Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3424/2022 04.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi təzminat” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi təzminat” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən ona vurulmuş maddi ziyana görə 3286 manat məbləğində pulun, mənəvi ziyana görə 30.000 manat məbləğində təzminatın cavabdehdən onun nəfinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1991-ci ildə anadan olmuş və xx.xx.2009-cu ildən AR MN-nin Silahlı Qüvvələrində hərbi xidmətə başlamışdır. Ali təhsilli olmaqla baş leytenant rütbəsində AR MN-nin N saylı hərbi hissəsində artilleriya- batareya komandiri vəzifəsində xidmət etmişdir. xx.xx.2020-ci ildə başlamış Vətən müharibəsində iştirak etmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.2020-ci ildə «partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət» xəsarətini almış, ona ilk tibbi yardım Füzuli rayon Mərkəzi Xəstəxanasında göstərilmiş və yenidən döyüşə qayıtmış və xx.xx.2020-ci ildə onun səhhətində olan problemlərlə bağlı 15 gün müddətinə məzuniyyət verilmişdir. Müharibədən sonra onda 3-4 dəfə qanlı qusma halları baş verdiyi üçün o, xüsusi müayinə və müalicədən keçmək məqsədi ilə xx.xx.2021-ci il tarixdə AR MN-nin SQ-nin BKH-na göndərilmiş və xx.xx.2021-ci il tarixə kimi stasionar müalicə almış və ona «qastroezofageal reflüks xəstəliyi, eroziv ezofaqit, hiatam hemia, diafraqmanın qida borusu dəliyinin yırtığı, vegetativ damar davamsızlığı» diaqnozu qoyulmuşdur. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi Respublika Psixiatriya Xəstəxanasında «keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı şəxsiyyət pozuntusu, depressiv sindrolm, retroqrad amneziya» diaqnozu ilə stasionar müalicə qəbul etmişdir. Xidmət etdiyi AR MN-nin N saylı hərbi hissə komandiri tərəfindən xx.xx.2021-ci il tarixdə hərbi xidmətə yararlı olub-olmamağı ilə bağlı AR MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasına göndəriş verilmiş və həmin göndərişə əsasən o, müayinə edilmiş, xx.xx.2021-ci il tarixdə onun barəsində AR MN-nin HHK-sı tərəfindən qərar qəbul edilərək o, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilmişdir. Qeyd edilən qərar xidmət etdiyi hərbi hissəyə də göndərilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda gedən döyüşlər zamanı aldığı bu travmalarla bağlı ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Lakin, buna baxmayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci təhqiqat bölməsinin baş təhqiqatçısı, ədliyyə leytenantı X2 xx.xx.2022-ci il tarixli qərarı ilə onun - N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, baş leytenant İddiaçı barəsində «8 noyabr Zəfər günü» münasibəti ilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 8-ci bəndinə əsasən barəmdə amnistiya aktı tətbiq edilməklə barəsində AR CM-nin 333.4-cü maddəsi ilə cinayət işi AR CM-nin 39.1.12-ci maddəsi ilə rədd edilmişdir. Ona AR CM-nin 333.4-1-ci maddəsi ilə ittihamın verilməsinə əsas kimi xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə kimi xidmət yerini özbaşına tərk etməyi barədə təhqiqat orqanının gəlmiş olduğu səhv nəticə olmuşdur. O, qərarla razı olmadığı üçün ondan şikayət vermiş və həmin şikayətində göstərmişdir ki, o, AR CM-nin 333.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin subyekti olmamış və ona qarşı tamamilə əsassız ittiham irəli sürülmüş və onun bu işdə günahı olmadığı halda məhz amnistiya aktı tətbiq edilməklə məsuliyyətdən azad edilməyi tamamilə qanunsuz və əsassız bir yanaşma idi. Belə ki, o artıq xx.xx.2021-ci il tarixli HHK-nın qərarına əsasən hərbi xidmətə sülh dövründə yararsız hesab edilməyinə baxmayaraq hərbi hissə komandiri onun üzürsüz səbəbdən xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə kimi hərbi hissəni özbaşına tərk etməyi ilə bağlı sənədləri təhqiqat orqanına vermiş və sonuncu onun barəsində AR CM-nin 333.4cü maddəsi ilə cinayət işi başlanılmışdır. Halbuki, qeyd edilən tarixdən qabaq HHK-nın qəbul etdiyi qərarla o, hərbi xidmətə yararsız hesab olunmuş və həmin qərar əsasında hərbi hissə komandiri onu hərbi xidmətdən «hərbi xidmətkeçmə» haqqında Əsasnamənin 156 V bəndinə əsasən ordu sıralarından ehtiyyata buraxmalı olduğu halda bunu vaxtında etməmiş və yalnız xx.xx.2021-ci il tarixdə mənim barəmdə əmri vermişdir. HHK-nın qərarı ilə hərbi xidmətə yararsız hesab olunan bir şəxsin hərbi hissədə saxlanılması və sonra da müalicədə olan dövrdə ona fərarilik damğasının vurulması heç bir normaya sığmır. Onun hərbi hissədə xidmətdə olarkən xx.xx.2021-ci il tarixdə akt tərtib edilmiş və həmin aktda onun yaşadığı psixoloji problemlərlə bağlı psixiatriya müayinəsindən keçirilməli olduğu qeyd edilmişdir. Məhz bu akt əsasında o, Respublika Psixiatrik Xəstəxanasına yerləşdirilmişdir. Bu hal da ona dəlalət edir ki, o, səhhətində yaranmış problemlərlə bağlı hərbi xidmət keçmək imkanında olmamışdır. Onun hərbi xidmətə yararsız hesab edilməyi barədə qərarın hərbi hissəyə göndərilməsinə və bir surətinin də onun tərəfdən təqdim edilməsinə baxmayaraq hərbi hissə komandiri onun təxrisini ona məlum olmayan səbəblərdən gecikdirmiş və sonra da onun hərbi hissəni özbaşına tərk etməyi barədə raport hazırlayaraq araşdırılmaması üçiin təhqiqat orqanına göndərmişdir. Barəsində cinayət işi qaldırıldıqdan sonra ona 2 ayın- 2021 -ci ilin oktyabr və noyabr aylarının aylıq əmək haqqısı da ödənilməmiş, belə ki, o, hərmin vaxt 1648 manat aylıq əmək haqqı alırdım, 2 ay ərzində bu məbləğ 3286 manat təşkil etmişdir. Həmin məbləğ bu günə kimi də ödənilməmişdir. Ona böyük psixoloji sarsıntı yaşatmış bu qanunsuz qərardan şikayət etmiş və xx.xx.2022-ci il tarixli qərarla onun günahsız olduğu təsdiq olunmuş və barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilmişdir. Lakin, barəsində əsassız aparılan araşdırmalar və hər hansı bir cinayət əməlində ittiham edilməyi ona bir sıra problemlər yaratmış, onun nüfuzuna xələl gətirmiş, hətta «pis hərbçi» kimi onun bir sıra mühüm təltiflərdən və mükafatlandırmadan kənarda qalmağına xidmət etmiş, psixoloji sarsıntılara düçar etmişdir ki, o də bunun nəticəsində ona dəymiş mənəvi ziyanı 30.000 (otuz min) manat məbləğində qiymətləndirir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. İş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, tələb əsaslı olmadığından iddia tələbi rədd edilməlidir. İddia ərizəsində iddiaçı müəyyən məbləğdə aylıq gəlirini qeyd etsə də, aylıq qazancı ilə bağlı hər hansı əsaslandırıcı, konkret sübutlar təqdim etməmişdir. İddiaçı isə ərizəsində heç bir əsaslandırma və sübut göstərmədən maddi ziyana görə 3286 manat kompensasiya ödənilməsini tələb edir. Bu baxımdan iddiaçının maddi zərərə görə kompensasiya tələbi əsassız sayılmalıdır. İddiaçı həmçinin mənəvi zərər olaraq 30.000 manat ödənilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2022-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Lakin, iddiaçı ona maddi və mənəvi ziyanın dəyməsi hallarını təsdiq edən hər hansı bir sübut təqdim etmədən və ümumi ifadələrlə kifayətlənərək ziyanın ödənilməsini tələb etmişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Hesab edilir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Bundan başqa, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi baədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin qabaqcadan heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan verilən xx.xx.2022-ci il tarixli, vətəndaş X3 ünvanlanan məktubdan görünür ki, ərizəçinin qardaşı İddiaçı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmətdə olduğu zaman, xx.xx.2021-ci il tarixdə xidmət yerini özbaşına tərk etməsi ilə bağlı toplanmış 04/5-c №-li material üzrə 09 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 2-ci Təhqiqat Bölməsinin xx.xx.2022-ci il tarixli, 695 №-li məktubundan görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu baş leytenant İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək xidməti yerini özbaşına tərk etməsi faktı üzrə “8 Noyabr- Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 8-ci bəndinə əsasən baş leytenant İddiaçı barəsində amnistiya aktı tətbiq edilməklə Azərbaycan Respublikası CM-nin 333.4-1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsi ilə rədd edilmişdir. İş materiallarında olan 05 fevral 2022-ci il tarixli, 392 №-li “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu baş leytenant İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xidməti yerini özbaşına tərk etməsi faktı üzrə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisininm xx.xx.2021-ci il tarixli Qərarının 8-ci bəndinə əsasən baş leytenant İddiaçı barəsində amnistiya aktı tətbiq edilməklə Azərbaycan Respublikası CM-nin 333.4-1-ci maddəsi ilə cinayət işinin Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsi ilə rədd edilmişdir. İş materiallarında olan 09 aprel 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xidmət yerini özbaşına tərk etməsi ilə bağlı əməlində cinayət tərkibi olmadığından (Azərbaycan Respublikası CM-nin 333.4-1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti olmadığından) toplanmış 04/5-c №-li material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan şəxsiyyəti təsdiq edən sənəd üzrə axtarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ona ikinci dərəcə əlillik verilmiş, üzvi mənşəli şəxsiyyət pozğunluğu, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı üzvi şəxsiyyət pozuntusu, depressiv sindrom və s. Diaqnozu qoyulmuşdur. İş materiallarında olan Sumqayıt 3 №-li Şəhər Xəstəxanasından verilən 02 oktyabr 2021-ci il tarixli, 685 №-li Arayışdan görünür ki, İddiaçı Sumqayıt 3 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsində psixiatrik dispanser müşahidəsində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmiş, lakin İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xidmət yerini özbaşına tərk etməsi ilə bağlı əməlində cinayət tərkibi olmadığından (Azərbaycan Respublikası CM-nin 333.4-1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti olmadığından) toplanmış 04/5-c №-li material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilmişdir (05 fevral 2022-ci il tarixli, 392 №-li “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar və 09 aprel 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar). Göründüyü kimi iddiaçı xidmət yerini özbaşına tərk etməsi ilə bağlı əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Məhkəmə hesab edir ki, mənəvi zərərin tələb olunan məbləğdə deyil, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli sayılması üçün hər ay üçün 1.000 manat olmaqla, 3 aya yaxın müddət üçün 3.000 manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə iddia tələbinin “dəymiş maddi ziyan kimi 3.286 manat məbləğində pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı barəsində cinayət işinin açılmasına səbəb kimi göstərilən hal, yəni onun xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixə kimi xidmət yerini özbaşına tərk etməyi göstərilsə də, iddiaçı həmin dövrdə aldığı xəsarətlərlə bağlı öz xidməti vəzifəsini yerinə yetirə bilmədiyi üçün müalicədə olmuşdur və onun ehtiyyata buraxılması məsələsi vaxtında həll edilməmişdir. İddiaçının ehtiyyata buraxılması barədə əmr xx.xx.2021-ci il tarixdə verilmişdir. 2021-ci ilin avqust ayından noyabr ayına kimi olan müddətdə iddiaçının hərbi xidmətdə olmaması fərarilik kimi qəbul edilərək, onun barəsində qanunsuz cinayət işi başlanılmışdır. Belə olan halda da, iddiaçı 2 aylıq əmək haqqından məhrum olmuşdur. Beləliklə, İddiaçı qanunsuz və əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi nəticəsində ona 2 ay ərzində cəmi 3.286 məbləğində əmək haqqından məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən vurulmuş maddi ziyana görə 3.286 manat, mənəvi ziyana görə 3.000 (üç min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən vurulmuş maddi ziyana görə 3.286 (üç min iki yüz səksən altı) manat, mənəvi ziyana görə 3.000 (üç min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3424/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3424/2022
04.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver