Məhkəmə qərarları › İş №2(006)-3157/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3157/2024

24.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3157/2024 24.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdehlər Bakı Slavyan Universitetinə və Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı «pulun köçürülməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılması» tələbinə dair iddiası üzrə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Bakı Slavyan Universitetinə və Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı «pulun köçürülməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 2020-2021-ci il təhsil ili üçün 850 manat, 2021- 2022-ci il tədris ili üçün 850 manat, 2022-2023-cü il tədris ili üçün 850 manat olmaqla, cəmi 2550 manat pul vəsaitinin Bakı Slayvan Universitetinin hesabına köçürülməsi və Bakı Slavyan Universtetinə ödədiyi 2550 manat pul vəsaitinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(006)-862/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Bakı Slavyan Universitetinə qarşı (Azərbaycan Respublikası Cavabdeh1mübahisə predmeti barəsində müsəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «pul vəsaitinin geri qaytarılması və təhsil haqqından azad edilmə» tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Yuxarıda qeyd edilən qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Lakin apelyasiya şikayətinin vaxtında verilməməsi səbəbilə onun geri qaytarılması qərara alınmış və məhkəmənin apelyasiya şikayətinin qaytarılmasına dair qəbul etmiş olduğu qərardad yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(006)-862/2022 saylı qətnaməsi öz qanuni qüvvəsini almışdır. Məhkəmə qeyd edir ki, işin halları ilə müəyyən edilir ki, iddiaçı öncədən də eyni növ iddia tələbi ilə məhkəməyə müraciət edərək, Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 2020-2021-ci il təhsil ili üçün 850 manat, 2021-2022-ci il tədris ili üçün 850 manat, 2022- 2023-cü il tədris ili üçün 850 manat olmaqla, cəmi 2550 manat pul vəsaitinin Bakı Slayvan Universitetinin hesabına köçürülməsi və Bakı Slavyan Universtetinə ödədiyi 2550 manat pul vəsaitinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının bu tələbinə baxılaraq hüquqi qiymət verilmiş və nəticə etibarı ilə həmin məsələyə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Həmin işə baxıldığı zaman Azərbaycan Respublikası Cavabdeh1mübahisə predmeti barəsində müsəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş olsa da, hazırda həmin qurumun cavabdeh qismində işə cəlb edilməsi mahiyyəti dəyişmədiyindən, həmin tələb üzrə baxılmış iddiaya yenidən baxılması üçün əsas kimi qəbul edilə bilməz. Bununla da məhkəmə qeyd edir ki, yuxarıda sadalanmış məhkəmə aktlarının mövcudluğu mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının eyni növlü iddiasına baxılmasını yolverilməz etdiyindən, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunan bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153.2.1, 153.3, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Bakı Slavyan Universitetinə və Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı «pulun köçürülməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar