Məhkəmə qərarları › İş №2(006)-3538/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3538/2021

21.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3538/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 21.10.2021-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai Sonata” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomaşının cavabdehlər FJ Group MMC və Cavabdeh1 alınıb ona geri qaytarılması, vurulmuş mənəvi zərərə görə 10000 (on min) manatın, iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən FJ GROUP MMC-də işləyirdi. İşə qəbul olunarkən, ona söz verilmişdi ki, rəsmi əmək haqqı 1000 (bir min) manat təşkil edəcəkdir. Lakin, əmək fəaliyyətinə başlayanda gördü ki, hər ay əmək haqqı kartına 320 (üç yüz iyirmi) manat pul mədaxil olunur, yerdə qalan 680 (altı yüz səksən) manat isə, şirkətin kassasından əlavə olaraq ödənilirdi, hansı ki, həmin məbləğ heç yerdə fiksə olunmurdu. O, bu şərtlərlə işləmək istəmədiyini bildirdikdə, rəhbərlik tərəfindən arxayın salınaraq, qısa müddətə bu problemin həllini tapacağına dair vədlər verilirdi. Şirkətdə işlədiyi dövrdə, şirkətə məxsus olan “Hyundai Sonata” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomaşın 18500 (on səkkiz min beş yüz) manata satılırdı. Şirkət rəhbərliyinə avtomaşını özü üçün almaq istədiyini bildirdi. Şirkətin rəhbərliyi avtomaşını ona ilkin ödəniş 8000 (səkkiz min) manat olmaqla, yerdə qalan 10500 (on min beş yüz) manatı isə, ayda 500 (beş yüz) manat olmaqla, 21 ay müddətinə ödənilməsi müqabilində satdı. O, 8000 (səkkiz min) manatı ödədikdən sonra, avtomaşını şirkətin ona verdiyi yol vərəqəsi əsasında idarə etməyə başladı və hər ay danışdıqları kimi, 500 (beş yüz) manat pul ödədi. Həmçinin avtomaşın sahibliyinə verildikdən sonra, onun təmir-bərpa işlərinə bankdan götürdüyü kredit hesabına, ümumilikdə 1670 (min altı yüz yetmiş) manat pul xərclədi. Bir-neçə ay keçməsinə baxmayaraq, əmək haqqı reallığa uyğun ödənilmədiyi üçün, şirkətdə vəzifəsi Daxili nəzarət şöbəsinin rəisi olsa da, faktiki hamının şirkətin rəhbəri kimi tanıdığı Cavabdeh1 ilə sözlü mübahisələri yarandı. İddiaçı ona işdən çıxmaq istədiyini bildirdikdə o bunu qəbul etmədi və şirkət tərəfindən ona satılmış avtomaşını alıb, şirkətin dayanacağma yerləşdirdi. İddiaçı ona, avtomaşını geri qaytarmasını, avtomaşına görə 10000 (on min) manat pul ödədiyini bildirsə də, o, dediklərinə əhəmiyyət verməyərək, işdən ayrılmamağını, çıxacağı təqdirdə, əlaqələrindən istifadə edərək, başqa yerlərdə işə düzəlməyinə maneə törədəcəyini bildirdi. Vəziyyəti belə görüb, işdən çıxma ərizəsini 22 yanvar 2021-ci il tarixdə poçt vasitəsilə şirkətə göndərdi. Avtomaşınının geri alınması üçün dəfələrlə etdiyi müraciətlər nəticəsiz qalmaqdadır. O, vicdanla öhdəliyini yerinə yetirmişdir və danışığının bütün şərtlərinə əməl etmişdir. Maraqlıdır ki, 10000 (on min) manat pul ödədiyi təqdirdə, nə üçün avtomaşını əlindən alınmalı idi. Hazırda Cavabdeh1 tərəfindən özbaşına olaraq, avtomaşını satışa çıxarılmışdır. Bununla bağlı ona müraciət etdikdə bildirdi ki, iddiaçının acığına avtomaşını dəyər-dəyməzinə satacaqdır. Avtomaşınından istifadə edə bilmədiyinə görə taksi xidmətindən və digər ictimai nəqliyyat növlərindən istifadə etmişdir və bu ona baha başa gəlib. Həmçinin cavabdehlərin yuxarıda qeyd etdiyi hərəkətləri nəticəsində əsəb sarsıntıları keçirmişdir və keçirməkdə davam edir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh2 MMC-dən ona dəyən maddi ziyanın tam olaraq on üç min manat (8000 manat bankdan götürdüyü borc faizi ilə birlikdə, cəmi 11000 manat məbləğ və 4 aylıq əmək haqqı, ayda 500 manat olmaqla, 2000 manat) ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı əlavə olaraq bildirmişdir ki, o, mübahisəli avtomobili əldə etmək məqsədilə bacısı X2 adına kredit götürmüş, bununla da daha böyük ziyana uğramışdır. Belə ki, qeyd edilən kredit müqaviləsinə əsasən qaytarmalı olduğu əsas borcdan başqa faiz borcunu da qaytarmalıdır. Buna səbəb isə cavabdehlərin qanunsuz hərəkətləri olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı rəhbəri olduğu şirkətin işçisi idi. İşçinin işinin səmərələliyin artırmaq üçün işçiyə öz vəsaiti hesabına şirkətin adına maşın alınır. İddiaçı şirkətin qaydalarını pozduğuna görə iddiaçıya qarşı ziyanla bağlı ayrıca iddia qaldırılacaqdır. İddiaçı özü ərizə yazaraq işdən azad edilmişdir. Şirkət iddiaçının qeyd etdiyi məbləğin geri ödənilməsindən imtina etmir. Lakin iddiaçının vurduğu ziyanı hesablayıb əvəzləşdirəcəkdir. Əsaslandırıcı hissə: İddia Cavabdeh1 münasibətdə rədd, Cavabdeh2 MMC-yə münasibətdə isə qismən təmin edilməlidir. Cavabdeh2 MMC tərəfindən tərtib edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, ödəyən şəxs İddiaçı tərəfindən 08.09.2020-ci il tarixdən 08.01.2021-ci il tarixədək 7500 manat məbləğində ödəniş edilmişdir. 17.09.2020-ci il tarixli, 09.10.2020-ci il tarixli, 15.11.2020-ci il tarixli, 15.12.2020-ci il tarixli kassa mədaxil orderinin qəbzlərinin surətlərindən görünür ki, Cavabdeh2 MMC-nin hesabına müvafiq olaraq 8000 manat, 1000 manat, 500 manat və 500 manat olmaqla, cəmi 10000 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. Cavabdeh2 MMC tərəfindən verilmiş 01 dekabr 2020-ci il tarixli yol vərəqəsinin surətindən görünür ki, “Hundai Sonata” markalı **-PL-*** dövlət qeydiyyat nömrəli avtomobil idarə edilməsi üçün sürücü İddiaçı 30.09.2020-ci il tarixinədək etibarnamə ilə verilir. Cavabdeh2 MMC tərəfindən verilmiş 01 oktyabr 2020-ci il tarixli yol vərəqəsinin surətindən görünür ki, “Hundai Sonata” markalı **-PL-*** dövlət qeydiyyat nömrəli avtomobil idarə edilməsi üçün sürücü İddiaçı 31.10.2020-ci il tarixinədək etibarnamə ilə verilir. Cavabdeh2 MMC tərəfindən verilmiş 01 dekabr 2020-ci il tarixli minik avtomobili üçün yol vərəqəsinin surətindən görünür ki, “Hundai Sonata” markalı **-PL-*** dövlət qeydiyyat nömrəli avtomobil idarə edilməsi üçün sürücü İddiaçı 31.12.2020-ci il tarixinədək etibarnamə ilə verilmişdir. "xxxx" QSC tərəfindən 056A********** saylı kredit müqaviləsinin ödəniş planının surətindən örünür ki, Bank tərəfindən X3 36 ay müddətə, illik 22% faiz dərəcəsi ilə 8000 manat məbləğində kredit verilmişdir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarından göründüyü kimi, “Hundai Sonata” markalı **-PL-*** dövlət qeydiyyat nömrəli avtomobil etibarlı alqı-satqı müqaviləsi əsasında deyil, etibarnamələr (yol vərəqələri) əsasında mülkiyyətçi tərəfindən müəyyən məbləğ müqabilində İddiaçı verilmişdir. İddiaçı “Hundai Sonata” markalı **-PL- *** dövlət qeydiyyat nömrəli avtomobili əldə etmək məqsədilə Cavabdeh2 MMC-nin hesabına müxtəlif tarixlərdə cəmi 10000 manat məbləğində ödəniş etmişdir. Daha sonra mübahisəli avtomobil iddiaçının sahibliyindən, işçisi olduğu Cavabdeh2 MMC-dən ayrıldığı üçün, geri alınmış və 11.03.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən 16600 manata X1. İşin bu halları Cavabdeh1 məhkəmə baxışı iclasında verdiyi izahatı və müxtəlif tarixli kassa mədaxil orderinin qəbzləri ilə öz təsdiqini tapmışdır. Məhkəmə tərəflər arasında etibarlı alqı-satqı müqaviləsi bağlanmadığından, mübahisənin əsassız varlanma haqqında normalara əsasən həll edilməli olduğunu hesab edir. Belə ki, cavabdeh müvafiq məbləğ müqabilində avtomobili iddiaçının sahibliyi və istifadəsinə verməli idi. Hal-hazırda avtomobil onu mülkiyyətçisi tərəfindən geri alındığından cavabdeh iddiaçının hesabına 10000 manat məbləğində əsassız varlanmışdır. Ona görə də, cavabdeh əldə etdiklərini iddiaçıya qaytarmalıdır. Mülki Məcəllənin 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının mübahisəli avtomobili əldə etmək məqsədilə bacısı X2 adına kredit götürməsinə dair irəli sürdüyü dəlilləri heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Bundan başqa “Hundai Sonata” markalı **-PL-*** dövlət qeydiyyat nömrəli avtomobilə görə 10000 manat Cavabdeh1 deyil, rəhbərlik etdiyi Cavabdeh2 MMC-nin hesabına köçürüldüyündən, Cavabdeh1 hazırki iddia üzrə cavab verməli şəxs deyildir. Ona görə də, iddia ona münasibətdə təmin oluna bilməz. Beləliklə, məhkəmə mülki işin materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia Cavabdeh2 MMC-yə münasibətdə qismən təmin edilməli, 10000 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 23 manatı, cəmi 10023 manat məbləğində pul Cavabdeh2 MMC-dən alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İddia Cavabdeh1 münasibətdə rədd edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia Cavabdeh1 münasibətdə rədd edilsin. İddia Cavabdeh2 MMC-yə münasibətdə qismən təmin edilsin. 10000 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 23 manatı, cəmi 10023 manat məbləğində pul Cavabdeh2 MMC-dən alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia Cavabdeh2 MMC-yə münasibətdə digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar