Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-327/2022 28.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı Niyazi oğlunun, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Niyazi oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Niyazi oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyanın əvəzinin ödənilməsi üçün 6915 manat məbləğində maddi, 5.000 manat məbləğində mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Niyazi oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı hazırda Qəbələ şəhərində yaşayır. 20 may 2019-cu il tarixdə protokol tərtib olunaraq, 05 mart 2019-cu il tarixində guyaki iddiaçı, Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla manevir etmiş, nəticədə **-MA-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Bundan sonra iddiaçı video görüntüləri istəmiş və uzun aradan sonra video görüntülər çıxarılmışdır. Bundan sonra iddiaçının haqlı olduğu və təqsirinin olmaması nəticəsində idarə etdiyi avtomaşına küllü miqdarda ziyan dəymiş və avtomaşınsız qalmışdır. Belə olan halda maddi ziyandan əlavə mənə mənəvi ziyan da dəymişdir. Belə ki, həmin hadisədən sonra cavabdehin əməkdaşları sonda ona demişlər ki, 2050 manat ödəyə bilərlər və bununla razılaşmamışdır. Bundan başqa cavabdehin əməkdaşları iddiaçının maşınına dəyən ziyanın 4100 manat olduğunu bildirmişlər və həmin məbləğin yarısını yəni 2050 manat verə biləcəklərini və istənilən vaxt rəsmiləşdirərək gəlib götürə biləcəyini bildirmişlər. Bununla razılaşmamış və ona dəyən ziyanın tam olaraq ödənilməsini tələb etmişdir. Budan sonra son vaxta qədər bu söhbət davam etmiş və cavabdehin əməkdaşları işi yubadırlar. Nəticədə çarəsiz qalıb məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçıya ümumilikdə 7.000 manatdan çox maddi və 5000 manatdan çox mənəvi ziyan dəymişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, cavabdehlə X3 arasında 07.01.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və "X17” markalı. ** MA *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İddiaçı Niyazi ərizə ilə müraciət edərək həmin avtonəqliyyat vasitəsinin 05.03.2019-cu il tarixdə qəzaya uğradığını və nəticədə "Toyota Avensis” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəydiyini bildirməklə, hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Təqdim edilmiş məktuba baxılmış, hadisə tam təfsilatı ilə araşdırılmış və sığorta ödənişinin verilməsi qərarı alınmışdır. Cavabdehin mütəxəssisləri tərəfindən zərər dəymiş avtomobilə texniki baxış keçirilmiş və hesablama aktı tərtib olunmaqla dəymiş ziyan 4150.00 manat məbləğində müəyyən edilmişdir. Cavabdehə təqdim edilmiş 16.04.2019-cu il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan da görünür ki, yol-nəqliyyat hadisəsi zamanı hər iki tərəf təqsirli olmuşdur. Yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş "X17” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı və "Toyota Avensis” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə cavabdehdə sığortalı olmuşdurlar. Baş vermiş hadisə ilə əlaqədar "X17” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə X9 19.04.2019-cu il tarixdə cavabdehə müraciət edərək hadisə ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir. Belə olan halda “X17" markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilə görə cavabdeh tərəfindən 07.05.2019-cu il tarixli 19- 04398/05/AA-3300/19 saylı sığorta aktına əsasən 2500.00 manat məbləğində sığorta ödənişi X5 bank hesabına köçürülmüşdür. Cavabdehə təqdim olunmuş 16.04.2019-cu il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, hadisənin baş verməsində “Toyota Avensis’' markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün də təqsiri olmuşdur, belə olan halda cavabdehin bu hadisə üzrə "İcbari Sığortalar haqqında” qanunun 56-cı maddəsinə əsasən üçüncü şəxsin əmlakına dəymiş zərərlə bağlı 5000.00 manat sığorta ödənişi öhdəliyi 2500,00 manat təşkil edir. İddiaçının müracətinə əsasən "Toyota Avensis” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 4150.00 manat məbləğinin yarısını, yəni avtomobilin təmir olunması üçün müəyyən edilmiş 2055.00 manat məbləğində sığorta ödənişi məbləğinin pul şəklində cavabdeh tərəfindən ödənilə biləcəyi barədə məlumat verilmişdir. Məhkəmə iclasında İddiaçı Niyazi oğlu iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AP seriyalı ******* saylı İnzibati xəta haqqında protokoldan və MN seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, iddiaçı, Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla manevir etmiş, nəticədə “Mercedes” markalı **-MA-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə toqquşmuş, iddiaçı İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. 16.04.2019-cu il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, 05 mart 2018-cı il tarixdə saat 14:48 radələrində İddiaçı Niyazi oğlu özünə məxsus Toyota Avensis markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsi ilə yolun hərəkət hissəsinin sol zolağı ilə Qəbələ şəhərinə təxminən 30-40 km/saat sürətlə gedərkən Qəbələ şəhərinin girəcəyindəki "Ana” abidəsinin qarısında yol dairəsinə çatdıqda sürəti təxminən 25 km/saat sürətə kimi azaldıb «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla əks istiqamətli yola çıxaraq sola dönərək Qəbələ şəhərinə daxil olmaq istəmiş, bu zaman həmin yolla hərəkətdə olan X4 idarə etdiyi X18 markalı, ** MA *** dövlət qeydiyyat nişanlı minik avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə özü sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran bədən xəsarəti, digər sürücü X8, həmçinin sərnişin X15 sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışdır. 15.03.2019-cu il tarixli Ziyan aktından görünür ki, iddiaçıya məxsus “Toyota Avensis’' markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 6915 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.01.2022-ci il tarixli 9/8511 saylı rəyi ilə, iş materiallarında olan Qəbələ şəhəri fərdi avtomobillərə texniki xidmət stansiyasının müdiri X11 tərəfindən verilən 15.03.2019-cu il tarixli ziyan aktındakı məlumatlara əsasən, 2007-ci il buraxılışlı “Toyota Avensis” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 6110,0 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Həmin Qanunun 58.3–2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, 05 mart 2018-cı il tarixdə saat 14:48 radələrində İddiaçı Niyazi oğlu özünə məxsus Toyota Avensis markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qəbələ şəhəri, Zərifə Əliyeva küçəsi ilə yolun hərəkət hissəsinin sol zolağı ilə Qəbələ şəhərinə təxminən 30-40 km/saat sürətlə gedərkən Qəbələ şəhərinin girəcəyindəki "Ana” abidəsinin qarısında yol dairəsinə çatdıqda sürəti təxminən 25 km/saat sürətə kimi azaldıb «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla əks istiqamətli yola çıxaraq sola dönərək Qəbələ şəhərinə daxil olmaq istəmiş, bu zaman həmin yolla hərəkətdə olan X4 idarə etdiyi X18 markalı, ** MA *** dövlət qeydiyyat nişanlı minik avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə qeyd edir ki, tərəflər sığorta hadisəsinin baş verdiyini mübahisələndirmir. Tərəflərin arasındakı mübahisə yalnız sığorta ödənişinin məbləği barədədir. Mübahisənin mahiyyətini avtomobilin təmir xərcinə dair fikir ayrılığı təşkil edir. Belə ki, cavabdeh bu qiymətin 4150 manat, iddiaçı isə 6915 manat təşkil etdiyini bildirir. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün sığorta hadisəsinin baş verməsi nəticəsində avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan xərcin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12.01.2022ci il tarixli 9/8511 saylı rəyi ilə, iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə 6110 manat müəyyən edilmişdir. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. İş materiallarında olan 16.04.2019-cu il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi yol-nəqliyyat hadisəsi zamanı hər iki tərəf təqsirli olmuşdur ki, bu halda “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya vurulmuş zərərə görə sığorta ödənişi onun təqsirinin dərəcəsinə mütənasib məbləğdə azaldılmalıdır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə iddiaçıya dəymiş zərər 6110 manat müəyyən olunmuş, qanunvericilikdə icbari sığorta üzrə sığorta məbləğinin əmlaka dəyən zərər üzrə 5000 manat həddində müəyyən edilməsini nəzərə aldıqda, təqsirinin dərəcəsinə mütənasib iddiaçıya dəymiş zərərin əvəzi qismində 2500 manat məbləğində sığorta ödənişi ödənilməlidir. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. buna görə də məhkəmə hesab edir ki, iddia mənəvi zərərə aid hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən maddi ziyanın əvəzi qismində 2500 manat və dövlət rüsumuna görə 15 manat tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləği cavabdehdən, qalan 50 manat məbləği isə iddiaçıdan tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən maddi ziyanın əvəzi qismində 2500 manat və dövlət rüsumuna görə 15 manat pul tutularaq İddiaçı Niyazi oğluna ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, qalan 50 manat məbləği isə İddiaçı Niyazi oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-327/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-327/2022
28.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver