Məhkəmə qərarları › İş №2(006)-3318/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3318/2024

25.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3318/2024 25.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə öz qızı Qanuni nümayəndə arasında olan münasibət zəminində qızının xahişi ilə ümumilikdə 4.900 (dörd min doqquz yüz) manat pulu Cavabdeh vermişdir. Həmin pulu iddiaçı iki dəfəyə yəni, 3500 (üç min beş yüz) manat və 1400 (min dörd yüz) manat olmaqla cavabdehin öz adına olan kartına göndərmişdir. Cavabdehlə buna dair danışıqlar da mövcuddur. Bir müddət sonra iddiaçı qızı vasitəsilə pulu geri istədikdə cavabdeh ona təhqirlər və təhdidlər edərək borcu qaytarmaqdan boyun qaçırmağa başladı. Halbuki, qızı ona güvənirdi. Belə bir addım atacağını heç vaxt düşünməmişdilər. İddiaçı məcburdur ki, həmin pulu mülki qaydada müraciət etməklə tələb etsin. Bundan əvvəl qızı Zarema Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-1449/2024 saylı qətnaməsi ilə cavabdehin şikayəti qismən təmin edilərək Nəsimi Rayon Məhkəməsinin 2(006)-2664/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi iddia əsl olmayan cavabdeh tərəfindən verildiyi üçün ləğv edilmiş və iddia təmin edilməmişdir. Lakin məhkəmə Kollegiyası araşdırma zamanı həqiqəti müəyyən edərək cavabdehin həqiqətən borclu olduğunu müəyyən etmişdir. Bu səbəbdən hal-hazırda iddia tələbi onun tərəfindən Cavabdeh qarşı qaldırılır. Göstərilənlərə əsasən Cavabdeh 4.900 manat borcun tutularaq İddiaçı verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, cavabdehlə onlar gözəllik mərkəzində bir yerdə çalışırdılar. O, ona bildirdi ki, onun məhkəmə prosesləri var. Çətin vəziyyətdədir. Ona 3500 manat pul lazımdır. O da bildirdi ki, onda o qədər pul yoxdur. Lakin çalışar ki, tanışından alıb versin. O, bununla bağlı anasına bildirdi və ondan həmin məbləği alaraq cavabdehə verdi. Lakin onun pulu qaytarmağı gecikdirməsindən ehtiyat etdiyindən pulun anasına məxsus olduğunu demədi və pulu tanışından aldığını bildirdi. Bir müddət keçdikdən sonra o yenidən ona müraciət edərək bu dəfə də oğlu və qızına ad günü hədiyyəsi kimi saat almaq istədiyini, lakin bunun üçün yetərli pulunun olmadığını bildirərək ondan əlavə olaraq 1400 manat pul istədi. O da yenidən ona həmin məbləği verdi. Lakin xeyli müddət keçsə də, cavabdeh borcu qaytarmadı. O, bununla bağlı dəfələrlə ona müraciət etdi. Lakin o müxtəlif təhqir və təhdidlər edərək bundan boyun qaçırdı. Onlar da məcbur qalaraq məhkəməyə müraciət etdilər. Bütün ödənişlər cavabdehə məxsus bank hesabına köçürülmüşdür. Bununla bağlı sübutlar məhkəməyə təqdim edilmişdir. Həmçinin, daha öncə də hazırki tələblə bağlı məhkəməyə müraciət etmişdilər. Həmin iddia ərizəsində iddiaçı olaraq onun adı qeyd edildiyindən iddia tələbi rədd edilmişdir. Lakin məhkəmə qətnaməsində müəyyən edilmişdir ki, cavabdehə 4900 manat məbləğində pul verilmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq bildirdi ki, cavabdehə verilən pul iddiaçının, yəni anasının pulu idi. 4.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının nümayəndəsi onun işçisi olub. Onlar kosmetik məhsulların satışı ilə məşğul olurdular. İddiaçını isə tanımır. Ondan heç vaxt borc almamışdır. İddiaçının nümayəndəsi ondan kosmetik məhsullar alaraq satışını həyata keçirirdi. Onun kartına da həmin satışdan əldə edilən gəlirləri göndərmişdir. Bir çox vaxt hətta o da onun kartına müəyyən vəsaitlər göndərmişdir. O, heç vaxt ondan borc pul istəməmişdir. Həmçinin, o, əksər hallarda xaricdə yaşadığından iddiaçının nümayəndəsindən və digər işçilərdən kassadan pul götürərək onun şəxsi hesabına köçürməsini xahiş etmişdi. Həmçinin, onun bank kartları bir çox hallarda iddiaçının nümayəndəsində olmuş və onun hansı əməliyyatları etməsindən məlumatı olmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərin həqiqiliyinə də onun şübhələri vardır. Əlavə olaraq, iddiaçının nümayəndəsi işlədiyi müddətdə işlətdiyi mağazadan yeyinti etmişdir. Bununla bağlı tərəfindən məhkəməyə müraciət ediləcəkdir deyə bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən səs yazılarının ona məxsus olmasını isə cavabdeh etiraf etmişdir. Odur ki, bu kimi halları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. 5.Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı S.Gülavərin qızı tərəfindən Cavabdeh məxsus bank hesabına ayrı-ayrı vaxtlarda ümumilikdə 4.900 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Həmçinin, müəyyən edilmişdir ki, daha əvvəl iddiaçının qızı S.Zarema tərəfindən hazırki cavabdehə qarşı iddia qaldırılmış, məhkəmənin qətnaməsi əsasında iddia tələbi təmin edilmiş, lakin qətnamədən cavabdeh tərəfindən şikayət verilmiş, apellyasiya instansiyası məhkəməsində şikayət qismən təmin edilərək, məhkəmənin qətnaməsi ləğv edilmişdir. Əsas isə pul məbləğinin Cavabdeh S.Zarema tərəfindən yox, onun anası S.Gülavər tərəfindən köçürülməsi və iddia tələbinin əsl iddiaçı tərəfindən verilməməsi olmuşdur. Odur ki, hazırda iddiaçı S.Gülavər iddia qaldıraraq onun tərəfindən cavabdehə məxsus karta köçürülmüş 4.900 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh B.Lalə isə həmin məbləğin borc yox, kosmetik məhsulların satışı ilə bağlı olduğunu iddia edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən tələb edir. b) Mülki işin materialları: 7.Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1449/2024 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2664/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin (əsl olmayan iddiaçı tərəfindən verildiyindən) təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 69 manat dövlət rüsumunun iddiaçı Qanuni nümayəndə, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 35 manat dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir. 8.Mülki işin materiallarında olan Balakən rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2001-ci il tarixdə verilən AZ-İ seriyalı, 154432 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Qanuni nümayəndə xx.xx.2001-ci il tarixdə anadan olmuş, ana adı qrafasında İddiaçı qeyd edilmişdir. 9.Mülki işin materiallarında olan xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, həmin tarixlərdə 16:34:16 və 11:02:20 saatlarında “Rabitə Bank” xidməti və “Kapital Bank” xidmətindən Cavabdeh məxsus 52xxxxxxxx284926 və 540408******7067 hesab nömrələrinə 3.500 (üç min beş yüz) manat və 1.400 (min dörd yüz) manat, ümumilikdə 4.900 (dörd min doqquz yüz) manat məbləğində pul köçürülmüşdür. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 10.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 11.Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 12.Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 13.Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (əvvəlki redaksiya ilə) 14.Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (əvvəlki redaksiya ilə). 15.Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (əvvəlki redaksiya ilə) 16.Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (əvvəlki redaksiya ilə) 17.Hazırki iş üzrə müəyyən edilmiş hallardan görünür ki, iddiaçının qızı Qanuni nümayəndə Cavabdeh işçisi olmuş, İddiaçı tərəfindən xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə cavabdehin kartına ümumilikdə 4.900 manat məbləğində pul köçürülmüşdür. Odur ki, iddiaçı tərəfindən cavabdehə məxsus kart hesabına pul vəsaitinin köçürülməsi və cavabdeh tərəfindən həmin vəsaitin iddiaçıya qaytarılmaması işin mübahisəsiz halıdır. Hazırda iddiaçı tərəf həmin pul vəsaitinin cavabdehə borc olaraq verildiyini iddia edərək, həmin vəsaitin cavabdehdən tutulmasını tələb etsə də, halbuki, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən öhdəliyin yaranması üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırki iş üzrə isə tərəflər arasında borc pulun verilməsinə dair müqavilə bağlanmadığına (müvafiq akt da yoxdur) görə tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmamışdır. Məhkəmə qənaətə gəlir ki, bu halda tərəflər arasındakı münasibətlərə qanundan əmələ gələn öhdəliklərlə bağlı müddəalar (əsassız varlanma) tətbiq olunmalıdır. 18.Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 19.Eyni Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 20.Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 21.Eyni Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 22.Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, cavabdeh iddiaçıya məxsus ümumilikdə 4.900 manat məbləğində pulu hər hansı qanuni əsas olmadan əldə edib özündə saxlamaqla əsassız varlanmışdır və o, əsassız varlanma nəticəsində əldə etdiklərini iddiaçıya geri qaytarmalıdır. Bundan əlavə isə iddiaçı tərəfindən təqdim edilmiş audio səs yazısına əsasən cavabdeh bunu etiraf etmiş (səs yazısının ona məxsus olmasını), lakin həmin pulun geri qaytarılması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, qeyd edilən qəbzlərin həqiqiliyi ilə bağlı məhkəmə qeyd edir ki, həm səs yazılarının etiraf olunması, həmçinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1449/2024 saylı qətnaməsi ilə sözügedən qəbzlərin həqiqiliyi öz əksini tapmışdır (verilmiş müvafiq sorğulara əsasən). 23.Bundan əlavə isə məhkəmə qeyd edir ki, cavabdeh tərəf məhkəməyə müvafiq sübutların gətirəcəyini qeyd etsə də, ona məhkəmə tərəfindən təyin edilmiş üç hazırlıq iclası barədə müvafiq məlumatlar verilsə də, məhkəmə iclaslarında iştirak etməmiş və bu barədə etirazını məhkəmə baxış iclası zamanı bildirmişdir ki, bu hal da qanunvericiliyin normasına ziddir (Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 78-ci maddəsi). 24.Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4.900 (dörd min doqquz yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. 25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 26.Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 27.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 29.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 30.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 31.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4.900 (dörd min doqquz yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar