Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3384/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənəvi ziyanın əvəzi olaraq 40.000 manat və maddi ziyanın əvəzi olaraq 5.000 manat olmaqla, cəmi 45.000 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Səbail rayon Polis İdarəsinin 24 aprel 2021ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarı ilə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Səbail RPİ-nin 22 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarı ilə İddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.2. və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Səbail Rayon Polis İdarəsinin 22 iyul 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarı ilə İddiaçı barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(009)-16/2022 saylı hökmü (hakim Günel Səmədova) ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək cəza çəkmə müddətinin əvvəli 18 fevral 2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs İddiaçı müdafiəçiləri S.A.Kərimov və E.H.Məmmədov tərəfindən birlikdə, zərərçəkmiş şəxslər və mülki iddiaçılar O.Paşayev, V.Balayev, T.Şərifov, Ç.Məmmədrzayev M.Əhmədov tərəfindən ayrı-ayrılıqda həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(103)-820/2022 saylı hökmü ilə məhkum edilmiş şəxs İddiaçı müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Həmçinin İddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası, eləcə də, vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(102)-20/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(103)-820/2022 saylı hökmü dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı bildirir ki, barəsində qeyd olunan ittiham elan olunmamışdan əvvəl zərgərlik fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edirdi. Qeyd olunan ittiham olunandan sonra nəinki zərgərlik fəaliyyəti, ümumiyyətlə heç bir işlə məşğul ola bilmir. Belə ki, istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs kimi tanınmış şəxslər tərəfindən onun barəsində həqiqətə uyğun olmayan məlumatlar xəbər saytlarında və sosial şəbəkələrdə dərc etdirildiyi üçün adını «Google» axtarış sisteminə yazan kimi dələduzluq maddəsi ilə həbs olunduğu görünür. Bunu görən işəgötürəndə də ona qarşı mənfi fikir formalaşır ki, bu səbəbdən də heç bir işlə məşğul ola bilmir. Bundan başqa, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçildiyi 7 ay müddətində azadlığı qismən məhdudlaşdırılmış, həbsdə saxlanıldığı 82 gün müddətində isə azadlıq hüququ tamamilə əlindən alınmışdır. İstintaq müddəti ərzində və məhkəmə iclaslarında iştirak üçün Ağsu rayonundan Bakı şəhərinə gəlib-qayıtmaq üçün yol pullarına, hüquqi yardım xərclərinə, təcridxanada saxlanıldığı müddət ərzində ona gətirilən ərzaqlara və sair bu kimi xərclərə xeyli miqdarda pullar xərclənilmişdir ki, bu problemdən dolayı ailəsi ciddi şəkildə maddi zərər görmüşdür. Həmçinin, istintaq və məhkəmə araşdırması müddətində o və ailə üzvləri ciddi şəkildə mənəvi iztirablar çəkdikləri üçün həkim qəbullarında olmuşlar və müalicələr almışlar. Həbsdə saxlanıldığı müddətdə böyrəyində böyük ölçülü daş əmələ gəlmişdir ki, həbsdən çıxdıqdan sonra bir neçə ay həmin daşa görə müalicələr almışdır. Bundan əlavə olaraq isə ətrafındakı bir çox şəxslər cinayətkar olduğunu zənn edərək, onunla münasibətləri kəsmişlər. Beləliklə də, ciddi şəkildə mənəvi zərər almışdır. İlkin araşdırma zamanı, ibtidai istintaqda gedən araşdırmalar, məhkəmə prosesləri və həbsə salınması onu həm maddi, həm də mənəvi zərərə məruz qoymuşdur. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmumuna uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(009)-16/2022 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəli 18 fevral 2022-ci il tarixdən hesablanmış, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilmiş, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Hökmlə maddi sübuta, mülki iddialara hüquqi qiymət verilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(103)-820/2022 saylı hökmündən görünür ki, məhkum edilmiş şəxs İddiaçı müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, zərər çəkmiş şəxslər və mülki iddiaçıların verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(009)-16/2022 saylı hökmü məhkum edilmiş şəxsin müdafiəçilərinin apellyasiya şikayətinə əsasən ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Həmçinin, İddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası, eləcə də, vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)-20/2023 saylı qərarından görünür ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməmiş, bəraət almış şəxs İddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(103)-820/2022 saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxslər O.Paşayev, T.Şərifov, Ç.Məmmədrzayev, M.Əhmədov tərəfindən birgə verilmiş, zərər çəkmiş şəxs V.Balayev tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar doğrudur. İddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində öncə başqa yerə getməmək haqqında, daha sonra həbs qətimkan tədbiri seçilmiş, iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə başqa yerə getmək hüququ məhdudlaşdırılmış (xx.xx.2021-ci il tarixdən 18.xx.xx.2022-ci il tarixədək müddətinə - 7 ay), daha sonra isə həbsdə (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətinə - 3 ay) saxlanılmaqla azadlıqdan məhrum edilmişdir. İddiaçıya bununla bağlı mənəvi ziyan vurulmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Mülki Məcəllənin 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 6.500 (3 ay həbs müddəti X 1000 manat = 3000 və 7 ay başqa yerə getmək barədə iltizam X 500 = 3500) manat məbləğində mənəvi ziyan tutulmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 6.500 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları (həbs və başqa yerə getmək barədə iltizam müddətlərini) nəzərə alır. Məhkəmə iddia tələbinin qalan hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı ona maddi zərər vurulmasına dair mötəbər sübutları məhkəməyə təqdim etmədiyinə görə iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 6.500 (altı min beş yüz) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 6.500 (altı min beş yüz) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3384/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3384/2023
19.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver