Məhkəmə qərarları › İş №2(006)-3252/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3252/2021

11.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3252/2021 11.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 3.000 manat məbləğində pulun, dəymiş mənəvi ziyana görə 1.000 manat məbləğində pulun, dəbbə pulu kimi 1.155 manat məbləğində pulun tutulması; Cavabdeh2 2.000 manat məbləğində pulun, dəymiş mənəvi ziyana görə 1.000 manat məbləğində pulun, dəbbə pulu kimi 770 manat məbləğində pulun tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun və 1 manat xidmət (bank xidməti) haqqının cavabdehlərdən müştərək qaydada tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ona qızının həyat yoldaşı barəsində açılmış cinayət işi ilə əlaqədar hüquqi yardım göstərərək köməklik edib cinayət məsuliyyətindən azad etməyə boyun olmuşdur. Bunun müqabilində ondan 3.000 manat məbləğində pul almışdır. Daha sonra işin aparılması ilə bağlı onu digər Cavabdeh2 ilə tanış etmiş və birgə iş aparacaqlarını bildirmişdir. Buna görə də, Cavabdeh2 2.150 manat pul vermişdir. Lakin həmin şəxslər vədlərinə əməl etməmişlər, pulunu aldıqdan sonra ona heç bir köməklik etməmişlər və kürəkəni faktiki olaraq həbs edilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Cavabdeh2 2.000 manat qarşılığında onunla cəmi 150 manatlıq müqavilə bağlamış, Cavabdeh1 isə 500 manatlıq müqavilə bağlamışdır, pulunun qalan hissəsini isə mənimsəmişlər. Dəfələrlə cavabdehlərdən pulunu geri istəsə də, aralarında mübahisələr düşsə də, onlar pulunu geri qaytarmayacaqlarını bildirmişlər. Bundan sonra o, Azərbaycan Respublikası Vəkillər Kollegiyasına cavabdehlər barədə şikayətlər vermiş və bundan sonra cavabdehlərin günahı sübuta yetirilmişdir. Azərbaycan Respublikası Vəkillər X1 137 nömrəli, 27 yanvar 2020-ci il tarixli cavab məktubuna əsasən Bakı şəhəri 7 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh2 «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin Vİ hissəsinin 2-ci bəndinə əsasən töhmət verilmişdir. Azərbaycan Respublikası Vəkillər X1 1004 nömrəli, 16 iyul 2019-cu il tarixli cavab məktubuna əsasən Bakı şəhəri 5 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh1 qanunvericiliyin tələblərinə düzgün əməl etməsi barədə xəbərdarlıq edilmişdir. Cavabdehlərin dələduzluq əməllərinə görə barələrində cinayət işi açılması barədə polis orqanlarına müraciət etsə də, tələbinin mülki xarakterli olmasını əsas gətirərək ona mülki qaydada məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Mübahisənin məhkəmə qaydasında həlli mümkündür. Hesab edir ki, Cavabdeh1 3.000 manat, digər Cavabdeh2 2.000 manat məbləğində borcun tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmalıdır. Cavabdehlər qərəzli şəkildə ondan aldıqları pulları geri qaytarmırlar və bu illər ərzində ona maddi ziyandan əlavə böyük mənəvi ziyan vurmuşlar. Buna görə də, mənəvi ziyana görə hər cavabdehdən 1.000 manat məbləğində pulun tutularaq ona qaytarılması zəruridir. Qeyd etmək istəyir ki, dəbbə pulu kimi Mərkəzi Bankın 2017-2021-ci illər üçün müəyyən edilən uçot dərəcəsinə əsasən (6,25 % - 15 %) Cavabdeh1 cəmi 1.155 manat məbləğində borcu, Cavabdeh2 isə cəmi 770 manat məbləğində borcu yaranmışdır. Hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır, bu səbəbdən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının qızı X4 həyat yoldaşı X8 barəsində baxılan cinayət işi üzrə göstərdiyi hüquqi yardımla bağlı aralarında 15.10.2018-ci il tarixdə 500 manat məbləğində 2690 saylı müqavilə bağlanmış və həmin müqavilə müqabilində qeyd edilən hüquqi yardım onun tərəfindən göstərilmişdir. Hətta həmin pulu alarkən yalnız göstərdiyi hüquqi yardımla və əlavə nəqliyyat xərcləri ilə bağlı aldığını təkrarən onlara izah etmişdir. İddiaçı tərəfindən dəfələrlə ona təzyiqlər göstərilməsini, hətta iddiaçının onun iş yerinə gələrək onu təhqir etməsini, buna görə 102 xidmətinə zəng edərək ondan şikayətçi olmasını, habelə iddiaçının hüquq-mühafizə orqanlarına müraciət etməsini, lakin əsas olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilməsini qeyd edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Yasamal RPİ-nin İstintaq Şöbəsinin 20 noyabr 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Cavabdeh2 və Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM-in 178-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmişdir. - Abşeron rayon Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli 1(012)-282/2018 saylı hökmündən görünür ki, həmin cinayət işi üzrə təqsirləndirilən şəxslərdən biri olan X8 hüquqlarının Cavabdeh2 müdafiə etmişdir. - Vəkillə bağlanmış 15.10.2018-ci il tarixli müqavilədən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsində X5 Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsi ilə baxılacaq iş üzr hüquqlarının müdafiə edilməsi üçün Cavabdeh1 ilə müqavilə bağlanmış, müqavilə üzrə hüquqi yardım xidmətinin göstərilməsi və 250 manat müqavilə pulundan əlavə nəqliyyat və digər xərclərlə bağlı X7 tərəfindən 250 manat da ödəniş edilmişdir. - Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli 2(001)- 7228/2019 saylı qətnaməsindən görünür ki, borcun alınmasına dair tərəflər arasında sadə yazılı formada iltizam imzalanmış, Cavabdeh2 həmin borcu 5 ay ərzində, hər ay 200 manat olmaqla hissə-hissə qaytaracağına dair vəd versə də, öhdəliklərini tam və vaxtında icra etməmiş, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə borc tələbinə dair mübahisəyə baxaraq, iddianın qismən təmin edilməsi, Cavabdeh2 1000 manat məbləğində pul vəsaitinin və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Azərbaycan Respublikası Vəkillər X1 16 iyul 2019-cu il tarixli cavab məktubuna əsasən Bakı şəhəri 5 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh1 qanunvericiliyin tələblərinə düzgün əməl etməsi barədə xəbərdarlıq edilmişdir. - Azərbaycan Respublikası Vəkillər X1 137 nömrəli, 27 yanvar 2020-ci il tarixli cavab məktubuna əsasən Bakı şəhəri 7 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh2 «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin Vİ hissəsinin 2-ci bəndinə əsasən töhmət verilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Mübarizə İdarəsinin 01.06.2021-ci il tarixli 007-70337-3221 saylı məktubundan görünür ki, İddiaçı cavabdehlər tərəfindən onun pul vəsaitinin ələ keçirilməsi barədə müraciəti əsasında aparılan araşdırma zamanı yaranmış mübahisənin mülki xarakterli olmaqla məhkəmə orqanlarında baxılmalı olması müəyyən edildiyindən şikayətçiyə mülki hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə işlərə mülki mühakimə icraatı qaydasında məhkəmələr tərəfindən baxıldığı, həllinin polis orqanlarının səlahiyyətinə aid olmadığı və pul tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Beləliklə də, işin araşdırılmış halları ilə müəyyən edilir ki, İddiaçı qızının həyat yoldaşı barəsində açılmış cinayət işi ilə əlaqədar hüquqi yardım göstərilməsi üçün cavabdehlər Cavabdeh1 verdiyi 3.000 manat və Cavabdeh2 verdiyi 2.000 manat pulu geri tələb edir və tələbinin əsası kimi Azərbaycan Respublikası Vəkillər X1 137 nömrəli 27 yanvar 2020-ci il tarixli və 16 iyul 2019-cu il tarixli cavab məktublarına istinad edir. Məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Vəkillər Kollegiyasına cavabdehlər barədə şikayətləri əsasında Rəyasət Heyətinin qeyd edilən cavab məktubları iddia tələbinin əsaslı olması kimi qiymətləndirilə bilməz. Belə ki, sözügedən cavab məktublarından görünür ki, vəkil Cavabdeh2 «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin Vİ hissəsinin 2-ci bəndinə əsasən töhmət verilərək, digər vəkil Cavabdeh1 isə peşə fəaliyyətini həyata keçirərkən qanunvericiliyin tələblərinə düzgün əməl etməsi barədə xəbərdarlıq edilməsi ilə yanaşı Rəyəsət Heyəti sözügedən məktublarında həm X4 həm də, atası İddiaçı açıq-aydın bildirmişdir ki, müqavilədən kənar pul alınması barədə ərizələrində qeyd edilən məlumatlara hüquqi qiymət verilməsi Azərbaycan Respublikası Vəkillər X1 səlahiyyətinə aid deyildir. Məsələ ilə bağlı müvafiq orqanara müraciət edə bilərlər. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikası Vəkillər Kollegiyasına cavabdehlər barədə şikayətlərindən sonra onların günahının sübuta yetirilməsinə dair dəlili əsassız olmuşdur. Həmçinin iş materiallarından görünür ki, İddiaçı cavabdehlər tərəfindən onun pul vəsaitinin ələ keçirilməsi barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Mübarizə İdarəsinə və Yasamal rayon prokurorluğuna (oradan material polis orqanına göndərilmişdir) müraciətlər etmiş və göstərmişdir ki, kürəkəni X6 07 iyun 2017-ci il tarixdə dələduzluq cinayət işi ilə bağlı tanışı Cavabdeh1 7 saylı Vəkil bürosundan Cavabdeh2 ona təqdim etmiş, kürəkəninin bəraət alınmasında köməklik edəcəklərini deyərək Cavabdeh2 2.000 manat və Cavabdeh1 2.500 manat pulunu alıb vədlərinə əməl etməyərək pulunu ələ keçirmişlər. İddiaçının şikayətləri əsasında hər iki orqanın qəbul etdiyi qərarlarla araşdırma zamanı cinayət hadisəsi faktının, cavabdehlərin əməllərində cinayət tərkibinin olmaması, hazırki mübahisənin həllinin polis orqanlarının səlahiyyətinə aid olmadığı müəyyən edilmiş və iddiaçıya pul tələbi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hesab edir ki, iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, X6 Cavabdeh1 tərəfindən hüquqi yardımla bağlı xidmətin göstərilməsinə dair müqavilə bağlanaraq, müqavilə tərəfinin X3 olmasına baxmayaraq iş üzrə ödənişin İddiaçı tərəfindən edilməsi öz təsdiqini tapsa da, müqavilələrdə qeyd olunan məbləğlərdən əlavə pul məbləğinin cavabdehlər tərəfindən X2 yaxud İddiaçı alınması faktı, heç bir mötəbər sübut növləri təqdim edilmədiyi üçün öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmin Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qeyd olunun Məcəllənin 80-cı maddəsinə əsasən isə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə həmçinin iddiaçının təqdim etdiyi Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli 2(001)-7228/2019 saylı qətnaməsi ilə bağlı qeyd etməyi zəruri sayır ki, qətnamədən də göründüyü kimi, hazırkı iş üzrə iddiaçı ilə Cavabdeh2 arasında borc münasibətləri 04 iyun 2019-cu il tarixdə yaranmışdır. Başqa sözlə, iddiaçı Cavabdeh2 1.000 manat həcmində borc verilməsi sonuncunun X6 hüquqi yardım göstərilərək, ittihamedici hökm qəbul ediləndən sonrakı dövrə təsadüf edir ki, bu da həmin qətnamənin hazırkı iş üzrə irəli sürülən iddia tələbi ilə bağlı sübutedici yükü olmamasını təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. İstinad olunan maddələrin tələblərinə əsasən pul əşya olduğu üçün, əmlak isə istənilən əşyaların toplusu olduğu üçün pul əmlak hesab edilir. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehlərə qarşı pul tələbinə dair iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı pul tələbinə dair iddia tələbi əsassız olması təsbiq olunduğu üçün tələbin digər hissələri olan mənəvi ziyan və dəbbə pulunun tutulması kimi tələblərinə hüquqi qiymət verilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə göstərilən arqumentlərin əlavə araşdırılmasına lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Göstərilənlərə əsasən məhkəmə iddianı əsassız sayır və təmin edilməməsi nəticəsinə gəlir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar