Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-341/2022 04.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, Cavabdeh - X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı «pul» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən qum, qırma daş və otsep kimi materialların dəyəri olan 3272 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borcun hər gecikdirilmiş il üçün 5 % olmaqla iki il ərzində cəmi 10 %, yəni 327 manat, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 08.07.2021-ci il tarixli, 02/1- 307 saylı arayışına əsasən inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinə əsasən borcun 8,8 %-i qədər pul, yəni 288 manat və iddiaçıya vurduqları zərərin əvəzi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən hüququ pozulmasaydı 3272 manat ilə adi mülki dövriyyə zamanı qazana biləcəyi gəlir (əldən çıxmış fayda) aya 10 % olmaqla iki il ərzində cəmi 7850 manat, ümumilikdə 11737 manat pulun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, X2 və Cavabdeh1 əməllərində dələduzluq cinayətinin əlamətlərinin olması müəyyən edilərsə, bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən qum, qırma daş və otsep kimi materialların dəyəri olan 3272 manat, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borcun hər gecikdirilmiş il üçün 5 % olmaqla iki il ərzində cəmi 10 %, yəni 327 manat, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 08.07.2021-ci il tarixli, 02/1-307 saylı arayışına əsasən inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinə əsasən borcun 8,8 %-i qədər pul, yəni 288 manat və iddiaçıya vurduqları zərərin əvəzi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən hüququ pozulmasaydı 3272 manat ilə adi mülki dövriyyə zamanı qazana biləcəyi gəlir (əldən çıxmış fayda) aya 10 % olmaqla iki il ərzində cəmi 7850 manatın, fiziki və mənəvi zərərin əvəzi kimi 15000 manatın, ümumilikdə 26737 manat pulun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, özünü “AMAY” ticarət mərkəzinin sahibi Abdullayev Abdulla adlı şəxsin müavini kimi təqdim edən, əvvəllər tanımadığı, iddiaçıya məxsus EO-3322D markalı texnikanı (ekskavatoru) idarə edən Aydın Yəhyayevin vasitəsilə tanış olduğu X4 ilə 2019-cu ilin iyul ayının əvvəllərində görüşmüşlər. Cavabdeh2 onlara (AMAY ticarət mərkəzinə) qum, qırma daş və otsep materiallarının lazım olduğunu, pulunu isə bir həftə, on gün ərzində verəcəyini bildirmişdir. O, iddiaçını əmin etmişdir ki, heç bir narahatçılığa əsas yoxdur, artıq Abdullayev Abdulla məhbusluqdan azad olmuş, ölkənin ən yuxarı təbəqə rəhbərliyi ilə münasibətləri düzəlmiş, hal-hazırda AMAY-da yenidənqurma işləri aparırlar, bundan sonra NZS deyilən ərazidə çoxlu sayda beş və yeddi mərtəbəli binalar tikəcəklər, beton, qum, qırma daş və otsep materiallarını da iddiaçıdan alacaqlar. Bütün pul ödənişlərini AMAY-ın İdarə Heyətinin sədri Cavabdeh1 həyata keçirir, onu Cavabdeh1lə şəxsən tanış edəcəkdir. Bir sözlə o, bu cür yalan vədlər verməklə iddiaçını aldatmışdır. Beləliklə, iddiaçı 2019-cu ilin 09-28 iyul tarixlərində cəmi 19 avtomaşın reysi olmaqla, dəyəri 738 manat təşkil edən 49,5 kub.m qum, dəyəri 1140 manat təşkil edən 76 kub.m qırma daş, dəyəri 729 manat təşkil edən 40,5 kub.m otsep materiallarını və dəyəri 665 manat təşkil edən 19 reys nəqliyyat xərci ilə birlikdə ümumi dəyəri cəmi 3272 manatlıq mal-materialı Cavabdeh2 AMAY ticarət mərkəzinin ərazisində təhvil vermişdir. Cavabdeh2 həmin materialları 19 ədəd qaiməfakturaya imza etməklə qəbul etmişdir. Lakin o verdiyi sözə əməl etməyərək materialların dəyərindən bu günə qədər bir manat da olsa ödəniş etməmişdir. Bununla əlaqədar dəfələrlə Cavabdeh2lə görüşmüş və hər dəfə pulu 1-2 günə inandırıcı olması üçün bir neçə dəfə yaxınlarda İran İslam Respublikasından Abdullayev Abdullaya iki milyon manat gələcəyini deyərək vaxtı bir az da uzatmış, lakin yenə də ödəniş etməmişdir. Artıq iddiaçının ona inanmadığını görüb AMAY TM İdarə Heyətinin sədri Cavabdeh1 yanına aparmışdır. Cavabdeh1 də iddiaçı orda olan zaman kiməsə zəng edib icarə haqlarının 25.09.2019-cu il tarixədək yığlmasını tapşırmış və ona 26.09.2019-cu il tarixdə malmaterialm pulunu verəcəyinə kişi kimi söz verdiyini demişdir. Cavabdeh2 inandığı kimi ona da inanmışdır. Lakin həmin vaxt Cavabdeh1 də verdiyi sözə əməl etməyərək pulu verməmişdir. 04.10.2019-cu il tarixdə Cavabdeh1 telefonuna yazaraq xahiş etmişdir ki, pul məsələsini həll etsin, çünki işləyə bilmir. Oxumuş, lakin heç bir cavab verməmişdir. 28.10.2019-cu il tarixdə yenidən onun telefonuna yazaraq onun dediyi sözləri xatırlatmış, əlavə olaraq pulu verməyəcəkləri təqdirdə şikayət edəcəyini demişdir. Yenə də oxumuş, lakin heç bir cavab verməmişdir. Cavabdeh1 və Cavabdeh2 yalan vədlərindən bezmiş və onların onu aldadıb mal-materialını ələ keçirdikləri, lakin pulunu verməyərək ona qarşı dələduzluq hərəkətləri etdiyi, qeyd edilən pulun onlardan alınıb ona verilməsi və onların barəsində qanuni tədbir görülməsi barədə Baş Prokurora, X6 və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin rəisinə müraciət etmişdir. Müraciəti Xətai RPİ-nin 37-ci PŞ-də araşdırılmış və təhqiqatçı Mahmud Quliyev tərəfindən 07.01.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qərardan qanunsuz və əsassız olması barədə şikayət vermişdir. Qərar 14.02.2020-ci il tarixdə Xətai rayon Prokurorluğu tərəfindən ləğv edilərək əlavə araşdırmanın aparılması üçün 37-ci PŞ-nə qaytarılmış və yenidən təhqiqatçı Mahmud Quliyevin icraatına verilmişdir. Mahmud Quliyev heç bir əlavə araşdırma aparmayaraq onun tərəfindən yenə də 04.03.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan da qanunsuz və əsasız olduğuna görə Xətai rayon prokuroruna şikayət vermişdir. Xətai rayon Prokurorunun imzası ilə aldığı 23.11.2020-ci il tarixli cavab məktubunda təhqiqatın qərarının əsaslı olduğu bildirilərək məhkəməyə müraciət etməsi izah edilmişdir. Rayon prokurorunun qərarından Bakı şəhər prokuroruna şikayət vermişdir. Bakı şəhər Prokurorluğunun 22.12.2020-ci il tarixli məktubuna əsasən şikayəti tam, obyektiv və ətraflı araşdırılması və qanuna müvafiq tədbir görülməsi üçün Xətai rayon prokuroruna göndərilmiş, Xətai ayon Prokurorunun imzası ilə aldığı 12.01.2021-ci il tarixli cavab məktunda yenə də təhqiqatın qərarının əsaslı olduğu bildirilərək məhkəməyə müraciət etməsi izah edilmişdir. Rayon prokurorunun qərarından yenə də Bakı şəhər prokuroruna şikayət vermiş, Bakı şəhər Prokurorluğunun 26.02.2021-ci il tarixli məktubuna əsasən şikayəti tam, obyektiv və ətraflı araşdırılması və qanuna müvafiq tədbir görülməsi üçün yenə də Xətai rayon prokuroruna göndərilmişdir. Bu süründürməçi populist yazışmalardan qurtarmaq üçün nəhayət məhkəməyə müraciət etmək qərarına gəlmiş və Bakı şəhər Prokurorluğuna zəng edərək Xətai rayon prokurorunun qərarının əsaslı olubolmaması barədə rəsmi cavab verilməsini istəmişdir. Telefonda demişlər ki, əsaslıdır. Cavabdeh2 mal-materialı qəbul edərək imza edib bir nüsxəsini ona qaytardığı 19 ədəd qaimə-fakturalardan və Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-də aparılan araşdırma zamanı iki dəfə verdiyi izahatdan aydın olur ki, o, həqiqətən 09-28 iyul 2019-cu il tarixlərdə iddiaçıdan 3272 manatlıq qum, qırma daş və otsep materiallarını alıb və onların dəyərindən bu günə qədər bir manat da olsun ödəniş etməmişdir. Hazırda Cavabdeh2 və Cavabdeh1 iddiaçının 3272 manatlıq mal-materialını etibardan sui-istifadə etməklə aldadıb ələ keçirmişdir. Ömərin təhqiqata izahat verən zaman pulun ödənilməməsinə səbəb kimi tikintiyə ayrılan sərmayənin dayandırılmasını göstərməsi absurddur. Çünki, AMAY TM-nə hər ay icarəçilərdən 100000 manatlarla məbləğində icarə haqqı yığılır və heç bir vətəndaşın AMAY-a, Cavabdeh2 və Cavabdeh1 borcu yoxdur ki, onlar vətəndaşların pulu ilə özlərinə hamam tikdirsinlər. Hər ay yığılan 100000 manatlardan 3272 manatı vermək dəryadan bir damla su götürmək kimi bir şeydir. Cavabdeh2 və Cavabdeh1 sadəcə olaraq həmin pulu vermək istəmir. Əgər vermək istəsəydilər, mal-materialı alandan sonra keçən iki il bir ay, 07.01.2020-ci il tarixli qərarda qeyd edilən “qısa müddət”dən keçən bir il yeddi ay ərzində bir manat da olsa verərdilər. Onların niyyətləri iddiaçıdan mal-materialı alarkən üzərlərinə götürdüyü öhdəliyin yerinə yetirilməsinə deyil, əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməkdən ibarət olmuşdur. Hesab edir ki, borclu X4 və Cavabdeh1 31.07.2019-cu il tarixinədək ödəməli olduğu 3272 manat pul məbləğini gecikdirdiyinə görə, 31 iyul 2019-cı il tarixdən bu günədək həmin məbləğin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, hər gecikdirilmiş il üçün beş faiz olmaqla 2 il ərzində cəmi 10 %-ni, yəni 327 manat pulu ona ödəməyə borcludurlar. Bundan başqa iddiaçıya vurulmuş zərərin əvəzi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, hüququ pozulmasaydı 3272 manat ilə adi mülki dövriyyə zamanı qazana biləcəyi gəlir (əldən çıxmış fayda) aya 10 % olmaqla iki il ərzində cəmi 7850 manat təşkil edir. Bundan başqa, borcun məbləği Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 08.07.2021-ci il tarixli, 02/1-307 saylı arayışına əsasən inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinə uyğyn olaraq indeksasiya olunub artırılmalıdır. Arayışdan da görünür ki, istehlak qiymətləri indeksi 2021ci ilin may ayında 2019-cu ilin iyul ayına nisbətən 108,4 % təşkil edir. 2021-ci ilin iyun ayında isə bu rəqəm Dövlət Statistika Komitəsinin rəsmi internet saytında 100,4 % göstərilmişdir (bu məlumat arayış təqdim edildikdən (08.07.2021) sonra saytda yerləşdirilmişdir). İyun ayı da daxil olmaqla istehlak qiymətləri indeksi cəm olaraq 108,8 % təşkil edir ki, bu da həmin müddət ərzində cəm inflyasiyanın 8,8 % olması deməkdir. Yəni, 3272 manat borc inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi olan 8,8 % qədər artırılmalıdır ki, bu da 288 manat təşkil edir. Hesab edir ki, ümumilikdə 11737 manat pul Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, kamaz sürücüsü işləyir. İddiaçının göndərdiyi malları kamaz vasitəsi ilə ünvana daşımış, “Amay” ticarət mərkəzinə 19 rels qum daşımış, qaiməni X4 qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, malları kamaza yükləmiş, lakin sürücü ilə getməmişdir. Qaimə və pul ilə bağlı məlumatı yoxdur. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: 19 ədəd qaimə-fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdeh X3 - “Amay” ticarət mərkəzinə 3272 manat dəyərində qum, atsep, qırma daş, şebel və s. mal satılmışdır. 07 yanvar 2020-ci il tarixli və 04 mart 2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarlardan müəyyən olunur ki, X4 2019-cu ilin iyul ayında “Amay” ticarət mərkəzində hamamın tikilməsi üçün iddiaçıdan tikinti materiallarını qəbul etdiyini təsdiq etmiş, qısa müddət ərzində pulun iddiaçıya qaytarılacağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh X4 arasında alqı-satqı münasibətləri olmuş, iddiaçı tərəfindən cavabdeh X3 3272 manat dəyərində qum, atsep, qırma daş, şebel və s. mal satılmış, lakin cavabdeh X4 tərəfindən həmin borc məbləği iddiaçıya qaytarılmamışdır. Məhkəmə qaimə-fakturalar, tərəflərin izahatları və şahidlərin ifadələri ilə müəyyən edilən hallar baxımından belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri alqı-satqı müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər isə Mülki Məcəllənin 29-cu fəslinin normaları ilə tənzimlənir ki, həmin fəslin normalarında da alqı-satqı müqaviləsinin forması qanunverici tərəfindən müəyyənləşdirilməmişdir. Bu da öz növbəsində onu deməyə əsas verir ki, alqı-satqı müqaviləsi şifahi formada da bağlana bilər. İş materiallarında olan qaimə-fakturalardan və Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarlardan görünür ki, iddiaçı tərəfindən ümumilikdə 3272 manat dəyərində malların cavabdeh X3 təhvil verilməsi, sonuncu tərəfindən həmin malların təhvil alınması və borc məbləğinin ödənilməsinə təminat verilməsi göstərilən sənədlər ilə təsdiq olunmuşdur. Bu baxımdan məhkəmə ilk növbədə iddianın Cavabdeh1 qarşı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında mülki hüquqi məsuliyyətin yaranma əsaslarından heç biri mövcud deyildir. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında şifahi və ya yazılı formada olmaqla hər hansı müqavilə bağlanmamış, iddiaçı qarşısında hər hansı bir öhdəlik götürməmiş və alqı-satqı münasibətlərinin iştirakçısı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh1 aid hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh X4 arasında şifahi bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdeh X3 vermiş, bunun nəticəsində iddiaçının cavabdeh X1 müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh X4 isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə tədqiqatı zamanı sənədlərlə cavabdeh X2 iddiaçıya satılmış mallara görə 3272 manat məbləğində borcu olması iş materialları və şahid ifadələri ilə təsdiq olunduğundan həmin məbləğ cavabdeh X1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdeh X1 gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış 327 manat faiz cavabdeh X1 iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin tələb olunan 288 manat, əldən çıxmış fayda, fiziki və mənəvi zərər hissələrinə münasibətdə məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı göstərilən əsaslara görə pul tələb etsə də, həmin tələbləri əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissələrdə əsaslı olmadığından təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə iddia tələbinin cavabdehlər barəsində xüsusi qərardad çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, cavabdehlərin əməllərində dələduzluq cinayətinin əlamətləri aşkar edilməmiş və xüsusi qərardad çıxarılması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X1 qum, qırma daş və otsep kimi materialların dəyəri olan 3272 manat və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 327 manat tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X1 qum, qırma daş və otsep kimi materialların dəyəri olan 3272 manat və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 327 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan və Cavabdeh1 qarşı hissələrdə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-341/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-341/2022
04.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver