Məhkəmə qərarları › İş №2(006)-3163/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3163/2021

24.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3163/2021 24.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyana 100.000 (bir yüz min) manat, mənəvi zərərə görə 150.000 (bir yüz əlli min) manat məbləğində - cəmi 250.000 (iki yüz əlli min) manat məbləğində pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən 02 avqust 2019-cu il tarixdə saat 12-30 radələrində ünvan 1 ünvanın yaxınlığında X10 idarə etdiyi «Opel» markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı metropoliteninin Neftçilər Stansiyası istiqamətindən Bakıxanov qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Ştutqart” avtomobil ehtiyat hissələri mağazasının yaxınlığında olan yolda qarşı istiqamətdə hərəkətdə olan Babaşov Şəfayət Məmməd oğlunun idarə etdiyi “Honda CRV” markalı ** GA *** dövlət qeydiyyat nişanlı avtomobili arxa sol tərəfindən vurub toqquşaraq Bakı metropolitenin Neftçilər Stansiyası istiqamətində hərəkətdə olan iddiaçının idarə etdiyi “xxxx” MMC-nin adına qeydiyyata alınmış 49 nömrəli marşrut xətti üzrə işləyən «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtobusun hərəkət istiqamətinə çıxaraq toqquşması nəticəsində «Opel» markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hadisə yerində ölməsi faktına görə CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 1(008)-441/2019 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 218 (iki yüz on səkkiz) manat İddiaçı tutulub X2 köçürülməsi, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD disk iş materiallarında saxlanılması hökm edilmişdir. İbtidai istintaq zamanı verilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən İddiaçı 02 avqust 2019-cu il tarixdə, saat 12-30-da X3 adına qeydiyyata alınmış 49 nömrəli marşrut xətti üzrə işləyən «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtobusla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsi ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərini pozaraq sərnişinləri yalnız nəqliyyat vasitəsini tam dayandırdıqdan sonra mindirməli və ya düşürməli, hərəkətə isə yalnız qapıları bağladıqdan sonra başlamalı və onları tam dayanana qədər açmamalı olduğu halda bu tələblərə əməl etməyərək, «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtobusu qapısı açıq vəziyyətdə idarə etməklə Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsində yerləşən «Ştutqart» avtomobil ehtiyat hissələri mağazasının yaxınlığında olan yolda qarşı istiqamətdə hərəkətdə olan X8 idarə etdiyi «Opel» markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində onun ehtiyatsızlığından idarə etdiyi avtobusun bağlanmamış qabaq qapısından çölə yıxılmış sərnişin X1 diz oynağında medial menskin arxa buynuzunun yırtığı, təpə-ənsə nahiyəsinin dərialtı hematoması və sağ diz oynağı nahiyəsinin qançırı xəsarətləri yetirilməklə zərərçəkmiş Əfsanə Əliyevanın sağlamlığına, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarət vurulmuşdur. İddiaçı təqsirləndirilən şəxs qismində Azərbaycan Respublikası CM-in 263.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmişəm və ifadəsində təxminən 18 il avtobus idarə etdiyini, BD kateqoriyalı sürücülük vəsiqəsinin olduğunu qeyd etmişdir. O il yarım olar ki, «xxxx» MMC-də sürücü işləmiş, həmin MMC-də hazırda sürücü işləməyi ilə bağlı 49 saylı marşurut xətti üzrə fiziki şəxs X3 adına qeydiyyata alınmış «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtobusu yol vərəqəsi əsasında idarə etdiyini göstərmişdir.02 avqust 2019-cu il tarixdə saat təxminən 11-15 radələrində texniki cəhətdən saz vəziyyətdə olan içərisində təmişin olan «Daewoo BS090» markalı ** XJ *** nömrə nişanlı avtomobusla Bakı şəhəri Bakıxanov qəsəbəsi R.Rüstəmov küçəsi ilə Bakıxanov qəsəbəsi istiqamətindən üzü Bakı metropolitenin «Neftçilər» stansiyası istiqamətində saatda 40 km. surətlə hərəkət edərkən qarşıda hərəkət etdiyi istiqamətdə yüksək surətlə bərəkət edən «Opel» markalı ** DJ *** dövlət nömrə nişanlı avtomobilin onun bərəkət istiqamətimə girməsini gördükdə o həmin avtomobillə toquşmamaq üçün aarə etdiyi avtobusa tormozlama edib yolun sağ tərəfmə çəksəm də həmin avtomobil onun idarə etdiyim avtobusun qabaq sol tərəfindən vuraraq toqquşması nətiəsindən üzü aşağı Bakıxanov qəsəbəsi istiqamətindən üzü metronun Neftçilər» stansiyası istiqamətində öz yolunda da dayanmışdır. Hadisə nəticəsində avtobusda xəsarət alan sərnişinlərə köməklik göstərmiş və hadisə yerinə təcili tibbi yardım çağırmışdır. Sonradan hadisə yerinə təcili yardım avtomaşınları gəlmişlər. «Opel» markalı ** DJ *** dövlət nömrə nişanlı avtomobil onun idarə etdiymi avtobusla toqquşmazdan əvvəl eyni zamanda «Honda CRV» markalı ** GA *** nömrə nişanlı avtomobili arxa sol təkərindən və qanadından vuraraq toqquşmuşdur. İdarə etdiyi avtobusla «Opel» markalı ** DJ *** dövlət nömrə nişanlı avtomobillə toqquşmağı ani vaxt ərzində baş vermişdir. Avtobusun qapısı bağlı olduğundan zərərçəkmiş şəxsin verdiyi ifadələr həqiqəti əks etdirmir. Bakı Apellyasiya Məhkəməsinin 18.03.2020-ci il tarixli 1(103) 258/2020 saylı hökmü ilə məhkum və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən və mülki cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-in 263.1 -ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1 (008)-441/2019 nömrəli, 24 dekabr 2019-cu il tarixli hökmü ləğv edilmiş, onun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsinə aidiyyəti olmadığından təqsirsiz hesab edilməsi, ona Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə bəraət verilməsi, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməsi, təqsirləndirilən şəxs cismində cəlb edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası İddiaçı izah edilməsi, zərərçəkmiş şəxs X5 mülki iddia tələbi təmin edilməməsi qərara alınmışdır. Məhkəmə tərkibi, cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi öz təsdiqini tapmamışdır. Onun göstərilən cinayət əməlinin törədilməsində təqsirinin olmaması məhkəmə baxışında özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş çoxsaylı digər sənədlərlə kifayət qədər sübuta etirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 1(102)-302/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 18.03.2020-ci il tarixli 1(103)-258/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə cinayət prosesini həyata keçirən orqanlar ona qarşı əsassız cinayət işi qaldırmış, sübutlar saxtalaşdırılmış, Əsassız yerə məhkum olunması onun mənəviyyatına toxunmuş, eyni zamanda işsiz qalıb ağır maddi vəziyyətə düşmüşdür. Bu əsassız ittihamlar nəticəsində özü və ailəsi prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində mənəvi əzab və sarsıntılara məruz qalmış və psixikası pozulmuşdur. Eyni zamanda, məhkum olunmağı onu tanıyanların ona münasibətini dəyişmiş və ona qarşı mənfi rəy formalaşmışdır. Bu hadisədən sonra digər xərclər də çəkmişdir. Hadisədən əvvəl o avtobus sürücüsü kimi aylıq 3000 (üç min) manat gəlirim var idi, mən həmin puldan kirayə və kommunal xərcləri ödəyib qalan pulla 9 nəfər ailə üzvlərimi dolandırırdım. Lakin 02 avqust 2019-cu ildə olan hadisə onu və ailəsini çətinliklərə, borclanmağa məcbur etmişdir. Onun sürücülük vəsiqəsi istintaq orqanında qaldığı üçün ona yol vərəqəsi yazılmamış və o işimi itirmişdir. 02 avqust 2019-cu ildən bu 1 may 2020-ci ilədək 9 ay ərzində 27.000 (iyirmi yeddi min) manat gəlirdən məhrum edilmişdir. Bu aylar ərzində o və ailəsi stress keçirtmiş, 100.000 (yüz min) manatdan cox ziyan dəymişdir. Bundan başqa işsiz qaldığı ücün “FİNKA” Azərbaycan kredit təşkilatına olan 652 (altı yüz əlli iki) manat və 423 (dörd yüz iyirmi üç) manat pulu ödəyə bilməmişdir. Apellyasiya Məhkəməsi bəraət hökmü verdikdən sonra 2020-ci ilin mayın 1-dən o işlə təmin olunmuş, həmin müddətədək işsiz və gəlirsiz qalmışdır. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona küllü miqdarda ziyan dəymişdir. Cinayət prosesini həyata keçirən orqanların bu hərəkətləri nəticəsində onun hüquqları pozulmuş, ona maddi zərər dəymiş, mənəvi istirablar çəkmi, işgüzar nüfuzuna xələl gətirilmişdir. Ona dəymiş maddi, fiziki və mənəvi ziyan cinayət prosesi həyata keçirən orqanlar tərəfindən ödənilməlidir. Belə ki, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində o əsas gəlir mənbəyi olan iş yerindən məhrum olmuşdur. Bu müddətdə mənəvi sarsıntı keçirmiş, depresiyaya düşmüş, bu isə öz növbəsində onun səhhətinə mənfi təsir göstərmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Ağsu RPŞ tərəfindən verilmiş 16.02.2018-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 dekbar 2019-cu il tarixli 1(008)- 441/2019 saylı hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətinə azadllıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-258/2020 saylı, 18.03.2020-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 dekbar 2019-cu il tarixli 1(008)-441/2019 saylı hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində aidiyyəti olmadığından təqsirsiz hesab edilərək, ona həmin Məcəllənin 263.1-ci maddəsi ilə bəraət verilmiş, ona təqsirləndirilən şəxs qismində cəlb edilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 fevral 2021 -ci il tarixli 1(102)- 302/2021 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 18.03.2020-ci il ttrixli 1(103)-258/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-258/2020 saylı, 18.03.2020-ci il tarixli qərarı ilə ona Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə cinayətin törədilməsində aidiyyəti olmaması əsası ilə bəraət verilmişdir. Məhkəmə İddiaçı qanunsuz olaraq məhkum olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 29 noyabr 1985-ci il tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona 100.000 manat ziyanın vurulduğunu bildirsə də, qeyd olunan iddia tələbini əsaslandıracaq sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi hissəsində rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tə--rəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əm-lak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), ha-be-lə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 2000 (iki min) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 2000 (iki min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 2000 (iki min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar