Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3448/2025 17.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanında yerləşən 70,70a saylı mənzil sökülərkən məhv edilmiş ev əşyalarının dəyəri kimi 32460 (otuz iki min dörd yüz altmış) manat həcmində pul vəsaitinin Cavabdehndən tutularaq ona ödənilməsinə, tərəfindən ödənilmiş 190 manat dövlət rüsumunun Cavabdehnə aid edilərək ondan tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, mənzil 70-70a ünvanında yerləşən 6 otaqdan ibarət mənzil iddiaçının tam mülkiyyətində olmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilmiş “Yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında Cavabdeh Məhdud Məəsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında” 18 dekabr 2020-ci il tarixli, 274 saylı Sərəncama əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov bə Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən, yəni Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4 ünvanında 1,55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun Cavabdeh tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün Cavabdeh icarə əsasında istifadəsinə verilmişdir. İddiaçının ailə üzvləri ilə birlikdə qohumlarıgildə qonaqlıqda olmağından istifadə edən Cavabdeh işçiləri 02 yanvar 2024-cü il tarixində saat 21-30 radələrində içərisində ev əşyaları olan Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 4, mənzil 70-70a ünvanında yerləşən 6 otaqdan ibarət mənzilini heç bir razılaşma əldə etmədən ekskavatorla sökməyə başlamışdır. Bu barədə qonşular iddiaçıya zəng edib məlumat verdilər. Dərhal həmin əraziyə gəldi və mənzilinin 2 otağının, dəhlizinin və mətbəxinin ev əşyaları ilə birlikdə məhv edildiyini gördü. Mənzilə daxil olaraq paltarlarını və zinət əşyalarını götürdülər. Həyat yoldaşı Nümayəndə2 söküntüyə mane olmaq istədi. Bundan sonra Cavabdeh MMC-nin faktiki rəhbərlərindən biri Qasımov Kənan söz verdi ki, söküntü işlərini dayandıracaq. Həmin gecə qohumlarının mənzilində gecələdikdən sonra, 03 yanvar 2024-cü il tarixində əraziyə gələndə gördülər ki, mənzil aşağıdakı cədvəldə göstərilən ev əşyaları ilə birlikdə tamamilə məhv edilmişdir. Bu barədə ailə üzvləri ilə birlikdə akt tərtib etdilər. 1.mebel dəstləri 6 ədəd-21.000 manat, müasir modelli televizorlar 4 ədəd-2.400 manat, kondisionerlər 3 ədəd-2.200 manat, soyuducu 1 ədəd-1.300 manat, qaz pilitəsi 1 ədəd- 500 manat, paltaryuyan maşın 1 ədəd-500 manat, samsung elektrik qızdırıcısı 1 ədəd-250 manat, iran istehsalı olan xalçalar 3 ədəd-1.500 manat, hoffmann markalı elektrik sobası 1 ədəd-250 manat, tozsoran 1 ədəd-260 manat, xrustal lyustra 5 ədəd-3.500 manat, 6 otağı qızdırmaq üçün kombi sistemi 3.000 manat, personal kompüterlər 2 ədəd-800 manat, cəmi 37.460 manat. Qeyd: Yuxarıda qeyd edilən ev əşyaları istismarda olduğu üçün onların dəyəri azaldılmışdır. Bununla da iddiaçının mənzil mülkiyyətçisi olaraq qanunla qorunan hüquqları Cavabdeh tərəfindən kobud şəkildə pozulmuşdur. Dəfələrlə Cavabdeh MMC-nin faktiki rəhbəri X2 ofisinə gedib heç bir razılaşma olmadan mənzilin və ev əşyalarının dağıdılmasına dair iradlarını bildirmiş və onların əvəzinə kompensasiya tələb etmişdir. Mənzilin dağıdıldığından iki ay sonra, 23 fevral 2024-cü il tarixində iddiaçı ilə Cavabdeh MMC arasında “Müqavilə № 113” bağlanmışdır. Həmin əvəzləşdirmə müqaviləsinə əsasən faktiki 120 kv.m-dən ibarət mənzilin əvəzinə hər biri 95,0 kv.m-dən ibarət 2 ədəd təmirsiz mənzili mülkiyyətinə verməyə və mənzillər ona təhvil verilənə qədər ayda 800 manat kirayə haqqını ödəməyə dair Cavabdeh MMC üzərinə öhdəliklər götürmüşdür. Lakin 2025-cü ilin aprel ayından bugünə kimi Cavabdeh MMC tərəfindən ona kirayə haqqı ödənilmir. Cavabdeh MMC ilə aralarında müqavilə imzalananda məhv edilmiş ev əşyalarına dair tərtib edilmiş Akt tərəfindən Şahin Qasımova təqdim edildi. O, həmin Aktı nəzərdən keçirdikdən sonar ona 5000 manat pul verdi və bildirdi ki, qalıq məbləğini hissə-hissə iddiaçıya ödəyəcək. Lakin o vaxtdan bugünə kimi məhv edilmiş ev əşyalarına görə 32.460 manat həcmində kompensasiya məbləği Cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməmişdir. Tərəfindən ev əşyalarının məhv edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə və Bakı şəhəri Nəsimi Rayon Prokurorluğuna müraciətlər edilmişdir. Həmin orqanlar tərəfindən iddiaçıya ünvanlanmış cavablarda həmin məsələ ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Beləliklə hesab edir ki, Cavabdeh MMC tərəfindən mülkiyyətində olmuş Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi ev 4 ünvanında yerləşən 70,70a saylı mənzil sökülərkən məhv edilmiş ev əşyalarının dəyəri kimi 32.460 manat həcmində kompensasiya tələb etməyə dair tələbi haqlıdır. Daha sonra iddiaçı, iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, “Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi ev 4 ünvanında yerləşən 70, 70a saylı mənzil sökülərkən məhv edilmiş ev əşyalarının dəyəri kimi 32 460,00 (otuz iki min dörd yüz altmış) manat həcmində pul vəsaitinin Cavabdehndən tutularaq ona ödənilməsinə, 2025-ci ilin 5 ayı üzrə 4 000,00 (dörd min) manat həcmində kirayə haqlarının Cavabdehndən tutularaq ona ödənilməsinə, 2025-ci ilin oktyabr ayından başlayaraq “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verilməsi nəzərdə tutulmuş yeni mənzillər ona təqdim edildiyi günə kimi əvvəlcədən ödənilmək şərti ilə hər ay 800,00 (səkkiz yüz) manat həcmində kirayə haqqının ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına, tərəfindən ödənilmiş 250,00 (iki yüz əlli) manat dövlət rüsumunun Cavabdehnə aid edilərək ondan tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh və İddiaçı arasında bağlanmış 23 fevral 2024-cü il tarixli “müqavilə № 113”-ün 1.1.2. bəndinə əsasən tikinti müəssisəsi “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verilməsi nəzərdə tutulmuş yeni mənzillər ona təqdim edildiyi günə kimi əvvəlcədən ödənilmək şərti ilə hər ay 800,00 (səkkiz yüz) manat həcmində kirayə haqqını ödəməyi üzərinə götürmüşdür. Lakin hazırki işə məhəl qoymayan Cavabdeh MMC 2025-ci ilin aprel ayından həmin ilin sentyabr ayına kimi kirayə haqlarını İddiaçı ödəmir. Bu fakt 21 avqust 2025-ci il tarixli “Ödəniş kartı üzrə Çıxarış” ilə öz təsdiqini tapmışdır. Məhkəmənin sonuncu iclasında Cavabdeh nümayəndəsi Nümayəndə1 etiraf etdi ki, 2025-ci ilin 5 ayı üzrə 4 000,00 (dörd min) manat həcmində kirayə haqlarını İddiaçı qızma ödəmirlər və heç ödəmək fikirləri də yoxdur. Məhz bu səbəblərə görə də hesab edir ki, iddia tələbinin həcminin artırılmasına zərurət yaranmışdır. a)Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, cavabdeh tərəf müqavilədə qeyd olunan aylıq kirayə haqqını verməyəcək. İddiaçı onlara qarşı hörmətsizliklər etmişdir, buna görə də onlar müqavilədə öhdəliklərinə götürdükləri öhdəliyi yerinə yetirməyəcəklər. Digər tərəfdən isə iddiaçıya tərəflərindən həmin əşyalara dəymiş zərərə görə 5000 manat məbləğində pul verilmiş, o isə cavabdeh tərəfə pulu almasına dair yazılı akt vermişdir. Bunları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, o, iddiaçının oğludur. 6 aydır ki kirayə pulu vermirlər, şifahi şəkildə verdikləri sözləri danırlar, vurduqları zərəri ödəmirlər. 5000 manat pul veriblər və ondan başqa da heç nə verməyiblər. Mebelləri o vaxt satışa qoymuşdu, ona bir nömrədən zəng gəldi və həmin şəxs bildirdi ki, rayonda ev tikir, gəlib mebellərə baxmaq istəyir. Gəldi və bildirdi ki, mebellərin hamsı qoz ağacı, şam ağacıdır. Ona 500 manat beh verdi, daha sonra mebellərə görə ona zəng edəndə bildirdi ki, mənzili uçurdublar, mebellərdə mənzillə birlikdə məhv olub. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirmişdir ki, o, rayonda ev tikdirirdi, adını xatırlamadığı saytlardan birində mebellərə baxırdı ki, tikəcəyi evə mebel alsın. Şəkillərdə Rüfətin qoyduğu mebelləri gördü. Gedib mebellərə baxdı, mebellərin hamsı qoz və şam ağacından idi. 500 manat beh verdi, daha sonra zəng edib mebellərlə maraqlandıqda, bildirdi ki, mənzili uçurdublar və mebellərdə məhv olub. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, tərəflər iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Cavabdeh ilə İddiaçı arasında bağlanmış 23 fevral 2024-cü il tarixli, 113 nömrəli müqaviləyə əsasən "Əmlak mülkiyyətçisi" bu Müqaviləyə əsasən xx.xx.2024-cü il tarixində, ********** qeydiyyat, 11000826-05101-093043 reyestr nömrəsi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarış ilə öz mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 69.60 kv.m-dən (faktiki sahəsi 120 kv.m) ibarət yaşayış sahəsini sökülərək “İnvest.M Construction" MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti" tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. “Tikinti şirkəti" "İnvest.M Construction” MMC ünvan 5 ünvanında yerləşən "Əmlak mülkiyyətçisi”nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli mərtəbəli yaşayış binasının tikintisini həyala keçirərək, inşa etdiyi komplekdə 1 (bir) ədəd (eyvanlar daxil) 95.kv.m. təmirsiz və 1 (bir) ədəd sahəsi (eyvanlar daxil) 95.kv.m. təmirsiz mənzili "Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. "Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və “Əmlak mülkiyyətçisi"-ni təmirsiz mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə “Əmlak mülkiyyətçisi"nə kompensasiya şəklində aylıq 800 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə ayda 1 dəfə ödəyir. - Nəsimi RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı tərəfindən qəbul edilən 15 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən Nümayəndə2 müraciətinə dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, ərizəçiyə məsələ ilə bağlı gələcəkdə məhkəmə orqanlarına müraciət etməsi izah olunmuşdur. - H.Mahmud, H.Sədaqət, H.Rüfət və H.Gülnarə tərəfindən tərtib edilmiş akta əsasən onlara məxsus olan Nəsimi rayonu, Mir Qasımov küçəsi 4, mənzil 70-70a-da 6 otaqlı və bir örtülü balkonlu mənzil xx.xx.2024-cü ildə gecə saatlarında və xx.xx.2024-cü il səhər 09:00 radələrində sökülərkən dəyəri 37.460 manat olan ev əşyaları tamamilə məhv edilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışa əsasən ünvan 5 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Mir Qasımov küçəsi 4, mənzil 70-70A sahibi Nümayəndə2 tərəfindən yazılan xx.xx.2024-cü il tarixli sənədin surətinə əsasən söküntü zamanı mənzilin əşyalarına dəymiş zərərə görə şirkətdən 5.000 manat məbləğində pul vəsaiti aldığını bildirmişdir. - xx.xx.2025 və xx.xx.2025-ci il tarixli mədaxil qəbzlərinə əsasən iddiaçı tərəfindən ümumilikdə 250 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - mülki işin materiallarına həmçinin, fotoşəkillər, ödəniş kartı üzrə çıxarış əlavə edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olara onu qeyd edir ki, İddiaçı tələbi iki hissədən ibarətdir: 1.2025-ci ilin 5 ayı üzrə 4 000,00 (dörd min) manat həcmində kirayə haqlarının Cavabdehndən tutularaq ona ödənilməsi, 2025-ci ilin oktyabr ayından başlayaraq “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verilməsi nəzərdə tutulmuş yeni mənzillər ona təqdim edildiyi günə kimi əvvəlcədən ödənilmək şərti ilə hər ay 800,00 (səkkiz yüz) manat həcmində kirayə haqqının ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması. 2.Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi ev 4 ünvanında yerləşən 70, 70a saylı mənzil sökülərkən məhv edilmiş ev əşyalarının dəyəri kimi 32 460,00 (otuz iki min dörd yüz altmış) manat həcmində pul vəsaitinin Cavabdehndən tutularaq ona ödənilməsi; Məhkəmə iddia tələbinin “kirayə haqqının ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin - 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 761.1, 761.2-ci maddələrinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Həmçinin mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçılar və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçı tərəfin də öhdəliyin icrası ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Toplanmış və tədqiq olunmuş sübutları məcmusu ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında yaşayış kompleksində mənzilin əvəzləşməsinə dair müqavilə bağlanmış, tərəflər öz üzərlərinə müqavilədə təsbit olunmuş öhdəlik və vəzifələr götürmüşlər. Lakin Cavabdeh üzərinə düşən öhdəlikləri tam və vaxtında yerinə yetirməmiş, onlara hər ay ödənilməli olan pul vəsaitinin ödənişini iddiaçı tərəfin izahatlarına əsasən 2025-ci ilin aprel ayından dayandırmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən bağlanmış müqavilənin 1.1.2-ci bəndində nəzərdə tutulmuş öhdəliyi yerinə yetirməmiş və hər ay ödənilməli olan pul vəsaitinin ödənişini əsassız olaraq 2025-ci ilin aprel ayından dayandırmış, bununla da İddiaçı hüquqlarını pozmuşlar. Mübahisəyə tətbiq edilməli maddi hüquq normalarının tələbindən göründüyü kimi, cavabdeh tərəf İddiaçı qarşısında götürdüyü öhdəlikləri icra etməlidir. Bu baxımdan, eləcə də toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, 2025-ci ilin 5 ayı üzrə (2025-ci ilin aprel ayından həmin ilin sentyabr ayına kimi) 4 000,00 (dörd min) manat həcmində kirayə haqqı Cavabdehndən tutularaq İddiaçı ödənilməli, 2025-ci ilin oktyabr ayından başlayaraq “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verilməsi nəzərdə tutulmuş yeni mənzillər ona təqdim edildiyi günə kimi əvvəlcədən ödənilmək şərti ilə hər ay 800,00 (səkkiz yüz) manat həcmində kirayə haqqının ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə iddia tələbinin “Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi ev 4 ünvanında yerləşən 70, 70a saylı mənzil sökülərkən məhv edilmiş ev əşyalarının dəyəri kimi 32 460,00 (otuz iki min dörd yüz altmış) manat həcmində pul vəsaitinin Cavabdehndən tutularaq ona ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə məsuliyyəti ətrafdakılar üçün yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsaslarla sahiblik edən fiziki və ya hüquqi şəxs daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Məhkəmə qeyd edir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi ev 4 ünvanında yerləşən 70, 70a saylı mənzil sökülərkən Cavabdeh tərəfindən orada olan 32 460,00 (otuz iki min dörd yüz altmış) manat dəyərində əşyaların məhv edildiyini bildirsə də, həmin mebellərin mövcudluğu, həmçinin onların cavabdeh tərəfindən yararsız vəziyyətə saldıqları barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, iddia bu hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmənin qənaətinə görə işin araşdırılmış halları onu deməyə əsas verir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Bundan əlavə məhkəmə iclasında dindirilmiş şahidlər R.Hacıyev və R.Tağıyev mebellərin mövcud olduğu və onların cavabdeh MMC tərəfindən məhv edildikləri barədə izahatlar versələr də məhkəmə qeyd edir ki, işdə iştirak edən şəxslərin izahatları və şahidin ifadəsi o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Lakin iş materiallarından da göründüyü kimi, iddiaçı bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Son olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki işin materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən dövlət büdcəsinə 250 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, 250 manat məbləğində dövlət rüsumunun 30 manatı Cavabdehndən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdehndən 23 fevral 2024-cü il tarixli müqavilə üzrə 2025-ci ilin 5 ayı üzrə ödənlməmiş 4.000,00 (dörd min) manat həcmində kirayə haqqı tutularaq İddiaçı ödənilsin. 2025-ci ilin oktyabr ayından başlayaraq 23 fevral 2024-cü il tarixli müqavilə üzrə “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verilməsi nəzərdə tutulmuş yeni mənzillər ona təqdim edildiyi günə kimi əvvəlcədən ödənilmək şərti ilə hər ay 800,00 (səkkiz yüz) manat həcmində kirayə haqqının ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-3448/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3448/2025
17.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver