Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3518/2022 23.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əşyanın dəyişdirilməsi və ya geri qaytarılması” iddia tələbinə dair mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əşyanın dəyişdirilməsi və ya geri qaytarılması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ona qarşı qaldırılmış və Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin icraatında olan e-2(011)-1382/2022 saylı, xx.xx.2022-ci il tarixli mülki iş üzrə iddianın rədd edilməsi, iddiaçının cavabdeh tərəfindən aldadılaraq ona satılan ümumi dəyəri xx.xx.2021-ci il tarixli, XQDK07206 saylı “nisyə alqı-satqı müqaviləsi”nə əsasən 1121,55 manat olan paltaryuyanın yenisi ilə dəyişdirilməsi və ya geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehndən xx.xx.2021-ci il tarixli, XQDK07206 saylı “nisyə alqı-satqı müqaviləsi”nə əsasən 1121,55 manat məbləğində 12 ay müddətinə ödəmək şərtilə “Samsung” markalı paltaryuyan maşını almışdır. Lakin paltaryuyan maşını evə gətirəndə həmin əşyanın üst qapağının çıxıq vəziyyətdə, istifadə düymələrinin yerinin dəyişdiyini və sol yan tərəfindən əzik olduğunu cavabdehin əşyanı gətirən əməkdaşlarına bildirmişdir. Paltaryuyan maşını gətirən şəxs Cavabdeh MMC-nin işçisi olduğunu və problemlərin bildirilməli olduğunu qeyd etmişdir. İddiaçı dəfələrlə şirkətə qeyd edilən problemlərin aradan qaldırılmasını və ya paltaryuyan maşının dəyişdirilməsini bildirmiş, nəhayət, Cavabdeh MMC-nin ekspert qrupu iddiaçının evinə gələrək paltaryuyan maşında qeyd olunan problemləri görüb müəyyən qeydlər aparmış və maşının yenisi ilə əvəzlənəcəyini bildirsələr də, bu günə kimi MMC tərəfindən bu istiqamətdə heç bir hərəkət edilməmişdir. İddiaçı cavabdeh tərəfindən paltaryuyan maşının dəyişdirilməsini gözlədiyi müddətdə xx.xx.2022-ci il tarixdə cavabdeh Xətai Rayon Məhkəməsinə müraciət edərək, ondan istifadəyə yararsız olan, hətta MMC-nin servisi tərəfindən heç quraşdırılmamış paltaryuyan maşının pulunu, dəbbə pulunu və faizini tələb etmişdir. Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin icraatında olan e-2(011)-1382/2022 saylı mülki iş üzrə xx.xx.2022-ci il tarixində heç bir dəqiq araşdırma aparılmadan ondan 1083,55 (min səksən üç manat, əlli beş qəpik) manat qalıq borc, 39,33 (otuz doqquz manat, otuz üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1122,22 (min yüz iyirmi iki manat, iyirmi iki qəpik) manat pulun alınaraq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. İddiaçı bu məsələ ilə bağlı mediasiyaya da müraciət etmiş, lakin cavabdeh tərəflər ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib bildirdi ki, Cavabdeh MMC tərəfindən paltaryuyan maşın yenisi ilə əvəzlənəcəyi və ya yerində başqa bir əşya əvəzlənərək veriləcəyi halda ödənişlər edəcəkdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi X1 iddianı qəbul etməyib bildirmişdir ki, İddiaçı mübahisələndirdiyi “Samsung” markalı paltaryuyan maşına cəmiyyətin ekspertləri tərəfindən baxış keçirilmişdir. Lakin Cavabdeh MMC paltaryuyan maşında iddiaçının qeyd etdiyi qüsurlarla bağlı məsuliyyət daşımır. Belə ki,həmin əşya təhvil verilərkən İddiaçı təhvil-təslim aktını imzalayaraq əşyanın heç bir qüsurunun olmadığını təsdiq etmişdir. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada bildiriş almasına baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi X1 məhkəməyə gəlməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(006)-3518/2022 saylı qərardadı ilə iddia tələbinin “Cavabdeh MMC tərəfindən ona qarşı qaldırılmış və Xətai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyevin icraatında olan e-2(011)-1382/2022 saylı, xx.xx.2022-ci il tarixli mülki iş üzrə iddianın rədd edilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, cavabdehin nümayəndəsinin ərizəsini nəzərdən keçirib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, XQDK07206 saylı “nisyə alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı Cavabdeh MMC təhvil-təslim aktında (Əlavə 2) göstərilən malı alıcı İddiaçı satmış, alıcı isə həmin malı qəbul etmiş və bu müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan Cavabdeh MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh MMC 1 ədəd “Samsung” markalı paltaryuyan maşını İddiaçı təhvil vermiş, alıcı İddiaçı tərəfindən satılmış malın texniki göstəricilərinə və yararlılığına dair iradlar bildirilməmişdir. Mülki işin materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 273487 №-li çatdırma qaiməsindən görünür ki, həmin qaimədə İddiaçı əlyazma ilə “Samsung” markalı paltaryuyan maşının xarici görünüşünü sağlam təhvil aldığını qeyd etmiş və bunu imzası ilə təsdiq etmişdir. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli 2021-002652 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh MMC ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1382/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2021-ci il tarixli, XQDK07206 saylı müqaviləyə əsasən ödənilməmiş 1083,55 manat qalıq borc, 39,33 manat cərimə borcu olmaqla, ümumilikdə 1122 (min yüz iyirmi iki) manat 88 (səksən səkkiz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat 22 (iyirmi iki) qəpik alınaraq Cavabdeh MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənovanın xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1382/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Mülki işin materiallarında olan Cavabdeh MMC-nin direktoru Əhəd Əsgərovun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığı xx.xx.2022-ci il tarixli 13705 №-li məktubdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixində «Optimal Electronics» mağazasından aldığı “Samsung” markalı paltaryuyan maşını xarici görünüşü ideal formada müştərinin ünvanında ona təqdim edilmişdir. Belə ki, müştəri İddiaçı tərəfindən məhsul təhvil-təslim aktı əsasında qüsursuz formada qəbul edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasında əşyanın “nisyə alqı-satqısı”na dair xx.xx.2021-ci il tarixli, XQDK07206 saylı müqavilə bağlanmışdır. Müqavilənin predmeti olan “Samsung” markalı paltaryuyan maşını Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixli təhvil-təslim aktı ilə İddiaçı təhvil verilmiş, alıcı İddiaçı tərəfindən alınmış malın texniki göstəricilərinə və yararlılığına dair iradlar bildirilməmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli, XQDK07206 saylı “nisyə alqı-satqı müqaviləsi” üzrə öhdəliklərin icra edilməməsi səbəbindən Cavabdeh MMC İddiaçı qarşı pul tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin e-2(011)-1382/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.2021-ci il tarixli, XQDK07206 saylı müqaviləyə əsasən ödənilməmiş 1083,55 manat qalıq borc, 39,33 cərimə borcu olmaqla, ümumilikdə 1122 (min yüz iyirmi iki) manat 88 (səksən səkkiz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat 22 (iyirmi iki) qəpik alınaraq Cavabdeh MMC-yə ödənilməsi qət edilmiş, sözügedən qətnamə qanuni qüvvəsini almışdır. Hazırda İddiaçı Cavabdeh MMC-yə qarşı “əşyanın dəyişdirilməsi və ya geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC tərəfindən aldadılaraq satılan ümumi dəyəri xx.xx.2021-ci il tarixli, XQDK07206 saylı “nisyə alqı-satqı müqaviləsi”nə əsasən 1121,55 manat olan paltaryuyanın yenisi ilə dəyişdirilməsi və ya geri qaytarılmasını xahiş etmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə öz istəyinə görə satıcıdan və ya istehsalçıdan həmin malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, həmin mala uyğun digər modelli (marka, tipli və i.a) mal ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 601.1-ci maddəsinə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 581.1-ci, 581.2-ci maddələrinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Mülki Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Mülki Məcəllənin 588-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 588.1-ci maddəsinə əsasən bu şərtlərin mövcudluğunu sübut etmək yükünü alıcı daşıdığından, İddiaçı alqı-satqı müqaviləsinin predmeti olan “Samsung” markalı paltaryuyan maşının onun sahibliyinə keçənədək qüsurlu olduğunu sübut etməlidir. Lakin iş materiallarından göründüyü kimi, Cavabdeh MMC-nin tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli “nisyə alqı-satqı müqaviləsi”ndə nəzərdə tutulan şərtlərin pozulması halına yol verməsi heç bir mötəbər və tutarlı sübut növləri ilə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən müqavilə predmeti olan “Samsung” markalı paltaryuyan maşının onun sahibliyinə keçənədək üst qapağının çıxıq vəziyyətdə, istifadə düymələrinin yerinin dəyişdiyi və sol yan tərəfindən əzik olması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı paltaryuyan maşının üst qapağının çıxıq vəziyyətdə, istifadə düymələrinin yerinin dəyişdiyi və sol yan tərəfindən əzik olmasına dair tələbini sübut etmək üçün bir sıra fotoşəkilləri təqdim etmişdir. Fotoşəkillərdə paltaryuyan maşının üst qapağının çıxıq vəziyyətdə, istifadə düymələrinin yerinin dəyişdiyi və sol yan tərəfindən əzik olması aydındır. Lakin bu şəkillər həmin əşyanın Cavabdeh MMC-dən qeyd edilən vəziyyətdə alındığını sübut etmir. Qeyd olunanlara əsasən, məhkəmə Cavabdeh MMC tərəfindən İddiaçı qarşı hər hansı hüquqazidd əmələ yol verilməsini müəyyən etmədiyindən iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Mülki Məcəllənin 443.1 və 443.2-ci maddələrinin tələblərinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, məhkəmə mülki-prosessual qanunvericiliyə əsasən qeyd edir ki, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Mahmudov Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, nəzərə alınmalıdır ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, müqavilənin predmeti olan 1121,55 manat olan “Samsung” markalı paltaryuyan maşının yenisi ilə dəyişdirilməsi və ya geri qaytarılmasına dəlalət edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinin tələbinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “əşyanın dəyişdirilməsi və ya geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3518/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3518/2022
23.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver