Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3370/2025 24.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyan – 3867.5 manat, mənəvi zərərin məbləği – 1000 manat və ödənilmiş 69 manat dövlət rüsumu, cəmi 4936.5 manat məbləğində pulunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin "Yasamal" filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, №1928/F-13 saylı kredit müqaviləsinə əsasən, bank cavabdehə 24 ay müddətinə illik 26% ödəmək şərti ilə 3500 (üç min beş yüz) manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bank ilə onun arasında xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə bağlanan zamanı cavabdeh söz vermişdir ki, krediti vaxtlı-vaxtında ödəyəcək və bununla bağlı hər hansı problem yaranmayacaq. Cavabdeh kreditin bir hissəsini əvvəllər ödəsədə, lakin sonradan qalan hissəsini ödəməmiş, bu səbəbdən borc yaranmış və bank məhkəməyə müraciət edəndən sonra Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli 2(006)-7111/2015 saylı məhkəmə əmri ilə Cavabdeh və İddiaçı müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 2384,29 manat əsas, 1463,21 manat faiz, cəmi 3847,50 (üç min səkkiz yüz qırx yeddi manat 50 qəpik) manat məbləğində pul və 20(iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumun tutulması əmr edilmişdir. Məhkəmə əmri qanuni qüvvəyə minəndən sonra həmin iş icraya yönəldilmişdir. Bununla əlaqədar icra məmuru tərəfindən cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə olmamış, Cavabdeh tərəfindən ödəniş olmamış, həmin borc mənim tərəfimdən tam şəkildə ödənilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. Belə ki, "xxxx" ASC-nin Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə göndərilən xx.xx.2024-cü il tarixli 4735 №-li məktubundan görünür ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-7111/2015 saylı xx.xx.2015ci il tarixli icra sənədinə əsasən tərəflərindən başlanmış icra işi üzrə borclular Cavabdeh və İddiaçı tərəfindən ödənilməli olan borc tam şəkildə bağlanmışdır. Naxçıvan şəhər İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-7111/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədində qeyd olunan 3867,5 manat məbləğində tələb borclular Cavabdeh və İddiaçı tərəfindən tam şəkildə təmin olunduğundan icra sənədi üzrə icraata xitam verilmişdir. Halbuki həmin məbləğ yalnız onun tərəfindən ödənilmişdir. N nömrəli hərbi hissənin X1 iddiaçı C.İddiaçı ünvanladığı 12 aprel 2025-ci il tarixli cavab məktubundan görünür ki, Nəsimi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(006)-7111/2015 nömrəli icra vərəqəsinə 2024-cü ilin mart-avqust aylarında pul təminatınızdan cədvəldə göstərilən cəmi 3468,72 manat məbləğ tutularaq Cavabdeh "xxxx" ASC-nin Mərkəz Filialındaki hesabına köçürülmüşdür. Cavabdehin əvəzinə ödədiyi "xxxx" ASC-nə və icra şöbəsinə (7% icra borcu) pulların qaytarılması üçün mən dəfələrlə Elvara müraciət etsə də, lakin heç bir nəticə olmamış və faktiki olaraq o pulları qaytarmaqdan imtina etmişdir. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətlər nəticəsində ona və ailəsinə 3867,5 manat məbləğində maddi ziyan (real zərər) dəymişdir. Eyni zamanda, Cavabdeh qanunsuz hərəkətlər nəticəsində ona və yaxınlarına mənəvi zərər dəymişdir, çünki bu müddət ərzində ailəsi mənəvi sarsıntı və iztirab keçirtmişdir. Ailə vəziyyəti ağırdır, anası vəfat edib, atası ağır xəstədir, himayəsində işləməyən həyat yoldaşı və üç azyaşlı uşağı vardır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli, 2(006)-7111/2015 saylı məhkəmə əmri ilə xx xxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Cavabdeh və xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında yaşayan İddiaçı müştərək qaydada ünvan 4 ünvanında yerləşən "xxxx" ASC-nin xeyrinə 2384 (iki min üç yüz səksən dörd) manat 29 (iyirmi doqquz) qəpik əsas, 1463 (min dörd yüz altmış üç) manat 21 (iyirmi bir) qəpik faiz, cəmi 3847 (üç min səkkiz yüz qırx yeddi) manat 50 (əlli) qəpik məbləğində pul vəsaitinin tutulması, borclular Cavabdeh və İddiaçı müştərək qaydada kreditor "xxxx" ASC-nin xeyrinə 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan şəhər İcra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-7111/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən tərəfinizdən başlanmış icra işi üzrə borclular Cavabdeh və İddiaçı tərəfindən ödənilməli olan borc tam şəkildə bağlanmışdır. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq Nəsimi Rayon Məhkəməsinin 2(006)-7111/2015 sayli, xx.xx.2015-ci il tarixli icra sənədinə "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsi xahiş edilmişdir. - Naxçıvan şəhər İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata xitam verilməsi” haqqında qərardad görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7111/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. -N nömrəli hərbi hissənin X1 İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Nəsimi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(006)-7111/2015 nömrəli icra vərəqəsinə aylıq pul təminatından cədvəldə göstərilən cəmi 3468,72 manat məbləğ tutularaq Cavabdeh "xxxx" ASC-nin Mərkəz Filialındaki hesabına köçürülmüşdür. a) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. İş materiallarından aydın olur ki, "xxxx" ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, cavabdeh 24 ay müddətinə 3500 manat məbləğində kredit vəsaiti almış, həmin kreditin icrasının təminatı məqsədilə İddiaçı bank qarşısında zamin qismində çıxış etmişdir. Lakin iş materiallarından görünür ki, cavabdeh kreditin bir hissəsini ödədikdən sonra ödənişləri tam dayandırmış, nəticədə bank qarşısında borc yaranmışdır. Bu səbəbdən "xxxx" ASC məhkəməyə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-7111/2015 saylı məhkəmə əmri ilə Cavabdeh və zamin İddiaçı müştərək qaydada bankın xeyrinə 2384,29 manat əsas borc, 1463,21 manat faiz və 20 manat dövlət rüsumunun tutulması müəyyən edilmişdir. Məhkəmə əmri qanuni qüvvəyə mindikdən sonra icraata yönəldilmiş, lakin cavabdeh öz borc öhdəliklərini icra etməmişdir. İcra sənədinin icrası zamanı dəfələrlə cavabdehə yazılı və şifahi xəbərdarlıqlar edilsə də, o, borcun ödənilməsindən yayınmışdır. Bunun nəticəsində iddiaçı, zamin qismində məsuliyyət daşıyan şəxs kimi, borcu öz hesabına tam şəkildə ödəməyə məcbur qalmışdır. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubunda, həmçinin Naxçıvan şəhər İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərardadında da göstərildiyi kimi, məhkəmə qərarı üzrə borc tam şəkildə ödənilmişdir. N nömrəli hərbi hissənin X1 xx.xx.2025-ci il tarixli məktubundan isə açıq şəkildə görünür ki, icra sənədi üzrə ödənişlər yalnız iddiaçının hərbi xidmət üzrə pul təminatından tutulmaqla həyata keçirilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, bank qarşısında öhdəliyin tam icrası yalnız iddiaçının hesabına baş vermişdir. Cavabdeh isə nə bank qarşısında, nə də zamin qarşısında borcun ödənilməsi ilə bağlı hər hansı tədbir görməmiş, zamin tərəfindən ödənilən məbləği geri qaytarmaqdan imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçıya faktiki maddi zərər dəymişdir. Belə ki, iddiaçı öz gəlir mənbəyindən, uzun müddət ərzində, mərhələlərlə 3867,5 manat məbləğində vəsaiti ödəməyə məcbur olmuş, bu da onun ailə büdcəsinə və sosial vəziyyətinə mənfi təsir göstərmişdir. Cavabdehin hərəkətsizliyi və məsuliyyətsiz davranışı nəticəsində iddiaçının üzərinə əlavə maliyyə yükü düşmüş, onun zamin kimi hüquqları pozulmuşdur. Buna görə də, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cavabdehdən 3867,5 manat məbləğində maddi zərərin ödənilməsi tələbi tam əsaslıdır və təmin edilməlidir. Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. İş materiallarından görünür ki, cavabdehin kredit öhdəliyini yerinə yetirməməsi nəticəsində bank tərəfindən icra icraatına başlanmış, borcun zamin tərəfindən ödənilməsi üçün uzunmüddətli və gərgin proses baş vermişdir. İddiaçı həmin müddət ərzində həm maddi, həm də mənəvi cəhətdən çətin vəziyyətə düşmüşdür. O, cavabdehin məsuliyyətsiz davranışı ucbatından öz gəlirlərindən müəyyən müddət ərzində tutmalar aparılması ilə üzləşmiş, ailə üzvlərinin gündəlik dolanışığında və sosial rifahında çətinliklər yaranmışdır. İddiaçının izahatlarından və təqdim etdiyi sənədlərdən görünür ki, onun ailə vəziyyəti ağır olmuş, himayəsində üç azyaşlı uşağı, işləməyən həyat yoldaşı, xəstə atası və mərhum anası olmuşdur. Bu şəraitdə borcun cavabdehin əvəzinə ödənilməsi, iddiaçı üçün əlavə gərginlik və mənəvi sarsıntı yaratmış, onun daxili rahatlığını və ailə münasibətlərini mənfi istiqamətdə təsirləndirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin davranışı — öz öhdəliyini icra etməməsi və borcun zamin tərəfindən ödənilməsinə biganə yanaşması — iddiaçıya mənəvi əziyyət və psixoloji gərginlik doğurmuşdur. Lakin təqdim olunmuş materiallardan görünən hallar bu zərərin iddiaçı tərəfindən göstərilən 1000 manat məbləğində deyil, daha az miqdarda müəyyən edilməsini zəruri edir. Çünki mənəvi zərərin dərəcəsini və miqdarını qiymətləndirərkən, onun real nəticələri, hadisənin xarakteri, cavabdehin davranış forması, iddiaçının sosial vəziyyəti və iş üzrə müəyyən edilmiş bütün hallar nəzərə alınmalıdır. Bu səbəbdən məhkəmə iddiaçının mənəvi zərərin ödənilməsi tələbinin qismən təmin edilməsini, yəni onun xeyrinə 300 (üç yüz) manat məbləğində mənəvi zərərin cavabdehdən tutulmasını ədalətli və əsaslı hesab edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 3867.5 manat, mənəvi zərərin əvəzi kimi 300 manat, və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 59 manat, ümumilikdə 4226.5 (dörd min iki yüz iyirmi altı manat) pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 3867.5 manat, mənəvi zərərin əvəzi kimi 300 manat, və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 59 manat, ümumilikdə 4226.5 (dörd min iki yüz iyirmi altı manat) pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-3370/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3370/2025
24.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver