Məhkəmə qərarları › İş №2(006)-3223/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3223/2025

21.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3223/2025 21.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 2 mr., Cavadxan küçəsi, ev 56, mənzil 55-də yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Belə ki, texniki invertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi Bakı şəhəri, Nəsimi rayonu, 2 mr., Cavadxan küçəsi, ev 56, mənzil 55-də yerləşən mənzilə görə 050417 saylı seriya ÖM qeydiyyat vəsiqəsi vermişdir. İddiaçının sözügedən mənzildə qeydiyyatda olan oğlu- Cavabdeh ilə münasibəti yoxdur. Oğlu xaricə köçüb, orada ailə qurub yaşayır. Oğlunun illərdir ki, onunla birgə yaşamadığını qonşular da şahidlik edə bilərlər. Hesab edir ki, oğlu hazırda iddiaçının mənzilində yaşamadığı üçün istifadə hüququ tam itmişdir. Belə münasibətə görə iddiaçı özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, 2 mr., Cavadxan küçəsi, ev 56, mənzil 55-ə dair cavabdehin istifadə hüququna xitam verilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Oğlu qeydiyyatda olduğu üçün bugünkü gündə onun əvəzindən kommunal xidmətlərə görə haqq ödəyir. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 2 mr., Cavadxan küçəsi, ev 56, mənzil 55 üzrə Cavabdeh istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarması məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, oğlu illərdir ki, bu mənzildə yaşamır, bütün qonşuları bilir. O, xarici ölkə vətəndaşıdır, sadəcə olaraq birdən evinə dönər deyə onun bütün sənədlərini saxlamışdır. Hazırda yaşı ötür və gələcəkdə həmin evdə qeydiyyatda olan şəxslər üçün problem yaranmasını istəmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. 5.Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli Akta əsasən iddiaçının oğlu Cavabdeh iddiaçı ilə birgə yaşamadığını qonşuları X1, X2 və X3 təsdiq etmişlər. 7.Mülki işin materiallarında olan Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən ÖM seriyalı, 050417 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 2 mkr., Cavadxan küçəsi, 56 saylı evin 55 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1125 saylı reyestr kitabında xx.xx.2000-ci il tarixində qeydiyyat aparılmışdır. 8.Mülki işin materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, 2 mr., Cavadxan küçəsi, ev 56, mənzil 55-də İddiaçı əlavə, Cavabdeh da qeydiyyatdadır. 9.Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, AR-nın “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun 9-cu maddəsinin tələblərinə əsasən müraciətdə göstərilən şəxsin ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilir. Odur ki, mülkiyyətçisi olduğu ünvanda qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılması məsələsinə baxılmasından ötrü aidiyyəti üzrə məhkəmə orqanına müraciət edilməsi tövsiyə edilmişdir. 10.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilən xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh sonuncu dəfə xx.xx.2012-ci il tarixdə ölkə sərhədlərindən çıxış etmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 11.Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, 2 mkr., Cavadxan küçəsi, ev 56, mənzil 55 iddiaçının xüsusi mülkiyyətində və istifadəsindədir. Həmin mənzildə iddiaçıdan başqa onun oğlu, yəni hazırki iş üzrə Cavabdeh hal-hazırda rəsmi qeydiyyatdadır. Lakin cavabdeh qeydiyyatda olmasına baxmayaraq həmin mənzildə yaşamır. Bu səbəbdən də hazırda iddiaçı cavabdehin həmin mənzilə dair istifadə hüququna xitam verilməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13.Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 14.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 15.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 29 mart 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” 16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 17.Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 18.Həmin Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 19.Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 20.Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. 21."Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. 22.Hazırki iş üzrə iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 2 mkr., Cavadxan küçəsi, ev 56, mənzil 55 İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.2000-ci il tarixdən hüquqi qeydiyyatdan keçirilmişdir. Məhkəmə qeyd edir ki, əvvəlcə cavabdehə qarşı iddia tələbi cavabdehin iddiaçıya münasibətdə ailə üzvü olub-olmadığı nəzərə alınmaqla qiymətləndirilməlidir. Belə ki, Cavabdeh iddiaçının doğma övladı olmaqla, onun ailə üzvüdür. Həmçinin, Cavabdeh faktiki olaraq da iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən çıxıb getməklə (iş materiallarına əsasən 2012-ci il tarixdən etibarən xarici ölkədə yaşayır) həmin mənzildə yaşamır. Göründüyü kimi cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşaması üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır ki, bu da yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin müvafiq qərarına uyğun olaraq kompensasiya verilməməsi anlayışına uyğun olmuşdur. Odur ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də cavabdehin mübahisəli mənzildən kompensasiya verilməməklə istifadə hüququna xitam verilməlidir. 23.«Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. 24.Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 2 mkr., Cavadxan küçəsi, 56 saylı evin 55 nömrəli mənzilinə dair istifadə hüquqlarına xitam verilməlidir. 25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, 2 mkr., Cavadxan küçəsi, 56 saylı evin 55 nömrəli mənzilinə dair istifadə hüquqlarına xitam verilsin. Bu qətnamə Cavabdeh müvafiq dövlət orqanında qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar