Məhkəmə qərarları › İş №2(006)-3351/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3351/2025

23.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3351/2025 23.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə (videokonfrans əlaqə sistemindən istifadə edilməklə), İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı 1-ci qrup Qarabağ Müharibəsi əlilidir. ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi ona məxsusdur. Həmin qeyri-yaşayış sahəsində tərəfindən yaradılmış “Qarabağ əlilləri və X1” fəaliyyət göstərir. Qeyri-yaşayış sahəsi iki mərtəbədər, ibarətdir, giriş küçədəndir. Lakin küçədən girişdən ikinci mərtəbəyə qalxmaq olmur. Buna görə ikinci mərtəbə istifadəsiz qalıb. Qeyd edilən qeyri-yaşayış binasını 2019-cu ildə X3 adlı şəxsdən almışdır. Qeyriyaşayış sahəsi ilə birlikdə Zabil Əsgərovdan obyektin arxasında və yanında olan torpaq sahəsini, obyektin yanında olan hamamı və damı, obyektin arxasında olan damı və navesi də almışdır. Lakin uzun sürən məhkəmə mübahisəsinin nəticəsində torpaq sahəsinin, navesin və damın ona məxsus olması təsdiqlənmədi. Həmin obyektin yanındakı torpaq sahəsi boş olduğundan o, oradan obyektin ikinci mərtəbəsinə pilləkən qoymaq üçün 2024-cü ilin əvvələrində Gəncə şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Bu müraciəti ilə bağlı 2024-cü ilin avqust ayında Gəncə şəhərinin baş memarı Cavabdeh qəbulunda olmuşdur. Cavabdeh pilləkənin qoyulmasına icazə verilməsinə görə ona dövlət rüsumu adı altında 5000 (beş min) manat pul istəmişdir. Elvin pulu ona Gəncə şəhərində “Butulkalı ev”in yanına gətirməyini tapşırmışdır. O, konvertə 3000 (üç min) manat pul qoyaraq Elvinin tapşırdığı yerdə pulu ona vermişdir. Elvin pulun qalan hissəsini, yəni 2000 (iki min) manatı da ondan tələb edəndə, bildirmişdir ki, sənədi verəndə pulun qalan hissəsini də verəcəkdir. Lakin aradan bir neçə ay keçməsinə baxmayaraq Elvin ona nə pilləkənə dair razılıq sənədi vermədi, nə də pulnu qaytarmadı. Buna görə o, Elvindən şikayət etmişdir. Gəncə şəhər müstəntiqi, İİİ dərəcəli hiiquqşunas X2 xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, araşdırma zamanı materialda cinayət hadisəsi müəyyən edilməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla bağlı, yəni onun guya ondan pilləkənin qoyulmasına icazə verilməsinə görə dövlət rüsumu adı altında 5000 (beş min) manat pul istəməyi və onun ona Gəncə şəhərində "Butulkalı ev"in yanında konvert icərisində 3000 (üç min) manat pul verməsi ilə bağlı Gəncə Şəhər Prokurorluğuna etdiyi müraciət tam şəkildə araşdırılmış və İddiaçı dedikləri öz təsdiqini tapmamışdır. Gəncə Şəhər Prokuroluğunun müstəntiqinin xx.xx.2024-cü il tarixli 24-3-2-2-415-0582 (504-C-24) saylı müvafiq qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1 maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməlidir. Həmçinin bildirir ki, İddiaçı onun çalışdığı şöbəyə müraciət etmiş, onun küçədən 2-ci mərtəbəyə qalxmaq üçün pilləkən qoymaq istədiyi yer obyektin ərazisindən kənarda yerləşməsi, hər hansı layihə sənədinin olmaması və ümumi istifadə təyinatlı torpaq olması müəyyən edilmişdir. İddiaçı pul istəməmiş və almamış, onun dedikləri həqiqəti əks etdirmir. Belə ki, İddiaçı ona pul verdiyi yer kimi qeyd etdiyi ərazi turistik yer olduğundan orada hər tərəfdə şəhər müşahidə kameraları mövcuddur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmədən 2(006)-3351/2025 saylı mülki iş üzrə İddiaçı ona qarşı “pul tələbi”nə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Gəncə Şəhər Prokuroluğunun müstəntiqinin xx.xx.2024-cü il tarixli 24-3-2-2-415- 0582-1 saylı qərarına əsasən İddiaçı şikayəti əsasında Gəncə şəhəri İcra Hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinin müdiri - baş memar Cavabdeh İddiaçı pilləkənin qoyulması üçün pul alması faktı üzrə toplanmış 504-C-24 norıre materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası Cinaye Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin: 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, iddiaçını dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, hazırda iddiaçı cavabdehdən 3000 manat məbləğində pul vəsaitinin alınıb ona ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, tərəflər arasında öhdəlik və ya borc münasibətlərinin yarandığı müəyyən edilmədiyindən pul vəsaitinin qaytarılması ilə bağlı iddiaya borc münasibətləri çərçivəsində baxılması yolverilməzdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091, 1092-ci maddələri təşkil edir. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, bu halda sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi pul məbləğlərini cavabdehə verdiyini sübut etməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olubolmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehdən tələb etdiyi 3000 manat pulun Cavabdeh verilməsini sübut edə bilməmişdir. Belə ki, İddiaçı tərəfindən həmin pulun cavabdehə verilməsi ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarda da hazırki iş üzrə cavabdehin izahatı, habelə pulu almasını etiraf etməsi öz əksini tapmamışdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını mötəbər sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar