Məhkəmə qərarları › İş №2(006)-3170/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3170/2024

11.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3170/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödədiyi 401 manat 36 qəpik məbləğində borc, icra üçün ödənilmiş 7 %, yəni 28 manat 10 qəpik ödəniş, iddia ərizəsinin tərtib edilməsi və sorğuya görə çəkilən 70 manat xərc, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 529 manat 46 qəpik pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh onun adına X2 Note 11 markalı (64 GB) telefonu 367,40 manata Umico vasitəsilə Online sifariş etmiş, sözü gedən müqavilə üzrə məhsulun ümumi məbləği 18 ay üzrə 18,50 % ilə birlikdə 68,52 manat olmaqla, cəmi 435,92 manat pul vəsaiti təşkil etmişdir. Belə ki, Cavabdeh ona övladının xəstə olduğu, əməliyyata girəcəyi üçün isə doğum günündə ona sürpriz etmək istədiyini bildirmişdir. O da, öz növbəsində insanlığını göstərərək cavabdehin xəstə övladını sevindirmək məqsədilə onun adına telefon alınmasına razılıq vermişdir. Həmin zaman cavabdeh ona nağd qaydada 300 manat ödəniş edəcəyini də vəd etmişdir. Bundan sonra, o, kreditin götürülməsinə razılıq vermişdir. Belə ki, cavabdeh ilk vaxtlar kredit üzrə ödənişləri etsə də, sonradan ödənişlər vaxtında icra edilməmiş, borc məbləği faizlər ilə birlikdə 401,36 manat təşkil etmişdir. Bir müddət sonra, Cavabdeh işdən çıxmış və çalışdığı iş yeri üzrə bir neçə iş yoldaşlarını də bu qaydada aldatmışdır. Onu da əlavə edir ki, cavabdehin öz öhdəliklərini lazimi qaydada icra etməməsi səbəbindən "xxxx" ASC-yə ödənilməli olan borc üzrə hazırda Xətai rayon İcra şöbəsində icra işi vardır. Sözü gedən müqavilə onun adından bağlandığından, tələb hazırda ona qarşı yönəldilmişdir. Belə ki, cavabdeh şəxsə bu barədə məlumat verdikdə hər dəfə fərqli bəhanələrlə ödəyə bilmədiyini, maddi imkanı olduqda ödəcəyini öhdəsinə götürməsinə dair yazışmalar da mövcuddur ki, bu barədə «WhatsApp» yazışmalarını iddia ərizəsinə əlavə etmişdir. O, cavabdehin yerinə borcu ödəmək məcburiyyətində qalmış, sonuncu dəfə xx.xx.2023-cü il tarixində tərəfindən 10 manat məbləğində ödəniş edilmişdir. Lakin məbləği tam ödəməyə onun maddi imkanı olmamışdır. O, artıq şəxsin bu hərəkətləri nəticəsində ziyana məruz qalmışdır. Onu da qeyd etmək istəyir ki, özü Bakı şəhərində işləyir və ailəsi ilə birlikdə qalır. Bütün ailə üzvlərinin maddi təminatını özü həyata keçirir. Belə ki, ailəsi aztəminatlı olmaqla yalnız onun əmək haqqı hesabına təminatlarını ödəyə bilir. Eyni zamanda, əmək qabiliyyəti olmayan dayısına da baxır. Anasının xəstə olması, ona aid olmayan avadanlıqların kreditini, eyni zamanda, özünün və ailəsinin maddi təminatını ödəməkdə çətinlik çəkir. Belə olduğu halda onun etibarından sui-istifadə edilməklə törədilmiş əməlinə hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına müraciət olunmuş, müraciətinə baxılması üçün şikayəti aidiyyatı üzrə 37-ci Polis Şöbəsinə göndərilmişdir. Həmin araşdırma gedişində şəxsin ifadəsinin alınıb-alınmaması barədə məlumatı yoxdur. Belə ki, 37-ci Polis Şöbəsinin səlahiyyətli şəxsləri tərəfindən ona bu barədə məlumat verilməmiş, iş materialları isə təqdim edilməmişdir. Bununla bağlı olaraq ona sadəcə xx.xx.2023-cü il tarixli, 3-13-55-4/2-1-5488 saylı məktub təqdim edilmiş, mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Əlavə olaraq bildirir ki, sözü gedən 401,36 manat məbləğində pul vəsaiti ilə əlaqədar icra üçün 7 % ödənişi, yəni 28,10 manat məbləğində pul vəsaiti də onun tərəfindən ödənilməlidir. Göründüyü kimi, cavabdeh şəxsin qanunsuz əməlləri nəticəsində o, əlavə olaraq çəkdiyi xərcin dəyəri cavabdehdən tutulmalıdır. Bundan savayı, iddia ərizəsinin tərtibatına və sorğuya görə 70 manat məbləğində əlavə xərc çəkmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hesab edir ki, ümumilikdə 529,46 manat pul vəsaiti Cavabdeh onun xeyrinə tutulmalıdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: «WhatsApp» tətbiqi vasitəsi ilə tərəflər arasında aparılan yazışmalardan görünür ki, Cavabdeh İddiaçı müraciət edərək, mobil telefon almaq istədiyini, bunun üçün maddi imkanının olmadığını bildirmiş, iddiaçıdan köməklik göstərilməsini xahiş etmişdir. Bakı şəhəri 36 saylı notariat ofisi tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli 8İ- 1125 saylı icra qeydindən görünür ki, yuxarıda qeyd edilən müqavilə üzrə İddiaçı "xxxx" ASC-nin xeyrinə vaxtında ödənilməmiş 376 manat 36 qəpik borcun, 25 manat dövlət rüsumu olmaqla, cəmi 401 manat 36 qəpik pul vəsaitinin tutulması haqqında icra qeydi verilmişdir. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından aydın olur ki, Bakı şəhəri 36 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən 401,36 manat məbləğində pul borclu İddiaçı tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli, e92061/2024-1-46-0 nömrəli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı şəhəri 36 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli, 8İ-1125 nömrəli icra qeydinə əsasən tələbin 10 gün ərzində könüll icra edilməsi xahiş edilmişdir. Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2023cü il tarixli, 3-13-55-4/2-1-5388 nömrəli məkubundan görünür ki, müraciətin mülki xarakterli olduğu üçün məhkəmə orqanları qarşısında iddia qaldırmağı iddiaçıya məsləhət görülmüşdür. xx.xx.2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı hazırki iddia tələbinə görə 30 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli, 12428 nömrəli qəbzin əslindən görünür ki, İddiaçı tərəfindən Xətai rayon İcra Şöbəsinə 30 manat məbləğində icra ödənişi edilmişdir. xx.xx.2024-cü il tarixli TT**********73625 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı "xxxx" ASC-nin xeyrinə dövlət rüsumuna görə 25 manat ödəniş etmişdir.Eyni tarixli TT**********137376 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı "xxxx" ASC-nin xeyrinə kreditin tam ödənişi olaraq 376,36 manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixli BPMASAN**********90 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı iddia ərizəsin və sorğu üçün 70 manat ödəniş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçı cavabdehə kömək məqsədi ilə "xxxx" ASC-yə müraciət edərək, kredit götürmək istədiyini bildirmiş və iddiaçı ilə bank arasında 18 iyul 2022-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. İddiaçıya 60 ay müddətinə müqavilə şərtlərinə uyğun olaraq 500 manat məbləğində kredit verilmişdir. Kredit Market Place kredit xətti üzrə (mobil telefon alınması üçün) verilmişdir.Həmin vəsait hesabına telefon alınmış və cavabdehin faktiki istifadəsinə təqdim edilmişdir.Cavabdeh kredit xətti üzrə ödənişlərin cüzi hissəsini iddiaçının kredit xətti müqaviləsi üzrə müvafiq hesaba ödəsə də, sonradan bu ödənişləri dayandırmışdır. Göründüyü kimi, Cavabdeh buna hüquqi əsas olmadan İddiaçı (məhrum olanın) hesabına mobil telefon əldə etmişdir və əsassız varlanmış şəxs kimi əldə etdiyini məhrum olan İddiaçı tələbi ilə ona qaytarmalıdır.Həmçinin cavabdehin şifahi razılaşma əsasında üzərinə götürdüyü öhdəliyi icra etməməsi nəticəsində tələb Natiq İsgəndorova yönəldilmiş və o, bütün borcu tam şəkildə ödəmiş, üstəlik icra ödənişini və hazırki iddia tələbi üzrə sənədlərin hazırlanması üçün məhkəmə xərclərini ödəmişdir. Odur ki,Cavabdeh davranışı nəticəsində İddiaçı çəkdiyi xərclər cavabdehdən onun xeyrinə tutulmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 401 manat 36 qəpik məbləğində borc, icra üçün ödənilmiş 7 %, yəni 28 manat 10 qəpik ödəniş, iddia ərizəsinin tərtib edilməsi və sorğuya görə çəkilən 70 manat xərc, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 529 manat 46 qəpik pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 401,36 (dörd yüz bir manat otuz altı qəpik) manat məbləğində borc, icra üçün ödənilmiş 28,10 (iyirmi səkkiz manat on qəpik) manat ödəniş, iddia ərizəsinin tərtib edilməsi və sorğuya görə çəkilən 70 (yetmiş) manat xərc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 529,46 (beş yüz iyirmi doqquz manat qırx altı qəpik) manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar