Məhkəmə qərarları › İş №2(006)-3276/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3276/2021

02.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3276/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Tağıyeva Ofelya Telman qızının katibliyi, İddiaçı və onun vəkili X7, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı, X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı(, X2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə «maddi və mənəvi zərərin ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən maddi zərərin əvəzi kimi 685 (altı yüz səksən beş) ABŞ dolları, mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Sosial lahiyələrdə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla drama terapist kimi çalışır, eyni zamanda İctimai televiziyanın “Səhər” Departamentində redaktor-müxbir olaraq fəaliyyət göstərir. İddiaçı 2020-ci ilin 21.08-20.09 tarixləri üçün Cavabdeh MMC-dən «xxxx» uçuşları üçün gediş-dönüş bileti almış, gediş zamanı problem yaşamamış, 21 sentyabr 2020-ci il tarixdən əvvəl MMC-nin əməkdaşı Nuridə Abdullayevadan bileti 07 sentyabr tarixinə dəyişməsini xahiş etmiş, buna görə əlavə 100 Avro pul ödənilməli olduğu bildirilmişdir. İddiaçı əlavə ödəməli olduğu pulu Bakıya qayıtdıqdan sonra ödəyəcəyini, Nuridə Abdullayeva biletin tarixini dəyişdiyini bildirmiş, “Whatsapp” vasitəsi ilə biletin skrinlərini göndərmişdir. İddiaçı hava limanına getdiyi zaman X10 əməkdaşları tərəfindən biletin dəyişilməməsi səbəbindən gedişin 21.09.2020-ci il tarixinə qaldığı bildirilmişdir. İddiaçı Cavabdeh MMC-nin əməkdaşlarına dəfələrlə zəng etməsinə baxmayaraq ona cavab verilməmiş, 10 saata yaxın hava limanında qalmış, yenidən 685 ABŞ dolları ödəyərək yeni bilet alıb Bakıya qayıtmışdır. İddiaçı Cavabdeh MMC danışıqlar aparan zaman məsələyə görə X1 məsuliyyət daşıdığı, həmin şəxsin artıq həmin MMC-də işləmədiyi, bileti dəyişmək üçün heç bir məbləğə ehtiyac olmadığı, biletlərin vaxtının pulsuz dəyişildiyi bildirilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, Cavabdeh MMC-nin əməkdaşı olmuş X1 geri qayıtmaq barədə bileti təsdiq etməsi barədə məlumat verdiyini, amma X8 əməkdaşları tərəfindən ona qayıtmaq barədə biletin təsdiq olunmamasını barədə məlumat verdiklərini bildirdi. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X11 iddiamı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X5 iddianı qəbul etməyib, X1 03.01.2019-cu il tarixindən Cavabdeh MMC-də menecer vəzifəsində işlədiyini və biletlərin satışı ilə məşğul olduğunu, 19.09.2020-ci il tarixindən isə tərəflərin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verildiyini qeyd etmişdir. Cavabdehin nümayəndəsi İddiaçı Cavabdeh MMC-dən ********** nömrəli elektron təyyarə biletinin aldığını habelə iddiaçının müraciəti əsasında qayıdış vaxtının 21.09.2020-ci il tarixindən 07.09.2020-ci il tarixinə Cavabdeh MMC-nin sabiq işçisi X2 tərəfindən dəyişdirildiyini təstiq etmiş və hazırda iddiaçının adına X8 Nayrobi-Dubay istiqamətində istifadə olmamış (açıq) biletin mövcud olmasını bildirmişdir. Lakin iddianın qəbul etmədiyini Cavabdeh MMC və onun sabiq işçisi X2 tərəfindən üzərinə götürdükləri öhdəlikləri layiqincə yerinə yetirdiyini, mövcud mübahisənin yalnız X8 səhlənkarlığından yarandığını vurğulamış və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 03.01.2019-cu il tarixdən 19.09.2020-ci il tarixədək Cavabdeh MMC-də menecer vəzifəsində işlədiyini və işinin əsasən biletlərin satılması olduğunu qeyd etmişdir. N.Abdullayeva iddiaçının müraciəti əsasında onun Bakıya qayıdış vaxtının 21.09.2020-ci il tarixindən 07.09.2020ci il tarixinə dəyişdirmiş və bu barədə İddiaçı məlumat vermişdir. 07.09.2020-ci il tarixdə iddiaçı Nayrobinin hava limanından onunla “Whatsapp” vasitəsi ilə əlaqə saxlayaraq dəyişdirilmiş biletin təsdiqə ehtiyacı olduğunu bildirmiş və bunda sonra, o, öz növbəsində iddiaçıya kömək etmək məqsədi ilə həm X14 həm də X13 ilə əlaqə saxlamağa çalışsa da əlaqə yaradın iddiaçıya köməklik göstərə bilməmişdir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş almasına baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının, nümayəndəsinin və cavabdehin izahatını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 29.02.2020-ci il tarixli elektron biletdən görünür ki, Cavabdeh MMC tərəfindən Xumar Kərimovanın adına Baku-Dubai-Nayrobi istiqamətində gediş 19.05.2020-ci il tarixində qayıdış 21.06.2020-ci il tarixində göstərilməklə “FLYDUBAİ” Hava Yolları şirkəti tərəfindən verilən bilet yazılmışdır və həmin biletin qiyməti 1.205,61 (min iki yüz beş manat altmış bir qəpik) təşkil etmişdir. Mülki işin materiallarında olan 04.05.2020-ci il tarixli elektron biletdən görünür ki, Cavabdeh MMC tərəfindən Xumar Kərimovanın adına yazılan biletin tarixləri gediş 20.06.2020-ci il tarixə qayıdış isə 20.07.2020-ci il tarixinə dəyişdirilmişdir. Mülki işin materiallarında olan 14.07.2020-ci il tarixli elektron biletdən görünür ki, Cavabdeh MMC tərəfindən Xumar Kərimovanın adına yazılan biletin tarixləri gediş 21.08.2020-ci il tarixə qayıdış isə 21.09.2020-ci il tarixinə dəyişdirilmişdir. Mülki işin materiallarında olan minik kartında görünür ki, Xumar Kərimova **********65701 nömrəli elektron bilet ilə 07.09.2020-ci il tarixində Nayrobi-Dubay KQ304 nömrəli reysinə qeydiyyatdan keçmişdir. Mülki işin materiallarında olan minik kartından görünür ki, Xumar Kərimova ********** nömrəli elektron bilet ilə 08.09.2020-ci il tarixində Dubay-Bakı FZ709 nömrəli reysinə qeydiyyatdan keçmişdir. Mülki işin materiallarında olan «Kenya Airways Limited» Hava Yollarının 07 sentyabr 2021-ci il tarixli qəbzindən görünür ki, Xumar Kərimova tərəfindən 685 ABŞ dolları ödənilmişdir. Mülki işin materiallarında olan məlumat sənədindən görünür ki, X2 03.01.2019-cu il tarixindən Cavabdeh MMC-də menecer vəzifəsində işləmiş, 19.09.2020-ci il tarixindən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilən normanın mənasına görə zərər dedikdə, hüquqi pozulmuş (zərər çəkmiş) şəxsin düşdüyü və düçar olduğu elə maddi itki başa düşülür ki, bunun nəticəsində onun əmlakı və ya şəxsi qeyri-maddi nemətləri azalır. Zərər (zərərvurulması faktı) yoxdursa, mülki hüquq məsuliyyəti də yoxdur. Bu, onu söyləməyə əsas verir ki, zərər mülki hüquq məsuliyyətinin məcburi, zəruri və labüd əsasıdır. Borclu (zərərvuran) özünün davranışı ilə (hərəkət və ya hərəkətsizliyi ilə) kreditorun (zərərçəkənin) əmlak sahəsində mənfi nəticələr yaradır. Mülki Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; Mülki Məcəllənin 1099.1- ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; Mülki Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra – Qanun) preambulasında qeyd edilmişdir ki, bu Qanun Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, habelə istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını və mexanizmini müəyyənləşdirir. Qanun BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş İstehlakçıların maraqlarını müdafiə etmək üçün rəhbər prinsiplər əsasında işlənmiş və Azərbaycan Respublikasında belə münasibətlərin dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəldilmişdir. Qanunun 1-ci maddəsində göstərilmişdir ki, istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Qanunun 3-cü maddəsində Azərbaycan Respublikası ərazisində istehlakçıların aşağıdakı hüquqlara malik olmaları qeyd edilmişdir: - malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsi; - istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; - malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə; - malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə; - qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; - öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; - ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə. Qanunun 6-cı maddəsində göstərmişdir ki, icraçı görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların istehlakçının təqsiri ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. İşin hallarından da aydın olur ki, X2 03.01.2019-cu il tarixindən 19.09.2020-ci il tarixədək Cavabdeh MMC-də menecer vəzifəsində işləmiş və biletlərin satışı ilə məşğul olmuşdur. İddiaçı Cavabdeh» MMC-dən ********** nömrəli elektron bileti əldə etmiş, sonra isə MMC-nin işçisinə müraciət edərək biletin qayıdış vaxtının 21.09.2020-ci il tarixindən 07.09.2020-ci il tarixinə dəyişməsini xahiş etmiş və N.Abdullayeva onu biletin dəyişdirdiyini bildirmişdir, tərəflər bu halları mübahisələndirmir. Məhkəmə araşdırmaları zaman tərəflərin verdikləri izahatlardan və iş materiallarında olan sənədlərdən sübuta yetmişdir ki, iddiaçı 2020-ci ilin 21.08-20.09 tarixləri üçün Cavabdeh MMC-dən «xxxx» uçuşları üçün gediş-dönüş bileti almış, iddiaçı MMC-nin əməkdaşı Nuridə Abdullayevadan bileti 07.09.2020-ci tarixinə dəyişməsini xahiş etmiş və Nuridə Abdullayeva xahişi qəbul edərək iddiaçının bileti lazım olan tarixə dəyişdirilməsində əmin etmişdir. Hava limanında iddiaçıya biletinin bileti satan şirkət tərəfindən dəyişdirilmiş biletin təsdiq edilmədiyindən həmin bilet üzərindən üçüşun həyata keçirilməsinin qeyri mümkün olduğu bildirildikdən sonra MMC-ni əməkdaşı N.Abdullayeva ilə əlaqə saxlamış, lakin heç bir nəticə əldə edilmədiyindən 685 ABŞ dollarına yeni bilet almaq məcburuyyətində qalmışdır. İşin materiallarında olan minik talanlarından da görsənir ki, iddiacı Nayrobi-Dubay reysinə yeni biletlə uçmuşdur. Cavabdeh MMC öz üzərinə götürdüyü öhdəliyi icra etdiyini bildirsə də bununla bağlı məhkəməyə heç bir subut təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçı istehlakçı olaraq icraçı – cavabdehin təqsiri ucbatından yenidən 685 ABŞ dolları ödəyərək yeni bilet almaqla ziyan dəydiyindən, dəymiş maddi ziyanın əvəzi kimi 685 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə),Cavabdeh MMC-dən alınaraq iddiaçı X4 ödənilməli, bu hissədə iddia təmin edilməlidir. Mənəvi zərərlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Qanunun 12-ci maddəsində qeyd edilmişdir ki, istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının onun üçün yad mühitdə, xarici ölkədə, daimi yaşadığı Respulikanın hüdudlarından kənarda çıxılmaz vəziyyətə düşməsi, gözləmdiyi halda onun təyyarəyə buraxılmaması, səbbləri barədə cavabdehdən indiyə qədər hər hansı açıqlama və izahat ala bilməməsi, cavabdeh tərəfindən ona düşdüyü vəziyyətdə kömək etməyə cəhd edilməməsi iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə, ona mənəvi zərər dəyməsinə səbəb olmuşdur. Lakin mənəvi zərərin məbləğinin iddia tələbində iddiaçı üçün 2000 manat göstərilməsi həddən artıq çox olmaqla real qiymətləndirilmir. Məhkəmə hesab edir ki, mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və s. vacib hallar nəzərə alınmaqla dəymiş mənəvi zərər iddiaçı üçün 200 manat məbləğində müəyyən edilməli və mənəvi zərərə görə həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya vеrilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmuu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən maddi zərərin əvəzi kimi 685 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), mənəvi zərərin əvəzi kimi 200 (iki yüz) manat pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 26-cı maddəsində, eyni zamanda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində göstərilmişdir ki, istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Məhkəmə hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən maddi zərərin əvəzi kimi 685 (altı yüz səksən beş) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), mənəvi zərərin əvəzi kimi 200 (iki yüz) manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar