Məhkəmə qərarları › İş №2(006)-3260/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3260/2024

13.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3260/2024 13.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borc öhdəliyinin kredit tarixçəsindən silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borc öhdəliyinin kredit tarixçəsindən silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına səhvən əks olunan (00)**********0409 saylı hesab nömrəsi üzrə borc öhdəliyinin kredit tarixçəsindən silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sonradan, İddiaçı ərizəsi əsasında Cavabdeh ASC əsl cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. Mülki işə məhkəmədə baxıldığı dövrdə "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, bankdan kredit götürmək istədikdə ona bildirmişlər ki, "RoyalBank” ASC-də borcu vardır. Bununla əlaqədar ləğv prosesində olan "RoyalBank'’ ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etdikdə ona məktub təqdim edilərək bildirilmişdir ki, Azərbycan Kredit Bürosunun məlumat bazasında (00)**********00409 saylı hesab nömrəsi üzrə borc öhdəliyi ona aid deyil. Lakin Azərbycan Kredit Bürosunun məlumat bazasında (00)**********00409 saylı hesab nömrəsi üzrə əks olunan borc öhdəliyinin sahibinin kredit dosyesi ləğv prosesində olan Cavabdeh ASC-nin arxivində aşkar olunmadığı üçün səhv məlumatın kredit tarixçəsindən əks olunmaması üçün hər hansı düzəlişin edilməsi ləğvedicinin səlahiyyətində deyil. Onun günahı deyil ki, adında səhvən borc tarixçəsi göstərilmişdir. Hətta imtina məktublarında bunu özləri etiraf etsələr də, kredit tarixçəsində düzəlişin edilməsinin ləğvedicinin səlahiyyətində olmadığı göstərilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən tərtib edilərək imzalanmış və LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, İddiaçı kredit tarixçəsinə səhvən daxil edilmiş məlumatların silinməsi istiqamətində tədbirin görülməsini xahiş etmişdir. LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin direktoru V.İbrahimlinin imzası ilə) İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Kredit Bürosunun məlumat bazasında qeyd olunan (00)**********00409 saylı hesab nömrəsi üzrə borc öhdəliyi ona aid deyil. Lakin Azərbaycan Kredit Bürosunun məlumat bazasında (00)**********00409 saylı hesab nömrəsi üzrə əks olunan borc öhdəliyinin sahibinin kredit dosyesi LPO Cavabdeh ASC-nin arxivində aşkar olunmadığı üçün səhv məlumatın İddiaçı kredit tarixçəsində əks olunmaması ilə bağlı hər hansı düzəlişin edilməsi ləğvedicinin səlahiyyətləri xaricindədir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş həqiqi halı ondan ibarətdir ki, Azərbaycan Kredit Bürosunun məlumat bazasında qeyd olunan (00)**********00409 saylı hesab nömrəsi İddiaçı məxsusdur. "xxxx" MMC-dən əldə edilmiş məlumatlara görə sözügedən hesab nömrəsi üzrə borc öhdəliyi əks olunmuş və həmin öhdəliyin borclusunun iddiaçı olduğu qeyd olunmuşdur. Həmin borc öhdəliyinin iddiaçıya aid olmaması ilə əlaqədar sonuncu tərəfindən cavabdeh quruma müraciət edilsə də, müraciətinin təmin edilməsindən imtina edilmiş və imtinanın səbəbləri iddiaçıya təqdim edilmiş məktubda açıqlanmışdır. İddiaçıya təqdim edilmiş məktuba görə cavabdeh qurum tərəfindən Azərbaycan Kredit Bürosunun məlumat bazasında qeyd olunan (00)**********00409 saylı hesab nömrəsinin iddiaçıya məxsus olması, həqiqətən də həmin hesab üzrə görünən borc öhdəliyinin iddiaçıya aid olmaması etiraf edilmiş, lakin hesab nömrəsi üzrə əks olunan borc öhdəliyinin sahibinin kredit dosyesi LPO Cavabdeh ASC-nin arxivində aşkar olunmadığı üçün səhv məlumatın İddiaçı kredit tarixçəsində əks olunmaması ilə bağlı hər hansı düzəlişin edilməsinin ləğvedicinin səlahiyyətinə aid olmaması səbəbilə iddiaçının müraciətinin təmin edilməsinin mümkün olmaması bildirilmişdir. Bununla da, məhkəmə hesab edir ki, müvafiq hesab nömrəsi üzrə borc öhdəliyinin iddiaçıya aid olmadığı halda "xxxx" MMC-nin məlumat bazasında əks olunması sonuncunun hüquqlarının əsassız olaraq pozulmasına səbəb olmuşdur. Nəticədə iddiaçı pozulmuş hüququnun bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun: - 6.1-ci bəndinə əsasən kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayır, saxlayır, təhlil edir və kredit hesabatlarını verir. - 6.3-cü bəndinə əsasən kredit tarixçələrinin formalaşdırılması və kredit hesabatlarının verilməsi üzrə kredit bürosunun fəaliyyəti məlumat təchizatçıları və məlumat istifadəçiləri ilə (bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş neqativ məlumatları təqdim edən məlumat təchizatçıları, 13.2.2-ci və 13.2.3-cü maddələrində nəzərdə tutulmuş məlumat istifadəçiləri istisna olmaqla) bağlanan müqavilələr əsasında həyata keçirilir. Müqavilədə tərəflərin qarşılıqlı hüquq və öhdəlikləri, o cümlədən məlumat təchizatçısının və məlumat istifadəçisinin bu Qanunla nəzərdə tutulmuş vəzifələri, təqdim edilən məlumatın tərkibi və təqdimetmə müddətləri, kredit hesabatının alınması üçün sorğuların təqdim edilməsi və kredit hesabatlarının verilməsi qaydası, habelə tərəflərin məsuliyyəti öz əksini tapmalıdır. - 10.1-ci bəndinə əsasən kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir. - 10.2-ci bəndinə əsasən kredit tarixçəsinin subyekti neqativ məlumatın bu Qanunun 10.1-ci maddəsində göstərilən müddətdən tez məhv olunmasını tələb edə bilməz. - 18.1-ci bəndinə əsasən kredit tarixçəsinin subyekti öz kredit hesabatını təşkil edən məlumatın yanlış olmasını aşkar etdikdə, düzgün olmayan məlumatın aradan qaldırılması üçün müvafiq kredit bürosuna və məlumat təchizatçısına müraciət edə bilər. Müraciətə məlumatın düzgün olmamasını təsdiq edən sənədlərin surətləri əlavə edilməlidir. “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2021-ci il tarixli, 32/1 saylı Qərarının 3-cü bəndinə əsasən kreditlər haqqında məlumatlar kreditin eyniləşdirmə nömrəsi və mühasibat uçotu sənədlərində əks etdirilmiş qalıq dəyəri ilə təqdim edilir. Məlumatlar hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə növbəti 4 (dörd) iş günü ərzində təqdim edilir. MKR-ə yeni kreditlər haqqında məlumatlar kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Məlumatın son verilmə tarixi qeyri-iş gününə düşdükdə məlumat növbəti iş günü təqdim edilir. Kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir. Hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat bu Qaydaya Əlavə 1-də göstərilmiş informasiyanı əks etdirməlidir. Hər hansı kreditin eyniləşdirmə nömrəsində dəyişiklik tələb olunarsa, bu haqda MKR-ə kredit təşkilatı tərəfindən yazılı məlumat verilməklə, köhnə və yeni nömrələrin siyahısı təqdim edilir. Məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlərlə Mərkəzləşdirilmiş Kredit Reyestri məlumatlarında iddiaçının barəsində mövcud olmadığı halda borc öhdəliyinin qeyd edilməsi öz təsdiqini tapdığından, həmin məlumatlarda düzəlişlərin edilməsi zəruridir. Bununla da məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Mərkəzləşdirilmiş Kredit Reyestri məlumatlarında düzəliş edilərək, (00)**********0409 saylı hesab nömrəsi üzrə borc öhdəliyinin olmasına dair qeydin silinməsi barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Mərkəzləşdirilmiş Kredit Reyestri məlumatlarında düzəliş edilərək, (00)**********0409 saylı hesab nömrəsi üzrə borc öhdəliyinin olmasına dair qeydin silinməsi barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyi LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar