Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-336/2023 12.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili - Vəkil, Cavabdeh “TBC Kredit" BOKT Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi - X6 iştirakları ilə, İddiaçı cavabdehlər “TBC Kredit" BOKT Məhdud Məsuliyyəti Cəmiyyətinə və Cavabdeh1nə qarşı «pul» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “TBC Kredit" BOKT Məhdud Məsuliyyəti Cəmiyyətinə və Cavabdeh1nə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər TBC Kredit " Bank olmayan kredit təşkilatından 10554 manat və Cavabdeh1ndən 8907 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-291/2018 saylı qətnaməsinə əsasən ümumilikdə 69,363,53 ABŞ dolları məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumu və 120 manat ipoteka predmetinə yönəldilməsi üçün rüsum cavabdeh X1 tutularaq "TBC Kredit " bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyəti Cəmiyyətin xeyrinə ödənilməsi qət edilmişdir. Tutma ipoteka predmeti olan X3 məxsus Abşeron rayonu Məhəmmədi kəndində yerləşən 0.10 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 127.5 kv m olan 3 otaqlı fərdi yaşayış evinə yönəldilərək açıq hərracda satışından əldə olunan məbləğdən ödənilməlidir. Fərdi yaşayış evinin ilkin satış qiyməti 218000 manat müəyyən olunmuşdur. Ali Məhkəmənin 2(102)-2101/2021-ci il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Fərdi yaşayış evi Abşeron Rayon İcra şöbəsinin icraatına daxil olmuş, lakin iddiaçıya icraata başlamaq haqqında qərar və bildiriş verilməmişdir. Fərdi yaşayış evi hərraca çıxarılmış və ilkin hərracda satılmamışdır. Daha sonra yenidən hərrac keçirilmiş və yenədə satılmamış və 40 faiz aşağı qiymətə tələbkar tərəfindən balansa 138.975 manat borc əvəzi olaraq qəbul edilmişdir.Qalan 20898 manat pul isə 2355 manat 3 faizsadələşdirilmiş vergiyə, 8199 manat 5 faiz Hərrac təşkilatına "TBC" kredit bank olmayan krədit təşkilatı tərəfindən və 7 faiz icra ödənişi isə Cavabdeh1 tərəfindən tutulmuşdur. Lakin iddiaçı tərəfindən “TBC Kredit" BOKT Məhdud Məsuliyyəti Cəmiyyətinə və Cavabdeh1nə qalıq pulun qaytarılmasına dair iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə məktub göndərilsə də heç bir cavab ala bilməmişdir və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur, belə ki, keçmiş ipotekaqoyan X7 bu iddia qaldırılanadək vəfat etmişdir. İddiaçının da əsaslandığı AR Mülki Məcəlləsinin 319.3-cü maddəsinə əsasən “İpoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur”. “İpoteka haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. “İpoteka haqqında” Qanunun 47.2-ci maddəsinə əsasən İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə. Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinə əsasən “Notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq İ (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. Vergi Məcəlləsinin 218.5.2-ci maddəsinə əsasən, “kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və bu fondların idarəçiləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, lombardların sadələşdirilmiş vergi ödəyicisi olmaq lıüququ yoxdur”, həmin Məcəllənin 220-ci maddəsində isə sadələşdirilmiş verginin dərəcəsi müəyyən olunmuşdur. Beləliklə məlum olur ki, TBC Kreditə qarşı yönəlmiş 10 554 manat vəsaitin 2 355 manat təşkil edən hissəsi hərrac təşkilatından tələb edilməlidir. İddia ərizəsində bu fakt qeyd edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “TBC Kredit" BOKT Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi X9 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Bakı Hərrac Mərkəzinin 627/21 nömrəli, 12 yanvar 2022-ci il tarixli protokolundan müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(105)- 28/2020 saylı icra sənədinə əsasən Abşeron rayonu Məhəmmədi kəndində yerləşən 0.10 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 127.5 kv m olan 3 otaqlı fərdi yaşayış evi X4 məxsusdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-28/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixli AZBA-009803 saylı ipoteka müqaviləsi ilə ipoteka predmeti olan Abşeron rayonu Məhəmmədi kəndində yerləşən 0.10 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 127.5 kv m olan 3 otaqlı fərdi yaşayış evinin mülkiyyətçisi X7 deyil, X5r. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2101/2021 saylı, 03 may 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-28/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onların iddia tələblərinin qanuni əsaslarının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadırlar; çünkü iddia tələbinin əsası kimi istinad olunan və hazırkı iş üzrə iddiaçının, atası X2 qanuni sahibliyində olduğunu iddia etdiyi əmlakın bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən əmlakın hər hansı hüquqla X3 məxsusluğu müəyyən edilməmiş, əksinə məhkəmə aktları ilə həmin əmlakın mülkiyyətçisinin X7 deyil, X8 olması müəyyən edilmiş və həmin əmlakın hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin X4 qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçını iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki, hərracda satılmış əmlak üzərində iddiaçının atası X7 qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, əmlakın mülkiyyətçisi (X8) tərəfindən onunla müvafiq müqavilə bağlanmamış, yaxud əmlak qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia ərizəsinin digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hərracda satılmış əmlak X4 məxsus olduğundan və məhkəmə aktları ilə həmin əmlakın hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin X4 qaytarılması qət edildiyindən iddiaçının mülki işə dair subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-336/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-336/2023
12.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver