Məhkəmə qərarları › İş №2(006)-3286/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3286/2023

12.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3286/2023 12.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı dayandırılmış müavinatın bərpa edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı dayandırılmış müavinatın bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin üzərinə ona ödənilməli olan aylıq 423 manat ödənişin bərpa edilməsi barədə öhdəliyin qoyulmasına və 2021-ci ilin may ayından etibarən dayandırılmış ödənişin ümumi məbləği olan 10998 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2005-ci il 13 oktyabr tarixində yol nəqliyyat hadisəsi nəticəsində ağır bədən xəsarəti almış və ADY QSC-nin xx.xx.2006-cı il tarixli 33/N nömrəli əmrinə əsasən ona işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı həcmində ödənişin verilməsi barədə qərar qəbul edilmişdir. Həmin qəzadan sonra o, əmək qabiliyyətini itirmiş və 08 noyabr 2006-cı ildən əlil hesab edilmişdir. Əvvəlcə ikinci qrup, 2013-cü ildən isə müddətsiz olaraq birinci qrup əlil hesab edilmişdir. Qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə o, ADY QSC-nin sədrinin adına ərizə yazaraq, ona ödənilən 423 manatlıq ödənişin dayandırılmasını xahiş etmişdir. Həmin ərizəsi əsasında da ona ödənilən ödəniş dayandırılmışdır. Lakin, o sonradan səhv etdiyini bilib ödənişin bərpa edilməsi üçün ADY QSC-nə müraciətlər etsə də, artıq bunun mümkün olmadığını bildirmişlər. Bildirmişdir ki, o, ödənişin dayandırılması barədə ərizə yazarkən, dərin depressiya içərisində olmuşdur. Ailə münasibətlərinin pozulması, əmək qabiliyyətini itirməsi və əlil olması onda məntiqli qərar verməyə əngəl olmuşdur. Hansı məntiqli insan ona ödənilən 1 manat puldan belə imtina edər ki? Həmin dövrdə həyatda yaşamağının mənasız olduğunu, intihar etməyi düşündüyünü və ondan sonra heç kimə bir qəpik belə qalmamasını istədiyindən bu ərizəni yazmışdər. Lakin, sonradan müvafiq müqalicələr alaraq depressiyadan çıxa bilmişdir. Ərizə yazdığı dönəmdə o, ADY QSC-nin işçisi Ruhanə xanım onu əmin etmişdir ki, ödəniş dayandırıldıqdan sonra istənilən vaxt onu bərpa etmək mümkündür, narahat olmasın. O, ora getdikdə isə onu Ruhanə xanım yox, oranın hüquqşünası olduğunu bildirən bir şəxs qarşılamış, Ruhanə xanımın işi ona tapşırdığını bildirərək ona ərizəni yazdırmış, onun dedikləri sözləri yazmışdır, bu sözləri niyə yazdığını soruşduqda isə narahat olmumasını qaydanın bu cür olduğunu bildirmişdir. Onda olan sənədlərlə tanış olduqda görmüşdür ki, ADY QSC onun iş vaxtı aldığı xəsarəti guya iş ilə əlaqədar olmayan, onun maddi durumunu nəzərə alaraq humanist qərar kimi ona bu ödənişin ayrılmasını qeyd etmişlər. Lakin, ADY QSC-nin insan resursları idarəsinin rəisi Tural Məmmədovun imzası ilə xx.xx.2021-ci il tarixli, Abşeron Rayon icra və probasiya şöbəsinin icra məmuru, Kənan Abdullayevə ünvanladıqları cavabda qeyd edilir ki, xx.xx.1980-ci ildə anadan olmuş İddiaçı hal-hazırda ADY QSC-də əmək münasibətlərində deyildir. Əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq 423 manat miqdarında ödənc cari ilin may ayında İddiaçı müraciəti əsasında Cəmiyyət Sədrinin göstərişi ilə dayandırılmışdır. Yuxarıdakı cavabdan görünür ki, ADY QSC ona ayrılmış ödənişi əmək funksiyalarını yerinə yetirərkən aldığı xəsarətə görə təyin etmişdir. Sonradan onun humanist qərar kimi göstərilməyə çalışılmasının səbəbi ödənişin ödənilməsindən imtina etmək üçün əsas yaratmaq olmuşdur. O, 2021-ci ilin may ayından etibarən artıq 26 aydır ki aylıq 423 manat ödənişdən məhrum olmuşdur. Hesab etmişdir ki, 26x423=10 998 manat məbləğ də cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddiasında qeyd etmişdir ki, o, 2005-ci il 13 oktyabr tarixində yol nəqliyyat hadisəsi nəticəsində ağır bədən xəsarəti almış və ADY tərəfindən xx.xx.2006-cı il tarixli 33/N nömrəli əmr əsasında iddiaçının orta aylıq əmək haqqı həcmində ödənişin verilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixində İddiaçı ərizəsi əsasında ona təyin edilmiş müvafiq ödənişin ödənilməsi dayandırılmışdır. Hazırda İddiaçı ona təyin edilmiş bu ödənişin bərpa edilməsini və 2021-ci ilin may ayından etibarən ödənilməmiş 10 998 manat vəsaitin iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Hesab etmişdir ki, İddiaçı hazırki tələbi əsassız və qanunvericiliyə ziddir. İlkin olaraq qeyd etmək istəmişdir ki, ADY tərəfindən İddiaçı ödənilən vəsait yardım xarakter daşıyıb, iddiaçının 2005-ci il 13 oktyabr tarixində yol nəqliyyat hadisəsi nəticəsində ağır bədən xəsarəti alması nəticəsində işçinin vəziyyətinin yaxşılaşdırılması, ona maddi dəstək olmaq məqsədilə təyin edilmişdir. Qeyd edilən nəqliyyat hadisəsi iş vaxtından kənar baş vermiş və İddiaçı ödənilən vəsait istehsalat qəzası əsasında ödənilən ödənc növünə aid deyil. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq olunmuş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarında da qeyd edilmişdir ki, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Göründüyü kimi həm Əmək Məcəlləsi, həm də NK-nin qərarı ilə təsdiq olunmuş qaydalarda da işçinin istehsalat qəzasında xəsərət alması üçün işgötürənin təqsiri müəyyən olunmalıdır. İddiaçının 2005-ci il 13 oktyabr tarixində yol nəqliyyat hadisəsi nəticəsində aldığı ağır bədən xəsarəti ADY tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmaması nəticəsində iş vaxtı baş vermiş qəza deyil. Eyni zamanda, İddiaçı tərəfindən də bu halın istehsalat qəzası olduğu və bununla bağlı işəgötürənin məsuliyyət daşıdığı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada hər hansı bir qərar, arayış, rəy və s. məhkəməyə təqdim edilməmişdir. Baş verən nəqliyyat hadisəsinin istehsalat qəzası olduğu, bunun nəticəsində ADY-nin işəgötürən olaraq məsuliyyət daşıdığı halları sübut etmə yükü İddiaçı üzərinə düşür. Lakin bununla bağlı iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarına əsasən istehsalatda bədbəxt hadisələrin nəticəsində işçinin xəsarət alması İZ formalı aktla təsdiq olunur. Lakin işçi tərəfindən qeyd edilən sənəd məhkəməyə təqdim edilməmişdir. ADY tərəfindən İddiaçı əmək haqından əlavə ödənilən müavinət yardım xarakterli olub işəgötrənin təşəbbüsü ilə verilmişdir. Bundan əlavə, mübahisə edilən müavinətin ödənilməsi Əmək Məcəlləsinin 54cü maddəsində sadalanan əmək şəraitinin əsas şərtləri yox, əlavə şərtləri növünə daxildir. Belə olan halda, bu müavinətin ödənilməsi işəgötürənin daşıdığı öhdəlik yox, hüququdur. Buna görə də iddiaçı tərəfindən cavabdehin üzərinə bu ödənişin təkrar ödənilməsi öhdəliyinin qoyulması tələbi əmək qanunvericiliyinə ziddir. İddiaçı ödənilmiş vəsait isə birtərəfli qaydada deyil, Əmək Məcəlləsinin 55-ci maddəsində qeyd edildiyi kimi, tərəflərin razılığı ilə dayandırılmışdır. Belə ki, müavinətin ödənilməsi idiaçının xahişi əsasında qarşılıqlı razılıqla 2021-ci ildən etibarən dayandırılıb. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı xx.xx.2008-ci il tarixdə verilmiş vəsiqədən görünür ki, o, İİ qrup (ümumi xəstə) əlildir. İş materiallarında olan "xxxx" QSC-nin 78319№ li xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1980-ci ildə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan X3 halhazırda “Azərbaycan Dəmir Yollan" QSC-də əmək münasibətində deyildir Əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq 423 manat miqdarında ödənc cari ilin may ayında İddiaçı müraciəti əsasında Cəmiyyət Sədrinin göstərişi ilə dayandırılmışdır. İş materiallarında olan “Azərbaycan Dəmir Yollan" QSC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ADY tərəfindən ona ödənilən müavinət xx.xx.2021-ci il tarixli ərizəsinə və ADY-nin xx.xx.2021-ci il tarixli 78294 nömrəli əmrinə əsasən dayandırılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmrdə göstərilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) Bakı-yük stansiyasının sabiq yük və baqaj qəbul-təhvilçisi İddiaçı 2005-ci il 13 oktyabr tarixində işdən kənar olan yerdə yol nəqliyyat hadisəsi nəticəsində ağır bədən xəsarəti almış, xəsarətin ağırlığı, maddi vəziyyətində yaranan sıxıntılar nəzərə alınaraq ADY-nin xx.xx.2006-cı il tarixli 33/N nömrəli əmrinə əsasən ona işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı həcmində ödənişin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Yük daşımaları departamentinin xx.xx.2020-ci il tarixli YD-03 nömrəli əmri ilə qeyd edilən müavinət indeksasiya edilmiş və 423 manat məbləğində müəyyən edilmişdir. İddiaçı hazırda əmək fəaliyyəti ilə məşğul olması və maddi təminatının yaxşılaşması səbəbindən ona verilən ödənişin dayandırılması barədə xx.xx.2021-ci il tarixində ADY-yə daxil olmuş müraciətini, ADY-nin izafi xərclərinin maksimum optimallaşdırılması ilə bağlı müvafiq tələbləri və sədr müavini İqbal Hüseynovun xx.xx.2021-ci il tarixli 71952 nömrəli xidməti məruzəsini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 8.1.12-ci yarımbəndini rəhbər tutaraq xx.xx.2021-ci il tarixdə Bakı-yük stansiyasının sabiq yük və baqaj qəbul-təhvilçisi İddiaçı ADY-nin xx.xx.2006-cı il tarixli 33/N nömrəli və yük daşımaları departamentinin xx.xx.2020-ci il tarixli YD-03 nömrəli əmrləri ilə müəyyən olunmuş ödənişin verilməsinin 2021-ci ilin may ayından dayandırılması; ADY-nin xx.xx.2006-cı il tarixli 33/N nömrəli və Yük daşımaları departamentinin xx.xx.2020-ci il tarixli YD-03 nömrəli əmrlərinin xx.xx.2021-ci il tarixindən qüvvədən düşmüş hesab edilməsi; sədr müavinləri (İ.Hüseynov və V.Aslanov), Maliyyə və iqtisadiyyat idarəsi, İnsan resursları idarəsi, Yük daşımaları departamentinin bu əmrdən irəli gələn məsələlərin aidiyyəti üzrə həll etmələri; sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin bu əmrin surətinin aidiyyəti üzrə çatdırılmasının təmin edilməsi barədə əmr verilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin məhkəmənin sorğusu əsasında təqdim etdiyi məlumatda göstərilmişdir ki, İddiaçı adına “Əmək və məşğulluq” altsistemində işəgötürən Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfindən xx.xx.2022-ci il tarixdə hazırda qüvvədə olan əmək müqaviləsi bildirişi daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Dəmir Yolu Bakı-yük stansiyası ilə İddiaçı arasında bağlanmış xx.xx.2002-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, həmin müqavilə sonuncunun Bakı-yük stansiyasında yük qəbuledici vəzifəsinə qəbul edilməsi haqqında bağlanmışdır. İş materiallarında olan xx.xx.2006-cı il tarixli “Əmək müqaviləsinin dayandırılması haqqında” Əmr № 355-dən görünür ki, həmin əmr İddiaçı xx.xx.2006-cı il tarixdən orta aylıq əmək haqqının iki misli miqdarında müavinət ödənilməklə işdən çıxarılması haqqında verilmişdir. Həmin əmrdə həmçinin göstərilmişdir ki, işdən çıxarılma səbəbi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “C” bəndi (əmək qabiliyyətinin itirilməsi)-arayış SER TSE-01№ 028420 xx.xx.2007-ci il. İş materiallarında olan SER TSE-01№ 028420 xx.xx.2007-ci il tarixli arayışdan görünür ki, həmin arayış İddiaçı “ümumi xəstəlik” səbəbindən xx.xx.2007-ci il tarixədək ikinci dərəcə əlillik qrupunun müəyyən edilməsi, növbəti müayinənin tarixinin xx.xx.2007-ci il olması haqqında verilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin Yük Daşımaları Departamenti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş Əmr№ D-80-dən görünür ki, həmin əmr Bakı yük stansiyasının keçmiş yük və baqaj qəbul-təhvilçisi İddiaçı aldığı xəsarətlərə görə ödənilən aylıq ödəncin məbləği xx.xx.2017-ci il tarixdən 393 manat 94 qəpik müəyyən edilməsi haqqında verilmişdir. İş materiallarında olan İddiaçı "xxxx" QSC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsinin surətində göstərilmişdir ki, Bakı Yük Stansiyasında işlədiyi dövrdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı ağır xəsarətə görə dəmir yol tərəfindən maddi vəziyyətini nəzərə alaraq 2005-ci ilin oktyabr ayından 2021-ci ilin aprel ayına qədər hər ay orta aylıq əmək haqqı həcmində ödəniş verilmişdir. O, həmin ödənişin dayandırılması barədə 2021-ci ilin may ayında müraciət etmişdir. Həmin ödənişin ona verilməsi üçün gələcəkdə hər hansı tələbinin olmayacağını qeyd etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. 2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır və baş vermiş bədbəxt hadisənin təhqiqatının aparılmasını təşkil edir. 3. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. 4. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. 5. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, nəqliyyat hadisəsi iş vaxtından kənar baş vermiş və İddiaçı ödənilən vəsait istehsalat qəzası əsasında ödənilən ödənc növünə aid olmamışdır. Belə ki, iş materiallarından görünür ki, işdən çıxarılma səbəbi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndi (əmək qabiliyyətinin itirilməsi), SER TSE-01№ 028420 arayışda isə İddiaçı “ümumi xəstəlik” səbəbindən xx.xx.2007-ci il tarixədək ikinci dərəcə əlillik qrupunun müəyyən edilməsi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları»nın 1.3-cü bəndinə əsasən, istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət-əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Həmin qaydaların 1.4-cü bəndinə əsasən, istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddiada göstərdiyi dəlillər sübuta yetirilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı dayandırılmış müavinatın bərpa edilməsi tələbinə dair iddiaları təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar