Məhkəmə qərarları › İş №2(006)-3171/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3171/2022

28.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3171/2022 28.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə2, cavabdehlərin nümayəndəsi (vəkili) Nümayəndə1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X9 Qeydiyyat İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 və AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X9 Qeydiyyat İdarəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi faktının təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 və AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X9 Qeydiyyat İdarəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi faktının təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddianın tam təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 MMC (təsisçi X5) arasında bağlanmış Cavabdeh1 MMC-nin direktoru vəzifəsinə dair əmək müqaviləsinə xitam verilməsi faktının təsdiqlənməsi, Cavabdeh1 MMC-nin direktoru vəzifəsinə dair əmək müqaviləsinə xitam verilməsi faktının icra edilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin təsisçisinin (işəgötürən) üzərinə qoyulması və İddiaçı Cavabdeh1 MMC-nin direktoru vəzifəsinə dair əmək müqaviləsinə xitam verilməsi faktının yaratdığı hüquqi nəticələrin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X9 Qeydiyyatı İdarəsi tərəfindən nəzərə alınması və Cavabdeh1 MMC-dən xx.xx.2017-ci il tarixindən (əmək müqaviləsinin bağlandığı tarixdən) başlayaraq ödənilməmiş əmək haqqı olan 162.000 manat pul vəsaitinin və 452 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında 2017-ci ilin əvvəllərindən əmək müqaviləsi imzalanaraq Cavabdeh1 MMC-nin direktoru vəzifəsini icra etmişdir. 2021-ci ilin sentyabr ayından şirkətin təsisçisi tərəfindən səbəbsiz olaraq işdən azad edilmədən, şirkətin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən ofisə buraxılmamış, eyni zamanda təsisçi tərəfindən qanunsuz və böhtan atılaraq hüquq mühafizə orqanına müraciət edilmiş və prokurorluq tərəfindən verilmiş şikayət əsassız sayılaraq xx.xx.2022-ci il tarixində “cinayət işinin başlanmasının rədd edilməsi”nə dair qərar qəbul edilmişdir. Bu məsələlər şirkətin təsisçisi və digər səlahiyyətlərinin qanunsuz hərəkətlərinin direktor vəzifəsindən azad etmək istəmədikləri İddiaçı üzərinə günah hesablamaq, öz məsuliyyətlərindən qaçmaqdır. Dəfələrlə şirkətin təsisçisinə bu şəraitdə işləmək istəmədiyini, eyni zamanda direktorluq vəzifəsini 2021-ci ilin sentyabr ayından icrasına təsisçi və digər şəxslər tərəfindən maneə qoyulmasını nəzərə alaraq direktorluqdan azad edilməsi istənilsə də, şirkətin təsisçisi buna razı olmamış və iddiaçının işinə mane olaraq, qeyri yerdə gedib işləyə bilməməsinə səbəb olmuşdur. Hal-hazırda iddiaçı Cavabdeh1 MMC şirkətindəki direktorluq vəzifəsindən 2021ci ilin sentyabr ayından ayrılma faktının təsdiqlənməsi və həmin faktın cavabdeh şirkət olan Cavabdeh1 MMC şirkətinin təsisçisi tərəfindən icra edilməsi mütləq və zəruridir. Cavabdeh1 MMC-nin təsisçisini İddiaçı tərəfindən xx.xx.2022-ci ildə xəbərdarlıq məktubu ünvanlanıb. Lakin, təsisçi tərəfindən bu günə qədər qanunvericiliyin tələbinə uyğun müsbət cavab verilməmişdir. Daha sonra İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, iddianın tam təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 MMC (təsisçi X5) arasında bağlanmış Cavabdeh1 MMC-nin direktoru vəzifəsinə dair əmək müqaviləsinə xitam verilməsi faktının təsdiqlənməsi, Cavabdeh1 MMC-nin direktoru vəzifəsinə dair əmək müqaviləsinə xitam verilməsi faktının icra edilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin təsisçisi (işəgötürən) X2 üzərinə qoyulması və İddiaçı Cavabdeh1 MMC-nin direktoru vəzifəsinə dair əmək müqaviləsinə xitam verilməsi faktının yaratdığı hüquqi nəticələrin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X9 Qeydiyyatı İdarəsi tərəfindən nəzərə alınması və Cavabdeh1 MMC-dən xx.xx.2017-ci il tarixindən (əmək müqaviləsinin bağlandığı tarixdən) başlayaraq ödənilməmiş əmək haqqı olan 162.000 manat pul vəsaitinin və 452 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin dədiqləşdirilməsini mümkün hesab edərək icraata qəbul etmişdir. 25 iyul 2022-ci il tarixdə üçüncü şəxs "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)-674/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş 14015,46 manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3171/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC-nin “müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb edilməsi barədə” ərizəsi təmin edilməmiş, "xxxx" MMC-nin iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehlərin nümayəndəsi (vəkili) Nümayəndə1 məhkəməyə yazılı ərizə təqdim edərək, İddiaçı Cavabdeh1 MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi faktının təsdiqlənməsinə dair hissədə qəbul etdiyini, digər iddia üzrə əmək haqqı olan 162.000 manat pul vəsaitinin və 452 manat dövlət rüsumunun Cavabdeh1 MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair hissədə qəbul etmədiyini bildirmiş və həmin hissədə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X9 Qeydiyyat İdarəsinin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, əmək müqaviləsi reyestrə daxil edilmir. Buna görə də təsisçilərin ümumi yığıncağında cavabdehlərin təsisçisi dəyişdirilir. Mülki qanunvericiliyə uyğun olaraq rəhbər cavabdehin (təsisçinin) ümumi yığıncağında olur və qərar qəbul edilir. Daha sonra həmin qərar onlar tərəfindən icra edilir. Qanunvericilikdə bunun qaydası belədir. Ümumi yığıncaq olmamışdır. Cinayət işi isə yekunlaşma ərəfəsindədir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və qabaqcadan məhkəməyə heç bir üzrlü səbəb təqdim etməmişdir. Məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18 mart 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 MMC şirkətinin qanuni təmsilçisi İddiaçı əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, bu arayış Cavabdeh1 MMC-nin İddiaçı tərəfindən təsvir edildiyi kimi, yəni əmək mübahisəsi ilə bağlı vəzifədən azad edilməsi və əmək haqqının ödənilməsi tələbinə dair 20 may 2022-ci ildə, saat 16:00-16:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 isə ilkin mediasiya sessiyasında iştirak etmişdir (Mediator: F.İmanov). İş materiallarında olan Cavabdeh1 MMC-nin Təsisçisinin 03 iyul 2017-ci il tarixli Qərarından görünür ki, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi məqsədilə, Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər normativ hüquqi aktlara uyğun olaraq, Cəmiyyətin direktorunun dəyişdirilməsi, Cavabdeh1 MMC-nin yeni qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə İddiaçı təyin edilməsi qərara alınmışdır (Təsisçi: Cavabdeh2) İş materiallarında olan Cavabdeh1 MMC-nin faktiki sahibi X1 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsi tam qanunsuz və əsassızdır. Belə ki, İddiaçı iddia tələbinin əsaslığı ilə bağlı məhkəməyə bir dənə belə olsun mötəbər sübut təqdim etməmiş və iddiaya əsaslıq görüntüsü yaradılması məqsədilə qiymətləndirmə sənədləri təqdim etmiş, heç bir sübutla təsdiqlənməyən ərizələrə əsaslanmağa cəhd etmişdir. İddiaya görə guya iddiaçı direktor olduğu bu müddət ərzində əmək haqqı almamışdır. Əgər həqiqətən də əmək haqqı almırdısa, 5 ildir niyə buna etiraz etməyib və hüquqlarını müdafiə etməmişdir?! Bildirilir ki, iddiaçının ərizəsində göstərdikləri uydurma və yalandan başqa bir şey deyil. Həmçinin, təsisçi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilmiş və Nərimanov rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılmışdır. Belə ki, işə əlavə edilmiş Nərimanov rayon Prokurorluğunun 21 iyun 2022-ci il tarixli “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, İddiaçı həm "xxxx" MMC, həm də Cavabdeh1 MMC-yə etibardan istifadə etməklə, hər iki Cəmiyyətin ümumilikdə 725.476,87 manat pul vəsaitini mənimsəməklə maddi ziyan vurmaqda əsaslı şübhələr olduğu üçün barəsində Nərimanov rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan Cavabdeh1 MMC-nin xx.xx.2018-ci il tarixindən xx.xx.2021ci il tarixədək olan dövrdə apardığı mal-material və pul vəsaitlərinin dövriyyəsinin audit yoxlamasının keçirilməsinə dair 11 may 2022-ci il tarixli Rəydən görünür ki, audit yoxlamasının əhatə etdiyi dövrdə Cəmiyyətin qanunu təmsilçilik funksiyasına malik direktor vəzifəsini Cavabdeh1 MMC-nin təsis edilməsi haqqında 03 iyul 2017-ci il tarixli qərara əsasən hal-hazıradək İddiaçı icra edir. İş materiallarında olan 28 iyul 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” Qərardan görünür ki, ********* №-li cinayət işi üzrə İddiaçı Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 4(005)-837/2022 saylı Qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş İddiaçı barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, təqsirləndirilmiş şəxs qismində cəlb edilmiş İddiaçı cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti 3 ay müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən verilən Aktdan görünür ki, xx.xx.2020-xx.xx.2021-ci il tarixləri ərzində Cavabdeh1 MMC-yə məxsus kapital bank biznes **********671007 nömrəli kartı yalnız şirkətin gömrük əməliyyatları, hökumət ödəniş portalı üzrə əməliyyatlar nəzərdə tutulmuş şirkətin direktoru İddiaçı həvalə olunmuş, biznes karta həmin əməliyyatları həyata keçirmək üçün mədaxil olunmuş vəsaitlər, həmin dövr ərzində birbank mobil tətbiqi vasitəsilə digər şəxsi kartlara köçürülmüş və şirkət tərəfindən nəzarət edilə bilməmişdir, ümumi məbləği 39.757,92 təşkil etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər; 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur; 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin, əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İş materiallarına əlavə edilmiş, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 yazılı ərizəsindən görünür ki, cavabdeh tərəf İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddia tələbinin “əmək müqaviləsinə xitam verilməsi faktının təsdiqlənməsi” hissəsində qəbul etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur və məhkəmə tərəfindən qəbul olunmalıdır. Həmçinin, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının mübahisələndirdiyi hallar onun məhkəməyə təqdim etdiyi sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, iddia tələbi “...Cavabdeh1 MMC-nin direktoru vəzifəsinə dair əmək müqaviləsinə xitam verilməsi faktının icra edilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin təsisçisinin (işəgötürən) üzərinə qoyulması və İddiaçı Cavabdeh1 MMC-nin direktoru vəzifəsinə dair əmək müqaviləsinə xitam verilməsi faktının yaratdığı hüquqi nəticələrin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X9 Qeydiyyatı İdarəsi tərəfindən nəzərə alınması və Cavabdeh1 MMC-dən xx.xx.2017-ci il tarixindən (əmək müqaviləsinin bağlandığı tarixdən) başlayaraq ödənilməmiş əmək haqqı olan 162.000 manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi...” hissəsində əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən bununla əlaqədar sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi yalnız etiraf hissədə təmin edilərək, İddiaçı ilə Cavabdeh1 MMC (təsisçi Cavabdeh2) arasında bağlanmış Cavabdeh1 MMC-nin direktoru vəzifəsinə dair əmək müqaviləsinə xitam verilməsi faktı təsdiq edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh1 MMC (təsisçi Cavabdeh2) arasında bağlanmış Cavabdeh1 MMC-nin direktoru vəzifəsinə dair əmək müqaviləsinə xitam verilməsi faktı təsdiq edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar