Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3414/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-yə onun pul hesabından getmiş 231.29 (iki yüz otuz bir manat iyirmi doqquz qəpik) pulunun yenidən hesaba göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı ona məxsus olan ABB “**********795433” nömrəli kartından ona məxsus olan ***-***-**-** nömrəsindən qeydiyyatdan keçdiyi M10 proqram vasitəsinə, yəni pul kisəsinə pul atmaq istəmişdir, lakin ona məxsus ABB kartından xx.xx.2024-cü il tarixdə 19.19, 101.00, 30.30, 50.50 və 30.30 manat pul çıxılmışdır, lakin onun M10 pul kisəsinə heç bir məbləğ daxil olmamışdır. Onun bu işini araşdırması və ona məxsus olan 231.29 (iki yüz otuz bir manat iyirmi doqquz qəpik) manat pulun hara getdiyi barədə heç bir məlumatı yoxdur. Özü 1-ci qrup əlildir, beynində əsəblə bağlı problemləri var. Pulunun hara getdiyini bilmir. Bu barədə hesabdan çıxarış mövcuddur. Onun öz hesabından çıxaraq özünə məxsus M10 pul kisəsinə pul yükləmək istəmiş, lakin pulunun hara getdiyini bilmir. Cavabdehin etirazı: Cavabdeh "xxxx" MMC iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixində “m10” mobil tətbiqində +**********40 nömrəli “m10” hesabı ilə qeydiyyatdan keçmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş bank çıxarışından da aydın olur ki, iddiaçıya məxsus 5522- ****-****-5433 nömrəli bank kartı vasitəsilə +**********40 nömrəli “m10” hesabına heç bir ödəniş həyata keçirilməmişdir. Həmin bank kartı vasitəsilə müxtəlif “m10” hesablarına köçürülmüş pul vəsaitləri xx.xx.2024 tarixində 30.3 manat pul vəsaiti +**********11 saylı m10 hesabına köçürülmüşdür, xx.xx.2024 tarixində 50.5 manat pul vəsaiti +**********58 saylı m10 hesabına köçürülmüşdür, xx.xx.2024 tarixində 19.9 manat pul vəsaiti +**********76 saylı m10 hesabına köçürülmüşdür, xx.xx.2024 tarixində 30.3 manat pul vəsaiti +**********21 saylı m10 hesabına köçürülmüşdür, xx.xx.2024 tarixində 30.3 manat pul vəsaiti +**********51 saylı m10 hesabına köçürülmüşdür. İddiaçının tələb etdiyi pul vəsaitləri bilavasitə Cavabdeh1 MMC-nin hesabına daxil olmadığı üçün Cavabdeh1 MMC həmin vəsaitləri öz hesabından geri qaytara bilməz. Həmin pul vəsaitləri hansı elektron pul kisəsi (pul qabı) istifadəçisinin hesabına köçürülmüşdürsə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 964.1-ci maddəsinə əsasən həmin müştərinin sərəncamı ilə geri qaytarılır. Mülki Məcəllənin 964.2-ci maddəsinə əsasən isə müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə də yol verilir. Buna görə də, Cavabdeh1 MMC iddiaya cavab verməli olmayan şəxs olduğu üçün cavabdeh qismində pul vəsaitinin köçürüldüyü +**********11 nömrəli, +**********58 nömrəli, +**********76 nömrəli, +**********21 nömrəli və +**********51 nömrəli istifadəçilər müəyyənləşdirilərək cəlb edilməlidir. Əlavə olaraq bildirilir ki, həmin istifadəçilər “m 10” tətbiqində müştəri uyğunluq tədbirlərindən keçmədikləri üçün onların anket məlumatları Cavabdeh1 MMC-də mövcud deyildir. Odur ki, məhkəmədən İddiaçı Cavabdeh1nə qarşı iddiasının rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" ASC iddiaya yazılı münasibət bildirərək göstərmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi tamamilə əsassızdır. Belə ki, iş materiallarında olan İddiaçı (müştəri) və cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli "Tam kart müqaviləsinin" (№ BPM**********72) 6.4-cü maddəsində qeyd edilmişdir ki, müştəri bu müqaviləni imzalamaqla təsdiq edir ki, “Tam Digicard debet” məhsuluna dair aşağıdakı məsələlər üzrə ABB-nin rəsmi insternet səhifəsində (https://abb-bank.az/muqavile) yerləşdirilmiş sonuncu tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərdə (bundan sonra - Standart Şərtlər) habelə Standart Şərtləin 27-ci bəndində əks olunan Tam kart bölməsinin Tam kartın debet hissəsinə şamil edilən müvafiq müddəalarla tanışdır və ona sadalanan məsələlər barədə ABB tərəfindən məlumat verilmişdir. Həmin müqavilənin 6.5-ci maddəsində qeyd edilmişdir ki, müştəri bu müqaviləni imzalamaqla Tam karta dair bu müqavilənin 6.4-cü bəndində göstərilən məsələlərdən əlavə olaraq Standart Şərtlərin digər şərtləri ilə tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların standart şərtlərdə əks olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın standart şərtlərdə əks olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. Standart şərtlər bu müqavilənin ayrılmaz tərkib hissəsidir. İş materiallarında olan, ABB-nin rəsmi internet səhifəsində (https://abbbank.az/muqavile) yerləşdirilmiş və müqavilənin imzalanması tarixinə qüvvədə olan Standart Şərtlərin 18.9.23-cü və 18.9.24-cü maddələrində qeyd edilmişdir ki, X2 tərəfindən qəbul edilmiş “məsuliyyətin ötürülməsi qaydası”nın (liability shift rule) tətbiq olunubolunmamasından asılı olmayaraq, Kart/Əlavə kartın istifadəsi və həmin kartlar vasitəsilə aparılan istənilən əməliyyata görə tam məsuliyyət daşımaq, habelə kartların istifadəsi nəticəsində ABB-yə və digər üçüncü şəxslərə dəyən zərərin və bütün növ maliyyə itkilərinin əvəzinin tam həcmdə ödənilməsini həyata keçirmək, bu Standart Şərtlər və qanunvericiliyin tələbləri nəzərə alınmaqla, X2 tərəfindən qəbul edilən qaydalara əməl etmək müştərinin öhdəliyidir. İş materiallarında olan, ABB-nin rəsmi internet səhifəsində (https://abbbank.az/muqavile) yerləşdirilmiş və müqavilənin imzalanması tarixinə qüvvədə olan Standart Şərtlərin 19.2.5-ci maddəsində qeyd edilmişdir ki, müştəri ona təqdim olunan xüsusi kodu və özünün müəyyən etdiyi kod sözü kənar şəxslərə açıqlamamağı, həmçinin elektron poçt qutusunu və mobil telefonunu kənar şəxslərin müdaxiləsindən qorumağı öhdəsinə götürür, buna görə məsuliyyət daşıyır. İş materiallarında olan, ABB-nin rəsmi insternet səhifəsində (https://abbbank.az/muqavile) yerləşdirilmiş və müqavilənin imzalanması tarixinə qüvvədə olan Standart Şərtlərin 19.3.2-ci maddəsində qeyd edilmişdir ki, müştərinin şəxsi imzasının başqa analoqundan istifadə edilməklə “ABB mobile - Mobil Bank” və “ABB banking - İnternet Bank” vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması zamanı ABB-nin təqsiri olmadan yarana biləcək bütün risklərə görə məsuliyyət Müştərinin üzərinə düşür və ABB buna görə məsuliyyət daşımır. İş materiallarında olan, ABB-nin rəsmi insternet səhifəsində (https://abbbank.az/muqavile) yerləşdirilmiş və müqavilənin imzalanması tarixinə qüvvədə olan Standart Şərtlərin 20.4-cü maddəsində qeyd edilmişdir ki, müştəri tərəfindən ABB-yə təqdim edilən məlumatlar (telefon nömrəsi, email adresi və s.) əsasında Müqavilə(lər)in üçüncü şəxs(lər) tərəfindən qanunsuz olaraq bağlanmasına görə ABB məsuliyyət daşımır. İş materiallarında olan İddiaçı (müştəri) və cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli "Tam kart müqaviləsinin" (№ BPM**********72) 6.1-cü maddəsində qeyd edilmişdir ki, müştəri ********** nömrəsinin ona məxsus olduğunu və yalnız özü tərəfindən istifadə edildiyini təsdiq edir, müştərinin əlaqə vasitələrində dəyişiklik baş verdikdə, o, müvafiq dəyişikliyin baş verdiyi tarixdən 5 (beş) iş günü müddətində ABB-ni yazılı surətdə xəbərdar etməlidir. Müştərinin ABB-yə təqdim etdiyi telefon nömrəsi hər hansı səbəbdən istifadəsindən çıxdıqda və bununla bağlı məlumat ABB-yə təqdim edilmədikdə, həmin nömrə vasitəsilə edilən təsdiqlər, əməliyyatlar Müştəri tərəfindən edilmiş hesab edilir və buna görə məsuliyyəti Müştəri daşıyır. İş materiallarında olan, "Balansdankənar məxaric orderi No BPM**********872B" sənədində qeyd edilmişdir ki, 5522 **** **** 5433 saylı ödəniş kartı xx.xx.2024-cü il tarixində İddiaçı təhvil verilmişdir (onun tərəfindən kassadan məxaric edilmişdir). İş materiallarında olan, “5522-0993-6679-5433 nömrəli kart üzrə OTP kodların SMS vasitəsilə göndərilməsinə dair çıxarışlar”dan görünür ki, xx.xx.2024-cü il tarixində, +**********40 mobil nömrəsinə, 30.30 AZN məbləğində əməliyyatın təsdiqi üçün saat 02:48:59-da, 50.50 AZN məbləğində əməliyyatın təsdiqi üçün saat 03:09:30-da, 19.19 AZN məbləğində əməliyyatın təsdiqi üçün saat 04:04:29-da, 30.30 AZN məbləğində əməliyyatın təsdiqi üçün saat 05:21:23-də, 101.00 AZN məbləğində əməliyyatın təsdiqi üçün saat 05:57:25-də OTP kodlar (təsdiq kodları) SMS vasitəsilə göndərilmişdir. İş materiallarında olan, "5522-0993-6679-5433 nömrəli kart hesabından çıxarış"dan görünür ki, xx.xx.2024-cü il tarixində, saat 02:50:39-da 30.30 AZN, saat 03:10:27-də 50.50 AZN, saat 04:04:57-də 19.19 AZN, saat 05:21:48-də 30.30 AZN, saat 05:57:49-da 101.00 AZN vəsait “M10 TOP UP” təyinatları ilə uğurlu şəkildə köçürülmüşdür (kartdan çıxmışdır). İşin materiallarında qeyd edilən xüsusatları ümumiləşdirdikdə belə qənaətə gəlmək olar ki, iddiaçının banka təqdim etdiyi nömrəyə iddiaçının sifarişi əsasında bank tərəfindən müvafiq OTP kodlar göndərilmiş, iddiaçı bu kodlardan istifadə etmiş, bu hərəkəti ilə iddiaçı müqavilə (standart şərlər) üzrə tam olaraq özü məsuliyyət daşımış, iddiaçının bu hərəkətinə görə bankın müqavilə (standart şərtlər) üzrə heç bir məsuliyyəti olmamışdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" ASCyə qarşı pul tələbinə dair 2(006)-3414/2024 saylı mülki iş üzrə iddia ərizəsi tamamilə əsassız olduğundan onun rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək, etirazda göstərilənlərə uyğun izahat verdi və iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: "xxxx" ASC ilə İddiaçı Ələkbər oğlu arasında bağlanmış BPM**********72 saylı xx.xx.2023-cü il tarixli tam kart müqaviləsinin surətindən görünür ki, İddiaçı Ələkbər oğluna 5 il müddətinə tam kart verilmişdir. BPM**********872B nömrəli "Balansdankənar məxaric orderi"nə əsasən, 5522 **** **** 5433 saylı ödəniş kartı xx.xx.2024-cü il tarixində İddiaçı təhvil verilmişdir. 5522-0993-6679-5433 nömrəli kart üzrə OTP kodların SMS vasitəsilə göndərilməsinə dair çıxarışlar”dan görünür ki, xx.xx.2024-cü il tarixində, +**********40 mobil nömrəsinə, 30.30 AZN məbləğində əməliyyatın təsdiqi üçün saat 02:48:59-da, 50.50 AZN məbləğində əməliyyatın təsdiqi üçün saat 03:09:30-da, 19.19 AZN məbləğində əməliyyatın təsdiqi üçün saat 04:04:29-da, 30.30 AZN məbləğində əməliyyatın təsdiqi üçün saat 05:21:23-də, 101.00 AZN məbləğində əməliyyatın təsdiqi üçün saat 05:57:25-də OTP kodlar (təsdiq kodları) SMS vasitəsilə göndərilmişdir. 5522-0993-6679-5433 nömrəli kart hesabından çıxarış"dan görünür ki, xx.xx.2024-cü il tarixində, saat 02:50:39-da 30.30 AZN, saat 03:10:27-də 50.50 AZN, saat 04:04:57-də 19.19 AZN, saat 05:21:48-də 30.30 AZN, saat 05:57:49-da 101.00 AZN vəsait “M10 TOP UP” təyinatları ilə uğurlu şəkildə köçürülmüşdür. Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, İddiaçı Ələkbər oğlunun müraciəti mülki xarakterli olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli arayışına əsasən İddiaçı Ələkbər oğlu xx.xx.2016-cı il tarixdən müddətsiz birinci dərəcəli əlildir. Diaqnoz: Şizofren paranoid forma davamlı hallusinator sindrom, fasiləsiz gedişli dərin psixi qüsur halı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmənin mövqeyi: İşin araşdırılmış halları ilə müəyyən edilir ki, İddiaçı ilə "xxxx" ASC arasında BPM**********72 saylı xx.xx.2023-cü il tarixli tam kart müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən əsasən müvafiq kart iddiaçının istifadəsinə verilmişdir. İddiaçı özünə məxsus 5522**** ****5433 nömrəli tam kart hesabından +**********40 nömrəli M10 hesabına pul köçürmək niyyəti ilə hesabdan köçürmələr həyata keçirdiyini, lakin köçürülmüş məbləğlərin onun M10 hesabına daxil olmadığını bildirərək, pul vəsaitindən məhrum olduğu üçün ona 231,29 manat zərərin dəyməsini iddia etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus 5522**** ****5433 nömrəli bank kartı vasitəsilə “m10” hesablarına köçürülmüş pul vəsaitləri aşağıdakı kimi olmuşdur: xx.xx.2024-cü il tarixində 30.3 manat pul vəsaiti +**********11 saylı m10 hesabına, 50.5 manat pul vəsaiti +**********58 saylı m10 hesabına, 19.9 manat pul vəsaiti +**********76 saylı m10 hesabına, 30.3 manat pul vəsaiti +**********21 saylı m10 hesabına və 101.0 manat pul vəsaiti +********** saylı m10 hesabına köçürülmüşdür. İddiaçıya məxsus vəsaitdən "xxxx" ASC-dən müxtəlif hesablara köçürülmələr olması ilə bağlı məhkəmə qeyd edir ki, plastik ödəmə kartı - əsasən kredit, ödəmə və debit (hesabdan nağd vəsaitlərin alınması) kart olaraq bilinən, vəsaitlərin mübadiləsi, pulun saxlanılması, məsafədən ödənişlərin həyata keçirilməsi, başqa hesablara pulun köçürülməsi və digər əməliyyatlar üçün istifadə olunan vasitədir. Belə ki, kart vasitəsilə yuxarıda qeyd olunan əməliyyatlar müxtəlif üsullarla (postterminal vasitəsi ilə pul ödənilməsi, ATM vasitəsi ilə hesabdan nağd vəsaitlərin alınması, internet resursları vasitəsilə online pul köçürmələri, ölkə daxili və ölkə xarici hesablara pul köçürülməsi və s.) müxtəlif vasitələrlə həyata keçirilir. Plastik kartların aid olduğu hesaba dair məlumatlar kartın məxsus olduğu müəsissə tərəfindən saxlanılır, kartın istifadəçisi və həmin müəssisə tərəfindən idarə olunur. Kartlarda informasiya təhükəsizliyinin təmin edilməsi üçün (kartın nömrəsi, PİN-kod, təhlükəsizlik şifrəsi, bank resurslarına aid şifrələr, kredit limiti, əməliyyatların tarixçəsi və s.) xüsusiyyətlərin qorunmasına diqqət yetirilməlidir. İddiaçı özünə məxsus kart vasitəsilə özünün həyata keçirdiyi köçürmələrin kimin hesabına köçürüldüyünü bilmədiyindən, məhkəmə qaydasında həmin vəsaitlərin ona geri qaytarılmasını tələb edir. Lakin iddiaçının özünün də qeyd etdiyi kimi, habelə cavabdehlərin təqdim etdiyi sənədlərlə iddiaçının pul vəsaitlərinin onun özü tərəfindən istifadə edilməsi öz təsdiqini tapmışdır. Belə olan halda hazırda cavabdehlər tərəfindən iddiaçıya ziyan vurulması halı müəyyən edilmir. ABB-nin rəsmi insternet səhifəsində (https://abb-bank.az/muqavile) yerləşdirilmiş və müqavilənin imzalanması tarixinə qüvvədə olan Standart Şərtlərin 19.3.2-ci maddəsində də qeyd edilmişdir ki, müştərinin şəxsi imzasının başqa analoqundan istifadə edilməklə “ABB mobile - Mobil Bank” və “ABB banking - İnternet Bank” vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması zamanı ABB-nin təqsiri olmadan yarana biləcək bütün risklərə görə məsuliyyət Müştərinin üzərinə düşür və ABB buna görə məsuliyyət daşımır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilən şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlilər (əldə çıxmış fayda) “zərər” anlayışı ilə əhatə olunur. Beləliklə də, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: -zərərin mövcud olması; -zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; -zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehlərin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus pul vəsaitlərinin onun iradəsinə zidd olaraq başqa hesablara köçürülməsi müəyyən edilmədiyindən və belə köçürmələrin cavabdehlərin hər hansı təqsirli hərəkət yaxud hərəkətsizliyi ilə bağlı olmasına dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyindən iddia rədd olunmalıdır. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı ona cavabdehlər tərəfindən maddi ziyan vurulması ilə bağlı öz hüquqi mövqeyini (bank hesabından köçürmələrin həyata keçirilməsində cavabdehlərin təqsirini) sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-3414/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3414/2024
02.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver