köçürülməsi nəzərdə tutulur. Bu proses 2 mərhələdə planlaşdırılır. 2023-cü ilin sentyabr ayına kimi reallaşacaq birinci mərhəllədə 260 ailənin məskunlaşdırılması gözlənilir. Bu xəbərdən sonra cavabdehlərlə əlaqə saxladıq ki, onlar nə vaxt mülkiyyətində olan mənzili boşalda bilərlər. Cavabdehlər isə şifahi olaraq bildirdilər ki, onların doğma torpaqlarına qayıtmaq fikirləri yoxdur və bu mənzildə daimi yaşamaq niyyətindədilər. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar izahat verməklə iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi və izahatında qeyd etdi ki, Cavabdeh1 başqa yaşayış yeri olmadığından ona yeni mənzil verilənədək iddiaya baxılmamalıdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş üçüncü şəxs Qaçqınların və X7 Üzrə Dövlət Komitəsinin nümayəndəsi X1 bildirmişdir ki, iş üzrə cavabdehlər Bakı şəhəri, Nəsimi rayonu, Ak. M. Topçubaşov küçəsi, 23 ”A” saylı evin 23 saylı mənzilində məcburi köçkün kimi kart qeydiyyatına alınmışlar. Onlar Komitə tərəfindən hər hansı bir ünvanda yerləşdirilməmişlər, başqa ünvanda yaşayış yerləri mövcud deyildir. Yaxın zamanlarda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramına görə Füzuli rayonundan məcburi köçkünlərin də öz torpaqlarına qayıtmaları nəzərdə tutulmuşdur. Hazırki iş üzrə cavabdehlərin də həmin proqram çərçivəsində öz doğma yurdlarında yaşayış yeri ilə təmin edilməklə qayıtmaları istisna edilmir. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi, ev 23a, mənzil 23 İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan Qaçqınların və X7 Üzrə Dövlət Komitəsinin Nəsimi rayon sektoru tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubda göstərilmişdir ki, Nəsimi rayonu, Topçubaşov 23A/23 ünvanda yerləşən mənzildə X15 və ailə üzvləri-X16, X19, Cavabdeh1, X9, X20 və X14 1995-ci ildən məcburi köçkün kimi müvəqqəti kart qeydiyyatına alınmışdır. İş materiallarında olan 14 saylı MKİS tərəfindən verilmiş arayışda göstərilmişdir ki, Nəsimi rayonu, Topçubaşov 23A/23 ünvanda yerləşən mənzildə Füzuli rayonundan olan məcburi köçkün ailəsi X15, X19, X16, X20, Cavabdeh1, Cavabdeh2, X10, X17 və X2 tərkibdə müvəqqəti qeydiyyata alınmışlar, lakin göstərilən ailə tərkibindən hal-hazırda faktiki olaraq Cavabdeh1, Cavabdeh2 və X14 həmin ünvanda yaşayırlar. İş materiallarında olan hədiyyə verən X8 ilə hədiyyə alan İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 35kv.m olan mənzili hədiyyə alanın mülkiyyətinə vermişdir. İş materiallarında olan Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2005-ci il tarixdə ölmüş X4 miras qalmış ünvan 4 ünvanda yerləşən miras əmlakdan tam pay almışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Komitəsi yanında DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi, ev 23a, mənzil 23 iddiaçı X3 tam mülkiyyətindədir. İş materiallarında olan Nəsimi rayon İcra Başçısının xx.xx.1995-ci il tarixli 251 saylı sərəncamının surətindən görünür ki, həmin sərəncam Azərbaycan Respublikası Ali Sovetinin xx.xx.1991-ci il 247-Xİİ saylı qərarına, Nəsimi rayonunda yaradılmış komissiyanın xx.xx.1995-ci il tarixli 2№-li protokoluna əsasən vətəndaş X5 ailə tərkibi: qızı- X8 və özü olmaqla Topçubaşov küçəsi 23A saylı evin 23 saylı mənzilinə daimi pasport qeydiyyatına götürülməsi haqqında verilmişdir. İş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Topçubaşov küçəsi 23A saylı evin 23 saylı mənzili X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə həmin xx.xx.1998-ci il tarixdə 896 saylı reyestr kitabında qeydiyyat aparılmışdır. İş materiallarında olan Qaçqınların və X7 Üzrə Dövlət Komitəsi tərəfindən məhkəmənin sorğusu əsasında verilmiş xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Füzuli şəhərindən məcburi köçkünlər - X21 həyat yoldaşı X15, övladı Cavabdeh1 və digər ailə üzvləri ilə birgə Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsində yerləşən 23A saylı binanın 23 nömrəli mənzilində müvəqqəti məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar. X21 ailə üzvləri ilə birgə Nəsimi rayonu üzrə sözügedən ünvanda 07 noyabr 1995-ci ildən kart qeydiyyatında olmaqla ailə üzvləri ilə birgə məcburi köçkün statusuna malikdir. Cavabdeh1 həyat yoldaşı Cavabdeh2, X11 və X14 ilə birgə sözügedən ünvanda faktiki yaşamağa davam edir. Lakin, X21, X15, X16 və X18 isə sözügedən ünvandan çıxaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində (qohum evi) məskunlaşıb faktiki yaşayırlar- X21 2021-ci ildə vəfat etmişdir. Qeyd edilmişdir ki, hal-hazırda Komitə tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahıları üzrə müvafiq işlər aparılmaqdadır və həmin siyahılar üzrə Cavabdeh1 həyat yoldaşı Cavabdeh2, X11 və X14 ilə birgə hazırda yaşadıqları ünvan üzrə qeydiyyata alınmışdır. Müraciətlə bağlı öz doğma yurduna köçmək fikrinin öyrənilməsi üçün Cavabdeh1 ilə telefon əlaqəsi saxlanılmış və o, bildirmişdir ki, iki övladının təhsil aldığı məktəbin və özünün İdman müəllimi kimi fəaliyyət göstərdiyi iş yeri Bakı şəhərində olduğu üçün Böyük Qayıdışla bağlı Füzuli şəhərinə köçmək istəmədiyini, lakin Xəzər rayonu üzrə məskunlaşan digər ailə üzvlərinin köçmək istəyinin olduğunu bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2, 152.3 və 152.4-cü maddələrinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçı ünvan 3-ün mülkiyyətçisi olmaqla həmin əmlak barəsində istifadə, sahiblik və sərəncam vermək hüququna malikdir və eyni zamanda həmin əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb etmək barədə mülkiyyətinin müdafiəsi barədə hüquqa malikdir. İş üzrə cavabdehlər Füzuli rayonundan olan məcburi köçkünlər olmaqla həmin mənzildə 1995-ci ilin noyabr ayından məcburi köçkün kimi kart qeydiyyatına alınmışdırlar. Onların həmin daşınmaz əmlaka dair hər-hansı hüquqmüəyyənedici sənədləri olmadığından məhkəmə hesab edir ki, iddiaçı, mülkiyyətçi olmaqla həmin daşınmaz əmlakdan cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır və cavabdehlər həmin mənzildən çıxarılmalıdırlar. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin 16 noyabr 2022-ci il № 3587 Sərəncamına əsasən yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi evlərin inşası ilə bağlı mərhələli şəkildə tədbirlər görülməsi Füzuli rayonuna da şamil edilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibari ilə mülkiyyət hüququna təminat verir.» Məhkəmə həmçinin qeyd edir ki, iş materialları ilə X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları olması müəyyən edilmişdir. İddiaçı tərəfindən həmin azyaşlının valideynləri ilə birgə çıxarılması tələb edildiyindən məhkəmə hesab edir ki, həmin hissədə də iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilərək Cavabdeh1 və Cavabdeh2, övladları X14 ilə birlikdə İddiaçı məxsus ünvan 3-dən çıxarılmalıdırlar. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları X14 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsi, 23A saylı evin 23 saylı mənzilindən çıxarılsınlar. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar