Məhkəmə qərarları › İş №2(006)-3455/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3455/2024

11.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3455/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik enerjisi təchizatının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik enerjisi təchizatının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan evin elektrik-enerji təchizatının bərpa edilməsi barədə cavabdeh "xxxx" ASC üzərinə öhdəlik qoyulması üçün qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, abonent kodu **********A0000 olan elektrik sayğacından X6 ilə uzun müddət birgə istifadə etmiş və kontrol sayğac vasitəsi ilə hər kəs öz istehlak etdiyi enerjinin dəyərini ödəmişdir. Rzayev Natiq dünyasını dəyişdiyindən oğlu X4 abonent kodunu öz adına rəsmiləşdirilmiş və iddiaçıya onun sayğacından istifadə etməməsini tövsiyə etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə "xxxx" ASC-nin Binəqədi şöbəsinə müraciət etmişdir. Lakin buna baxmayaraq iddiaçının evinə gedən elektrik xəttini sayğacdan ayırmışlar. Hazırda iddiaçının yaşlı anası arvadı, qızı və üç nəvəsi onunla birlikdə yaşayırlar. İddiaçı elektrik enerji təchizatı bərpa olunacağı halda istismar xərclərini və digər dövlət rüsumlarını əvvəlcədən ödəməyi öz üzərinə götürmüşdür. Məhkəmə hazırlıq iclasında İddiaçı iddianı müdafiə edib təmin olunmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 hazırkı işə inzibati icraat qaydasında baxılmalı olmasını və hazırda Bakı İnzibati Məhkəməsində eyni tərəflər arasında eyni tələb ilə bağlı inzibati işin olduğunu bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik enerjisi təchizatının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Mülki iş materiallarından müəyyən edilir ki, İddiaçı yaşadığı evinə elektrik enerjisi təchizatının bərpa edilməsini xahiş edir. Bildirir ki, əvvəllər qonşusu X5 elektrik sayğacından birgə istifadə etməklə öz evlərinin elektrik enerjisi təminatını həyata keçirmişdir. Daha sonra qonşusu X3 Elməddin Natiq oğlu abonent kodunu öz adına rəsmiləşdirilmiş və iddiaçının yaşadığı evə ötürülən elektrik xəttini sayğacdan ayırmışlar. Belə olan halda xx.xx.2024-cü il tarixdən iddiaçının yaşadığı evə elektrik enerjisinin ötürülməsi dayandırılmışdır. İddia ərizəsindən, tərəflərin izahatlarından, o cümlədən mülki iş materiallarından görünür ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında ünvan 1 ünvanında elektrik enerjisi ilə əlaqədar hər hansı müqavilə imzalanmamış, müqavilədən yaranan mülki hüquq münasibətləri mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının: 2-ci bəndinə görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 13-cü bəndində qeyd edilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. 14-cü bəndində qeyd edilmişdir ki, tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. 15.4-cü bəndində qeyd edilmişdir ki, ...inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını nəzərə alaraq qeyd edir ki, iddiaçı və cavabdeh arasında elektrik enerjisi təchizatının bərpa edilməsi barədə mübahisə cəmiyyət ilə istehlakçı arasında müqavilə münasibələrindən irəli gələn mübahisə deyil. Tərəflər arasında hər hansı müqavilə bağlanmamışdır. Tərəflər arasındakı mübahisənin mahiyyəti “təbii inhisar subyektlərindən olan "xxxx" ASC-nin ümumi (publik) hüquq sahəsindəki qərarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr” kateqoriyasına aiddir. Beləliklə, hazırki tələb təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr ilə bağlı olduğundan məhkəmə belə qənaətə gəlir ki, mülki iş üzrə icraata xitam verilməli və iddiaçıya hazırki mübahisəni həll etmək məqsədilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququna malik olması, həmçinin, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilmədiyi izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3-cü maddəsinin tələblərinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik enerjisi təchizatının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, hazırki mübahisəni həll etmək məqsədilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququna malikdir, həmçinin, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar