Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3478/2025 28.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi vəzifəsində işlədiyi vaxt cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində əsassız ittiham olunması, cinayət təqibinə məruz qalması, qanunsuz həbsdə saxlanılması və ev dustaqlığında olması səbəbindən ona dəymiş maddi və mənəvi ziyana görə ümumilikdə 170.295 manat məbləğində pul vəsaitinin kompensasiya olaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1986-cı il tarixdə Naxçıvan MR Ordubad rayonu Anabad kəndində doğulmuş, Azərbaycan Beynəlxalq Universitetinin və Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, 2009-cu ildən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin (keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti) müxtəlif ərazi idarələrində hüquqşünas, qeydiyyat şöbəsinin rəisi, idarə rəisi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə 14 aprel 2020-ci il tarixli QK-39 nömrəli əmri, struktur dəyişikliyi ilə əlaqədar həmin Əmlak Məsələləri Dövlət Xidməti rəisinin 14 fevral 2022-ci il tarixil K-51 nömrəli əmri ilə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş və 18 noyabr 2022-ci il tarixədək həmin vəzifədə işləmişdir. Uzun illər layiqli kadr kimi qüsursuz işləmiş, dəfələrlə mükafatlandırılmış, işğaldan azad olunmuş ərazilərdə də xidməti vəzifəsini layiqincə yerinə yetirmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi vəzifəsində işlədiyi vaxt Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq baş idarəsi tərəfindən qanunsuz və əsassız olaraq 16 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 noyabr 2022-ci il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilməklə, həmin tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və istintaq Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində davam etdirilmişdir. Ona verilmiş ittiham ondan ibarət olmuşdur ki, o, vəzifəli şəxs kimi qeyrisinin köməkçiliyi ilə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, habelə xidmət üzrə ümumi himayədarlıq müqabilində özü və üçüncü şəxslər üçün birbaşa yolla şəxsən və vasitəçidən istifadə etməklə maddi neməti rüşvət qismində təkrarən istəməklə təkrarən almış, vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi vəzifəsində işləyərkən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Beyləqan rayonu Türklər qəsəbəsində yerləşən 12 ha torpaq sahəsinin, sonra isə 0,24 ha torpaq sahəsinin Beyləqan rayonu Türklər bələdiyyəsinin mülkiyyətində olmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinə görə həmin bələdiyyənin sədri X4 özü üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin arxiv işinin təşkili şöbəsinin müdiri vəzifəsində işləyən X1 vasitəsi ilə 2022-ci ilin may ayında 1.500 manat məbləğində pul vəsaitini rüşvət qismində almış, təkrar olaraq 15 noyabr 2022ci il tarixdə maddi nemət olan 1.000 manat məbləğində pul vəsaitini birbaşa yolla rüşvət qismində istəmiş və 16 noyabr 2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin inzibati binasında almış, həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əhali arasında nüfuzdan salıb, yerinə yetirilən fəaliyyətin şəffaf və obyektiv prosedurlar üzrə həyata keçirilməsi ilə əlaqədar həmin Xidmətin normal fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə Dəyanət Atakişiyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin 20 dekabr 2022-ci il tarixli, ********* nömrəli məktubu əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin 26 dekabr 2022-ci il tarixli K 397 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin «c» bəndinə əsasən xx.xx.2022-ci il tarixdən işdən kənarlaşdırılmış hesab edilmişdir. Barəsində olan cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılarkən bir il bir ay həbsdə saxlanıldıqdan sonra 17 dekabr 2023-cü il tarixdə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. X14 Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Vüqar Əhmədov, hakimlər Nahid Hüseynov və Neymət Məmmədov) 1(099)- 22/2024 saylı, 19 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən həmin cinayətləri törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilmiş və barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Pərviz Hacıyev, hakimlər Elçin Xasməmmədov və Habil Bəhmənov) 1(106)-562/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən və məruzəçi hakim İlqar Qılıcov, hakimlər İlkin Rəcəbov və Nazim Mövsümov) 1(102)-768/2025 saylı, 06 mart 2025-ci il tarixli qərarı ilə bəraət hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, iki ildən çox kobud qanun pozuntuları ilə barəsində davam edən ibtidai istintaq və sonra məhkəmə baxışı dövründə qanunsuz olaraq 16 noyabr 2022-ci il tarixdən 17 dekabr 2023-cü il tarixə kimi 1 il 1 ay müddətində həbsdə saxlanılmış, 17 dekabr 2023-cü il tarixdən 19 aprel 2024cü il tarixədək həbsdə saxlanılma müddətinə daxil hesab edilən ev dustaqlığında olmuşdur. Cinayət təqibinə qalanadək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi vəzifəsində işləmiş, aylıq sabit əmək haqqı 2.501 manat, mükafat da 20.501 manat olmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin 25 dekabr 2023-cü il tarixli F-137 nömrəli İşçilərin sosial rifahının yaxşılaşdırılması barədə Əmri ilə 01 dekabr 2023-cü il tarixdən əmək haqqı artılıraq 4.600 manat olmuşdur. Cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində qanunsuz olaraq istintaq təcridxanasında həbsdə saxlanılmaqla azadlıqdan məhrum olunduğu müddət ərzində, yəni 16 noyabr 2022-ci il tarixdən 17 dekabr 2023-cü il tarixə kimi 1 il 1 ay müddətində həbsdə saxlanıldığı və 17 dekabr 2023-cü il tarixdən 19 aprel 2024-cü il tarixədək ev dustaqlığında olduğu, həmçinin ondan sonrakı dövrdə Lənkəran Ağır Cinayətər Məhkəməsinin 19 aprel 2024-cü il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verildiyi üçün Şirvan Apellyasiya Məhkəməsinin Qərarınadək, yəni 17 oktyabr 2024-cü il tarixə olan müddətdə o, iş yerindən 105.295,55 məbləğində aylıq əmək haqqı, mükafatlar, vəzifə maaşına əlavələr olan pul vəsaiti almaqdan məhrum olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən o, vəzifəsindən kənarlaşdıqdan sonrakı müddətdə aylıq əmək haqqı, əmək haqqına əlavələr və mükafatların məbləği barədə arayışı iddia ərizəsinə əlavə etmişdir. Bundan başqa, cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində qanunsuz olaraq Bakı İstintaq Təcridxanasında, məhkəmə baxışı dövründə Lənkəran rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasında həbsdə saxlanılmaqla azadlıqdan məhrum olunduğu müddət ərzində ailə üzvləri, atası və anasının Naxçıvan MR Ordubad rayonundan onun yanına təyyarə ilə gəlib-getmələrinə, yemək və ərzaq gətirmələrinə, xəstəliyi ilə əlaqədar dərmanlar alıb gətirməyə görə ümumilikdə 10.000 manatdan çox pul vəsaiti sərf olunmuşdur. Həmin məsrəfi də cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışlar. Bundan əlavə, heç bir təqsiri olmadığı, heç bir əsas olmadan törətmədiyi cinayət əməlində ittiham olunduğu və 1 il 1 ay müddətdə haqsız yerə həbsdə saxlanıldığı, 4 ay ev dustaqlığında olduğu müddətdə ona böyük mənəvi ziyan da vurulmuşdur. Belə ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində çəkdiyi əzab-əziyyət onda əsəb pozğunluğu, ürək ağrısına və digər xəstəliklərin yaranmasına səbəb olmuşdur. Barəsində heç bir əsas olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 308.1-ci maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılmış, qanunsuz olaraq 1 il 1 ay müddətdə həbsdə, 4 ay müddətində isə ev dustaqlığında qalmağa məcbur olmuşdur. Nəticədə çox böyük psixoloji sarsıntılar, əsəb gərginlikləri keçirmişdir. Odur ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində ona dəymiş mənəvi ziyanın dəyərini haqlı olaraq tələb etmək hüququ vardır. Bu səbəbdən hesab edir ki, maddi ziyanla yanaşı 55.000 manat məbləğində mənəvi ziyan da cavabdehdən tutularaq iddiaçı olaraq ona ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və burunla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Göstərilənlərə əsasən hesab edir ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində əsassız ittiham olunması, cinayət təqibinə məruz qalması və qanunsuz həbsdə saxlanılması səbəbindən ona dəymiş maddi və mənəvi ziyana görə ümumilikdə 170.295 manat məbləğində pul vəsaiti kompensasiya olaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutularaq ona ödənilməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəməyə iddiaya etiraz göndərərək qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən aydın olur ki, İddiaçı hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunmasını qanunsuz hesab edərək bu əsasda ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq isə 170.295 manat pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı hüquqmühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə»də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Digər tərəfdən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda «müvafiq icra hakimiyyəti», yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 68-ci və 146-cı maddələrinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi «Azərbaycan Respublikası» dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Bundan başqa, iddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Məhkəmələr tərəfindən dəymiş olan zərərin müəyyən edilməsi zamanı iddia məbləği ilə bağlı işdə olan və ya təqdim olunan sübutlara da istinad edilməlidir. Qeyd etmək istəyir ki, iddia ərizəsində sadalanan əsaslara münasibətdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2018-ci il tarixli «Bogdanov və Vasilevski Rusiyaya qarşı» Qərarında ərizəçinin 472 gün qanunsuz olaraq həbsdə saxlanılması ilə əlaqədar ona dəymiş mənəvi zərərə görə 5.000 avro (1 gün üçün təxminən 10 avro) məbləğində pulun kompensasiya qismində ərizəçiyə ödənilməsi nəzərdə tutulmuşdur. Bu baxımından iddia ərizəsində qeyd edilən tələb şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyət təşkil edir. Avropa məhkəməsinin qərarında vurğulanmışdır ki, mənəvi zərərin dəqiq məbləğinin qiymətləndirilməsində yerli səviyyədə verilən pul kompensasiyasının sözügedən ölkənin sosial faktorlarının, habelə ərizəçinin həbsdə saxlanma müddəti kimi işin faktiki elementlərinin nəzərə alınması ilə qiymətləndirilməlidir. Qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 03 noyabr tarixli 2(102)-3096/2023 nömrəli Qərarında mənəvi zərərlə bağlı bildirilir ki, sözügedən zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Eyni zamanda qeyd olunan qərarda Ali Məhkəmə mövqeyinin təfsirini verərkən izah edir ki, zərərçəkənə şişirdilmiş bir məbləğin mənəvi zərər qismində verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar. İddiaçı T.Abasov iddia ərizəsində onun cinayət təqibinə məruz qaldığı müddət ərzində işsiz qaldığını iddia etsə də, daha sonra o ifadə ilə bağlı təsdiqedici mahiyyətdə olacaq heç bir sübut və arqument istifadə etməmişdir. Belə ki, «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərir ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun da «mihi factum, dabo tibi ius» («mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm») prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Bu baxımdan iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində maddi və mənəvi ziyana məruz qalmasını əsaslandırdığı hallarla bağlı sübut mahiyyəti daşıya biləcək hər hansı bir sənəd təqdim edilmədiyindən iddia əsassız hesab olunmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın tam həcmdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaya etirazı nəzərə alaraq, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.2022-ci il tarixli K-51 saylı əmrdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47 və 59-cu maddələrinə müvafiq olaraq 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində ibtidai istintaqı apardan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsinin rəisi İddiaçı xx.xx.2022ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi və həmin idarənin Arxiv işinin təşkili şöbəsinin müdiri vəzifəsində işləyən X3 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 32.5, 311.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir. Bu barədə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməsi məsələsinə baxılması xahiş olunmuşdur. xx.xx.2022-ci il tarixli K397 saylı əmrdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin «c» bəndinə əsasən işdən (6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi) kənarlaşdırılmış hesab edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-354/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi Vəkil və təqsirləndirilən şəxs X1 müdafiəçisi X6 vəsatətləri təmin edilərək, təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş «həbs» qətimkan tədbirinin «ev dustaqlığı» qətimkan tədbiri ilə əvəz edilməsi və onun həbsdən azad olunması qərara alınmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-22/2024 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilmiş; onun barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dərhal ləğv edilmiş; onun Azərbaycan Respublikası CPM-nin 55-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmış və ona izah edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(106)-562/2024 saylı qərarından görünür ki, dövlət ittihamçısı X9 apellyasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 311.3.2 və 308.1-ci maddələri ilə, X2 Azərbaycan Respublikası CM-nin 32.5, 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 19 aprel 2024-cü il tarixli 1(099)-22/2024 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli 1(102)- 768/2025 saylı qərarından görünür ki, kassasiya protesti təmin edilməmiş, İddiaçı və X2 Azərbaycan Respublikası CM-nin sadalanan maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(106)-562/2024 saylı qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən İddiaçı barəsində tərtib edilmiş əmək haqqı və gəlir barədə arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2020-xx.xx.2022-ci il tarixlərini əhatə edən dövr ərzində 95.932,73 manat və xx.xx.2022xx.xx.2024-cü il tarixlərini əhatə edən dövr ərzində 105.295,25 manat məbləğində gəlir əldə etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3570 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan və təqdim edilmiş sənədlər əsasında rəyin tədqiqat posesinin təsviri hissəsində göstərilənləri nəzərə alaraq ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin rəisi vəzifəsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək itirilmiş əmək haqqısı və həmin vəzifə üzrə əlavələr, mükafatlar və digər ödənclər nəzərə alınmaqla ümumilikdə 105.295,55 manat məbləğində hesablandığı və qanunvericiliyin tələblərinə uyğun olaraq məcburi tutulmalar çıxıldıqdan sonra ödənilməli məbləğin 77.848,03 manat məbləğində təşkil etdiyi müəyyən olunmuşdur. Aparılmış tədqiqatların dəyəri 100 manat təşkil etmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən bu qəbildən olan işlər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 57.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.1-ci maddəsinin tələbinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. 58.2-ci maddəsinin tələbinə görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində) hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X7rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim edilmiş sənədlərdən göründüyü kimi, İddiaçı qanunsuz və əsassız yerə kifayət qədər uzun müddət ərzində törətmədiyi cinayət əməli ilə bağlı istintaqa cəlb edilmiş, barəsində cinayət işi ilə əlaqədar araşdırma aparılmış, ittiham aktı tərtib olunaraq prokurorluğa, daha sonra cinayət işi baxılması üçün məhkəməyə göndərilmiş, onun barəsində həbs qətimkan tədbiri seçilərək, bu vəziyyətin uzun müddət (öncə həbsdə, daha sonra isə ev dustaqlığında saxlanılması) davam etməsi işin mübahisəsiz halıdır. Təqdim olunmuş sübutların məcmusundan göründüyü kimi, İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar doğrudur və ona yuxarıda qeyd edilən hallarla bağlı mənəvi ziyanın vurulması aşkardır. Məhkəmə, iddiaçının qanunsuz və əsassız yerə istintaqa cəlb edilməsi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ona vurulmuş mənəvi ziyana görə ədalətli həddə, şəxsin xx.xx.2022ci il tarixdən tutulması, xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməsi və xx.xx.2023-cü il tarixədək həbsdə, həmin tarixdən etibarən isə ev dustaqlığında saxlanması və nəticə etibarilə barəsində xx.xx.2024-cü il tarixdə bəraət hökmü çıxarıldıqdan və barəsində seçilmiş qətimkan tədbiri ləğv edildikdən sonra isə verilmiş apellyasiya protestinə əsasən iş üzrə apellyasiya instantiyası məhkəməsinin qərarının xx.xx.2024-cü il tarixdə qəbul edilməsi (1 il 1 ay və 5 ay ev dustaqlığında saxlandığı müddət) nəzərə alınmaqla, 15.500 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini 15.500 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. İddia ərizəsinin məzmunundan və təqdim edilmiş sənədlərdən aşkar şəkildə görünür ki, iddiaçı əsassız yerə törətmədiyi əməldə təqsirləndirilərək, rahatlığı əlindən alınmış, uzun müddət mənəvi iztirab çəkmiş, təqsiri olmadan çətin dönəmdən keçmişdir. Bundan başqa, iddiaçı işini yerinə yetirməkdən özündən asılı olmayan səbəbdən, ona qarşı edilmiş qanunsuz hərəkətlər nəticəsində kənarda qalmış, hər ay almalı olduğu əmək haqqı və s. ödənişlərdən məhrum olmuşdur. Bunun nəticəsində ona, 77.848,03 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçıya yuxarıda qeyd edilən məbləğdə maddi zərərin dəyməsi təqdim olunmuş sübutlarla və ekspert rəyi ilə təsdiq edilir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərə görə 15.500 manat, maddi ziyana görə 77.848,03 manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat ekspertiza xərci dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərə görə 15.500 (on beş min beş yüz) manat, maddi ziyana görə 77.848,03 (yetmiş yeddi min səkkiz yüz qırx səkkiz manat, üç qəpik) manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərci dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (Dövlət xəzinədarlığı Agentliyi, Kod: 21005, VÖEN:**********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3478/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3478/2025
28.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver