Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3416/2022 24.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı "təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, ona vurulmuş maddi ziyana görə 24000 ABŞ dolları məbləğində və vurulmuş mənəvi ziyana görə 50000 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Lənkəran Rayon Məhkəməsinin 2(049)-356/2022 saylı,xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı "təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair 2(049)-356/2022 saylı mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə Lənkəran rayonu, Şilavar kəndində yaşayır. 1984-cü ildən sürücülük fəaliyyəti ilə məşğul olur və 1997-ci ildən beynəlxalq yük daşımalarını həyata keçirir. Əsasən, İran İslam Respublikasından Rusiya Federasiyasına və Ukraynaya meyvə-tərəvəz məhsulları daşımış, müştərisini brokerlər vasitəsilə tapmışdır. 2019-cu ilin noyabr ayının əvvəllərində idarə etdiyi «Volvo FH12» markalı **-BP-*** qeydiyyat nömrəli dartıcı yük maşınının «Schmitz sko 24» modelli **-ZA-*** qeydiyyat nömrəli soyuducu ilə təchiz edilmiş yarımqoşqusunun arxadan əvvələ üçüncü oxunda əyrilik yaranmışdır. Həmin hissəni təmir etdirsə də, nəticə yaxşı olmamışdır, Azərbaycan Respublikasında "Volvo" markalı yük avtomobillərinin detalı və təmir servisi olduqca baha olduğu üçün 21 noyabr 2019-cu ildə yarımqoşqunun üçüncü oxunda və nəqliyyat vasitələrinin digər hissələrində olan nasazlığı təmir etdirmək üçün Astara sərhəd nəzarət məntəqəsindən keçməklə İran İslam Respublikasının Ərdəbil şəhərinə getmişdir. Hələ yolda olarkən İran İslam Respublikasında yaşayan və brokerlik fəaliyyəti ilə məşğul olan tanışı Əziz adlı şəxsə zəng etmiş, ona nəqliyyat vasitəsini təmir edirmək üçün Ərbədil şəhərinə getdiyini demiş və qayıdan zaman ona yük tapmağı xahiş etmişdir. Telefon danışığı zamanı Əziz iddiaçıya Engin Bayram adlı şəxsin İran İslam Respublikasının Urmiya şəhərindən Ukraynanın Odessa şəhərinə daşınacaq kivi və nar yükünün olacağını bildirmişdir. Nəqliyyat vasitəsində olan nasazlığı başa çatdıracağı təqdirdə həmin yükü 4700 ABŞ dolları müqabilində aparmağa razılaşmışdırlar. Brokerlərə tapdıqları yükün qarşılığında 100-200 ABŞ dolları məbləğində pul verilirdi. İddiaçı 2019cu ilin iyun ayının əvvəllərində Belarusiya Respublikasının Minsk şəhərinə Engin Bayram adlı şəxsin gilas və ərik yükünü, həmin ilin oktyabr ayının əvvəllərində isə Ukraynanın Odessa şəhərinə mandarin və kivi yüklərini aparmışdı. İddiaçı 21 noyabr 2019-cu il tarixdə günorta saatlarında Ərdəbil şəhərinə çatmış və nəqliyyat vasitəsini ustaya təqdim etmişdir. 22 noyabr 2019-cu il cümə gününə təsadüf etdiyindən ustalar işləmədiyi üçün növbəti gündən avtomobili təmir etməyə başlamışdılar. Həmin dövrdə iddiaçı nəqliyyat vasitəsinin nəinki üçüncü oxunda olan nasazlığı aradan qaldırmış, həmçinin, avtomobil üzərində çoxsaylı təmir işləri gördürmüş və lazımi yerləri rənglətdirmişdir. 26 noyabr 2019-cu il tarixdə iş vaxtının sonlarına yaxın nəqliyyat vasitəsinin üzərində təmir işləri başa çatmış, 27 noyabr 2019-cu ildə səhər saatlarında Əziz iddiaçıya zəng edərək X20 şəhərinə aparılacaq kivi və nar yüklərinin Astara şəhərinə gələcəyini, buna görə də Urmiya şəhərinə getməyə ehtiyac qalmadığını bildirmişdir və birbaşa "Pəyanə" gömrük terminalına gəlməsini tapşırmışdır. Belə olan halda iddiaçı Ərdəbil şəhərindən birbaşa X10 Astara şəhərində yerləşən “Pəyanə” gömrük terminalına gəlmişdir. Terminala daxil olan zaman avtomobili gömrük əməkdaşları tərəfindən yoxlanılmış və iddiaçı daha sonra gömrük ərazisinə daxil olmuşdur. Bir qədər sonra gömrük ərazisinə Əziz, Engin Bayram və onların yanında olan bir nəfər şəxs gəlmiş, Odessa şəhərinə aparılacaq yük gömrük ərazisində X14 məxsus qeydiyyat nişanlı və yarımqoşqusu olan yük maşını ilə gətirilmişdir. Ümumilikdə yük maşınında 24 ədəd paletdə qablaşdırılmış standart ölçülü plastik yeşiklərdə yığılı nar və kivi yükləri olmuşdur. Hər bir palet düzbucaqlı formasında taxta altlığın üzərində müəyyən sayda yığılmış, plastik yeşiklərin dörd tərəfinə dayaq qoyulmaqla yeşiklərin sayından asılı olaraq 3-4-5 yerdən zavod üsulu ilə bərkidilmiş qoruyucu lentdən ibarət olmuşdur. Paletdə qablaşdırılmış hər hansı bir yeşiyə baxmaq üçün mütləq qoruyucu lent kəsilməli və bundan sonra yeşik oradan çıxarılmalı idi. Kivi yığılmış yeşiklərin hamısı altdan qoyulmaqla sarı rəngli kağızlara bükülmüş və üstünə plastik örtük çəkilmişdir. Kənardan baxdıqda nəinki yeşiyin içərisi, heç kivi belə görünməmişdir. Maşınları arxa-arxaya saxladıqdan sonra gömrük əməkdaşının nəzarəti altında fəhlələr "Rokler" adlanan əl qurğusu ilə paletləri nəqliyyat vasitəsinin yük yerinə yığmağa başlamışlar. Dəfələrlə Əzizin tapdığı yükü iddiaçı ayrı-ayrı dövlətlərə apardığı, habelə bundan əvvəl Engin Bayram üçün iki dəfə yük daşıdığı zaman heç bir problemlə qarşılaşmadığı üçün onları etibarlı şəxs kimi tanmış və inanmışdır. Qoşqunun ön hissəsinə nar, ortaya kivi və arxaya isə yenidən nar paletləri yüklənmişdir. Yük yerində boş yer qaldığı üçün Əziz gedərək əlavə iki palet kivi yükü almış və həmin boşluğa yerləşdirmişdir. Beynəlxalq yük daşıma qaydasına əsasən daşıma xərci yük təyin olunmuş yerə çatdırıldıqdan sonra verilir. Buna baxmayaraq, yüklənmə prosesi zamanı iddiaçı Engin Bayrama avtomobilini yenicə təmirdən çıxardığını və hazırda pulunun olmadığını bildirmiş, ondan daşınma pulunun bir hissəsini əvvəlcədən verməyi xahiş etmişdir. Engin üzərində pulunun az olduğunu deyərək, iddiaçıya yalnız 200 ABŞ dolları məbləğində pul vermişdir. Əlavə pulu olmadığı və Enginin verdiyi pul yol xərcini ödəmədiyi üçün iddiaçı oğlu Ceyhun Hüseynova zəng edərək, ona Astara şəhərində yaşayan Emin adlı şəxsdən 1700 ABŞ dolları məbləğində pulu sələmə götürməyi tapşırmışdır. Yükləmə prosesi başa çatdıqdan sonra avtomobil rentgen müayinəsindən keçirilmiş və gömrük əməkdaşı tərəfindən yük yerinin qapısı plomblanmışdır. Avtomobil plomblandıqdan sonra onu qırmadan maşının yük yerinə girmək mümkünsüz olur. Həmin gün gömrük rəsmiləşdirilməsi başa çatmadığı üçün iddiaçı gecəni maşının kabinasında keçirməklə gömrük terminalında qalmışdır. 28 noyabr 2019-cu il tarixdə gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra iddiaçı saat 16 radələrində təxminən 200-300 metr məsafədə yerləşən Azərbaycan Respublikasının gömrük postuna daxil olmuşdur. İddiaçı İran İslam Respublikasının gömrük postundan Azərbaycan Respublikasının Astara şəhərində yerləşən gömrük postuna qədər olan məsafəni təxminən 3-5 dəqiqəyə qət etmişdir. Astara gömrük postunda nəqliyyat vasitəsi rentgen qurğusundan keçdikdən sonra avtomobilin xidməti it tətbiq etməklə yoxlanılmasına qərar verilmişdir. X19 Respublıkasından Ukraynaya gedən bütün yüklər rentgen qurğusundan keçirilməklə yanaşı, həm də boşaldılmaqla yoxlanılır. Lakin həmin vaxt gömrük yoxlanışında ondan əvvəl üç maşın olduğu üçün gömrük əməkdaşı iddiaçıya həmin gün növbə çatmayacağını deməklə evə getməyi və növbəti gün səhər saatlarında gəlməyi təklif etmişdir. Buna görə də, iddiaçı nəqliyyat vasitəsini Astara gömrük postunun ərazisində saxlamaqla Lənkəran rayonunda yerləşən evimə gəlmiş, gecəni evdə qalmışdır. İddiaçı 29 noyabr 2020-ci ildə saat 10 radələrində Astara gömrük postuna getmiş və yük yerinin qapısı gömrük əməkdaşı tərəfindən plomb qırılmaqla açılmış, sonra avtokar vasitəsilə kivi və nar paletləri yerə boşaldılaraq xidməti it tətbiq edilməklə yoxlanılmışdır. Xidməti it 8 ədəd kivi paletinə reaksiya vermiş və həmin paletlər açılmışdır. Hər paletdə 96 ədəd olmaqla, ümumilikdə 768 ədəd kivi yeşiyinin 471 ədədinin içərisindən - hər yeşikdə 4 ədəd olmaqla, ümumilikdə 1884 ədəd müxtəlif ölçülü, rəngli və formalı, üzəriləri şəffaf və sarı yapışqanlı lentlə sarınmış vəziyyətdə olan düzbucaqlı formalı bağlamalar aşkar edilərək götürülmüşdür. Hələ ilk yeşikdən qeyd olunan bağlama aşkar olunan zaman iddiaçı dərhal Əzizin mobil telefon nömrəsinə zəng edərək ona «mənə siz nə vermisiniz, başıma nə oyun açdınız» demiş, bu zaman gömrük əməkdaşları mobil telefonunu əlindən almışlar. Həmin bağlamalara baxış keçirilən zaman onların hər birinin içərisində narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin maddənin paletlərin içərisinə hara və necə yerləşdirilməsindən iddiaçının xəbəri olmamışdır. Bu barədə gömrük işçilərinə bildirmiş, bu işdə heç bir təqsiri və işə aidiyyəti olmadığı halda əsassız olaraq guya iddiaçının Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməllərini törətməsi kifayət qədər təsdiq edildiyindən 30 noyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və 02 dekabr 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək iddiaçıya ittiham elan edilmiş və Bakı şəhər Yasamal Rayon məhkəməsinin eyni tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsin 09 dekabr 2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhər Yasamal rayon məhkəməsinin 02 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən qəbul edilmiş 20 dekabr 2019-cu il tarixli qərarla cinayət işi üzrə ibtidai araşdırmanın davam etdirilməsi Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə həvalə edilmişdir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun 30 yanvar 2020-ci il tarixli qərarı ilə iddiaçı barəsində olan cinayət işi üzrə istintaq-əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik müstəntiq X4 həvalə edilmişdir. Cinayət işi üzrə ibtidai istintaq müddəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun 16 mart 2020-ci il tarixli qərarı ilə 30 iyun 2020-ci il tarixədək, 18 iyun 2020-ci il tarixli qərarı ilə 30 sentyabr 2020-ci il tarixədək uzadılmışdır. İddiaçının həbsdə qalma müddəti Bakı şəhər Yasamal rayon məhkəməsinin 19 mart 2020-ci il tarixli qərarı ilə 30 iyun 2020-ci il tarixədək, 18 iyun 2020-ci tarixli qərarı ilə 30 sentyabr 2020-ci il tarixədək uzadılmışdır. Beləliklə də, iddiaçı 30 noyabr 2019-cu iİ tarixdə əsassız olaraq şübhəli şəxs qismində tutulmuş, 02 dekabr 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmiş və Bakı şəhər Yasamal Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə iddiaçı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 02 dekabr 2019-cu il tarixdən 10 avqust 2020-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsində onun barəsində istintaq aparılmış, 10 avqust 2020-ci il tarixdə barəsində olan ********* saylı cinayət işi üzrə ittiham aktı tərtib edilmiş və həmin ittiham aktı 17 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun müavini, baş ədliyyə müşaviri cənab Elmar Camalov tərəfindən təsdiq edilərək məhkəməyə verilmişdir. İddiaçı barəsində olan cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılmış və məhkəmənin 30 noyabr 2020-ci il tarixli 1-(099)-376/2020 saylı hökmü ilə ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş və barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilmişdir. Beləliklə, İddiaçı bütün bu dövr ərzində qanunsuz olaraq 1 il həbsdə saxlanılmışdır. Buna baxmayaraq, həmin hökmdən Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin birinci instansiya məhkəmələrində X7 şöbəsinin dövlət ittihamçısı Aqil Əli-zadə apellyasiya protesti vermiş, onun apellyasiya protestinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 13 aprel 2021-ci il tarixli 1(106)- 271/2021 saylı qərarı ilə dövlət ittihamçısı Aqil Əli-zadənin apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 1-(099)-376/2020 saylı hökmü dəyişdirmədən saxlanılmışdır. Bundan sonra Baş Prokurorluğun X7 üzrə İdarəsinin apellyasiya istansiya məhkəmələrində X7 şöbəsinin dövlət ittihamçısı X23 Ağa oğlu kassasiya protesti vermiş, onun kassasiya protestinə baxan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyası özünün 13 oktyabr 2021-ci il tarixli 1(102)-1313/2021 saylı qərarı ilə dövlət ittihamçısı X23 Ağa oğlunun kassasiya protesti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2021-ci il tarixli 1(106)-271/2021 saylı qərarı dəyişdirmədən saxlanılmışdır. İddiaçı həbs edilməmişdən əvvəl beynəlxalq yük daşımaları ilə məşğul olmuş, ayda 2000 ABŞ dolları məbləğində maaş alırmış. Bununla da o, 2000 ABŞ dolları x 12 ay = 24000 ABŞ dolları pul vəsaitindən mərhum olmuş, bundan əlavə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək əsassız olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Təcridxanasında həbsdə saxlanılmaqla, azadlıqdan məhrum olunduğu müddət ərzində ailə üzvləri tərəfindən ona yemək və ərzaq gətirilməsinə, həmçinin hüquqlarını müdafiə edən vəkillə müqavilə bağlanmasına 20000 manatdan çox pul sərf olunmuşdur ki, həmin məsrəfi də cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışdır. Bundan əlavə, iddiaçı günahsız olaraq 1 il müddətə haqsız yerə azadlığından məhrum olunduğu üçün, eləcə də heç bir əsas olmadan törətmədiyi cinayət əməlində ittiham olunduğu üçün ona böyük mənəvi ziyan da dəymişdir. Belə ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının çəkdiyi əzab-əziyyət onda əsəb pozuntusu və ürək ağrısına gətirib çıxartmışdır. Belə ki, iddiaçı heç bir əsas olmadan Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə barəsində cinayət işi başlanmış və bir il həbsxanada qalmağa məcbur olmuşdur. Nəticədə isə çox böyük psixoloji sarsıntılar, əsəb gərginliyi keçirmişdir. Buna görə cavabdehlər vurduqları maddi ziyanla yanaşı, 50000 manat məbləğində mənəvi ziyanı da ödəməyə borcludurlar. Bu səbəbdən də iddia tələbi məhkəmə tərəfindən təmin edildiyi təqdirdə qətnamənin icrası dövlət büdcəsi hesabına olacağı üçün hazırki vəziyyətdə iddia tələbinin yönələcəyi cavabdehlərdən biri də məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi ziyana görə 24000 ABŞ dolları məbləğində, hüquqi yardıma görə vəkillərə ödədiyi 1260 manat məbləğində və vurulmuş mənəvi ziyana görə 50000 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə cavabdeh qismində cəlb edilmiş Azərbaycan Respublikasının Baş Prokurorluğunun çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilərək, iddianın rədd edilməsi xahiş edilmişdir. Etiraz ərizəsi belə əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, iddiaçı təhqiqat, ibtidai-istintaq və məhkəmə orqanlarının hərəkətləri ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ona qarşı yönəltmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunur: ‘‘Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər”. Bu isə o deməkdir ki, Azərbaycan Respublikası adından çıxış edən orqan təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyildir. Həmçinin, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq, bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Həmçinin, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Təcridxanasında həbsdə saxlanılmaqla azadlıqdan məhrum olunduğu müddət ərzində ailə üzvləri tərəfindən ona yemək və ərzaq gətirilməsinə, həmçinin hüquqlarını müdafiə edən vəkillə müqavilə bağlanmasına görə 20000 (iyirmi) manatdan çox pul xərcləndiyini qeyd edir. Yuxarıda qeyd edilənlərlə əlaqədar bildirilmişdir ki, İddiaçı vəkil xidmətinin göstərilməsi üçün ödəmiş olduğu pulun cavabdehdən qaytarılmasını tələb edir. Bununla əlaqədar qeyd edilmişdir ki, ‘‘Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Eyni zamanda, “Məhkumların yemək və maddiməişət normalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 sentyabr tarixli 154 nömrəli Qərarında cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların maddi ehtiyaclarını qarşılayan gündəlik ərzaq normalarını ehtiva edir və iddiaçının qeyd etdiyi yemək xərcləri onun həbsdə olduğu müddətdə dövlət tərəfindən qarşılanmışdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ‘‘Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə əlaqədar heç bir sübut göstərə bilməmişdir. Həmçinin, iddiaçının qeyd etdiyi məbləğ heç bir real fakta əsaslanmır, əsassızdır. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi və iddianın təmin olunmaması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə hazırlıq iclasında cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X15 iddianı qəbul etməyib, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş almasına baxmayaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, cavabdehin etiraz ərizəsini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AZE seriyalı şəxsiyyət vəsiqəsindən gğrünür ki, İddiaçı yaşayış yeri üzrə Lənkəran rayonu Şilavar kəndində qeydiyyatdadır. Mülki işin materiallarında olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(004)-985/2019 saylı qərarından görünür ki, xx xxxxxx 1964-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, yük avtomobil sürücüsü, Lənkəran rayonunun Şiləvar kəndində qeydiyyatda olan və yaşayan İddiaçı barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Mülki işin materiallarında olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(004)-191/2020 saylı qərarından görünür ki, vəsatət təmin olunmu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddəti 03 ay, yəni xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Mülki işin materiallarında olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(004)-411/2020 saylı qərarından görünür ki, xx xxxxxx 1964-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, yük avtomobil sürücüsü, Lənkəran rayonunun Şiləvar kəndində qeydiyyatda olan və yaşayan İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Mülki işin materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 1-(099)-376/2020 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilmişdir. Mülki işin materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 1(106)-271/2021 saylı qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 1-(099)-376/2020 saylı hökmündən dövlət ittihamçısı Aqil Əli-zadə tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 1(099)-376/2020 saylı hökmü apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)- 1313/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş İddiaçı barəsində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 aprel 2021-ci il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Lənkəran Rayon Vəkil Bürosu ilə X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 353 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, vəkil X2 Ramiz Hacıəli oğluna ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 1000 manat haqq ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, X8 tərəfindən Lənkəran Rayon Vəkil Bürosunun hesabına 1000 manat məbləğində pul ödənilmişdir. Mülki işin materiallarında olan Lənkəran Rayon Vəkil Bürosu ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 135 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, vəkil X1 Ramiz Hacıəli oğluna ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 262 manat haqq ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Lənkəran Rayon Vəkil Bürosunun hesabına 262 manat məbləğində pul ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli broker sənədindən görünür ki, sürücü İddiaçı 5000 ABŞ dolları dəyərində çəkisi 19500 kq olan təzə şirin albalı və təzə ərik mallarının Belarus gömrük məntəqəsi, Minsk şəhərinə çatdırılmasına cavabdehdir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli broker sənədindən görünür ki, sürücü İddiaçı 4700 ABŞ dolları dəyərində çəkisi 20000 kq olan təzə mandarin və kivi mallarının Ukraynaya çatdırılmasına cavabdehdir. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli broker sənədindən görünür ki, sürücü İddiaçı 4700 ABŞ dolları dəyərində çəkisi 20000 kq olan təzə nar və kivi mallarının Ukraynaya çatdırılmasına cavabdehdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 4(004)-985/2019 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən İddiaçı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Sonradan İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(004)-191/2020 saylı qərarına əsasən xx.xx.2020-ci il tarixədək, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(004)- 411/2020 saylı qərarına əsasən isə xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 1(099)-376/2020 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 1(106)-271/2021 saylı qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 1(099)-376/2020 saylı hökmündən dövlət ittihamçısı Aqil Əli-zadə tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 1(099)-376/2020 saylı hökmü apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Nəhayət, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1313/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 1(099)-376/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş İddiaçı barəsində Şirvan Apelyasiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 1(106)-271/2021 saylı qərarı dövlət ittihamçısının kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı 30 noyabr 2019-cu il tarixdən 30 noyabr 2020-ci il tarixədək, yəni 12 (on iki) ay və ya 365 (üç yüz altmış beş) gün qanunsuz olaraq həbsdə saxlanılmışdır. İddiaçıya peşəkar hüquqi yardım göstərilməsi məqsədilə 1000 manat və 262 manat məbləğində pul vəsaitləri vəkillərə sərf olunmuşdur. Odur ki, iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi və bunun nəticəsində ona zərər dəyməsi işin mübahisəsiz halıdır. Məhkəmə İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyrimaddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). Avropa İnsan Hüquqları Məhkəməsi «Kalaşnikov Rusiyaya qarşı» iş üzrə 15 iyul 2002-ci il tarixli qərarda Konvensiyanın 3-cü maddəsinin, 5-ci maddəsinin 3-cü bəndinin və 6-cı maddənin 1ci bəndinin pozulması faktını müəyyən etməklə yanaşı Konvensiyanın 41-ci maddəsinin zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsi müddəasına istinad edərək dəymiş zərər, mənəvi ziyan, məhkəmə xərcləri və digər məsrəflər məsələsini də müzakirə etmişdir. İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona məhrum olduğu gəlirlərə görə 24000 (iyirmi dörd min) ABŞ dolları məbləğində ziyan dəyməsini bildirsə də, bu iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən brokerlik sənədlərindən onun aylıq mütəmadi gəlirinin məbləğini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də məhkəmə tərəfindən həmin sənədlər iddiaçının gəlirini təsdiq edən və qanunsuz olaraq həbsdə saxlanılması nəticəsində ona 24000 ABŞ dolları məbləğində maddi ziyan dəydiyini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Lakin iddiaçı qanunsuz olaraq həbsdə saxlandığı müddətdə hüquqi yardıma görə vəkilə 1000 manat məbləğində pul vəsaiti ödənildiyini təsdiq edən qəbzi məhkəməyə təqdim etdiyindən, məhkəmə hesab edir ki, iddia tələbi iddiaçıya vurulmuş maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli və iddiaçıya vurulmuş 1000 manat məbləğində maddi ziyanın əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi halda məhkəmələrin iddianı maddi zərər hissəsində rədd etməsi üçün əsasdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) İddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur və məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsinin aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X6rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsinin qismən, yəni 12.000 (on iki min) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, İddiaçı 30 noyabr 2019-cu il tarixdən 30 noyabr 2020-ci il tarixədək, yəni 12 (on iki) ay və ya 365 (üç yüz altmış beş) gün həbsdə saxlanılması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən dəymiş mənəvi ziyana görə 50 000 (əlli min) manat məbləğdə ödənilməsi ağlabatan deyildir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin hüquqi yardıma görə 260 manat məbləğində vəkil xərci hissəsinə münasibətdə hesab edir ki, 150 manat vəkil xərci iddiaçının xeyrinə cavabdehin vasitəsi ilə büdcə vəsaiti hesabına ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, dövlət büdcəsinin vəsaiti hesabına 1000 (min) manat məbləğində maddi zərərin, 12.000 (on iki min) manat məbləğində mənəvi zərərin əvəzi və göstərilən hüquqi xidmət xərcinə görə 150 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 1000 (min) manat məbləğində maddi zərərin, 12.000 (on iki min) manat məbləğində mənəvi zərərin əvəzi və göstərilən hüquqi xidmət xərcinə görə 150 manat olaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3416/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3416/2022
24.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver