Məhkəmə qərarları › İş №2(006)-3560/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3560/2021

30.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3560/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 160 manat məbləğində sifraişin və ya məbləğin tutularaq iddiaçıya verilməsi, iddiaçıya dəymiş maddi və mənəvi dəyərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 07 fevral 2021-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Cavabdeh məxsus ”ayanna.baku”adlı instagram səhifəsindən 4 ədəd müxtəlif geyim seçib, onlarla əlaqə saxlayıb paltarların ölçüsü, mövcudluğu və çatdırılma müddəti barədə məlumat aldıqdan sonra 160 azn məbləğində eManat terminalı vasitəsi ilə ödəniş etmişdir Cavabdehin geyimlərin 2 həftə ərzində çatdırılacağını deməsinə baxmayaraq o ödəniş etdikdən sonra 1 dəstin mart sonuna çatdırılacağnı, digər donun arxasına aid olduğunu iddia edərək tam fərqli bir açı-saçıq geyim şəkli göndərilmiş, o isə istəmədiyini bildirmiş, belə ki, şəkillər fərqli olduğu üçün aldadılmışdır. Fərqli şəkil göndərməkdə məqsədinin onu imtinaya məcbur etmək olduğunu sonradan mütləq şəkildə 325 manatlıq mal almağa məcbur edildikdə başa düşmüşdür. Cavabdeh ona imtina etdiyi üçün başqasını almağa məcbursunuz demişdir. (donun hər iki şəklini ərizəmə əlavə edib diqqətinizə çatdırıram). O bu donuda istəmədiyini bildirmişdir. Geyimlər 65-65-65-130 azn olmaqla 325 azn edirdi, ona iki mal deyilən kimi təmin edilmədikdə ortada 65-65 yəni cəmi 130 manatlıq sifariş qalmış, o da 65 manatlığında birini dəyişib iki ədəd 55 manatlıq, cəmi 175 azn etsin, mənədə məbləğ qaytarmasınlar deyə təklif etmişdir. Cavabında ona 325 manatlıq mal almağa məcbur olduğu bildirilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, 160 manat məbləğində maddi ziyanın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 07.02.2021-ci il tarixli 48764 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh Yelo Bank ASC-də olan kart hesabına 160 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 13.04.2021-ci il tarixli 29860 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin portalındakı çıxarışlardan görünür ki, Cavabdeh 22.02.1977-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatdadır. Həmçinin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin portalındakı çıxarışlardan görünür ki, +**********11 və +**********25 saylı mobil nömrələr cavabdehə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 568.1-ci maddəsinə görə satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 570.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1-ci maddəsinə görə müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2-ci maddəsinə görə əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2-ci maddəsinə görə alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Məhkəmə iş materiallarında olan sənədləri (telefon yazışmaları-whats up və qəbz) nəzərdən keçirib belə qənaətə gəlir ki, iddiaçı (alıcı) tərəfindən cavabdehə (satıcıya) əşyanın alınması üçün tərəflər arasında müəyyənləşdirilmiş 160 manat məbləğində pul vəsaiti ödənilmiş, lakin cavabdeh (satıcı) üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, yəni əşyanı alıcının mülkiyyətinə verməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin (satıcının) əşyanı iddiaçıya (alıcıya) vermək vəzifəsi olduğundan, 160 manat məbləğində pul vəsaiti cavabdehdən tutlaraq iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 160 (bir yüz altmış) manat məbləğində pul vəsaiti və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 160 (bir yüz altmış) manat məbləğində pul vəsaiti və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar