Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3465/2023 20.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Bakı Slavyan Universitetinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı təhsil haqqında azad edilmə və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Bakı Slavyan Universitetinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 sentyabr tarixli 1722 nömrəli sərəncamına əsasən Bakı Slavyan Universitetinin tərcümə fakültəsində ödənişli əsaslarla təhsil alan onun 2020/2021, 2021/2022, 2022/2023-cü tədris ilinin xx.xx.2023-cü il tarixinə kimi təhsil haqqının ödənilməsindən azad edilməsi və 2020/2021-ci il tədris ilində Bakı Slavyan Universitetinə ödədiyi 850 manat təhsil haqqının cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ildə o, imtahan verərək Bakı Slavyan Universitetinə qəbul olmuşdur. Həmin vaxtı məcburi köçkün olmasına baxmayaraq məcburi köçkün vəsiqəsi olmamasına görə təhsil aldığı Universitetə 850 manat ödəniş etmişdir. Bundan sonra o, Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona məcburi köçkünlük statusunun və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 Üzrə Dövlət Komitəsinin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-1034/2023 saylı qərarı ilə iddia tələbi təmin edilərək xx.xx.2003-cü il təvəllüdlü İddiaçı "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə həvalə olunması qərarı almışdır. Həmin qərar qanuni qüvvəsini almış və icra olunması üçün Azərbaycan Respublikası Qaçqınların və X1 Üzrə Dövlət Komitəsinə göndərilmiş və Azərbaycan Respublikası Qaçqınların və X1 Üzrə Dövlət Komitəsi tərəfindən həmin qərar icra olunaraq ona məcburi köçkünlük vəsiqəsi verilmişdir. Həmin məcburi köçkünlük vəsiqəsini Bakı Slavyan Universitetinə təqdim etmişdir. Bundan sonra Universitetin rəhbəri tərəfindən ona bildirmişdir ki, məcburi köçkünlük statusun bərpa olunmamışdan qabaq həmin illər üzrə Universitetə təhsil haqqı ödənilməlidir. O, onlara bildirmişdir ki, məcburi köçkün olduğu üçün təhsil haqqı ödəməkdən azaddır. Belə ki, məcburi köçkünlük statusunun və onu təsdiq edən sənədin alınmasının gecikməsi onun günahı üzündən baş verməmişdir. Lakin, hazırda oxuduğu universitetlə aralarında yaranmış təhsil haqqı ilə bağlı hazırki, iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, Azərbaycan Respublikasi Prezidentinin xx.xx.2011-ci il tarixli sərəncamına əsasən təhsil haqqından azad edilmə tələbəyə yalnız məcburi köçkün statusu aldıqdan sonra şamil edilməsi nəzərdə tutulmuşdur. Təqdim edilən sənədlərdə də müəyyən edilir ki, vəsiqə xx.xx.2023-cü il tarixdə verilmişdir. Məhz bundan sonra Universitet tələbəni ödənişdən azad etmişdir. Eyni zamanda vurğuladı ki, qanunvericilikdə ödənilmiş təhsil haqqının geri qaytarılması nəzərdə tutulmamışdır. Digər cavabdeh Bakı Slavyan Universitetinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında iştirak etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları, iş materiallarında olan və təqdim edilən sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə həvalə olunması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuda göstərilmişdir ki, ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları müvafiq təsdiqedici sənədləri tədim etməklə təhsil haqqını ödəməkdən azad olunurlar. İş materiallarında olan Bakı Slavyan Universiteti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışa əsasən, İddiaçı Bakı Slavyan Universitetinin Tərcümə fakültəsində “Tərcümə (polyak dili)” ixtisası üzrə İİİ tədris ilinin T-303/3 qrupunda əyani formada, ödənişli əsaslarla təhsil alır. İş materiallarında olan Bakı Slavyan Universitetinin rektoru tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş əmr №127/3-dən görünür ki, həmin əmr tərcümə fakültəsində təhsil alan Qubadlı rayonundan məcburi köçkün İİİ tədris ili üzrə T-303 qrup tələbəsi müvafiq qanunvericiliyə əsasən təhsil haqqının ödənilməsindən azad edilməsi, təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi, tələbə tərəfindən məcburi köçkünlük barədə sənədlərin universitetə gec təqdim edilməsini nəzərə alınması haqqında verilmişdir. İş materiallarında olan Qaçqınların və X1 üzrə X2 Xızı rayonları bölməsi tərəfindən İddiaçı verilmiş məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin vəsiqə Qaçqınların və X1 üzrə Dövlət Kömitəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən verilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı 2020-ci il tarixdə Bakı Slavyan Universitetinin Tərcümə fakültəsinə (ödənişli əsaslarla) qəbul olmuşdur. İlk il üzrə 850 manat ödəniş etmişdir. Qaçqınların və X1 üzrə Dövlət Kömitəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən məcburi köçkün statusuna malik olması barədə vəsiqə aldıqdan sonra xx.xx.2023-cü il tarixdə Bakı Slavyan Universiteti tərəfindən təhsil haqqından 127/3 saylı əmrlə azad edilmişdir. Hazırda iddiaçı ödənilmiş təhsil haqqının ona geri qaytarılmaqla, 2020/2021, 2021/2022, 2022/2023-cü tədris illəri üzrə təhsil haqqının ödənilməsindən azad edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikasi Prezidentinin xx.xx.2011-ci il tarixli sərəncamından görünür ki, həmin sərəncam 2011/2012-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşlarının təhsil müddəti ərzində təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi haqqında verilmişdir. Məhkəmə qeyd edir ki, məcburi köçkün statuslu şəxslər dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələrində, AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları təhsilin müxtəlif pillə və səviyyələri üzrə təhsil xərcindən azad olunan imtiyazlı şəxslər siyahısına daxil edilmişlər. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Sumqayıt İnzibati Məhkəməsində iddiaçının “ona məcburi köçkün stasunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair mübahisəsinə baxılarkən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2003-cü il təvəllüdlü olmaqla müvafiq olaraq 2003-cü ildən məcburi köçkün statusunun alınmasının nəticəsi kimi dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququnu qazanmışdır. Bu hüququn tərkib hissəsi kimi şəxsə yemək xərci ilə bağlı aylıq müavinətin verilməsi nəzərdə tutulmuşdur. Müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı məcburi köçkün statusunu müəyyən edən sənədi xx.xx.2023-cü il tarixdə əldə etsə də, bu hal onun məhz həmin tarixdən məcburi köçkün olmasına dəlalət etməmiş, həmin status onun doğulduğu andan mövcud olmaqla məcburi köçkünlərə şamil edilən imtiyazlardan yararlanmaq huququna malik olmuşdur. Odur ki, iddiaçı ödəniş etmədiyi 2020/2021 üçün təhsil haqqının qalan hissəsi, 2021/2022, 2022/2023-cü tədris illərinin ödənişlərindən azad edilməsinə dair tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Qeyd olunmalıdır, Universitet tələbənin təhsil aldığı dövrdən başlayaraq onun məhkəməyə müraciət etdiyi dövrə qədər ödənişli şətləri olan ixtisasda təhsil almasına baxmayaraq tələbəni 3 il ödəniş aparmadığına görə Universitetdən xaric etməyib onu təhsilini davam etdirilməsinə şərait yaratması iddiaçının statusuna anlayışla yanaşdığını və ehtimal olunan hüquqların təmin ediləcəyi gümanı ilə izah etmək olar. Məhkəmə iddianın 2020/2021-ci tədris ili üçün ödədiyi 850 manatın geri qaytarılmasına dair hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, tələbə universitetə qəbul olunarkən ödənişli əsaslarla təhsil alacağını bilmiş və şərtləri qəbul etməklə, könüllü şəkildə ödənişi etmiş, hazırda təhsilini davam etdirməkdədir. Sübut kimi təqdim edilmiş ödəniş qəbzindən də görünür ki, ödəniş xx.xx.2020-ci il tarixdə saat 12:57-də edilmişdir. Məhkəmə tərəfindən soğru edilmiş iddiaçının Universitetdə olan şəxsi işindən isə görünür ki, o tələbə kimi Universitetə xx.xx.2020-ci il tarixli 298/3 №-li əmrlə qəbul edilmişdir. İddiaçı tərəfindən təhsilin ilk ili üçün ödənişin edilməsi onun subyektiv fikri olmuş, həmin ödənişi könüllü surətdə etməklə öz iradə ifadəsini bildirmişdir. Odur ki, bu hissədə iddia əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Bakı Slavyan Universitetində təhsil aldığı 2021-2022 və 2022-2023cü tədris illəri üçün təhsil haqqının ödənilməsindən azad edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Bakı Slavyan Universitetində ödəniş etmədiyi hissədə 2020-2021, o cümlədən 2021-2022 və 2022-2023-cü tədris illəri üçün təhsil haqqının ödənilməsindən azad edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-3465/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3465/2023
20.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver