Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3181/2024 27.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı cavabdehlər Orxan və Ramşama qarşı şirkətin ləğv olunması və vergi borcunun silinməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Orxan və Ramşama qarşı ərizə ilə məhkəməyə müraciət edərək, saxta yollarla oğlunun adına qeydiyyatdan keçirilmiş "xxxx" MMC-nin ləğv edilməsini və vergi vergi borcunun silinməsini xahiş etmişdir. Məhkəmə daxil olmuş materialları araşdıraraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: - iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); - iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Göründüyü kimi mülki prosessual qanunvericilikdə iddia ərizəsinin forma və məzmununa dair tələblər (ərizədə mütləq qaydada göstərilməli olan hallar), habelə iddia ərizəsinə əlavə edilməli olan sənədlərin siyahısı konkret olaraq müəyyən edilmişdir ki, həmin tələblərə riayət edilməməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələbləri baxımından iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş ərizə iddia ərizəsinin Məcəllə ilə müəyyənləşdirilmiş forma və məzmununa uyğun olmadan tərtib edilərək təqdim edilmişdir. Belə ki, cavabdehlər kimi göstərilən şəxslərin soyadları və ata adları, yaşayış yerləri və ya olduqları yerlər, eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN), habelə iddianın predmeti və iddiaçının onun özünə aid olan tələbi dəqiq göstərilməmişdir. İddia ərizəsinə isə yalnız Orxan və Ramşam olması iddia edilən şəxslərin fotoşəkilləri əlavə edilmişdir. Bundan başqa, iş materiallarında olan iddia ərizəsindən görünür ki, iddia ərizəsi məhkəməyə imzalanmadan təqdim edilmişdir. Mülki Prosessual Məcəllənin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Bundan başqa AR MPM-in 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində qiymətləndirilən və qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə dövlət rüsumunun dərəcələri ayrı-ayrılıqda müəyyən edilmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlar hazırki işin məhkəmə icraatını qeyrimümkün edir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Orxan və Ramşama qarşı şirkətin ləğv olunması və vergi borcunun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş fotoşəkillər geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya sadalanan nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Orxan və Ramşama qarşı şirkətin ləğv olunması və vergi borcunun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş fotoşəkillər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-3181/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3181/2024
27.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver