Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3521/2022 01.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı cavabdehlər Cavabdeh1 Allahverdi oğluna və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadənin itirilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 Allahverdi oğluna və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadənin itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Qeyd edilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçı tərəfindən: 1) məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmiş; 2) cavabdehlərin şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar iddia ərizəsində göstərilməmiş; 3) cavabdehlərin sayına görə iddia ərizəsinin surətləri ərizəyə əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Mülki Prosessual Məcəllənin 150.1 və 150.1.1-ci maddəsinə görə, iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) əlavə edilir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Məhkəmə, həmçinin, qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsinin giriş hissəsində “cavabdehlərin yaşayış sahəsindən istifadənin itirilməsi” tələbini qeyd etsə də, nəticə hissəsində isə “cavabdehlərin pasport qeydiyyatından çıxarılmaları” tələbini qeyd etmiş, bununla da iddia ərizəsinin giriş hissəsi ilə nəticə hissəsi arasında uyğunsuzluq yaranmışdır. Eyni zamanda iddia ərizəsində cavabdehlər qismində yalnız Cavabdeh1 Allahverdi oğlu və Cavabdeh2 qeyd edilməsinə baxmayaraq, iddia ərizəsinin nəticə hissəsində cavabdehlər qismində Cavabdeh1 Allahverdi oğlu və Cavabdeh2 ilə yanaşı, X1, X5, X6, X2 və X7 qeyd edilmişdir. Bundan başqa iddiaçılar tərəfindən cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 7, 17 saylı evdə qeydiyyatda olmaları ilə bağlı hər hansı bir sübut təqdim edilməmiş (arayış və s.) və sübutun hansı səbəbdən təqdim edilməməsi ərizədə göstərilməmişdir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə görə, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Mülki Prosessual Məcəllənin 150.3-cü maddəsinin tələbinə görə, iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 Allahverdi oğluna və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadənin itirilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3521/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3521/2022
01.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver