Məhkəmə qərarları › İş №2(006)-3169/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3169/2025

01.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3169/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, iddiaçılar Nümayəndə1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. İddiaçılar Nümayəndə1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “müqavilə şərtlərinin dəyişdirilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə iddiaçılar arasında bağlanmış (İddiaçı2 ilə xx.xx.2020-ci il tarixli, 17 №-li və Nümayəndə1 ilə xx.xx.2020-ci il tarixli, 18 №-li) əvəzləşmə müqavilələrinin dəyişdirilərək, “xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarix daxil edilməklə sonrakı aylarda mənzil təhvil verilənə kimi hər aya 500 manat kirayə pulunu bərpa etmək və ya kirayə pulu hesabına yığılan borc pulun əvəzində mənzili təmir etmək” müqavilənin 7.1-ci bəndinə əsasən müqavilənin əlavə şərti kimi qəbul edib xx.xx.2023-cü il tarix daxil edilməklə sonrakı aydan başlayaraq yeni inşa olunan mənzilin Nümayəndə1 təhvil verilənə kimi hər aya görə 500 manat kirayə pulunun, o cümlədən xx.xx.2023-cü il tarixdən başlayaraq iddia verilən müddət daxil olmaqla 2023-cü ilin avqust ayı da daxil olmaqla 2.000 manat Nümayəndə1 və 2.000 manat İddiaçı2 verilməyən kirayə pullarının ödənilməsi, xx.xx.2020-ci il tarixli, 17 və 18 №-li əvəzləşmə müqavilələrinin şərtləri cavabdeh tərəfindən pozulduğundan, yeni şərtlərlə müqavilənin bağlanması vəzifəsinin cavabdehə həvalə edilməsi, cavabdehdən maddi ziyan olaraq 1,97 kv.m. üçün hazırda hər kvadrata görə 2.200 manat satış qiyməti nəzərə alınmaqla, cəmi 4.334 manat pulun Nümayəndə1 və 2,97 kv.m. üçün hazırda hər kvadrata görə 2.200 manat satış qiyməti nəzərə alınmaqla, cəmi 6.534 manat pulun İddiaçı2 ödənilməsi, mənəvi ziyan olaraq Nümayəndə1 2.000 manat və İddiaçı2 2.000 manat tutularaq ödənilməsi, ödənilmiş dövlət rüsumunun cavabdeh təşkilatdan alınaraq iddiaçılara cəmi 9.507,50 manat Nümayəndə1 və 9.507,50 manat İddiaçı2, ümumilikdə cəmi 19.015,03 manat ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdeh təşkilatın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əsassız varlanması və iddiaçıya maddi ziyan vurması barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişlər.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə iş üzrə məhkəmə hazırlıq iclasları keçirilmiş, xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, işin icraatı dayandırılmış, xx.xx.2024-cü il tarixli məlumatla ekspert tərəfindən ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar icrasız geri qaytarılmışdır.

3. İddiaçılar xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən maddi ziyan olaraq 1,97 kv.m. üçün hazırda hər kvadrata görə 2.200 manat satış qiyməti nəzərə alınmaqla, cəmi 4.334 manat pulun Nümayəndə1 və 2,97 kv.m. üçün hazırda hər kvadrata görə 2.200 manat satış qiyməti nəzərə alınmaqla, cəmi 6.534 manat pulun İddiaçı2 ödənilməsi, mənəvi ziyan olaraq Nümayəndə1 2.000 manat və İddiaçı2 2.000 manat tutularaq ödənilməsi, ödənilmiş dövlət rüsumunun cavabdeh təşkilatdan alınması, iddiaçılara cəmi 9.506 manat Nümayəndə1 və 9.506 manat İddiaçı2, ümumilikdə cəmi 19.012 manat ödənilməsi; xx.xx.2020-ci il tarixli, 17 və 18 №-li əvəzləşmə müqavilələrində qeyd olunan ölçülərdə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinə uyğun və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2021-ci il tarixli, 3 saylı “Yaşayış binaları. Layihələndirmə normaları”nın təsdiq edilməsi haqqında Qərarının 9.12-ci maddəsinin tələbinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarına uyğun olaraq aparıb iddiaçılara əvəzləşmə müqaviləsində qeyd olunan ölçülərdə və təbii işıqlandırması olan mətbəxlərlə təmin olunması öhdəliyi barədə qətnamə qəbul edilməsini; cavabdeh təşkilatın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əsassız varlanması və iddiaçıya maddi ziyan vurması barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişlər.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə yenidən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, işin icraatı dayandırılmış, xx.xx.2024-cü il tarixli məlumatla ekspert tərəfindən ekspertizanın aparılmasından imtina edilərək, iş üzrə materiallar icrasız geri qaytarılmışdır.

5. İş üzrə xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə hazırlıq iclası keçirilmiş, xx.xx.2024cü il tarixli qərardadla xx.xx.2024-cü il tarixli qərardad icra edilməsi üçün yenidən ekspertiza mərkəzinə göndərilərək, iş üzrə icraat dayandırılmışdır. Ekspert rəyi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur.

6. Son olaraq iddiaçılar xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, xx.xx.2020-ci il tarixli, 17 və 18 №-li əvəzləşmə müqavilələrində qeyd olunan ölçülərdə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinə uyğun və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2021-ci il tarixli, 3 saylı “Yaşayış binaları. Layihələndirmə normaları”nın təsdiq edilməsi haqqında Qərarının 9.12-ci maddəsinin tələbinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarına uyğun olaraq aparıb iddiaçılara əvəzləşmə müqaviləsində qeyd olunan ölçülərdə və təbii işıqlandırması olan mətbəxlərlə təmin olunması öhdəliyinin qoyulması, cavabdeh tərəfindən maddi ziyan olaraq 1,97 kv.m. üçün hazırda hər kvadrata görə 2.400 manat satış qiyməti nəzərə alınmaqla, cəmi 4.728 manat pulun Nümayəndə1 və 2,97 kv.m. üçün hazırda hər kvadrata görə 2.400 manat satış qiyməti nəzərə alınmaqla, cəmi 7.128 manat pulun İddiaçı2 ödənilməsi, müqavilələrdə göstərilən ölçülərdə mənzillərin təhvil verilməsi mümkün olmadıqda, mənzillərin əsas ölçülərinin hazırkı vaxta aid olduğundan, ümumi sahədən kəsilən ölçülərə görə 18,85 kv.m. 2.400 manatdan 45.240 manat İddiaçı2, 19.85 kv.m. 2.400 manatdan 47.460 manat Nümayəndə1, cəmi 104.736 manat pul şəklində şirkət tərəfindən verilməsi haqqında öhdəliyin qoyulması, mənəvi ziyan olaraq Nümayəndə1 2.000 manat və İddiaçı2 2.000 manat tutularaq ödənilməsi, ödənilmiş 144 manat dövlət rüsumunun cavabdeh təşkilatdan alınması, təmir pulu ilkin təklif olaraq hər birinə 78 kv.m. sahəyə görə təmirə 150 manat hesablayaraq hər mənzilə görə 11.700 manat, cəmi 23.400 manat sahənin kvadratını artırmalı olduğu halda, artırılmadığından və hər birinə 75,25 kv.m. sahəsi olan mənzil verildiyindən, həmin mənzillərin təmir olunub iddiaçılara təhvil verilməsi və ya təmir üçün nəzərdə tutulan 23.400 manat pulun iddiaçılara ödənilməsi, kirayə pulu aprel 2023-cü ildən mart 2025-ci ilədək Nümayəndə1 11.500 manat və İddiaçı2 11.500 manat, cəmi 23.000 manat ərizə verilən günə kimi və qətnamə icra olunan günə kimi hər ay hər mənzilə görə 500 manat hesablanaraq cavabdehin hesabından tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini; cavabdeh təşkilatın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əsassız varlanması və iddiaçıya maddi ziyan vurması barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişlər.

7. xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixlərdə hazırlıq iclasları keçirildikdən sonra, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-100/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Əsaslandırıcı hissə

8. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi məqsədilə hazırkı mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

9. Belə ki, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Çünki iş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçılar ilkin olaraq xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edən zaman cavabdehə qarşı olan iddia tələbləri müqavilə şərtlərinin dəyişdirilməsi, yeni şərtlərlə müqavilə bağlanması öhdəliyinin həvalə edilməsi, maddi və mənəvi zərərin ödənilməsi kimi tələblərdən ibarət olmuşdur. Bu zaman Mülki Prosessual Məcəllənin tələbinə görə, iddiaçıların həmin iddia ərizəsini cavabdehin ünvanı üzrə Binəqədi Rayon Məhkəməsinə və ya öz seçimlərinə görə icra yeri göstərilən müqavilələrdən irəli gələn tələb kimi Nəsimi Rayon Məhkəməsinə vermək hüquqları olmuş, onlar isə öz iradələri ilə əsas aidiyyət qaydasına istinadən bu tələblərini cavabdehin ünvanı üzrə məhkəməyə vermişlər. Buna görə də Binəqədi Rayon Məhkəməsi həmin vaxt haqlı olaraq iddia ərizəsinin icraatını mümkün saymış, işi icraata götürərək baxmağa hazırlamaq qaydasında bir sıra hərəkətlər həyata keçirmişdir. Belə ki, işin həmin məhkəmədə aparılan icraatı zamanı – təxminən 2 ilə yaxın müddətdə məhkəmə tərəfindən 7 dəfə hazırlıq iclası keçirilmiş, ekspertizalar təyin edilmiş, ekspert rəyi alınmış, iddiaçılar 2 dəfə tələblərini artırmaya dair ərizələr vermişlər. İş üzrə yalnız 1 məhkəmə iclasında – xx.xx.2025-ci il tarixli sonuncu hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi, ola bilsin, iddia ilk dəfə irəli sürülən zaman qoyulan tələblərlə tanış olmadığından, yaxud ola bilsin, həmin tələblərlə tanış olsa da, qanuni tərəfini özü belə düşündüyündən və yaxud da məhz elə işin icraatının əsassız uzadılması niyyəti ilə müstəsna aidiyyət barədə şifahi vəsatət irəli sürmüş, işə mahiyyəti üzrə baxmalı olan məhkəmə isə əsassız vəsatəti rədd edib, iş üzrə zəruri prosessual hərəkətləri həyata keçirmək (təxminən 2 ilə yaxın müddətdə aparılan işi məhkəmə baxışına təyin etmək və s.) əvəzinə, cavabdehin nümayəndəsinin nə məqsədlə verildiyi müəyyən edilə bilməyən, kifayət qədər əsaslandırılmamış şifahi vəsatətini təmin edərək, işi Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Halbuki, qanunvericiliyin aidiyyət qaydalarına görə iddiaçılar sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizələr verərək, tələblərini artırsalar da, bu, ilkin olaraq icraata düzgün qəbul edilmiş iş üzrə sonradan irəli sürülmüş tələblərdən birinin müstəsna aidiyyət qaydasında baxılmalı olmasına əsaslanaraq, işin başqa məhkəməyə göndərilməsi üçün əsas təşkil etmir. Məhkəmə ümumiyyətlə hesab edir ki, mənzil və təbii işıqlandırılmış mətbəxin təhvil verilməsi başqa münasibətdən deyil, məhz elə tərəflər arasındakı müqavilə münasibətlərindən irəli gələn öhdəliklərlə bağlı tələblərdir. Bununla bağlı da iddiaçılar ilk dəfə məhkəməyə müraciət edən zaman öz seçimlərini etmiş, iddia ərizəsini cavabdehin ünvanı üzrə məhkəməyə vermişlər. Belə ki, iddia tələblərindən və onun əsaslandırıldığı hallardan görünür ki, iddiaçıların tələbləri cavabdeh MTK ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməsi ilə əlaqədardır. Başqa sözlə, iddia tələbləri mülkiyyət hüququnun subyektiv hüquq kimi müdafiəsinə deyil, MTK-nın iddiaçılar qarşısında götürdüyü öhdəliklərin icrasının təmin edilməsinə istiqamətlənmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbləri üzrə ərazi aidiyyəti baxımından müstəsna aidiyyat qaydaları tətbiq edilə bilməz və işə ərazi aidiyyəti qaydalarına uyğun şəkildə Binəqədi Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsini rəhbər tutaraq hesab edir ki, hazırkı mülki iş üzrə səlahiyyətli məhkəmə Nəsimi Rayon Məhkəməsi deyil, Binəqədi Rayon Məhkəməsidir.

10. Məhkəmə qeyd etməyi zəruri sayır ki, qanunverici ədalət mühakiməsinin səmərəliyinin təmin edilməsi məqsədilə mülki işlər üzrə ümumi aidiyyət qaydaları ilə yanaşı, iddiaçının seçməsinə görə aidiyyət, müqavilə aidiyyəti, müstəsna aidiyyət və digər aidiyyət qaydalarını müəyyən etmişdir. Həmin qaydalardan biri də müstəsna aidiyyət qaydasıdır. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.

11. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli Qərar).

12. Qeyd olunan prosessual hüquq normasının məzmunundan (mənasından) göründüyü kimi, daşınmaz əşyalarla bağlı istənilən tələblər deyil, yalnız Mülki Məcəllənin 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə istinadən irəli sürülən tələblər müstəsna aidiyyət qaydasına tabedir – hansı ki, həmin maddi hüquq normalarında mülkiyyət hüququnun müdafıəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 35.1-35.2. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

14. Məhkəmə hesab edir ki, hazırda məhkəmələr arasında ərazi aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından, mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Nəticə:

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44- 45, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM:

İddiaçılar Nümayəndə1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi və s.” tələbinə dair mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar