Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3345/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə dövlət orqanlarının birinə işə düzəlmək istədiyini bildirmişdir. Cavabdeh isə iddiaçıya tanışlarının olduğunu və ona bu işdə köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra Cavabdeh iddiaçıya qanuni yolla imtahana getməsini və ilk öncə bu iş üçün ondan 3 000 (üç min) manat pul aldı. Bundan sonra iddiaçı imtahana getdi və imtahandan keçmək üçün Cavabdeh iddiaçıdan 4000 (dörd min) manat pul aldı. İddiaçı imtahanda az bal topladı və topladığı bal DGK-nə işə düzəlməsi üçün yetərli deyildi. Bundan sonra Cavabdeh iddiaçıya topladığı balla işə düzəldəcəyini deyib əlavə 8000 (səkkiz min) manat pul almışdır. Lakin, sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh iddiaçını aldatmış və pulunu geri qaytarmaq niyyəti yoxdur. İddiaçı bununla bağlı şikayət edəcəyini bildirdi və cavabdeh iddiaçını sakitləşdirməkdən ötrü onunla borc müqaviləsi bağladı. Beləliklə, tərəflər arasında xx xxxxxxxx 2017-ci il tarixli borc müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan aldığı 15000 (on beş min) manat pulu xx xxxxxxx 2017-ci il tarixədək qaytarmalı idi. İddiaçı bu barədə Bakı şəhəri Nəsimi rayonu Polis İdarəsinə müraciət etmiş, lakin cinayət işinin başlanması rədd edilmişdir, hətta bir neçə dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar Nəsimi rayon Prokurorluğu tərəfindən ləğv edilsə də, yenidən eyniməzmunlu qərarlar qəbul edilmişdir. Cavabdeh iddiaçıdan aldığı 15000 (on beş min) manat pulu hal-hazıra kimi qaytarmamışdır. İddiaçı cavabdehdən dəfələrlə pulun qaytarılmasını tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə iddiaçıdan vaxt istəmiş və buna baxmayaraq, indiyə qədər pulu geri qaytarmamışdır. Göstərilənlərə əsasən Cavabdeh 15000 (on beş min) manat, vəkilə ödənilmiş 500 (beş yüz) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri 43 saylı notariat kontorunun xüsusi notariusu E.B.Qurbanov tərəfindən təsdiq edilmiş xx xxxxxxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən Nağıyev X3 Azər Laçın oğluna 15.000 manat borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti xx.xx.2017-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hazırkı iddiası ilə bağlı hüquqi yardıma görə510 manat məbləğində pul ödəmişdir. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 15.000 manat məbləğində borc pul vermiş, cavabdeh həmin pul məbləğini müqavilədə nəzərdə tutulmuş vaxtda qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, həmin tarixdən xeyli müddət keçmiş, lakin cavabdeh öhdəliyini icra etməyərək, borcu iddiaçıya müqavilədə nəzərdə tutulmuş qaydada ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göstərilən Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddianın hüquqi yardıma görə ödənilmiş 500 manat məbləğində pulun cavabdehdən alınması hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, iddia bu hissədə təmin olunmalı və hüquqi yardım xərci cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 1-ci hissəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit edilmişdir Qeyd olunanlara əsasən məhkəməhesabedirki, iddia tələbi təmin edilməli, Cavabdeh 15.000 (on beş min) manat məbləğində pul vəsaiti, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15.530 (on beş min beş yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 15.000 (on beş min) manat məbləğində pul vəsaiti, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15.530 (on beş min beş yüz otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3345/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3345/2020
01.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver