Məhkəmə qərarları › İş №2(006)-3409/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3409/2025

16.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3409/2025 16.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X15 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhiqiqat orqanı olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə Rayon Polis Şöbəsinin X17 tərəfindən xüsusi mülkiyyəti olan Mercedes-Benz – 1223 yük markalı, furqon tipli, 2001 buraxılış ili, 90NH282 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanunsuz olaraq xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək cərimə meydançasında saxlanılmaqla əldən çıxmış gəlir formasında ona vurulmuş maddi ziyanın əvəzi olaraq 3450 manat və Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə qanunsuz olaraq inzibati məsuliyyətə cəlb edilməklə barəsində inzibati icraat aparıldığına görə ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 10.000 manat olmaqla, cəmi 13.450 (on üç min dörd yüz əlli) manat pulun dövlət büdcəsinin vəsaiti hesabına cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ağdam rayonundan məcburi köçkün olmaqla 1993-cü ildən etibarən ailə üzvləri ilə birlikdə Bərdə rayonunda məskunlaşıb yaşayır. Mülkiyyətində 2014-cü ildən hal-hazıradək Mercedes-Benz – 1223 yük markalı, furqon tipli, 2001 buraxılış ili, 90NH282 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. Həmin maşın ilə 11 ildir ki, vətəndaşların kənd təsərrüfatı məhsullarını Bərdə-Bakı və müxtəlif rayonlar marşurutu üzrə bazarlara daşımaqla məşğul olaraq ailəsini dolandırır. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində maşını ilə Qəbələ rayonundan qayıdaraq Bərdə şəhərində hərəkətdə olarkən 99YP543 xidməti maşında olan yol polisi əməkdaşları tərəfindən saxlanılaraq maşını Bərdə RPŞ-nin DYP Bölməsinin cərimə meydançasına aparılmışdır. Onlar iddiaçıya birbaşa bildirmişlər ki, onun maşınının saxlanılmasına rəis göstəriş verib. Bərdə RPŞ-nin DYP Bölməsində isə Qorxmaz adlı yol polisi əməkdaşı iddiaçıdan 300 manat rüşvət tələb etmişdir ki, maşını buraxsın və ona pul verərsə heç bir inzibati protokol yazılmadan və cərimə tətbiq edilmədən maşınını götürüb gedəcəyini bildirmişdir. İddiaçı isə ona demişdir ki, maşının bütün sənədləri qaydasındadır, heç bir yol hərəkəti qaydasını pozmamışdır. Özü məcburi köçkündür. Himayəsində ostrexondroz xəstəsi olan həyat yoldaşı var. Bir övladı ali məktəb tələbəsi, digəri isə kollec tələbəsidir. Ailəsini güc-bəla ilə dolandırır. Ona o qədər pul verməyə imkanı yoxdur. Qorxmaz iddiaçıya demişdir ki, guya maşının texniki pasportunda arxa qapısı “lift” yazılmayıb. İddiaçı isə bildirmişdir ki, bu maşını 11 ildir idarə edir. Dəfələrlə texniki baxışdan keçib, gömrükdən keçməklə Azərbaycana gətirilib. Ancaq Qorxmaz demişdir ki, məcburi köçkün olduğuna görə ona 100 manat güzəşt edə bilər. 200 manat gətir ver və maşını götür get. O, Qorxmazın tələb etdiyi pulu təşkil edə bilməmişdir. Saat 17:44-də Qorxmaz iddiaçıya ********** nömrəli mobil telefon ilə zəng vurub soruşmuşdur ki, niyə gəlmirsən? İddiaçı gələcəyini demişdir. Saat 19:11-də isə telefonuna SMS bildirişi gəlmişdir ki, guya maşına konstruksiyadankənar avadanlıq quraşdırmışdır. Bununla da Azərbaycan Respublikasının İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Daha sonra isə mobil telefonuna həmin protokol əsasında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarla 150 manat cərimə olunmağı barədə bildiriş daxil olmuşdur. Həmin qərarla əsassız olaraq inzibati məsuliyyətə cəlb edilərək 150 manat cərimə olunduğu üçün xx.xx.2025-ci il tarixli şikayət ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xahiş etmişdir ki, ona Azərbaycan Respublikasının İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsinə dair barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati protokol üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli qərarı qanunsuz olduğuna görə onun ləğv edilməsinə və barəsində başladılmış inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, əməlində hər hansı bir qanun pozuntusu yoxdur. Çünki, həmin maşın 2001-ci ildə necə buraxılıbsa və sənədlərdə hansı məlumatlar (ban nömrəsi, mühərrik nömrəsi və s.) yazılıbsa, elə o vəziyyətdədir. İddiaçı tərəfindən maşına hər hansı bir avadanlıq və konstruksiyadan kənar heç nə quraşdırılmayıb. 11 ildir ki, bu maşınla magistral yollarda hər gün yol polisi postlarından keçir. Yaxud yol polisi əməkdaşları ilə qarşılaşır. Maşın sonuncu dəfə dekabr 2024-cü ildə texniki baxışdan keçirilmişdir. İndiyədək ona heç bir yol polisi əməkdaşı bildirməyib ki, maşına əlavə avadanlıq quraşdırılıb və ya konstruksiya dəyişikliyi edilib. Çünki, quraşdırılmayıb və konstruksiya dəyişikliyi edilməyib. Bərdə Rayon Məhkəməsi (hakim Bayram Məhərrəmov) şikayətə baxaraq xx.xx.2025-ci il tarixli, 3(021)-155/2025 nömrəli qərarı ilə qət etmişdir ki, İddiaçı şikayəti təmin edilsin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə Rayon X12 X13 xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İddiaçı barəsində İXM-nin 342.2.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Məhkəmənin həmin qərarının elan edilməsindən dərhal sonra isə iddiaçı barəsində qanunsuz olaraq inzibati xəta haqqında protokolu tərtib etmiş və qanunsuz qərarı qəbul etmiş Bərdə RPŞ-nin DYP Bölməsinin yol patrul xidməti inspektoru X4 iddiaçını məhkəmə zalından birbaşa X13 cərimə meydançasına aparıb maşınını orada özünə təhvil verərək buraxmışdır. Beləliklə də 23 gündən sonra olsa da məhkəmə həqiqətən də ədalət mühakiməsi həyata keçirərək onu qanunsuz cəlb olunduğu inzibati məsuliyyətdən - 150 manat cərimədən bəraətverici əsaslarla azad etmişdir (əməlində inzibati xəta tərkibi olmaması əsası ilə). Məhkəmənin həmin qərarı elan edildikdən bir neçə dəqiqə sonra isə maşın qanunsuz saxlanılmadan azad edilərək cərimə meydançasından buraxıldı. İddiaçı bu ədalətli, qanuni və prinsipial mövqeyinə görə Bərdə Rayon Məhkəməsinə və hakim Bayram Məhərrəmova çox-çox minnətdarlıq edir. Təhqiqat orqanı hesab edilən Bərdə Rayon Polis Şöbəsi özünün strutur vahidi olan Dövlət X13 vəzifəli şəxsi yol patrul xidməti inspektoru X1 şəxsində yuxarıda göstərilən qanunsuzluqlara yol verilərək iddiaçıya xeyli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur. Belə ki, iddiaçı 2014-cü ildən etibarən xüsusi mülkiyyətində olan Mercedes-Benz – 1223 yük markalı, furqon tipli, 2001 buraxılış ili, 90NH282 dövlət qeydiyyat nişanlı maşın ilə Azərbaycan Respublikasının hüdudları daxilində yükdaşıma fəaliyyəti ilə məşğul olmaqla gündəlik orta hesabla 150 manat pul qazanaraq ailəsinin dolanışığını, həmçinin biri ali məktəb tələbəsi, digəri isə kollec tələbəsi olan övladlarının təhsil almalarını, onların ev kirayə pullarını və “ostrexandroz” xəstəliyindən əziyyət çəkən həyat yoldaşının müalicə xərclərini birtəhər təmin edə bilir. Odur ki, həmin maşının qanunsuz olaraq Bərdə RPŞ-nin DYP Bölməsinin cərimə meydançasına aparılıb orada 23 gün saxlanıldığına görə ona 3450 manat maddi ziyan vurulmuşdur (150 x 23 = 3450). Bu səbəbdən ona əldən çıxmış fayda formasında vurulmuş maddi ziyanın əvəzi olaraq 3450 manat təzminat ödənilməsini tələb etməyi ədalətli, qanuni və əsaslıdır. Dövlət orqanı olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə Rayon Polis Şöbəsinin yuxarıda göstərilən qanunsuz hərəkətləri ilə ona vurulmuş mənəvi ziyanın həcmini isə 10.000 manat olaraq qiymətləndirir. Çünki, həmin qanuna zidd hərəkətlər nəticəsində iddiaçı əsassız olaraq İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində qanunsuz olaraq inzibati icraat başladılmış, bu icraat 23 gün davam etmişdir. Həmin 23 gündə iddiaçı Bərdə rayon prokuroruna, Azərbaycan Respublikasının baş prokuroruna və Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə ayrıayrılıqda xx.xx.2025-ci il tarixli şikayət ərizələri ilə müraciət edərək xahiş etmişdir ki, qanunsuzluğa dərhal son qoyulsun, maşını isə cərimə meydançasından buraxılıb özünə qaytarılsın. İddiaçı çox təəssüf edir ki, həmin şikayətlərinə saymazyana münasibət göstərilərək onlara bu günədək də cavab verilməmişdir. Dəfələrlə Bərdə RPŞ-yə və onun DYP Bölməsinə gedərək xahiş etmişdir ki, qanunsuzluğa son qoyulsun və maşını da cərimə meydançasından buraxılsın. Lakin iddiaçıya qeyri-insani münasibət göstərilmişdir. Pozulmuş hüququnu bərpa etmək üçün məhkəməyə müraciət etməyə və dəfələrlə məhkəməyə gəlib-getməyə məcbur olmuşdur. Halbuki, buna qədər iddiaçının məhkəmədə hər hansı bir işi olmamışdır. Sadalanan qanunsuzlar səbəbilə iddiaçı dəfələrlə əsəb gərginliyi və stres keçirmiş, özünun və ailə üzvlərinin normal həyat tərzi pozulmuş, özü və ailə üzvləri mənəvi sarsıntı və iztirab keçirmişdir. Həmin 23 gün üzləşdiyi qanunsuzluqlar və qeyri-insani münasibətlər iddiaçını mənəvi cəhətdən sındırmışdır. Əsəbləri pozulduğu üçün sakitləşdirici dərman preparatları və ürək-damar dərmanları qəbul etməyə başlamışdır. Yuxu dərmanları qəbul etməsə yata bilmir. Məcburi köçkün olduğu, ailə üzvlərinin və özünün eveşiyindən didərgin düşməyi səbəbindən polisin iddiaçıya qarşı elədiyi qanuna zidd hərəkətləri qəbul etmək, yaxud onlara qarşı dözümlülük göstərmək iddiaçı üçün və ailə üzvləri üçün xüsusilə ağır mənəvi iztirab və sarsıntılar hesabına başa gəlmişdir. Hətta indi də stress və depresiyadan çıxa bilmir. Həm də ona qarşı olan bu qanuna zidd hərəkətlər uzun müddətli olmaqla 23 gün davam etdiyindən mənəvi iztirab və sarsıntı da böyük olmuşdur. İddiaçının mənəvi sarsıntı və iztirabı ağır keçirməyinə səbəb olan amillərdən biri də odur ki, möhtərəm Prezident cənab İlham Əliyev az qala hər gün və hər müraciətində dövlət orqanlarının vəzifəli şəxslərindən və məmurlardan cəmiyyətin həssas təbəqələrinə, o cümlədən də məcburi köçkünlərə münasibətdə son dərəcə diqqətli və qayğıkeş olmağı tələb etdiyi halda, Bərdə RPŞ-nin bir yol polis əməkdaşı ondan rüşvət istəyir, rüşvəti vermədikdə digər əməkdaş ona 150 manat cərimə olunmağına dair protokol tərtib edib, sonra da buna qərar verir. Məcburi köçkün ailəsinin yeganə qazanc vasitəsi olan yük maşınını 23 gün cərimə meydançasında qanunsuz saxlayıb, sonra da heç nə olmamış kimi buraxılır. İddiaçı hələ də stresdə və şokdadır. Anlaya bilmir ki, bu cür adamlar polis sistemində necə işləyə bilir və dövlətin paqonunu çiyinlərində daşıya bilir? Bunları düşündükcə və edilmiş qanunsuzluqları hər dəfə yadına düşəndə qeyri-ixtiyarı olaraq əsəbləşir və stress keçirir. Şərh edilən səbəblərdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyini əsaslı olmaqdan başqa, həm də qanuni hesab edir.

3. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan yükdaşıma fəaliyyəti ilə məşğul olmaqla gündəlik orta hesabla 150 manat pul qazanması, ona məxsus maşının cərimə meydançasında 23 gün saxlandığına görə ona vurulmuş maddi zərərə görə 10.000 manat məbləğində kompensasiya ödənilməsini tələb etmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materiallarına əlavə edilməmişdir. Bununla bağlı bildirilir ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» AR Qanununun 5-ci maddəsində ödənilən ziyanın (məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər və s.) konkret növləri göstərilmişdir. Həmin qanunda iddiaçının tələb etdiyi xərclər nəzərdə tutulmamışdır. İddiaçı mənəvi zərərin ödənilməsini tələb edir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» AR Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. İddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərinin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır. Onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları ilə sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Onunla mənəvi zərər arasında hər hansı səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İnzibati protokol tərtib edən orqan (və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. İddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyil.

5. Məhkəmə icraatı zamanı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

a) Məhkəmə prosesi:

6. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirib, təmin olunmasını xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin (nümayəndələrinin) iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

9. Bərdə rayonu Yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Abbasov X5-Benz 1223 yük markalı, 90NH282 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

10. Bərdə rayonu Yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən alınmış TP7120731 nömrəli, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Abbasov X5-Benz 1223 yük markalı, 90NH282 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (nəqliyyat vsitəsi sürücüsü tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması) törətməyə görə barəsində 150 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir.

11. Bərdə Rayon Məhkəməsinin 3(021)-155/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, hazırkı iş üzrə iddiaçının şikayətinin təmin edilməsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bərdə Rayon X12 X13 xx.xx.2025-ci il tarixli TP7120731 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, iddiaçı barəsində İXM-nin 342.2.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

12. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-337/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikasının İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bərdə rayon Polis Şöbəsinin vəzifəli şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya icraatına qəbul olunmasından imtina edilməsi və şikayət prosessual müddət ötürülməklə verildiyindən işin birinci instansiya məhkəməsinə qaytarılması... qərara alınmışdır.

13. Bərdə Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”nda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon X12 X13 17 mart 2025-ci il taixli İXP ******* saylı protokolu üzrə AR DİN-in xx.xx.2025-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş şikayətə 09 aprel 2025-ci il tarixdə baxılaraq Bərdə Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli, 3(021)- 155/2025 nömrəli qərarı ilə İddiaçı şikayətinin təmin edilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə Rayon X12 X13 xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi, İddiaçı barəsində İXM-in 342.2.2-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon Polis Şöbəsinin vəzifəli şəxsi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 3(104)-377/2025 nömrəli qərardadına əsasən İddiaçı barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bərdə Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bərdə rayon Polis Şöbəsinin vəzifəli şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya icraatına qəbul olunmasından imtina edilmiş və şikayət prosessual müddət ötürülməklə verildiyindən, iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. İnzibati xəta haqqında iş 4 sentyabr 2025-ci il tarixdə Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Qərar 04 sentyabr 2025-ci il tarixdə qanuni qüvvəsini almışdır.

14. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Bərdə rayon bölməsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Ağdam rayonundan məcburi köçkün düşmüş İddiaçı ünvan 1 ünvanında məskunlaşmışdır. Ailə tərkibi həyat yoldaşı – Abbasova Hicran Cəbrayıl qızı, oğlu – X9 və qızı – X2 ibarətdir.

15. Mülki iş materiallarına Azərbaycan Respublikasının daxili işlər nazirinə, Azərbaycan Respublikasının baş prokuroruna, Bərdə rayon prokuroruna ünvanlanmış şikayətlər, iddiaçının şəxsiyyət vəsiqəsinin və məcburi köçkün vəsiqəsinin surətləri, həmçinin Abbasova Nuridənin və Abbasov Sənanın təhsil kartlarının surətləri əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Beləliklə, məhkəmə müəyyən etdi ki, Bərdə rayonu Yol patrul xidməti inspektoru polis serjantı X4 tərəfindən iddiaçı barəsində ona məxsus Mercedes-Benz 1223 yük markalı, 90NH282 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə avadanlığın quraşdırılması səbəbindən barəsində xx.xx.2025-ci il tarixli protokol tərtib edilmiş və həmin tarixdə İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə barəsində 150 manat məbləğində cərimə edilməsi haqqında inzibati tənbeh növünun tətbiq edilməsinə dair qərar qəbul edilmişdir.

17. İddiaçı həmin protokol və qərar ilə razılaşmamış, Bərdə Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi barədə şikayət etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Bərdə Rayon X12 X13 xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmişdir. Məhkəmə qərarının əsası ondan ibarət olmuşdur ki, iddiaçının təqsiri sübuta yetirilməmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı qanuni qüvvəyə minmişdir.

18. Göründüyü kimi mübahisəsiz məsələdir ki, Bərdə Rayon X12 X13 xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəməyə təqdim edilmiş sübutlardan müəyyən edilir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının daxili işlər nazirinə, Azərbaycan Respublikasının baş prokuroruna, Bərdə rayon prokuroruna xx.xx.2025-ci il tarixli şikayətlər ünvanlanmış və avtomobilinin cərimə meydançasından dərhal buraxılması barədə göstəriş verilməsini xahiş etmişdir. DİN-nin xx.xx.2025-ci il tarixli, Prokurorluğun xx.xx.2025-ci il tarixli SMS bildirişlərindən müəyyən edilir ki, iddiaçının müraciətləri qeydə alınmışdır. İddaçıya məxsus nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə Bərdə RPŞ-nin DYPB-nin mühafizə olunan duracağına yerləşdirilmiş və yalnız xx.xx.2025-ci il tarixdə iddiaçıya təhvil verilmişdir.

c) Məhkəmənin mövqeyi:

19. Məhkəmə hesab edir ki, İddiaçı avtomobilinin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək qanunsuz və əsassız Bərdə RPŞ-nin DYPB-nin mühafizə olunan duracağında saxlanılması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Eyni zamanda iddiaçı barəsində qanunsuz və əsassız tətbiq edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ona mənəvi ziyan vurulmasını sübut edən mötəbər dəlillərdir.

20. İddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə təsdiqlənməklə və sübut edilməklə mülki məhkəmə icraatı üzrə işin mübahisəsiz halı olmuşdur.

21. Məhkəmə iddiaçının Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən ona dəymiş mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə etməklə qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli əsas məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.

22. Məhkəmə işin mübahisəsiz halı olaraq qeyd edir ki, iddiaçının avtomobilinin Daxili İşlər Nazirliyinin polis əməkdaşları tərəfindən qanunsuz duracağa yerləşdirilməsi, avtomobildən həmin müddətdə istifadə edə bilməməsi, onun barəsində qanunsuz və əsassız inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi iddiaçıda narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. İşin qeyd olunan faktiki halları nəticəsində ona mənəvi ziyan dəyməsi aşkardır. Lakin məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin 10.000 manat məbləğində qiymətləndirilməsi ədalətli deyildir. Belə ki, mənəvi zərərin ödənilməsi iqtisadi rifahın artırılması, zərərçəkmiş şəxsin maddi cəhətdən zənginləşdirilməsi üçün bir vasitə kimi nəzərdə tutulmamışdır. Bu səbəbdən, təyin olunacaq kompensasiya məbləği ədalət, məntiq və cəmiyyətin qəbul etdiyi mənəvi dəyərlər çərçivəsində mütənasib olmalıdır. Təcrübədə bu cür zərərlərin qiymətləndirilməsi zamanı məhkəmə bir sıra halları, o cümlədən zərərçəkmişə dəyən mənəvi sarsıntının dərəcəsini, hadisənin xarakterini, nəticələrini, tərəflərin sosial-iqtisadi vəziyyətini və hüquqazidd əməlin davametmə müddətini nəzərə alır. Göstərilən bütün diqqətəlayiq halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 500 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 500 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir.

23. İddia tələbinin “3.450 manat məbləğində maddi ziyan ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələbin bu hissəsini iddiaçı həmin avtomobildən istifadə etməklə yük daşıma fəaliyyəti ilə məşğul olduğu, gəlir əldə etməsi və gündəlik orta hesabla 150 manat pul qazandığı ilə əsaslandırır. Məhkəmə hesab edir ki, qeyd olunan halları sübut edəcək mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, vergi ödəyicisi deyil, əldən çıxmış fayda ilə bağlı heç bir sübutu yoxdur və maddi xərci ilə bağlı rəsmi sənədi yoxdur. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçı öz iddia tələbini mötəbər sübutlarla əsaslandırmalıdır. Buna görə də məhkəmə maddi ziyanın real olmasını nəzərə alaraq hesab edir ki, iddiaçının maddi zərərə məruz qalması barədə heç bir sübutu olmadığı üçün iddia tələbi maddi ziyan hissəsində təmin edilə bilməz.

24. Məhkəmə qeyd edir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün məhkəmələrin iddianı maddi zərər hissəsində rədd etməsi üçün əsasdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

25. Məhkəmə hesab edir ki, iddia “3.450 manat məbləğində maddi ziyan ödənilməsi” hissəsində heç bir sübut təqdim edilmədiyinə görə təmin edilməməlidir.

26. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

27. İş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.

28. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə hesab edir ki, zərərin ödənilmə mənbəyi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt isə “Azərbaycan Respublikası” kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun müvafiq orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir.

29. Məhkəmə qeyd edir ki, insan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

30. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

31. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»: Maddə 3. Hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

32. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunu: Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. İnzibati xəta haqqında işə xitam verildikdə vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096, 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

34. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.

35. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.

36. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası: Maddə 41. Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.

37. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

38. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.

40. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»: 13-cü bənd. Mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 500 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

Nəticə:

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar