Məhkəmə qərarları › İş №2(006)-3446/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3446/2024

02.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3446/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qıznın katibliyi, İddiaçı, Cavabdeh1 MMC-nin direktoru X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və X3 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 1250 (min iki yüz əlli) manat xidmət müqaviləsi üzrə borc, həmçinin məhkəməyə ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 ilə 15 aprel 2024-cü il tarixdə Xidmət müqaviləsi imzalanmışdır. Cavabdehə 1250 (min iki yüz əlli) manat xidmət haqqı ödəmiş və cavabdeh tərəf ona Hollandiya üçün illik iş vizası verməsi ilə bağlı təminat vermişdir. Həmin vasitəçilik müqaviləsi üzrə cavabdeh ondan ilkin 1250 manat müqavilə pulu almışdır. Lakin, iki gün ərzində evdə problemlər olduğu üçün müqaviləyə xitam vermək istədiyini bildirmiş, ordan ona 30 (otuz) iş günü ərzində pulu geri qaytaracaqları bildirilmişdir. Bu günə kimi pulu ona geri qaytarmamış və zənglərinə cavab verməmişlər. Dəfələrlə ofisə getməyinə baxmayraq müxtəlif bəhanələrlə pulu geri qaytaracaqlarını demişdilər. Son vaxtlar isə artıq ofisin bağlı olduğunu və heç kimin olmadığını bildirir. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etdikdə, araşdırma aparılmış mübahisə mülki hüquq kateqoriyasında olduğu üçün polis bölməsində rədd cavabı verilmiş və məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh1 MMC-nin direktoru cavabdeh X2 məhkəmə iclasında iştirakı təmin edilmiş və cavabdeh iddianı qəbul edərək təmin edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Cavabdeh1 MMC-nin direktoru X4 ilə İddiaçı arasında bğlanmış xx.xx.2024-cü il tarixli xidməti müqavilənin surətindən görünür ki, tərəflər arasında bağlanmış müqavilə Hollandiyada işlə təmin edilməsi məqsədilə bağlanmış və müqavilənin dəyəri 2500 manat müəyyən edilmişdir, İddiaçı 1250 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli kassa mədaxil order qəbzinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 MMC-yə 1250 manat ödəniş etmişdir. İddiaçı Cavabdeh1 MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə ödədiyi 1250 manat pulunun qaytarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddianın qaldırılması üçün 33 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsin əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli xaricdə işə düzəlmə xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmış, müqavilə şərtləri qarşılıqlı razılıq əsasında müəyyənləşdirilmiş, hər iki tərəf müqaviləni imzalamışlar. Müqavilənin bağlanması tərəflər arasında öhdəlik münasibətlərinin yaranması üçün əsas olmuşdur. Qanun müqavilə bağlandığı andan tərəflərin üzərinə müqavilə şərtlərinə əməl etməyi vəzifə olaraq tərəflərin üzərinə qoyur. Müqavilə şərtlərindən də məlum olur ki, İddiaçı xidmət haqqını hissə-hissə olmaqla – müqavilənin dəyəri olan 2500 manatın yarısını – 1250 manatı qabaqcadan, qalan yarısını isə səfirlikdən viza aldıqdan sonra 2 iş günündə ödəməlidir. İşin mübahisəsiz halı odur ki, iddiaçı xidmət haqqı üçün razılaşdırdıqları 2500 manat məbləğdən 1250 manat Cavabdeh1 MMC-yə ödəmişdir. Nəzərə alınmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın faktiki əsaslarından fərqli olaraq məhkəmə işə baxarkən iddiaçının istinad etdiyi hüquqi əsaslara bağlı deyil və “məhkəmə hüququ bilir” prinsipinə əsasən iddia tələbinin hüquqi əsaslarını müəyyən etməkdə sərbəstdir. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Tərəflər arasında bağlanmış müqavilədə tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə xitam verilməsi istisna edilməmişdir. Belə ki, müqavilənin 6.4-cü bəndində tərəflərin bu müqaviləyə birtərəfli qaydada xitam vermə imkanı nəzərdə tutulmuşdur. İddiaçı müqavilə bağlandıqdan iki gün sonra - xx.xx.2024-cü il tarixdə cavabdehə yazılı şəkildə müraciət etməklə müqaviləyə birtərəfli xitam verilməsi ilə bağlı niyyətini bildirmiş, cavabdehdən ödədiyi məbləği geri qaytarılmasını tələb etsə də, cavabdeh şirkət pulu qaytarmaqdan yayınmışdır. Məhkəmə icraatı gedişində kütləvi informasiya vasitələrindən əldə edilmiş məlumatlar əsasında məlum olmuşdur ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 saxlanılmış, barəsində məhkəmənin qərarı ilə istintaq müddətində həbs qətimkan tədbiri seçilmişdir. Araşdırmalarla müəyyən edilib ki, o, bir müddət əvvəl "xxxx" MMC adlı şirkət təsis edərək, müxtəlif vasitələr, o cümlədən sosial şəbəkələrdə xarici ölkələrdə yüksək məvacibli iş elanları verməyə başlayıb: müraciət edən şəxsləri Almaniya, Hollandiya, İngiltərə və s. ölkələrdə iş, eləcə də viza ilə təmin edəcəklərinə dair yalan vədlər verərək 100-ə yaxın şəxsi dələduzluq yolu ilə aldadıblar. Zərərçəkənlərin hər birindən 1000-2000 manat aralığında müxtəlif məbləğlərdə pul vəsaitləri alınıb. AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh1 MMC-nin direktoru cavabdeh X2 məhkəmə iclasında iştirakı təmin edilmiş və cavabdeh iddianı qəbul edərək təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X5rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, 1250 manat pul cavabdehlər Cavabdeh1 MMC-dən və X1 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 33 manat dövlət rüsumu cavabdehlərdən müştərək tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən və X1 1250 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 33 (otuz üç) manat, cəmi 1283 (bir min iki yüz səksən üç) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar