Məhkəmə qərarları › İş №2(006)-3312/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-3312/2025

02.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3312/2025 02.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5.200 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2024-cü ildə onun qardaşının Laçın Rayon Məhkəməsinin icraatında cinayət işi var idi. Həmin vaxt Cavabdeh1 ona bildirmişdir ki, qardaşının işinə köməklik edə bilər, amma bunun üçün məhkəməyə 5.200 manat cərimə pulu ödənilməlidir. Həmin zaman o da qardaşının işi alınsın deyə cavabdehə inanmış və hissə-hissə olmaqla ümumilikdə 5.200 manat pulu cavabdehin kartına göndərmişdir, lakin sonradan başa düşmüşdür ki, Cavabdeh1 onu aldadaraq 5.200 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan sonra o, baş vermiş hadisə ilə bağlı Cəbrayıl Rayon Polis Şöbəsinə müraciət etmişdir. Orada cavabdehin həqiqətən onun pulu dələduzluq yolu ilə ələ keçirdiyi sübut olundu və Cəbrayıl Rayon Məhkəməsinin qərarına əsasən onun barəsində həbs qətimkan tədbiri də seçilmişdir. Lakin, sonradan Cavabdeh1 atası Cavabdeh2 ona yalvar-yaxar edərək xahiş etdi ki, pulu yaxın vaxtda ödəyəcək, lakin gedib polis şöbəsinə ərizə verməlidir ki, guya ona vurulmuş ziyan tam ödənilib və heç bir şikayəti, tələbi yoxdur. Hətta həmin vaxt Cavabdeh1 atası olan Cavabdeh2 bu barədə ona yazılı sənəd də təqdim etmişdir. İddiaçı da ona inanıb, onun xahişini nəzərə alaraq polis şöbəsində ərizə yazmışdır ki, guya ona dəymiş ziyan ödənilib. Bundan sonra polis şöbəsində onun ərizəsi nəzərə alaraq cinayət işinin icraatına xitam vermişlər. Qeyd edir ki, cavabdehlər onun pulunu ödəməyi öhdələrinə götürsələr də, sonradan üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirməmişlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakinonlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini qeyd etmişdir. İş materialları: Cavabdeh2 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilməklə imzalanmış, üzərində Cavabdeh2 məxsus şəxsiyyət vəsiqəsinin surəti əks olunmuş sənədin surətindən görünür ki, Cavabdeh2 qeyd etmişdir ki, X1 borc müqaviləsində aldığı 5.200 mant aldığı pulu X6 ödəyə bilməmişdir. İmkanı olmadığına görə onu başa düşüb Cəbrayıl rayon Polis Şöbəsində həmin pulun ödənilməsi barədə izahat vermişdir ki, pul tam ödənilmişdir. Lakin, o, adamın pulu ödənilməyib. Onun pulunu fevral ayının 5-də ödəniləməsini öz üzərinə götürür. Əgər ödənilməsə, onun oğlundan yenidən şikayət verilməsinə heç bir narazıçılığı yoxdur. Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı Cavabdeh1 5.200 manat məbləğində dələduzluq əməli törətməsi faktı ilə bağlı Cəbrayıl rayon Polis Şöbəsində cinayət işinin istintaqı aparılan zaman təqsirləndirilən şəxs Cavabdeh1 atasının xahişi ilə şikayətinin olmaması barədə ərizəsini təqdim etdiyi üçün cinayət işinə xitam verilməsi və hazırda Cavabdeh1 ona dəymiş maddi ziyanı ödəmədiyi barədə Cəbrayıl rayon Prokurorluğuna müraciəti üzrə araşdırma aparılması məqsədi ilə xx.xx.2025-ci il tarixdə Cəbrayıl rayon polis şöbəsinə göndərilmişdir. Müraciətlə bağlı bildirilmişdir ki, qardaşı - X5 barəsində Laçın Rayon Məhkəməsində aparılan cinayət işi üzrə cərimələri ödəmək və cinayət işinə xitam veriləcəyi adı ilə Cavabdeh1 ona yalan vəd verərək 2024-cü ilin iyun-iyul ayı ərzində hissə-hissə olmaqla ümumilikdə, xeyli miqdarda 5.200 manat məbləğində pulu dələduzluq yolu iiə ələ keçirməsi barədə Cəbrayıl rayon Prokurorluğuna müraciəti əsasında Cəbrayıl rayon X9 qrupunda 23 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılmışdır. İbtidai istintaq zamanı Cavabdeh1 23 noyabr 2024-cü il tarixdə saat 16:30-da RPŞ-nin İstintaq qrupunun müstəntiqi İlkin Quliyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 25 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və Cəbrayıl Rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İstintaq zamanı İddiaçı təqsirləndirilən şəxs Cavabdeh1 sizə məxsus ümumilikdə 5.200 manat məbləğində pulu tam ödədiyi üçün sonuncu ilə barışdığı, eləcə də heç bir şikayət və tələbinin olmaması barədə ərizə təqdim etmiş, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə, yəni Cavabdeh1 adından xx.xx.2025-ci il tarixdə X2 hesabına 1.300 manat məbləğində pul köçürülmüşdür. Buna görə də, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində göstərilənləri rəhbər tutaraq, yəni təqsirləndirilən şəxs Cavabdeh1 dələduzluq yolu ilə ələ keçirdiyi İddiaçı məxsus 5.200 manat məbləğində pulu tam ödədiyi, Cavabdeh1 barəsində heç bir şikayət və tələbininin olmaması barədə ərizə ilə müraciət etməyi, eyni zamanda cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında yəni, 1.300 manat məbləğində pul dövlət büdcəsinə ödəniş olunması nəzərə alaraq Cavabdeh1 barəsində aparılan cinayət işinin icraatına xitam verilməklə, o cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəməyə təqdim olunmuş AA seriyalı 275109 saylı məcburi köçkün vəsiqəsindən görünür ki, iddiaçı Məmmədov X7 rayonundan məcburi köçkün olmaqla, dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Cəbrayıl rayon X9 qrupunun müstəntiqi, polis kapitanı X10 tərəfindən qəbul edilmiş və rayon prokuroru tərəfindən təsdiq ediilmiş cinayət işinin icraatına xitam verilməsi, şəxsin məsuliyyətdən azad edilməsi və qətimkan tədbirinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən, Cavabdeh1 barəsində aparılan cinayət işinin icraatına xitam verilməklə, onun cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Qərarın məzmunundan aydın olur ki, cinayət işinin başlanmasına əsas və səbəb Cəbrayıl rayon Böyük Mərcanlı kəndində qeydiyyatda olmaqla hazırda Biləsuvar rayon ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 4 saylı qəsəbədə yerləşən 156 nömrəli evdə yaşayan İddiaçı qardaşı X5 barəsində Laçın Rayon Məhkəməsində aparılan cinayət işi üzrə cərimələri ödəmək və cinayət işinə xitam veriləcəyi adı ilə tanışı Vüsal Atakişiyev vasitəsilə tanıdığı Cavabdeh1 yalan vəd verərək 2024-cü ilin iyun-iyul ayı ərzində hissəhissə olmaqla ümumilikdə, xeyli miqdarda 5.200 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməsi barədə Cəbrayıl rayon Prokurorluğuna müraciəti və həmin müraciət əsasında toplanmış materiallar olmuşdur. İddiaçının təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, Cavabdeh1 kart hesabına xx.xx.2024-cü il tarixdə 2.000 manat, xx.xx.2024-cü il tarixdə 1.000 manat, xx.xx.2024-cü il tarixdə 200 manat və xx.xx.2024-cü il tarixdə 2.000 manat pul vəsaiti köçürülmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 10.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. 10.2-ci maddəsinə əsasən qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçıya qardaşının barəsində olan məhkəmə işində ona kömək edəcəyini bildirmiş və bunun üçün ona müəyyən miqdarda pul vəsaiti lazım olduğunu bildirmişdir. Bundan sonra iddiaçı Cavabdeh1 məxsus kart hesabına cəmi 5.200 manat məbləğində pul vəsaiti köçürmüşdür. İddiaçı ona qarşı dələduzluq əməlinin törədilməsini öyrəndikdən sonra hüquq-mühafizə orqanlarına müraciət etmiş və müraciəti əsasında Cavabdeh1 barəsində AR CM-nin 178.2.4-cü maddəsi ilə cinayət təqibi başlanmış və sonuncunun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bu mərhələdə Cavabdeh1 atası – digər Cavabdeh2 sözügedən pul vəsaitini iddiaçıya geri qaytaracağını, lakin maddi vəziyyəti yaxşı olmadığından pulu qaytarmaq üçün müəyyən müddət istəmiş, həmin müddətdə oğlunun cinayət məsuliyyətindən azad olunması üçün ərizəsini geri götürməsini xahiş etmiş və pulun geri qaytarılmadığı təqdirdə oğlunun barəsində bir daha müraciət etməsinə etiraz etmədiyini bildirmiş və bu barədə iddiaçıya yazılı ərizə təqdim etmişdir. İddiaçının bununla razılaşmasına baxmayaraq cavabdehlər razılaşmanın şərtini pozmuş və müəyyən edilmiş müddətədək – xx.xx.2025-ci il tarixədək 5.200 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmamışlar. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 5200 manat məbləğində pul vəsaiti bilavasitə Cavabdeh1 ödənilsə də, digər Cavabdeh2 həmin pulun qaytarılmasına dair üzərinə öhdəlik götürsə də, bu öhdəlikdən yayınmışdır.Odur ki, İddiaçı 5200 manat vəsaiti hesabına Cavabdeh1 əsassız olaraq varlanmış olsa da,digər cavabdehin də könüllü öhdəliyi nəzərə alınmaqla pul vəsaiti hər iki cavabdehdən müştərək qaydada tutulmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5.200 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5.200 (beş min iki yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdehlər qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar