Məhkəmə qərarları › İş №2(006)-3445/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3445/2024

17.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3445/2024 17.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əsassız varlanma predmetinin qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əsassız varlanma predmetinin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 77.000 manat məbləğində pul vəsaiti, ödənilmiş 321 manat dövlət rüsumu və hüquqi xidmətlərin göstərilməsi üçün vəkil bürosuna ödənilmiş 400 manat xərcin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlərlə iddiaçılar 2000-ci ildən tanışdırlar. Cavabdeh2 iddiaçılara özü və uşaqları Cavabdeh1, Muradova Aysel və Muradova Aygünün banklardan götürdükləri borcları ödəyə bilmədiklərini bildirərək iddiaçılardan pul istəmişdir. İddiaçılar cavabdehlərə borc verərək "xxxx" KB ASC, "xxxx" ASC, "xxxx" ASC-yə olan, ödəniş müddəti keçmiş kredit borclarını hissə-hissə qaytarmağa köməklik etmişlər. Cavabdeh1 tərəfindən "xxxx" ASC ilə bağlanmış 16 may 2025-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı1 zamin durmuşdur. Cavabdeh2 heç yerdə işləməmiş, qazanc əldə etmək üçün pul vəsaitlərinin hesabına məhsul alıb şirniyyat bişirərək satmışdır. 2015-ci ildə iddiaçılara olan borcun cəmi 77.000 manata çatmışdır. Cavabdeh2 həyət evi var, onlar razılaşmışlar ki, Cavabdeh2 həmin evi sənədləşdirərək bir hissəsini iddiaçılardan İddiaçı2 adına keçirəcəkdir. Bununla bağlı 07 may 2015-ci il tarixdə tərəflərin iştirakı ilə akt tərtib olunmuşdur. Aktda göstərilmişdir ki, «İddiaçı2 Bakı şəhəri Nəsimi rayonu Novruzov qardaşları küçəsi 135 ünvanda yerləşən 49.65 m2 yaşayış və qaraj olan sahələrinə görə Cavabdeh2 77.000 manat ödədi». Bundan öncə 04 may 2015-ci il tarixdə, gələcəkdə evini adına asan keçirmək üçün cavabdehlər və cavabdehlərin ailə üzvləri onları həmin həyət evinə qeydiyyata salmaq üçün müvafiq qeydiyyat şöbəsində razılıq vermişlər. Cavabdehlər iddiaçılara evin texniki pasportunun surətini təqdim etmişlər. İddiaçı2 həmin evdə 2015-ci ilin may ayından qeydiyyatda olmuşdur. Lakin 2016-ci ilin sonunda cavabdehlər İddiaçı2 məhkəmə qaydasında qeydiyyatdan çıxartmışlar, baxmayaraq ki, cavabdehlər tərəfindən borclar qaytarılmamışdır. Nəticədə tərəflər arasında olan razılıq pozulmuşdur. İddiaçılar cavabdehlərdən rəsmi qaydada ev ala bilmirlər, cavabdehlər isə iddiaçıların pullarını müxtəlif bəhanələrlə vermirlər. Nəticə etibarı ilə iddiaçıların mülkiyyət hüquqları ciddi pozulmuşdur. 2023-ci ildə telefon yazışmaları ilə cavabdehlər borclarını etiraf etmişlər, həm də bildirmişlər ki, ev söküntüyə düşür və onlar kompensasiyanı alan kimi iddiaçılara pay verəcəklər. Ancaq bu günə kimi məsələ həmin yerdədir. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəməyə iddia ərizəsinə etiraz göndərərək iddia tələbini qəbul etmədiyini və iddiaçı tərəfin öz ərizəsində göstərdiyi pul tələbi ilə bağlı məsələ tamamilə yanlış olmaqla məhkəmədə yanlış təəssürat yaratmaq məqsədi ilə yazılmış bir söz yığınagından ibarət olmasını xüsusilə qeyd edir, onun heç bir halda iddiaçılar qarşısında belə bir külli miqdarda, yəni 77.000 manat məbləğində pul öhdəliyi olmamışdır. Həmin pul məbləği ilə kredit ödənişlərinin ödənilməsinə görə borc olaraq verilməsi isə tamamilə uydurma və absurd bir iddiadır. Əsassız varlanma faktı tələbi ilə bağlı ona qarşı göstərilən bu məbləğdə pul tələbinə dair əsaslandırma həm kökündən saxtadır, həm də əsassızdır. Belə ki, İddiaçı1 ona və başqa şəxslərə də faizlə müxtəlif vaxtlarda pul vermişdir. Həmin pul məbləğlərinə görə o, iddiaçıya ödənilməli olan aylıq faiz məbləğlərini və əsas pul hissəsini vaxtlı-vaxtında geri ödəmişdir. Lakin sonradan aralarında olan razılaşma ilə İddiaçı1 qzı 5.000 manat pul vermişdir. Lakin ona verdiyi pula görə aylıq yüksək faiz hesabladığından xəbəri olmamışdır. Belə ki, iddiaçı ona heç bir məlumat vermədən, özünün müəyyən etdiyi formada hər ay 5.000 manat pula görə yüksək faiz hesablayaraq sonunda onun iddiaçıya olan borcunun 26.000 manat olduğunu ona bildirmişdir. İddiaçı özündən hesablayaraq müəyyən etdiyi həmin 26.000 manat pula görə yenidən yüksək faiz hesablamış və onun iddiaçıya olan borcunu 50.000 manat olduğunu demişdir. Heç bir əsas, heç bir sübut olmadan, yalnız özünün təxəyyülünə əsasən İddiaçı1 tərəfindən müəyyən edilmişdir. Ona qarşı iddia edilən əsassız varlanma faktı ilə bağlı pul tələbi isə ona verilmiş pul və iddiaçıya faizləri ilə tam həcmdə qaytarılmış borc pul tələbi ilə ziddiyyət təşkil edir. İddia ərizəsinə əlavə edilmiş akt sənədini İddiaçı1 özü tərtib etmiş və özünə sərf edən formada şərtlər yazmışdır. Onun sənədləşmə işlərindən heç bir xəbəri olmadığına görə bu akta imzanın onun tərəfindən necə çəkildiyindən heç bir xəbəri yoxdur. Həmin aktda olan imza və yazı xətt nümunəsi isə ona aid deyil. Aktda yazılanlardan görünür ki, iddiaçı bu aktı özünə sərf edən formada tərtib etmişdir. Akt üzrə göstərilir ki, guya ona 50.000 manat pul ödənilmişdir. Hansı ki, iddiaçı onun həmin dövrdə mənzilini satmaq niyyətində olduğunu biləndən sonra onun iddiaçıya olan borcuna özü-özlüyündə hesablama apararaq qısa müddətdə ödənilməli olan borcunu faizlər hesablamaqla 50.000 manata çatdırmışdır. İddiaçı1 ona məxsus olan sözügedən mənzili ələ keçirmək məqsədi ilə etmiş və bu niyyətlə də qeyd olunan aktı tərtib etmişdir. İddia ərizəsinə əlavə olunmuş aktı oxuyanda açıq aşkar görünür ki, orada yazılanlar aldatmaq niyyəti ilə tərtib edilmişdir. xx.xx.2015-ci il tarixdə həmin akt yazılmış və imzalar çəkilmişdir. Həmin aktda göstərilmişdir ki, «hazırkı aktı ona görə tərtib edirik ki, həqiqətən Məmmədşah Əliheydər oğlu ünvan 1 ünvanda yerləşən 49.65 m2 hüquqi sənədi olmayan həyətyanı bir mərtəbəli evə görə Cavabdeh2 77.000 manat ödədi. Yuxarıda göstərilən 77.000 manatın 50.000 manatı 49.65 m2 evə görə nağd, 16.200 manatı isə "xxxx"ya olan kredit borcunu ödəyəcəm. 10.800 manat isə ev kirayəsindən 3 illiyə kirayə haqqı kimi ödəniləcək.» onun banklara olan borcları və onların ödəniş tarixçəsi ilə bağlı mərkəzi bankda yaradılmış FİNDOC sistemi vasitəsi ilə sorğu verib göstərə bilərisiniz ki, əgər iddiaçı onun banka olan borcundan 16.200 manat məbləgində həmin akt tərtib edildikdən sonra, yəni xx.xx.2015-ci il tarixdən tam həcmdə birdəfəlik ödəniş edibsə bunu ödəniş qəbzləri ilə sübuta yetirməyə borcludur. İddiaçı əgər ona və ailə üzvlərinə aid hər hansı kredit ödənişlərini icra edibsə bunun sübutetmə yükü iddiaçının üzərinə düşür və bu hal həqiqətən məhkəmədə öz əksini tapacağı və ödənişin edildiyi sənədlər və qəbzlərlə sübuta yetirildiyi halda onun buna heç bir etirazı yoxdur və heç bir öhdəlikdən və məsuliyyətdən də yayınan şəxs deyil. İddia tələbində göstərilən əssasız varlanma faktı ilə bağlı göstərilənlərin əsassız olduğunu bildirir. İddia müddəti də ötürüldüyünə görə, bu tələbin rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və qeyd edilən akta imza atmasını tam xatırlatmamasını bildirərək həmin dövrdə psixoloji durumuna görə müalicə olunduğunu qeyd edərək məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. X1 ifadəsində bildirdi ki, İddiaçı1 onun həyat yoldaşı, İddiaçı2 isə onun oğludur. 2001-ci il tarixdən Cavabdeh2 ilə onların ailəsinin yaxın dostluq əlaqələri olub. Daha sonra münasibətlər dəyişmiş, ümumi məbləğ çıxarılmaq qərarına gəlinmişdir. Ümumi borc məbləği 50.000 manata çatdıqda özü məsələyə müdaxilə etmiş və akt tərtib olunmuş, həmin akt orda iştirak edənlər tərəfindən imzalanmışdır. Akt imzalandıqdan əvvəl sorğu veririlmişdir, çünki mülkiyyət sahibinin təsdiqləməsi ilə bağlı özəlləşmə sənədi yox idi. Sevil xanım həmin kreditləri ödəmişdir. Esmira xanım tərəfindən borclar geri qaytarmamışdır. X2 ifadəsində bildirdi ki, o, Cavabdeh2 əmisi qızıdır. O, Esmiranın İddiaçı1yla tanışlığını bilirdi. Sevil Esmiranın maddi vəziyyətini bildiyi halda faizləri qaldırırdı. Onun yaranmış faiz, borc və ya kreditlə hər hansı bağlılığı yoxdur. Esmira xanımın borcu 300 manatdan başlayıb, yekun təxmin 10-11.000 manat borcu vardır. Esmira xanımın Sevil xanıma borcu olduğunu təxminən 8-9 il əvvəl eşitmişdir. Esmira xanımın nə qədər kredit borcu olduğu barədə məlumatı yoxdur. Sevil xanım aylıq 10 % olmaqla borc verirdi. Sevil xanımdan 10-15 il ərzində 10-11.000 manat borc pul götürülüb. Esmira xanım 11.000 borcdan sonra başqa borc götürməyib. Esmira xanım borc pulu götürəndə yanında olmamışdır, lakin xəbəri olub. 2022-ci ildən Esmira xanım firmada işləyərək dolanırdı. X4 ifadəsində bildirdi ki, illərdir Esmira xanımın faiz borcunun olduğunu bilir. Rəhmətlik əmisi Muradov Vahid onu aldadaraq yalandan qol çəkdirdiklərini bildirmiş və bununla bağlı məhkəməyə müraciət etmişdi. İnzibati məhkəmə yekun olaraq işə xitam vermişdir. Daha sonra 77.000 borcun 100.000 manat olduğunu eşitmişdir. Esmira xanımın faizsiz nə qədər borcu olması ilə bağlı məlumatı yoxdur. Atası vəsiyyətnaməni 2012-ci ildə verib. Atası 2014-cü ildə rəhmətə gedib. O, ailə üzvləri ilə həm Xırdalan, həm də Yasamalda yaşayırlar. 5-6.000 faiz borcunu Sevil xanım verib, illər keçdikdə isə faizin məbləği artıb. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2014-cü il tarixdə Abşeron rayon 1 saylı notariat ofisində təsdiq edilmiş 2V/39 reyestr saylı vəsiyyətnamədən görünür ki, X12 ölən günədək ona məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını oğlu X7 vəsiyyət etmişdir. - xx.xx.2015-ci il tarixdə İddiaçı1, X3, İddiaçı2, Cavabdeh2, X16, Cavabdeh1 tərəfindən tərtib və təsdiq edilmiş aktdan görünür ki, Məmmədşah Əliheydər oğlu ünvan 2 ünvanda yerləşən 49,65 m2, hüquqi sənədi olmayan, həyətyanı bir mərtəbəli evə görə Cavabdeh2 77.000 manat ödəmişdir. X17 və Cavabdeh2 bildirirlər ki, gələcəkdə özlərinin və qohumlarının heç bir iddiası olmayacaq. Yuxarıda göstərilən 77.000 manatın 50.000 manatı 49,65 m2 evə görə nağd, 16.200 manatı Bank of Bakuya olan kredit borcunu ödəyəcək. 10.800 manatı isə ev kirayəsindən üç illiyə kirayə haqqı kimi ödəniləcək. Evin və torpaq sahəsi təqdim olunan cizgidə göstərilib. xx.xx.2015-ci il tarixdən ev İddiaçı2 məxsusdur. X16 bildirir ki, öz səlahiyyətini Cavabdeh2 verir. - xx.xx.2014-cü il tarixli DK09557/13 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 36 faiz hesablanması şərti ilə 6.464 manat məbləğində kredit verilmişdir. - xx.xx.2014-cü il tarixli CC/15539/39/23 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X8 24 ay müddətinə illik 23,9 faiz hesablanması şərti ilə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. - xx.xx.2015-ci il tarixli MM/30473/51/18 saylı kredit sazişindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 20 ay müddətinə illik 25 faiz hesablanması şərti ilə 1.612 ABŞ dolları məbləğində kredit verilmişdir. - 59 saylı MKİS tərəfindən verilmiş 01 may 2015-ci il tarixli 76 saylı arayışdan görünür ki, MKİS-də olan sənədlərə əsasən Cavabdeh2, Muradov Vahid, Muradova Aygün, Cavabdeh1, Muradova Aysel ünvan 3 saylı evdə qeydiyyatdadırlar. - Cavabdeh2 və digərlərinin Bakı şəhəri Nəsimi RPİ şəxsiyyət vəsiqələri və qeydiyyat şöbəsinin rəisinin adına yazdıqları 04 may 2015-ci il tarixli ərizələrdən görünür ki, onlar İddiaçı2 ünvan 3 ünvana qeydiyyata alınmasına etiraz etmədiklərini bildirmişlər. - xx.xx.2016-cı il tarixli RV/95266/55 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh2 84 ay müddətinə illik 26 faiz hesablanması şərti ilə 6.333,29 manat məbləğində kredit verilmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-99/2017 saylı qərarından görünür ki, X9 Nəsimi RPİ-yə qarşı (İddiaçı2 Əlheydər oğlu üçüncü şəxs qismində cəlb edilməklə) «qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı2 Əlheydər oğlunun Bakı şəhəri Nəsimi rayonu Novruzov qardaşları küçəsi 135 saylı evdən pasport qeydiyyatından çıxarılması Bakı şəhəri Nəsimi RPİ-yə həvalə edilməsi qərara alınmışdır. - xx.xx.2021-ci il tarixli AZ-İİ seriyalı 212789 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində beyindaxili qansızmadan vəfat etmişdir. Bu barədə 1 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində 24 avqust 2021-ci il tarixdə 1259 saylı akt qeydi aparılmışdır. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 08 iyun 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı1 Bakı şəhəri Novruzov qardaşları 135 ünvanda yerləşən yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müvafiq məlumatın verilməsinə köməklik göstərilməsi barədə müraciətinə aidiyyəti üzrə baxılmışdır. Mülki Məcəllənin 144.1, 146.2, 146.3-cü maddələrinin, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinin tələbləri İddiaçı1 nəzərinə çatdırılmış və qeyd olunmuşdur ki, sözügedən yaşayış evinə dair notariat qaydasında təsdiq edilmiş alğı-satqı müqaviləsi DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin Əmlak Xidmətləri Məkanına təqdim edildiyi təqdirdə hüquqların dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. - 1978-ci ilin oktyabr ayında tərtib olunmuş «Evlər idarəsi üzrə texniki inventarizasiyanın ev sahibliyinin kartoçkası»ndan görünür ki, ünvan 5 ünvanda yerləşən evin sahibləri kimi X14, X12, X18 və X10r. - "xxxx" ASC-nin 13 dekabr 2024-cü il tarixli HD-652/24 saylı məktubundan görünür ki, məhkəmənin xx.xx.2024-cü il tarixli 2(006)-3445/2024 saylı məktubuna cavab olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadının icrası ilə əlaqədar, qərardadda qeyd edilən kredit müqavilələri əsasında açılmış müvafiq hesablar üzrə aparılmış əməliyyatların təfərrüatlarını əks etdirən çıxarışlar və həmin kredit müqavilələrinin təsdiq olunmuş surətləri təqdim olunur (xx.xx.2015-ci il tarixli MM/30473/51/18 saylı; xx.xx.2016-cı il tarixli RV/95266/55 saylı, xx.xx.2014-cü il tarixli CC/15539/39/23 saylı kredit müqavilələri arxiv təlimatına uyğun olaraq ləğv edilmişdir). Əlavə olaraq bildirilmişdir ki, qərardadda qeyd edilən kredit müqavilələri üzrə hazırda heç bir borc öhdəliyi yoxdur. - İddiaçılar tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, İddiaçı2 tərəfindən məhz Cavabdeh2 bankla bağladığı kredit müqavilələri üzrə cəmi 4.419 manat həcmində ödəniş etmişdir. Beləliklə işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 ona və digər cavabdehə qarşı əsassız varlanma predmetinin qaytarılmasına dair iddiasını onunla əsaslandırmışlar ki, cavabdehlərə (əsasən İddiaçı1 tərəfindən Cavabdeh2) verilmiş borc pul ilə o və övladları banklara olan borclarını ödəmiş və nəticədə həmin borcun məbləği 77.000 manata çatmışdır. Həmin borcun əvəzi olaraq xx.xx.2015-ci il tarixdə akt tərtib olunmuş və bu akta əsasən ünvan 6 ünvanda yerləşən 49.65 m2 yaşayış evi və qaraj olan sahələrinə görə ona 77.000 manat pulun ödənildiyi göstərilmişdir. Lakin hazırki vaxta kimi cavabdehlərdən rəsmi qaydada evi ala bilmirlər, cavabdehlər isə iddiaçıların pullarını müxtəlif bəhanələrlə qaytarmırlar. Cavabdeh2 iddianı qismən etiraf edərək iddiaçılarla aralarında həqiqətən də iddiada göstərilən müddətlər ərzində borc münasibətlərinin olmasını bildirsə də, iddiaçıların istinad etdikləri məbləğdə borc olmamasını və onlar tərəfindən də imzalanmış aktın heç bir hüquqi əsası olmamasını göstərmişdir. İddiaçılar «əsassız varlanma predmetinin qaytarılması» tələblərinin maddi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə və cavabdeh tərəf də bununla bağlı iddia müddətinin keçməsinə istinad etsələr də, məhkəmə qeyd edir ki, mülki prosesdə məhkəmələr tərəflərin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir. Bu yanaşmanın əsasında “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipi dayanır (Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Qanunvericiliyə əsasən əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Hazırkı mülki işin məhkəmə araşdırması zamanı yuxarıda göstərilən hər üç şərtin cavabdehlərə münasibətdə mövcud olduğu müəyyən edilməmişdir. Həmçinin hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Mülki işin hallarından mübahisənin hüquqi təbiətinin əsassız varlanma olduğu müəyyən olunmur. Belə ki, işin araşdırılmış halları ilə təsdiq olunur ki, cavabdeh tərəfin (Cavabdeh2 və uşaqları Cavabdeh1, Muradova Aysel və xx.xx.2021-ci il tarixdə vəfat etmiş Muradova Aygünün) illər öncə həm şəxsi, həm də müxtəlif banklara kredit borcları olmuşdur. Bu borcları ödəmək üçün əvvəldən də tanış olan Cavabdeh2 iddiaçıdan müxtəlif vaxtlarda pullar almışdır. Cavabdeh tərəf hazırda alınmış borcların faizlə verilən borc olmasını göstərsə də, bu faktı təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Məhkəmə iclaslarında Cavabdeh2 hazırki vaxta kimi də iddiaçı tərəfə borcun olmasını qismən etiraf etmiş, lakin hər keçirilən məhkəmə iclasında bu borcun məbləğini gah 8000, gah da maksimum 20000 manatdan çox ola bilməməsini göstərmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia Cavabdeh2 və onun oğlu Cavabdeh1 oğuna qarşı qaldırılmış, digər övladlarına qarşı (övladlarının biri vəfat etmişdir) iddia tələbi mövcud deyildir. Beləliklə də, tərəflər arasında borc münasibətlərinin yaranması və hazırki vaxta kimi davam etməklə tamamlanmaması işin mübahisəsiz halıdır. Belə olan halda müəyyən edilir ki, iddiaçılar tələbinin əsası kimi əsassız varlanma ilə bağlı normalara istinad etməsinə baxmayaraq tərəflər arasında olan hazırki mübahisə əsassız varlanma ilə bağlı deyil, qeyd edildiyi kimi borc münasibətləri əsasında yarandığından əssassız varlanma ilə əlaqədar iddianın müddətinin ötürülməsindən də söhbət gedə bilməz və bu münasibətlərə mülki qanunvericiliyin borcla bağlı müddəaları (yaranan vaxt qüvvədə olan redaksiyada) tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmçinin müəyyən edilmişdir ki, uzun zaman kəsiyində tərəflər arasında müxtəlif vaxtlarda baş verən borc münasibətlərinin artan xətt üzrə davam etməsi borc məbləği artdığı üçün yekun olaraq aralarında xx.xx.2015-ci il tarixdə ünvan 7 ünvanda yerləşən 49,65 m2, hüquqi sənədi olmayan, həyətyanı bir mərtəbəli evlə bağlı akt tərtib edilmişdir. Bu akta görə iddiaçı tərəf Cavabdeh2 77.000 manat ödəmişdir. Göstərilən 77.000 manatın 50.000 manatı 49,65 m2 evə görə nağd, 16.200 manatı "xxxx"ya olan kredit borcunu ödəyəcək, 10.800 manatı isə ev kirayəsindən üç illiyə kirayə haqqı kimi ödəniləcək. İddiaçılar tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, İddiaçı2 tərəfindən Cavabdeh2 bankla bağladığı kredit müqavilələri üzrə cəmi 4.419 manat həcmində ödəniş etmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, aktın tərtibatından sonra aktda göstərilənlərin həyata keçirilməsi istiqamətində İddiaçı2 Əlheydər oğlu hətta həmin ünvana qeydiyyata da alınmışdır. İşin bu halı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-99/2017 saylı qərarının məzmunu ilə təsdiq edilir. Məhkəmə hesab edir ki, cavabdeh tərəf özlərinin imzaladığı aktda göstərilənlərin hüquqi əsası olmamasını qeyd etsələr (aktın onlar tərəfindən imzalanmaması, məzmununu oxumamaları) də, bu əsassızlığın konkret nədən ibarət olmasına dair tutarlı və mötəbər subut növləri təqdim etməmişlər. Belə ki, məhkəmə tərəfindən aktda olan imzaların həqiqiliyinə dair müvafiq ekspertizanın təyin edilməsi müzakirə edilərkən cavabdeh tərəf aktdakı imzaların onlar tərəfindən imzalanmasını inkar etməyərək bu növ ekspertizanın keçirilməsində israrlı olmamış, təkid etməmiş, sonda imzaladıqları aktı tam oxumayaraq məzmununun mahiyyətini anlamadıqlarını bildirməklə kifayətlənmişlər. Bu halların mövcudluğu məhkəməyə cavabdeh tərəfin həmin aktın mövcudluğundan tam məlumatlı olması, eləcə də aktın məzmununda razılaşdırılmış şərtlərin həqiqətə uyğun olması qənaətinə gəlməsinə tam əsas verir. Məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh tərəf hazırki vaxta kimi həmin aktı qeyd etdikləri əsaslarla mübahisələndirməmişlər. Buna görə aktla bağlı cavabdeh tərəfin dəlillərini məhkəmə inandırıcı saymaraq tənqidi yanaşır və yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, aktın məzmunu Cavabdeh2 50000 manat məbləğində borc pul verilməsi faktının təsdiqidir. Məhkəmə həmçinin hesab edir ki, Mülki Məcəllənin 739.2-ci maddəsinin (tərəflər arasında münasibətlər yaranan vaxt qüvvədə olan redaksiyada) tələbinə əsasən, yəni borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu üçün bu zaman tərəflər arasında borc müqaviləsi yazılı formada bağlanılmalı olması nəzərə alınsa, xx.xx.2015-ci il tarixdə İddiaçı1, X3, İddiaçı2, Cavabdeh2, X16, Cavabdeh1 tərəfindən tərtib və təsdiq edilmiş akt qeyd edilən normanın tələblərinə uyğundur. Bundan əlavə, məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmuş ödəniş qəbzlərinə əsasən İddiaçı2 tərəfindən Cavabdeh2 bankla bağladığı kredit müqavilələri üzrə 4.419 manat həcmində ödənişlərdən daha çox ödənişlər etməsinin təsdiqini tapmamasını nəzərə alınaraq Cavabdeh2 qeyd edilən məbləğdə pul İddiaçı2 xeyrinə tutulmalıdır. Bundan başqa, işin hallarına qiymət verməkdə davam edərək, məhkəmə cavabdeh tərəfdən şahid qismində dindirilmiş şəxslərin ifadəsinə münasibətdə qeyd edir ki, məhkəmənin qənaətinə görə həmin ifadələr sübut kimi qiymətləndirilmir. Belə ki, qanunvericiliyə əsasən şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Azərbaycan Respublikasının MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdırmı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə hesab edir ki, iş üzrə şahid Məsmə Zeynalovanın, eləcə də İmran Muradovun cavabdehlərin qohumu olması onların işin nəticəsində maraqlı olması ilə yanaşı ifadəsi də işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, həmin şahidin ifadəsi, əgər ifadəsi ilə bağlı mötəbər sübut təqdim edilsəydi digər sübutlarla birlikdə tədqiq edilib əlaqəli şəkildə qiymətləndirilməklə həqiqətin müəyyən edilməsi üçün məhkəmənin hansısa hal üzrə düzgün qənaətə gəlməsi üçün faydalı ola bilərdi. Əksinə, məhkəmə tədqiqi zamanı iddiaçı tərəfin iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair gətirdiyi dəlillər daha inandırıcı olduğu üçün məhkəmə hesab edir ki, cavabdeh tərəfin şahidinin ifadəsi yalnız onun maraq və mənafeyinə uyğun verilən və heç bir sübut əhəmiyyəti kəsb etməyən ifadə kimi qiymətləndirilir. Beləliklə də, məhkəmə hesab edir ki, Cavabdeh2 54.419 manat pul vəsaiti İddiaçı2 xeyrinə tutulmaqla, iddia qalan hissədə sübut olunmadığı üçün təmin edilməməlidir. Belə ki, aktda həmçinin mənzilin 10.800 manatın ev kirayəsindən üç illiyə kirayə haqqı kimi ödənilməsi tələbi də qeyd edilmiş, lakin müəyyən edilmişdir ki, həmin ev daşınmaz əmlakın dövlət reyestrində tərəflərin heç birinin adına qeydiyyatdan keçməmişdir. Başqa sözlə, iddiaçının həmin evi kirayəyə vermək, cavabdehlərin isə bununla bağlı onlara kirayə haqqı ödəməsi kimi öhdəlikləri yaranmamışdır. Bu isə son nəticədə iddiaçı tərəfin aktın bu hissəsi əsasında cavabdehlərə qarşı iddia qaldırmasına sübyektiv hüququnun yaranmaması deməkdir. Ödəniş qəbzlərindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 321 manat məbləğində dövlət rüsumu, 12 saylı Vəkil Bürosuna 400 manat hüquqi xidmət haqqı ödənilmişdir. Lakin məhkəmə iddiaçının hazırki tələbi ilə hüquqi yardımdan istifadə etmədən də məhkəməyə müraciət edə biləcəyini, habelə cavabdehin iddiaçı tərəfindən öz istəyinə görə ona göstərilmiş hüquqi yardıma görə vəkilə ödənilmiş məbləği ödəməyə borclu olmamasını nəzərə alıb hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia yuxarıda göstərilən qaydada qismən təmin edilməli ödənilmiş dövlət rüsumunun 227 manatı Cavabdeh2 İddiaçı2 xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 54.419 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 227 manatı Cavabdeh2 İddiaçı2 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar