Məhkəmə qərarları › İş №2(006)-3307/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3307/2022

08.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3307/2022 08.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "kompensasiya ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "kompensasiya ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017-ci ilin noyabr ayından 2022-ci ilin iyun ayınadək qeyd olunan mənzil onun istifadəsində olmadığı üçün ona (hər ay 200 manat, sonuncu il 250 manat) 12.500 manat məbləğində kompensasiya verilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında göstərilən Konvensiyanın müvafiq maddələrinə istinad edilməklə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı bildirmək istəyir ki, ona məxsus olan Yasamal rayonu, Yeni Yasamal-2 ev 10 mənzil 88-də 1998-ci ildən Laçın rayonundan olan məcburi köçkünlər məskunlaşmışdır. Yasamal Rayon Məhkəməsinin 22 iyun 2012-ci il tarixli qətnaməsinə əsasən məcburi köçkünlər həmin mənzildən çıxarılmalı idi. Lakin qərar icra edilmədiyi üçün 2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdi və Azərbaycan Hökuməti məcburi köçkünlərin çıxarılması ilə bağlı öhdəliyi öz üzərinə götürdüyü üçün kompensasiya məbləği qismində təklif edilən 2012-ci ildən 2017-ci ilədək hesablanmış kompensasiya məbləğini qəbul etdi və Azərbaycan Hökuməti ona kompensasiya məbləğini ödədi. Yuxarıda qeyd etdiyi kimi göstərilən məbləğ 2012-ci ildən 2017-ci ilədək hesablanmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin 76774/17 saylı ərizə üzrə çıxarılmış xx.xx.2020-ci il tarixli qərarından görünür ki, hökumətin əlavə edilmiş cədvəldə əksini tapmış məbləğləri ona ödəmək öhdəliyi götürməsi şərtilə, iddialarından imtina etməsinə dair sülh bəyannaməsi qəbul etmişdir. Bu məbləğlər yuxarıda qeyd edilmiş üç aylıq müddət ərzində ödənilməməsi halında Hökumət həmin müddətin bitməsindən hesablaşma anınadək olan öhdəliklərin gecikdirilməsi müddətində X3 ən aşağı kredit dərəcəsinə bərabər dərəcə üstəgəl üç faiz bəndi ilə məbləğ üzrə adi faiz ödəmək öhdəliyi götürür. Hökumət, həmçinin üç aylıq müddətdə nəzərdən keçirilən yerli qərarların icrası və yerli icra prosedurları ilə bağlı çəkiləcək xərcləri ödəmək vəzifəsi daşıyır. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-3126/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı X1 qarşı zəbt olunmuş mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair iddiasının təmin edilməsi, X2 öz ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yeni Yasamal-2, 10 saylı evin 88 saylı mənzilindən çıxarılmaları, İddiaçı Bakı şəhəri, Yeni Yasamal-2, 10 saylı evin 88 saylı mənzilinə köçürülməsi qərara alınmışdır. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-3126/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsindən görünür ki, yuxarıda qeyd edilən qətnamə icraya yönəldilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yeni Yasamal-2, b. 10, m.88 İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş etiraza əsasən, cavabdeh bildirmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçı yuxarıda qeyd edilon monzilin onun istifadəsində olmaması səbəbilə kompensasiyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ona qarşı yönəltmişdir. İddiaçı məcburi köçkünlərin köçürülməsi ilə bağlı Avropa insan Hüquqları Məhkəməsinin tələbinin yerinə yetirilməsi öhdəliyi müvafiq icra orqanları tərəfindən yerinə yetirilməliydi. Digər tərəfədən köçürülməyə dair sözügedən məhkəmə qərarını icra etməli olan icra məmurunun hərəkətinin qanunsuzluğu hər hansı bir məhkəmə qərarı ilə müəyyən edilmədiyi üçün dövlət icra məmurunun hərəkətinə görə cavabdeh qoyula bilməz. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. “Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. ” Bu isə o deməkdir ki, Azərbaycan Respublikası adından çıxış edən orqan təkcə Azərbaycan Respublikasının Maliyyə Naziriyi deyildir. Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan hər hansı hərəkət (hərəkətsizlik) mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı maddi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə əlaqədar heç bir sübut göstərə bilməmişdir. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (son dövrlərdə filial müdiri və digər şəxslərlə arasında yaranmış gəriginliyə görə sonuncuların onu əsassız olaraq işdən çıxarmaq qərarına gəlmələri və s.) dair sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin qeyd olunmalıdır ki, hazırkı iddia tələbi buna cavab verməli olmayan şəxsə qarşı irəli sürülmüşdür. Belə ki, hazırkı mübahisə üzrə iddiaçının əsaslandığı Avropa İnsan Hüquqları Məhkəməsinin 76774/17 saylı ərizə üzrə çıxarılmış xx.xx.2020-ci il tarixli qərarında qarşı tərəf olaraq Azərbaycan Respublikası göstərilsə də, hazırda iddiaçı öz iddiasını dövlət orqanı olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı deyil, konkret fiziki və ya hüquqi şəxslərə qarşı irəli sürməli idi. Həmçinin, xx.xx.2012-ci ildən Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilənədək, yəni 2017-ci ilədək olan müddət üçün kompensasiyanın ödənilməsi öhdəliyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(004)-3126/12 saylı qətnaməsinin icra edilməməsi səbəbindən dövlətin üzərinə qoyulmuşdur. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi buna cavab verilməli olmayan şəxsə qarşı irəli sürüldüyünə görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "kompensasiya ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar