Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3301/2021 10.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Tağıyeva Ofelya Telman qızının katibliyi, İddiaçı, Cavabdeh “xxxx” Bank Olmayan Kredit X2 Cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhər 9 saylı Dövlət Notariat Kontoruna və “xxxx” BOKT MMCyə qarşı Sumqayıt şəhəri üzrə icra idarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə "ipoteka müqaviləsinə əsasən yüklü edilmiş mənzilə tutmanın yönəldilməsi və mənzilin hərraca çıxarılması barədə icra qeydinin ləğv edilməsi” tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı Notariat Kontoruna və «xxxx» BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, Sumqayıt şəhər İcra və şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə “icra qeydinin ləğv edilməsi” iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən onun şəxsi mülkiyyətində olan və «xxxx» BOKT MMC ilə onun arasında 23.07.2019-cu il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 38 №-li mənzilə tutmanın yönəldilməsi və mənzilin hərraca çıxarılmasına dair icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə «xxxx» BOKT MMC arasında bağlanmış 23.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən MMC tərəfindən borclu 36 ay müddətinə qaytarmaq şərtilə 30000 (otuz min) manat məbləğində kredit verilmiş, verilmiş kreditin təminatı olaraq İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 38 №-li mənzilə tutmanın yönəldilməsi və mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə ödənişlərini vaxtlı-vaxtında ödəsə də, sonradan pandemiya ilə bağlı işsiz olması səbəbindən MMC-yə olan borcunu ödəyə bilməmiş və MMC tərəfindən bağlanmış ipoteka müqaviləsi əsas götürülərək müqavilənin bağlandığı Bakı şəhər 9 saylı Dövlət Notariat Kontorundan icra qeydi əldə etməklə Sumqayıt şəhəri üzrə icra idarəsinə təqdim edilmişdir. Hazırda isə icra məmuru tərəfindən icra qeyd üzrə pulun dərhal ödənilməsi, əks təqdirdə icra qeyd əsasında ipotekaya qoyulmuş mənzilin hərraca çıxarılacağı bildirilmişdir. Kredit müqaviləsinin müddəti 2022-ci ildə başa çatacağı və həmin müqavilə ödənişlər edilməsi nəzərə alınmamışdır. Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən İddiaçı bank qarşısında borcunun olub-olmadığını araşdırmadan ipoteka müqaviləsində icra qeydinin verilməsi şərtləri, qaydası və müddəti ilə bağlı heç bir şərt olmadığı halda iddiaçını xəbərdar etmədən icra qeydini tərtib edilmiş, İddiaçı böyük məbləğdə kredit yükü qoyulmaqla yanaşı ağır öhdəliyə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, onunla bağlanmış ipoteka müqaviləsinin onun bankdan götürmüş olduğu kreditin təminatçısı kimi çıxış etdiyini, həmin müqavilənin qüvvədə olduğu müddətdə icra qeydinin icra şöbəsinə göndərilməsi, icra qeydinin göndərən və ipoteka saxlayan tərəfindən tutmanın məhkəmə qətnaməsi olmadan ipoteka predmetinə yönəldilməsi ilə bağlı xəbərdar edilməməsi həmin icra qeydinin qanunsuz olmasına dəlalət etdiyini bildirərək iddianın təmin edilməsini xahiş etdi. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 23.07.2019-cu il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 38 №-li mənzilə tutmanın yönəldilməsi və mənzilin hərraca çıxarılmasına dair icra qeydinin ləğv edilməsini mübahisələndirsə də, məhkəmə araşdırması zamanı isə «xxxx» BOKT MMC-yə ödənilməli olan borc məbləğinin ödəniş qrafikinə salınaraq hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” Bank Olmayan Kredit X2 Cəmiyyətinin nümayəndəsi X5 iddianı qəbul etməyib, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdeh Bakı şəhər 9 saylı Dövlət Notariat Kontoru və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri üzrə icra idarəsi nümayəndələrin iştirakını təmin etməmiş, bununla bağlı məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdeh Bakı şəhər 9 saylı Dövlət Notariat Kontoru və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri üzrə icra idarəsi nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********13-05101-093001 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 38 №-li 16.03.2011-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır; Mülki işin materiallarında olan 23.07.2019-cu il tarixli 2019/00648 saylı kredit müqaviləsindən görünür ki, “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən İddiaçı illik 30% olmaqla, 36 ay müddətinə şəxsi məqsədlər üçün kredit verilmişdir. Mülki işin materiallarında olan 23.07.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, 23.07.2019-cu il tarixli 2019/00648 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 38 №-li mənzil “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC-də ipoteka ilə yüklü edilmişdir. Mülki işin materiallarında olan “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC-nin (ipoteka predmetinə məhkəmə və ya icra qeydi qaydasında tutmanın yönəldilməsinə dair) 18.06.2021-ci il tarixli bildirişindən görünür ki, borcalan və ipoteka qoyan İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 38 №-li mənzilin 23.07.2019-cu il tarixli 2019/00648 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi ilə əlaqədar məhkəməyə müraciət olunacağı və mənzilə tutmanın yönəldilməsi barədə prosesə başlanılacağı qeyd edilmişdir. Mülki işin materiallarında olan Sumqayıt şəhəri 4 saylı notariat ofisinin (xüsusi notariusu X1) 28.09.2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 38 №-li mənzilə 23.07.2019-cu il tarixli 2019/00648 saylı kredit müqaviləsinə əsasən müddət üçün vaxtında ödənilməmiş 40836,93 qəpik tutma yönəldilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Resublikası Respublika Xammal və Əmtəə Birjasının “xxxx” Külək MMC-nin 16.03.2021-ci il və 23.04.2021-ci il tarixli hərracın keçirilməsinə dair bildirişlərindən görünür ki, Sumqayıt şəhəri 4 saylı notariat ofisinin 8i-10818 saylı, 08.09.2020-ci il tarixli icra vərəqi üzrə ipoteka qoyulan olan ünvan 1 ünvanında yerləşən 38 №-li mənzilə tutma yönəldilməsi və hərracda satılması barədə tərəflər xəbərdar edilmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, mülki iş üzrə İddiaçı Bakı şəhər 9 saylı Dövlət Notariat Kontorununu cavabdeh qismində qeyd edərək mülkiyyətində olan və «xxxx» BOKT MMC ilə onun arasında 23.07.2019-cu il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 38 №-li mənzilə tutmanın yönəldilməsi və mənzilin hərraca çıxarılmasına dair icra qeydinin ləğv edilməsini mübahisələndirir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır, belə ki, həmin tələbi irəli sürməkdə iddiaçı subyektiv hüquqa malik olmamışdır. Belə ki, subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Məhkəmə əvvəlcə iddia tələbi üzrə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və onların tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, mübahisələndirilən 28.09.2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi cavabdeh qismində göstərilən Bakı şəhər 9 saylı Dövlət Notariat Kontoru tərəfindən deyil, Sumqayıt şəhəri 4 saylı notariat ofisi (xüsusi notariusu X1) tərəfindən təsdiq edilmişdir. Qeyd edilən tələb bilavasitə iddiaçı tərəfindən Sumqayıt şəhəri 4 saylı notariat ofisinə qarşı yönəldilməklə, sonuncu cavabdeh qismində müəyyən edilməli idi. Lakin məhkəmə iclaslarında iddiaçıya Sumqayıt şəhəri 4 saylı notariat ofisinin cavabdeh qismində müəyyən edilməsi təklif edilsə də, iddiaçı inadkarlıqla bundan imtina etmiş və hazırki mülki iş üzrə icra qeydinin ləğv edilməsi baxımından yeganə cavabdehin Bakı şəhər 9 saylı Dövlət Notariat Kontorunun olduğunu bildirmişdir. Bununla belə, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadığından məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmışdır, hazırki cavabdeh iddia tələblərinə cavab verən şəxs olmadığından iddia tələbinin təmin edilə bilməyəcəyi qənaətinə gəlmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi üzrə İddiaçı Bakı şəhər 9 saylı Dövlət Notariat Kontoruna qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Belə ki, iddiaçı Sumqayıt şəhəri 4 saylı notariat ofisinə qarşı qeyd olunan tələb ilə müraciət edə bilərdi. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Belə olan halda məhkəmə, İddiaçı iddia ərizəsinə məhz onun verdiyi tələblər üzrə baxmağı əsaslı hesab etmişdir. Bu isə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinin özlüyündə əsassız və qanunsuz olduğuna dəlalət edir. Məhkəmə belə qənaətə gələrkən, iddiaçının müvafiq subyektiv hüquqa malik olmamasını, onun subyektiv hüququnun pozulmamasının, cavabdehin bu pozuntunu etməməsini əsas götürmüşdür. Məhkəmə İddiaçı iddia tələbi ilə bağlı subyektiv hüququnun olması ilə əlaqədar son olaraq qeyd etməyi zəruri hesab edir ki, onun cavabdehlər Bakı şəhər 9 saylı Dövlət Notariat Kontoruna və «xxxx» BOKT MMC-yə qarşı belə bir iddia qaldırması iddia ərizəsində və məhkəmə baxışı zamanı əsaslandırılmamışdır. Məhkəmə həmçinin hazırki mübahisə ilə bağlı digər cavabdeh “xxxx” BOKT MMC-yə münasibətdə qeyd edir ki, “xxxx” BOKT MMC-yə qarşı hər hansı tələb yönəlməmişdir. Bundan başqa məhkəmənin hazırki iddia tələbi üzrə ilk olaraq verilmiş icra qeydinin ləğv edilməsi üçün normativ-hüquqi baxımdan əsasların olub-olmaması müəyyən etməsi vacibdir. Belə ki, icra qeydinin ləğvi üçün əsaslar olacağı təqdirdə digər cavabdehə qarşı hazırkı mübahisə üzrə yönələn tələblərin əsaslı olub-olmaması araşdırıla bilər. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, prosessual qənaət prinsipi baxımından digər cavabdehə münasibətdə də idda tələbinin araşdırılmasına zərurət yoxdur. Sadalananların məntiqi davamı kimi qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhər 9 saylı Dövlət Notariat Kontoruna qarşı "ipoteka müqaviləsinə əsasən yüklü edilmiş mənzilə tutmanın yönəldilməsi və mənzilin hərraca çıxarılması barədə icra qeydinin ləğv edilməsi” iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yekun olaraq məhkəmə iddiaçıya izah etməyi zəruri hesab edir ki, o, iddia tələbi üzrə cavabdehi düzgün müəyyən etməklə, həmçinin faktları və tələbin qanuni əsaslarını dəqiqləşdirib yenidən məhkəməyə müraciət etmək hüququndan məhrum olmamışdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Müki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Müki Prosessual Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Hazırki iş üzrə İddiaçı tərəfindən ərizənin verilməsinə görə 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı iddia ərizəsi təmin edilmədiyindən, ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər 9 saylı Dövlət Notariat Kontoruna və “xxxx” BOKT MMCyə qarşı "ipoteka müqaviləsinə əsasən yüklü edilmiş mənzilə tutmanın yönəldilməsi və mənzilin hərraca çıxarılması barədə icra qeydinin ləğv edilməsi” tələblərinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3301/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3301/2021
10.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver