Məhkəmə qərarları › İş №2(006)-3301/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3301/2024

13.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3301/2024 13.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı Nı̇ ftullayev Kamı̇ l Mı̇ rəşrəf oğlu və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Nı̇ ftullayev Kamı̇ l Mı̇ rəşrəf oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 1(099)-325/2023 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilmişdir. Həmin hökmdən apellyasiya protesti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(106)-654/2023 saylı qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(099)- 325/2023 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan kassasiya protesti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(102)-679/2024 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(106)-654/2023 saylı qərarı dəyişdirilməddən saxlanılmışdır. Həmin iş üzrə iddiaçıya CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir, ona görə ki, guya o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək idarə etdiyi “Lada Granta” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamış və 30 sentyabr 2022-ci il tarixdə Cəlilabad RPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbiri nəticəsində həmin heroin onun idarə etdiyi avtomobildə aşkar edilərək götürülmüşdür. Həmin cinayət hadisəsi üzrə o, 30 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs kimi saxlanılmış, 02 oktyabr 2022-ci il tarixdə Cəlilabad rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Barəsində ittiham aktı tərtib edilərək təqsirləndirilən şəxs kimi məhkəməyə verilmişdir. İstintaq orqanı tərəfindən qanunsuz olaraq uzun müddət həbsdə saxlanılmışdır. 11 ay əsassız olaraq İstintaq Təcridxanasında saxlanılmışdır. Bu müddət ərzində polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmışdır. İddiaçıya fiziki zor tətbiq edilməklə ekspertizanın rəy ilə də müəyən edilmişdir ki, onun bədəni üzərində sağ 9-cu qabırğanın yerdəyişməyən sınığı, sağ diz oynağının, sol baldır nahiyyəsinin və sağ ayağının 1-ci barmağının əzilmiş yarası, sağ dirsək büküşündə qançır kimi xəsarətlər olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti istintaq təcridxanasma daxil olduğu vaxtdan 2-4 gün əvvələ (Cəlilabad RPİ-də saxlandığı dövrə) uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. İddiaçı həbsdən buraxıldıqdan sonra uzun müddət müalicələr almış və sağlamlığına ciddi şəkildə ziyan dəymişdir. Həmin müalicələr ona 4500 manata başa gəlmişdir. İstintaq təcridxanasında yatdığı 11 ay ərzində valideynləri yanına gəlibgetmiş, siqaret və sair ərzaq məhsulları almışlar, yol xərci də nəzərə alınmaqla bütün bunlar ona təxminən 3500 manata başa gəlmişdir. Eyni zamanda, iddiaçı kənd təsərrüfatı ilə məşğul olmuş və iş adamıdır. İstifadəsində bir neçə traktor, ot bağlayan aparat, biçin üçün kombayın olmuşdur. Mövsümü şumlama işləri ilə məşğul olaraq bir mövsümdə 30-35 min manata qədər gəlir əldə edirdi. Bundan başqa, özünə məxsus sahədə əkinlə məşğul olurdu və xeyli mal-qara saxlayırdı. İddiaçı həbsdə olduğu müddətdə torpaq sahəsində əkin işləri aparılmamış, mal-qara isə baxımsız qaldığından ölmüşlər. İstintaq orqanının təqsirindən ona 35000 (otuz beş min) manat ziyan dəymişdir Bundan əlavə, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməyi, qətimkan tədbiri kimi həbsdə saxlanılmağı nəticəsində ona 10000 (on min) manat maddi ziyan dəymişdir. Həmçinin, narkotik satışı ilə məşğul olmağına dair qanunsuz həbs edilməyi ilə əlaqədar qohumlar və dost-tanışlarının yanında ləyaqəti alçalmışdır, hamı ona narkotik satıcısı kimi baxmışdır. Bunun nəticəsində o, dəhşətli əsəb gərginlikləri keçirmiş, depressiya halına düşərək həyatında heç vaxt yaddan çıxmaz mənəvi əzablara düçar olmuş və hədsiz mənəvi ziyan çəkmişdir. Buna görə də hesab edir ki, mənəvi ziyana görə Maliyyə Nazirliyi tərəfindən ona 10.000 (on min) manat kompemsasiya ödənilməlidir. Göstərilənlərə əsasən qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməyi, qətimkan tədbiri kimi həbsdə saxlanıldığı müddətdə məşğul olduğu kənd təsərrüfatı sahəsində ona dəymiş ziyana görə ödənilməli olan 35000 (otuz beş min) manat məbləğində pulun, mənəvi ziyana görə 10000 (on min) manat pulun, dövlət rüsumu kimi ödənilmiş 120 (yüz iyirmi) manat pulun, cəmi 45120 (qırx beş min yüz iyirmi) manat pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra cavabdehin nümayəndəsi X13 iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz əməlləri nəticəsində dəymiş maddi və mənəvi ziyana görə 45.120 manat kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edilir ki, həmin iddia tələbi rədd edilməlidir. İddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən maddi ziyana görə zərərin əvəzinin ödənilməsini tələb edir. Belə ki, iddiaçı ərizəsində həbsdə olduğu müddətdə torpaq sahəsində əkin işləri aparılmadığını və malqara baxımsız qaldığına görə tələf olduğunu qeyd etmiş və bu səbəbdən ona 35.000 manat ziyan dəydiyini bildirmişdir. Bununla bağlı bildirilir ki, tələbin hər hansı bir əsası olmadığından rədd edilməlidir, belə ki iddiaçının bildirdiyi kimi həmin heyvanlar həqiqətən də tələf olmuşdursa, o, bu barədə baytarlıq və ya hər hansı digər rəsmi dövlət qurumunun aktını və ya digər sənədini təqdim etməli idi. İddiaçının qeyd etdiyi kimi heyvanlar həqiqətən də mövcud olmuş və ya tələf olmuş olsaydı, onlar bunun üçün müəyyən edilmiş yerdə və qaydada yəni rayonun baytarlıq və sanitar epidemioloji idarələrinin aktı əsasında zərərsizləşdirilməli idi, iş materiallarında isə buna dair hər hansı bir sənəd olmadığından iddiaçının bu tələbi rədd edilməlidir. Həmçinin, iddiaçı fərdi əmək fəaliyyəti ilə məğul olduğunu qeyd etsə də, aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar məhkəməyə təqdim etməmişdir. Yəni iddiaçı xərcləri əsaslandırmadan maddi zərərə görə yüksək məbləğdə kompensasiya ödənilməsini tələb etmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materiallarına əlavə edilməmişdir. İddiaçı iş materiallarına vergi şəhadətnaməsinin surətini əlavə etsə də, fəaliyyətinin aktiv və passiv olması ilə bağlı hər hansı sənəd təqdim etməmişdir, Göstərilənləri nəzərə alaraq iddiaçının maddi zərərlə bağlı tələbi rədd edilməlidir. Mənəvi zərərlə bağlı bildirilir ki, Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edilir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər asında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin, bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda "Dövlət büdcəsi” ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. «Büdcə sistemi” haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Göstərilənləri nəzərə alaraq iddiaçı Nı̇ ftullayev Kamı̇ l Mı̇ rəşrəf oğlunun Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, barəsində həbs qətimkan tədbiri seçilib və 9 ay müddətində həbsdə saxlanılmışdır. 2016-cı ildə lizinq yolu ilə texnika əldə etmişdir. xx.xx.2022-ci il tarixdə isə lizinq ödənişləri yekunlaşıb və texnika onun mülkiyyətinə keçib. 7.Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. 8.Məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 9.Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham olunaraq xx.xx.2022-ci il tarixli qərarla şübhəli şəxs qismində cəlb edilmiş, xx.xx.2022-ci il tarixli Cəlilabad rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, lakin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(099)-325/2023 saylı Hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 42.1.3 və 42.1.4-cü maddələrinə əsasən cinayətin törədilməsinə aidiyyəti olmadığına və təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstinaq Təcridxanasından həbsdən azad edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(099)-325/2023 saylı X16 Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(106)-654/2023 saylı Qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-679/2024 saylı Qərarına əsasən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hazırda iddiaçı ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. b) Mülki işin materialları: 11.Mülki işin materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(099)-325/2023 saylı Hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət- Prosessual ələsinin 42.1.3 və 42.1.4-cü maddələrinə əsasən cinayətin törədilməsinə aidiyyəti olmadığına və təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstinaq Təcridxanasından həbsdən azad edilmiş, bəraət alması ilə əlaqədar İddiaçı cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilmişdir. 12.Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(106)-654/2023 saylı Qərarından görünür ki, dövlət ittihamçısı T.B.Səfərovun apellyasiya protestinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(099)-325/2023 saylı Hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 13.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(102)-679/2024 saylı Qərarına əsasən kassasiya protestinin təmin edilməməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(099)-325/2023 saylı Hökmü ilə İddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(106)-654/2023 saylı Qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 14.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, İddiaçı 5 nəfər ailə üzvü vardır: arvadı-X1, oğlu-X2, oğlu-X5, qızı-X9 və qızı-X6. 15.Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, İddiaçı həqiqətən də Cəlilabad rayon Kövüzbulaq kəndində qeydiyyatdadır. Hal-hazırda ailəsi ilə birlikdə Cəlilabad rayon uzuntəpə kəndində yaşayır. 16.Mülki işin materiallarında olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-İV seriyalı, 498635 nöməli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2020-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, atası X10, anası X7r. 17.Mülki işin materiallarında olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-İV seriyalı, 842606 nöməli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2023-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, atası X10, anası X7r. 18.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilən 5077 nömrəli Arayışdan görünür ki, İddiaçı Cəlilabad rayon məhkəməsinin qərarına əsasən AR CM-nin 234.4.3-cü maddəsi ilə həbs seçilmiş 30 sentyabr 2022-ci ildən 03 iyul 2023-cü ilədək həbsdə saxlanılıb, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(099)-325/2023 saylı Hökmü ilə cinayətin törədilməsində aidiyyəti olmadığı üçün bəraət verilərək barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasında həbsdən azad olunub. 19.Mülki işin materiallarında olan AR-nın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 28 iyun 2024-cü il tarixli məktubdan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində olan məlumatlara əsasən bildirilir ki, İddiaçı xx.xx.2006-cı il tarixdən “Yük avtomobil nəqliyyatlarının fəaliyyəti” növü üzrə uçotdadır. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına, Çağrı mərkəzinə və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməsi tövsiyə edilmişdir. 20.Mülki işin materiallarında olan AR-nın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanan 01 avqust 2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı tərəfindən xx.xx.2021xx.xx.2022-ci il tarixləri üzrə müvafiq bəyannamələr təqdim edilmədiyindən və ya göstəricisiz təqdim edildiyindən həmin dövrlər üzrə dövriyyə məbləğini müəyyən etmək mümkün olmamışdır. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına, Çağrı mərkəzinə və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməsi tövsiyə edilmişdir. 21.Mülki işin materiallarında olan AR-nın Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilən xx.xx.2022-ci il tarixli Əmrin surətindən görünür ki, Cəlilabad rayonu, Kövüzbulaq kəndində yaşayan İddiaçı tərəfindən lizinqə götürülmüş texnikanın dəyərinin tam ödənilməsini nəzərə alaraq "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 311-GL/16 nömrəli lizinq müqaviləsinə xitam verilmiş, lizinq predmeti olan “MTZ-89.2” markalı texnikanın lizinq alan İddiaçı mülkiyyətinə verilməsi təmin edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 22.Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. 23.İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». 24.Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. 25.Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. 26.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. 27.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 27.Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. 28.«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. 29.Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. 30.Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 31.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». 32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. 33.Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. 34.Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. 35.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. 36.Lakin, nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). 37.İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin hissədə iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı maddi ziyan kimi sağlamlığına ciddi şəkildə ziyan dəydiyini və həbsdən çıxdıqdan sonra uzun müddət müalicələr aldığını, eyni zamanda həbsdə saxlanıldığı müddətdə valideynlərinin onun yanına gəlib-getməsi və s. nəticəsində ona maddi ziyan dəydiyini iddia etsə də, iddiasını əsaslandıra biləcək sübutlarını (iddiaçının sağlamlığına ziyan dəyməsi, dəymiş ziyanın həqiqətən də istintaq orqanının təqsiri ucbatından olması, iddiaçının sağlamlığına dəymiş ziyanın aradan qaldırılması üçün qeyd edilən 4500 manat məbləğində iddiaçı tərəfindən xərcin çəkilməsi və s.) məhkəməyə təqdim etməmişdir. 38.Halbuki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 39.Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. 40.Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. 41.«Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) 42.Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) 43.Bundan başqa, iddiaçı maddi ziyan kimi eyni zamanda həbs olunmamışdan əvvəl vergi ödəyici olduğunu, kənd təsərrüfatı ilə məşğul olduğunu, mövsümi şumlama işləri ilə məşğul olaraq bir mövsümdə 30-35 min manata qədər gəlir əldə etdiyini iddia edərək, eyni zamanda maddi ziyan kimi 35000 manat məbləğində pulun tutulmasını da tələb edir. Məhkəmə həmin hissəyə münasibətdə isə qeyd edir ki, məhkəmə tərəfindən məsələnin aydınlaşdırılması məqsədilə, yəni iddiaçının həbs edilməmişdən əvvəl dövriyyə məbləğini müəyyənləşdirmək məqsədilə Dövlət Vergi Xidmətinə sorğu ilə müraciət edilmiş, sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2021-xx.xx.2022-ci il tarixləri üzrə müvafiq bəyannamələr təqdim edilmədiyindən və ya göstəricisiz təqdim edildiyindən həmin dövrlər üzrə dövriyyə məbləğini müəyyən etmək mümkün olmamışdır. Odur ki, həmin hissədə də tələb əsassız hesab edilməklə təmin edilməməlidir. 44.Daha sonra məhkəmə iddiaçı tərəfin əvvəlki məhkəmə iclasında ifadəsində qeyd etdiyi, hansı ki iddiaçının tutulmamışdan öncə lizinq vasitəsilə kombayn götürdüyünü, bununla bağlı 70-80 min manat məbləğində ödəniş etdiyini, lakin həbsdə olarkən ödənişləri edə bilmədiyindən lizinq şirkəti tərəfindən həmin kombaynın hərrac yolu ilə satışa çıxarılaraq satıldığını və nəticədə iddiaçıya maddi ziyan dəyməsi fikrinə münasibətdə isə qeyd edir ki, iş materiallarında olan AR-nın Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilən xx.xx.2022-ci il tarixli Əmrin surətindən göründüyü kimi İddiaçı tərəfindən lizinqə götürülmüş texnikanın dəyəri ödənildiyindən lizinq müqaviləsinə xitam verilmiş, lizinq predmeti olan “MTZ-89.2” markalı texnikanın lizinq alan İddiaçı mülkiyyətinə verilməsi təmin edilmişdir (satıldıqdan sonra qarşılıqlı razılaşma əsasında dəyəri ödənilməklə). Göründüyü kimi iddiaçının ona maddi ziyan dəyməsi barədə bu iddiası da əsassız olmuşdur. 45.Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. 46.Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. 47.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 48.«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. 49.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X8rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. 50.Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. 51.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. 52.İşin mübahisəsiz halıdır ki, iddiaçı barəsində 9 ay müddətinə (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) «həbs» qətimkan tədbiri seçilmişdir. O, həmin müddət ərzində mənəvi sarsıntı keçirmişdir. 53.Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə görə ümumilikdə 9.000 manat (1 ay üçün 1.000 manat olmaqla, ümumilikdə 9.000 manat) məbləğində müəyyən olunmalıdır. 54.Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 9.000 (doqquz min) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir. 55.Bundan başqa, məhkəmə iddia tələbinin dövlət rüsumu kimi ödənilmiş 120 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, həmin hissədə tələb əsassızdır və təmin edilməməlidir. 56.Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.13-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə - tərəflər dövlət rüsumunu ödəməkdən azad olunurlar. 57.Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı qanunvericiliyin tələbinə görə hazırki iddianın qaldırılması üçün dövlət rüsumunu ödəməkdən azad edilməsinə baxmayaraq 122 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddianın qaldırılması üçün ödənilməsi tələb edilməyən dövlət rüsumunu özü könüllü şəkildə ödədiyi üçün həmin vəsaiti qarşı tərəfdən tələb edə bilməz. Odur ki, ödənilmiş həmin dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 58.Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 9.000 (doqquz min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. 59.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 60.Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 61.Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 62.Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 63.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 9.000 (doqquz min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar