Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3215/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsi, hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin X3 və Satışı İdarəsinə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər tərəfindən tərtib edilmiş R206434 saylı aktın etibarsız hesab edilməsi və ödənilmiş 9578 manat pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, iddiaçı Bakı şəhəri, Bİnəqədi rayonu, Biləcəri qəsəbəsi, H.Şərəhcikev 61 ünvanda yaşamaqla əhali istehlakçı qrupunun abonenti kimi elektrik enerjisindən istifadə edir və iddiaçının evinə quraşdırılmış elektrik sayğacının abonent kodu **********10000-dır. Elektrik enerjisindən istifadəyə görə iddiaçı tərəfindən hər ay demek olar ki, 140-170 manat məbləğində ödənişlər edilmişdir. 18 fevral 2021-ci ildə iddiaçıya heç bir məlumat verilmədən Azərişıq” ASC-nin X3 və Satışı İdarəsinin yerində baxış keçirərək 206434 saylı akt tərtib etmişlər. Həmin akta görə guya iddiaçıya məxsus mənzilə sayğacdan kənar kabelxətti daxil olur və tərəfindən sayğacdankənar xəttdən istifadə edilir. Doğurdan da Biləcəri dəmir yoluna aid sayğacdan tarixini xatırlamadığı vaxtda iddiaçının evinə kabel xətti çəkilmişdir. Lakin iddiaçı həmin xəttdə istifadə etməmişdir. Biləcəri ETSİ üzrə əməkdaşlar yerində baxış keçirərkən də özləri həmin xətdən istifadə olunmadığının şahidi olmuşlar. Lakin bütün bunlara baxmayaraq onlar tərəfindən akt tərtib edilmişdir.Həmin aktda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş elektrik enerjisindən istifadə qaydalarına uyğun tərtib edilmişdir”. Beləliklə iş üzrə cavabdeh olan "xxxx" ASC tərəfindən iddiaçıya göndərilmiş 0282 saylı 05 mart 2021ci il tarixli xəbərdarlıqda cərimə olaraq iddiaçı tərəfindən 9578 manat ödənilməli olduğu qeyd edilmişdir. Bu səbəbdən iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər "xxxx" ASC-nin və "xxxx" ASC-nin X3 və Satışı İdarəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi haqqında Məhkəməyə heç bir üzrlü səbəb bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Beləliklə, Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, iş materiallarında olan 18 fevral 2021-ci il tarixli, R 206434 nömrəli Azərişıq ASC tərəfindən tərtib edilmiş aktından görünür ki, X1 məxsus elektrik sayğacına baxış keçirən zaman məlum oldu ki, mənzilə sayğacdan kənar kabel xətti daxil olur. İş materiallarında olan "xxxx" ASC-nin X3 və Satışı İdarəsinin 05 mart 2021-ci il tarixli 0282 saylı xəbərdarlıq məktubundan görünür ki, elektrik enerjisindən istifadə qaydalarına uyğun olaraq X1 məxsus mənzilin elektrik sayğacına baxış keçirilən zaman qüsur aşkar edilmişdir. Aşkar edilmiş qüsurla əlaqədar Rİ 206434 saylı 18 fevral 2021-ci il tarixli akt tərtib edilmişdir ki, həmin akta əsasən 9580,01 manat hesabat verilmişdir. Halhazırda tərtib edilən akta və istifadə edilmiş enerji sərfiyyatına görə "xxxx" ASC-yə 9578,87 manat borcu yaranmışdır. Yaranmış borcun 10 mart 2021-ci il tarixinə qədər ödənilməsi xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı X2 9578,87 manat borcun sayğacdan kənar hesablandığını təsdiq edən hər hansı sübutu məhkəmənin baxışı zamanı təqdim etməmişdir. Halbu ki, sübut etmək vəzifəsi MPM-nin 77.1-ci maddəsinə əsasən məhz onun üzərinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş "Elektrik enejisindən istifadə Qaydaları"nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət 4 elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu qaydaların icrası tabeliyindən mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq, dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələrin müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68). “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93). «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cu bəndinin izahına görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia kifayət qədər əsaslar olmadığından verildiyindən rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin X3 və Satışı İdarəsinə qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3215/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3215/2021
22.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver