Məhkəmə qərarları › İş №2(006)-3422/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3422/2022

22.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3422/2022 22.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə qeyri-yaşayış sahəsinə sənəd düzəldilməsi məsələsində tanış olmuşdur. Tanışlıq zamanı Cavabdeh qeyri- yaşayış sahəsinə sənəd düzəldilməsi üçün iddiaçıdan 10.000 (on min) manat pul vəsaiti almışdır. Həmin pul vəsaitinin alınmasından sonra o, öhdəliyini yerinə yetirmədi və iddiaçı bildi ki, cavabdeh onu aldadaraq pulunu mənimsəyir. Az keçmədi məlum oldu ki, cavabdeh başqa şəxsləri də aldatmış və bununla bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılıb. İddiaçı isə həmin cinayət işində zərərçəkən şəxs kimi cəlb edilmişdir. xx.xx.2019-cu il tarixində tərəflər arasında tərəflərin və vəkil X1 iştirakı ilə müqavilə bağladılar. Müqavilənin 1-ci bəndinə əsasən cavabdeh öhdəlik götürdü ki, aldığı 10.000 manat pul vəsaitindən 3000 manat pulu xx.xx.2019-cu il tarixdə verdikdən sonra qalan 7000 manat puldan 2000 manat pulu xx.xx.2019-cu il tarixində, qalan 5000 (beş min) manat pulu isə 45 gün ərzində ödəyəcəkdir. Lakin cavabdeh müqavilədən bir gün qabaq 3000 (üç min) manatı və 2000 (iki min) manat pulu 30.06 2019-cu il tarixində ödəsə də, qalan 5000 (beş min) manat pul vəsaitini müqavilə öhdəliyini pozaraq ödəmədi və bugünə kimi də ödəmir və ödəyəcək deyərək iddiaçını gündən-günə aldadır. Cavabdeh müqavilə üzrə qalan 5000 manat pulu iddiaçıya ödənilməlidir. Eyni zamanda da 3 (üç) il üçün əldən çıxmış faydaya görə ödənilmiş pul müqabilində illik 5% olmaqla 5000x5:100=250x3=750 (yeddi yüz əlli) manat iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən Cavabdeh 5000 manat məbləğində pulun, əldən çıxmış faydaya görə 750 manat, ödənilmiş 127,50 manat dövlət rüsumunun, cəmi 5877,5 manat pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh aldığı 10.000 (on min) manat pul vəsaitindən 3000 manat pulu xx.xx.2019-cu il tarixdə verdikdən sonra qalan 7000 manat puldan 2000 manat pulu xx.xx.2019-cu il tarixində, qalan 5000 manat pulu isə 45 gün ərzində ödəməyi öhdəsinə götürmüşdür. Əsaslandırıcı hissə: Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə tərəflər arasında borc pulun verilməsi ilə bağlı hüquq münasibətləri yaranmış, Cavabdeh İddiaçı 5000 manat borcu qalmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçıya olan borcunu 45 gün ərzində qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göstərilən Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan əlavə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 449.1-ci maddəsində deyilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Yuxarıda qeyd olunanlardan da görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış və iddiaçının cavabdehə ümumilikdə 5000 manat məbləğində borcu qalmış, cavabdeh isə müqavilə üzrə onun üzərinə düşən öhdəliyi tam yerinə yetirməyərək pulu iddiaçıya qaytarmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən verilmiş pulun bir illik 5 faizi miqdarında pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin olunmalı, Cavabdeh əsas borc üzrə 5000 (beş min) manat, həmin borcun illik 5% olmaqla hesablanmış faiz borcu üzrə 750 (yeddi yüz əlli) manat və 125,70 (bir yüz iyirmi beş manat, yetmiş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5877,5 (beş min səkkiz yüz yetmiş yeddi manat, əlli qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borc üzrə 5000 (beş min) manat, həmin borcun illik 5% olmaqla hesablanmış faiz borcu üzrə 750 (yeddi yüz əlli) manat və 125,70 (bir yüz iyirmi beş manat, yetmiş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5877,5 (beş min səkkiz yüz yetmiş yeddi manat, əlli qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar