Məhkəmə qərarları › İş №2(006)-3267/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3267/2025

07.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3267/2025 07.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 9280 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçının iddia tələbinin əsası kreditor tələbi olmaqla, həmin tələbə mülki mühakimə icraatında baxılmalı deyildir. “Banklar haqqında” Qanunun 72.1.2. və 72.1.3-cü maddələrinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göründüyü kimi, iddiaçının hazırki tələbi banka qarşı kreditor tələbi olmaqla həmin məsələyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, iddiaçının müflis elan olunmuş banka qarşı kreditor tələbinin qeydə alınması zəruridir. Göstərilənərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı iflas proseduruna nəzarət edən məhkəməyə-Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ərizənin icraata qəbul edilməsindən imtina olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 116 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsinin, iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı kreditor tələblərinin ödənilməsinin qeydə alınması barədə iflas proseduruna nəzarət edən məhkəməyə-Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına müraciət etmək hüququ izah edilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 116 manat (qəbz № **********) dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət Büdcəsindən İddiaçı qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar