Məhkəmə qərarları › İş №2(006)-3526/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3526/2024

11.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3526/2024 11.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iştirakı ilə (yekun məhkəmə iclasına gəlməmişdir), İddiaçı cavabdehlər Ləğv prosesində olan "xxxx" ASC və Cavabdeh2 MMC-yə qarşı (Əmanətlərin Sığortalanması Fondu müstəqil tələb irəli süməyən üçüncü şəxs qismində cəlb olunmaqla) kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatların Cavabdeh2 MMC-yə verilməsi vəzifəsinin Ləğv prosesində olan "xxxx" ASC-yə həvalə edilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdehlər Ləğv prosesində olan "xxxx" ASC və Cavabdeh2 MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatların Cavabdeh2 MMC-yə verilməsi vəzifəsinin Ləğv prosesində olan "xxxx" ASC-yə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə onun arasında bağlanması göstərilmiş 10 aprel 2009-cu il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə Cavabdeh2 MMC-yə məlumat verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh Ləğv prosesində olan "xxxx" ASC ilə əvəz olunmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Guya "xxxx" ASC-nin Yasamal filialı ilə aralarında iddiaçıya 12 ay müddətinə 2915 ABŞ dollarının verilməsinə dair kredit müqaviləsi bağlanmışdır. Halbuki belə bir şey olmamışdır. Onun həmin tarixdə kredit müqaviləsi olmamış və bütün bunlar əsassız olmuşdur. Sonradan "xxxx" ASC Qaradağ Rayon Məhkəməsində iddia qaldırmış və onun iddiası məhkəmənin 12 may 2014-cü il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bu əsasla təmin edilməmişdir ki, 10 aprel 2009-cu il tarixli kredit müqaviləsində və zaminlik müqaviləsində “borcalan” qrafasındakı imza İddiaçı tərəfindən imalanmamışdır. Eyni zamanada zamin Hicran Həsənova tərəfindən zaminlik müqaviləsi bağlanmamışdır. Lakin son məhkəmə qərarından 10 (on) il zaman keçməsinə baxmayaraq, hal-hazırda bankın əməliyyat sistemində və eyni zamanda Cavabdeh2 MMC-nin kredit reyestrindən çixarışda həmin kreditlər üzrə onun guya borclu olduğu əks olunur. Beləliklə, məhz bu qanunsuzluğa görə də o, borclu olmadığı halda kredit bürosundan çıxarışda aktiv öhdəliyinin ölduğu qeyd olunmaqdadır ki, bu hal da onun hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarıb. Çünki kredit üçün müraciət etdiyi banklar da məhz bu əsasa görə ona kredit verməkdən imtina edirlər. Cavabdehlərin tutduqları mövqedən istifadə edərək onun hüquqlarını məhdudlaşdırılması yolverilməzdir. Bu səbəbdən hüquqularını müdafiə etmək məqsədi ilə hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Digər tərəfdən vəziyyətin bu formada qalması onun vətəndaş olaraq bir çox hüquqlarını məhdudlaşdırır. İpoteka yolu ilə mənzilə sahib olmaq, kreditlə avtomobil almaq və yaxud xırdalı-böyüklü ev əşyaları almaq—bütün bunlar onun, üçün hal-hazırda hulyadır və mümkün deyil. Çünki kredit üçün müraciət etdiyi halda banklar da məhz bu əsasa görə ona kredit verməkdən imtina edəcəklər. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmənin hazırlıq iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə baxış iclasına gəlməmişdir. Əmanətlərin Sığortalanması Fondu müstəqil tələb irəli süməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Cavabdehlərə və üçüncü şəxsə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin etirazı: Cavabdehlər tərəfindən iddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(002)-17/2014 nömrəli qətnaməsinin surətinə əsasən, "xxxx" ASC-nin ləğvedicisi «X1 Company»nin İddiaçı, X2 və Həsənova Hicran Məmməd qızına qarşı kredit borcu tələbinə dair iddia ərizəsi təmin edilməməsi və "xxxx" ASC-nin ləğvedicisi «X1 Company»dən məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 180 (yüz səksən) manatın tutulub dövlət nəfinə ödənilməsi qət edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-17/2014 nömrəli məktubuna əsasən, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-17/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsi iddiaçı "xxxx" ASC-in ləğvedicisi “X1 Company” MMC-ə münasibətdə xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almış, lakin cavabdeh X2 münasibətdə isə sifarişli poçt zərfi məhkəməyə geri qayıtmışdır. Həmin mülki iş üzrə icra vərəqəsi xx.xx.2014-cü il tarixdə icra olunması üçün Yasamal Rayon İcra şöbəsinə göndərilmişdir. Yasmal Rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş “İcraata başlamaq haqqında” 01,07.2014-cü il tarixli qərar Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Qətnamədən apellyasiya şikayət verilməmişdir. "Azərbaycan Kredit Bürosu” MMC tərəfindən verilmiş SF8792 nömrəli Azərbaycan Kredit Bürosundan çıxarışa əsasən İddiaçı 2915 ABŞ dolları üzrə aktiv krediti mövcuddur. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktua əsasən, iş üzrə qəbul olunmuş məhkəmə qərarları ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən, İddiaçı qız məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Maddə 60.1 və 60.2. Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır. Ləğvetmə prosesi ərzində hüquqi şəxsin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Maddə 61.12. Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşdə olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(002)-17/2014 nömrəli qətnaməsi əsasında müəyyən edilir ki, "xxxx" ASC tərəfindən kredit müqaviləsi üzrə kredit məbləği İddiaçı ümumiyyətlə, verilməmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktından görünür ki, 10 aprel 2009-cu il tarixli kredit müqaviləsində “borcalan” qrafasındakı imza İddiaçı tərəfindən imalanmamışdır, "xxxx" ASC tərəfindən kredit məbləğinin İddiaçı tərəfindən alınmasına dəlalət edən hər hansı bir sübut təqdim olunmadığından, bu hal məhkəmə tərəfindən müəyyən olunmuş kimi hesab edilmişdir. Həmin məhkəmə aktı preyudisial əhəmiyyət daşıyır və bank tərəfindən iddiaçıya kredit müqaviləsi üzrə borcun verilməməsi işin mübahisəsiz halıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktından göründüyü kimi, İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" ASC qarşısında 10 aprel 2009-cu il tarixli kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyinin (borcunun) olmamasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Buna baxımdan məhkəmə qeyd edir ki, iddiaçının icra edilməmiş öhdəliyi (borcu) olan şəxs kimi qalması üçün hər hansı qanuni və müqavilə əsası yoxdur. Məhkəmə onu da vurğulayır ki, işdən görünür ki, "xxxx" ASC-nin ləğvi haqqında qərar qəbul edilmiş, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Həmçinin "xxxx" ASC-nin ləğvi barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi də müəyyən edilmir. Nəzərə alınsa ki, hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır, belə olan halda, nə qədər ki, bu hal baş verməyib, ləğvetmə prosesi ərzində "xxxx" ASC-nin hüquq qabiliyyəti tam həcmdə saxlanılır. Bu baxımdan məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" ASC ləğvetmə prosesində olduğu və bü müddət ərzində onun hüquq qabiliyyəti tam həcmdə saxlanıldığı üçün iddia tələbinə cavab verməli olan şəxs qismində də özü çıxış edir və iddiaçının cavabdeh Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh "xxxx" ASC ilə əvəz edilməsini məhkəmə qəbuledilən hesab edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə borcunun olmadığı barədə Cavabdeh2 MMCyə məlumat göndərilməsi Ləğv prosesində olan "xxxx" ASC-yə həvalə edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə Cavabdeh2 MMCyə məlumat göndərilməsi Ləğv prosesində olan "xxxx" ASC-yə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar