Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3567/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, cavabdeh «xxxx» QSC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh «X4 Azərbaycan» QSC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində «xxxx» MMC, Qaradağ rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «X4 Azərbaycan» QSC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində «xxxx» MMC, Qaradağ rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 12051/2017 saylı, 13.12.2017-ci il tarixli icra sənədinə əsasən iddiaçıdan ümumilikdə 28.807,93 manat məbləğində pulun tutularaq «X4 Azərbaycan» ASC-nin xeyrinə ödənilməsi, tutmanın iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, məhəllə 21, ev 2A, 24 saylı mənzilə yönəldilməsi, mənzilin hərracda ilkin satış qiymətinin 85.000 manat müəyyən edilməsi qət edilmişdir. Qaradağ rayon İcra və Probasiya Şöbəsi tərəfindən mənzilin hərracının keçirilməsi üçün xxxxnə sifariş verilmişdir. Lakin, iddiaçı, hərracdan əvvəl Banka olan borcu tam ödəyərək əmlakı ipotekadan azad etdirmişdir və bunu nəzərə alan Qaradağ Rayon İcra və Probasiya Şöbəsi 22.12.2020-ci il tarixli qərarı ilə «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilmişdir. Yəni mənzilin hərraca çıxarılması ehtiyac qalmamışdır. İddiaçı hesab edir ki, hərrac keçirilmədiyindən, yəni iddiaçının mənzilin hərrac vasitəsilə satılmadığından hərraca görə ödədiyi 3.200 manat məbləğində pul iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən 3.200 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh «X4 Azərbaycan» ASC-nin nümayəndəsi X2 iddia tələbinə etirazını bildirərək öz izahatında göstərmişdir ki, iddiaçı ərizəsində yanlış məlumatlar qeyd edərək həqiqətə uyğun olmayan halları, Mülki Məcəlləni və «İpoteka haqqında» Qanunun düz şərh etməmişdir və öz tələblərini təsdiqləyən və hər hansı hüquqlarının pozulmasını əks etdirən heç bir sübutu iddia ərizəsinə əlavə etməmişdir. «X4 Azərbaycan» QSC və İddiaçı arasında 01.07.2014-cü il tarixdə 010714 nömrəli kredit müqaviləsi imzalanmışdır. İddiaçı 010714 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün «X4 Azərbaycan» məhkəməyə müraciət etmişdir. Yekun olaraq kredit borcu üzrə Bakı Apellyasiya Məhkəməsinin 13.12.2017-ci il tarixli 2(103)-1205/2017 saylı qətnaməsi olmuşdur. Həmin qətnaməyə əsasən cavabdeh İddiaçı cəmi 28807,93 manat məbləğində borc pul tutularaq tələbkar «X4 Azərbaycan» QSC-nin xeyrinə ödənilməli, tələb ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, məh.21, ev 2A, 24 saylı mənzilin ilkin satış qiyməti 85000 manat müəyyən edilərək açıq hərracda satılmalı və satışdan əldə edilmiş məbləğ borcun ödənilməsinə yönəldilməsini qət etmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə Bakı şəhəri, Qaradağ rayon İcra və Probasiya Şöbəsinə yönəldilmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsi sifariş vermiş ki, ipoteka predmetləri olan daşınmaz əmlaklar hərracdan satılsınlar. «X4 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilən və ipoteka predmetləri İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən (ipoteka predmeti) ipoteka saxlayan olaraq «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 43.7ci maddəsinə əsasən təkrar hərracdakı ipoteka predmetini ilkin satış qiymətindən 25%-dan az olmayan 54.187,50 manat qiymətilə alınmasına/əldə edilməsinə (bankın mülkiyyətinə keçirməyə) razı olduqları təsdiqləməsi barədə 19.10.2020-ci il tarixdə «Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi» MMC-nə cavab ünvanlanmışlar. Bundan sonra «İpoteka haqqında» Qanuna əsasən və Vergilər Məcəlləsinə əsasən hərrac xərclərini ödəmişdir (54187,50 manatın 5%=2709,37 və 2709,37 manatın ƏDV 18=487,68 manat). Cəmi olaraq ipoteka saxlayan «xxxx» QSC hərracdan daşınmaz əmlakı alınması üçün 3197,06 manat hərrac xərcləri ödəmişdir. Qanunun tələblərinə uyğun olaraq hərrac mərkəzi arasında 34/04 saylı yekun hərrac protokolu imzalanmışdır. «X4 Azərbaycan» QSC hərracdan əldə etdiyi daşınmaz əmlakı üzrə yeni çıxarış alınmasından əvvəl vətəndaş İddiaçı baş ofisə gələrək kredit borcunun bağlanmasını və yaranmış hərrac xərclərini ödəmək istədiyini etiraf etmişdir. Bundan sonra İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 13.12.2017-ci il tarixli, 2(103)-1205/2017 saylı qətnaməsi üzrə 28807,93 manat məbləğində borc pul və 3197,06 manat hərrac xərcləri ödəmişdir. İcra işi üzrə bütün xərclər cavabdeh tərəfindən tam şəkildə ödənilir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər «xxxx» MMC-nin və Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinin nümayəndələri qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş üzrə «xxxx» MMC tərəfindən 11.02.2019-cu il tarixli, 36 nömrəli hesab fakturasının surətindən və EAAQ seriyalı 260582 nömrəli 12.02.2019-cu il tarixli elektron qaimənin surətindən görünür ki, Qaradağ rayon İcra və Probasiya Şöbəsinin sifarişi ilə İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, məhəllə 21, ev 2A, 24 saylı mənzili ilkin satış qiyməti 85.000 manata hərraca çıxarılmış, əmlakın satış qiyməti 54.187,50 manat müəyyən edilmiş, alıcı «X4 Azərbaycan» QSC ƏDV 18% ilə birlikdə 3197,05 manat ödənilməlidir. İş üzrə «X4 Azərbaycan» QSC-nin 123 saylı, 15.02.2019-cu il tarixli ödəniş tapşırıqların surətlərindən görünür ki, «X4 Azərbaycan» QSC tərəfindən «xxxx» MMC-yə 487,69 manat və 2709,37 manat hərraca ödənilən 5% xidmət haqqı ödənilmişdir. İş üzrə “xxxx” MMC tərəfindən İddiaçı, Qaradağ rayon İcra və Probasiya şöbəsinə, «X4» QSC-yə göndərilmiş 19.08.2020-ci il tarixli 01 saylı bildirişdən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12051/2017 saylı, 13.12.2017-ci il tarixli icra qeydi üzrə İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, məhəl.21, ev 2A, 24 saylı mənzilin mənzilin ilkin satış qiyməti 85.000 manata satılması ilə bağlı 18.09.2020-ci il tarixdə ilkin hərracın keçirilməsi barədə məlumat verilmişdir. Hərracda iştirak üçün 5% miqdarında behin məbləği 4250 manat təşkil etmişdir. İş üzrə “xxxx” MMC tərəfindən İddiaçı, Qaradağ rayon İcra və Probasiya şöbəsinə, «X4» QSC-yə göndərilmiş 22.09.2020-ci il tarixli 02 saylı bildirişdən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12051/2017 saylı, 13.12.2017-ci il tarixli icra qeydi üzrə İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, məhəl.21, ev 2A, 24 saylı mənzilin mənzilin satış qiyməti 72250 (ilkin satış qiyməti 85.000-15%=72250) manata satılması ilə bağlı 29.09.2020-ci il tarixdə təkrar hərracın keçirilməsi barədə məlumat verilmişdir. Hərracda iştirak üçün 5% miqdarında behin məbləği 3612,5 manat təşkil etmişdir. İş materiallarında olan «xxxx» MMC tərəfindən İddiaçı, Qaradağ rayon İcra və Probasiya Şöbəsinə və «X4» QSC-yə ünvanlanmış 06.10.2020-ci il tarixli təklif məktubun surətindən görünür ki, Qaradağ rayon İcra və Probasiya Şöbəsinin 17/65-141735/1 saylı, 17.02.2020-ci il tarixli sifariş məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, məh. 21, ev 2A, mənzil 24-ün təkrar hərracının baş tutmaması barədə «Atribut» qəzetinin 02.10.2020-ci il tarixli nömrəsində elan dərc edilmişdir. «İpoteka haqqında» Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətilə yəni 54187,5 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarında olan «X4 Azərbaycan» MMC tərəfindən «xxxx» MMC-yə ünvanlanmış 19.10.2020-ci il tarixli ərizənin surətindən görünür ki, «X4 Azərbaycan» QSCnin xeyrinə ipoteka ilə yüklü edilən və ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, məh.21, ev 24 saylı mənzil (ipoteka predmetini) ipoteka saxlayan olaraq qanunvericiliyin tələblərinə əsasən alınmasına/əldə edilməsinə (mülkiyyətinə keçirməyə) razı olduqları təsdiqləyərək bəyan edirlər. Qeyd etmək istəyirlər ki, hərrac vasitəsilə əlaqədar olaraq 487,69 manat və 2709,37 manat «X4 Azərbaycan» QSC tərəfindən ödənilmişdir. İş üzrə “xxxx” MMC tərəfindən tərtib edilmiş hərracın yekunları barədə 34/04 No-li, 30.10.2020-ci il tarixli protokolun surətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 12051/2017 saylı, 13.12.2017-ci il tarixli icra vərəqəsinin, Qaradağ rayon İcra və Probasiya Şöbəsinin 17/65-141735/1 saylı, 17.02.2020-ci il tarixli sifariş məktubunun və «X4 Azərbaycan» QSC-nin müvafiq məktubunun icrasına əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 21-ci məhəllədə yerləşən 2A saylı evin 24 saylı mənzili ilkin satış qiyməti 85.000 manata hərraca çıxarılmış, keçirilən təkrar hərrac baş tutmadığına görə həmin əmlakı 54187,50 manata ipoteka saxlayan «X4 Azərbaycan» QSC-yə satılmışdır. İş materiallarında olan «X4 Azərbaycan» QSC-nin 16.11.2020-ci il tarixli ödəniş qəbzlərin surətlərindən görünür ki, İddiaçı kredit üçün 28.808 manat, hərrac xərci üçün 3.242 manat, girovun ləğvi üçün 32 manat ödəniş etmişdir. İş materiallarında olan Qaradağ rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 16.11.2020-ci il tarixli məktubun kserosurətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12051/2017 saylı, 13.12.2017-ci il tarixli icra vərəqəsinin icrasının təmin olunması məqsədi ilə İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 21-ci məhəllə, ev 2A, 24 saylı fərdi yaşayış mənzilinin «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci və 53-cü maddəsinə uyğun olaraq özgəninkiləşdirilməməsi ilə əlaqədar müvafiq qeydiyyat aparılması üçün 17/65-12041/4 saylı, 13.11.2018-ci il tarixli məktubla göndərilmişdir. Zərurət aradan qalxdığı üçün İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 21-ci məhəllə, ev 2A, 24 saylı fərdi yaşayış mənzilinin üzəri qoyulmuş özgəninkiləşdirilməsi ilə bağlı məhdudiyyətin götürülməsi barədə müvafiq göstərişin verilməsi xahiş olunmuşdur. İş materiallarında olan «X4 Azərbaycan» QSC tərəfindən Qaradağ rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 23.11.2020-ci il tarixli ərizənin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 13.12.2017-ci il tarixli 2(103)-12051/2017 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı cəmi 28.807.93 manat məbləğində borc pul tutularaq tələbkar «X4 Azərbaycan» QSC-nin xeyrinə ödənlməli, tələb ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, məh.21, ev 2A, 24 saylı mənzilin ilkin satış qiyməti 85.000 manat müəyyən edilərək açıq hərracda satılmalı və satışdan əldə edilmiş məbləğ borcun ödənilməsinə yönəldilməsini qət etmişdir. Cavabdeh İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 13.12.2017-ci il tarixli, 2(103)-12051/2017 saylı qətnaməsi üzrə qət edilmiş borcu tam ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini və qanunvericiliklə nəzərdə tutulmuşd tədbirlər görməsini xahiş etmişlər. İş üzrə Qaradağ rayon İcra və Probasiya Şöbəsinin 22.12.2020-ci il tarixli qərarın kserosurətindən görünür ki, icra sənədi üzrə borclu İddiaçı 28807,93 manat məbləğində pul vəsaiti tutularaq tələbkar «X4 Azərbaycan» QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunmuşdur. Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12051/17 nömrəli, 13.12.2017-ci il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 311.1-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Həmin Məcəllənin 311.3-cü maddəsinə əsasən kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin, (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir. Məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcudan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə əsasən ipoteka predmetinin satılmasından əldə olunan gəlirin bölüşdürülməsi məqamları öz əksini tapır. Həmin Qanunun 4.1.4-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi nəzərdə tutulub. Həmin Qanunun 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokolu imzalayırlar. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 13.12.2017-ci il tarixli 2(103)-1205/2017 saylı qətnaməsi ilə cavabdeh İddiaçı cəmi 28807,93 manat məbləğində borc pul tutularaq tələbkar «X4 Azərbaycan» QSC-nin xeyrinə ödənilməli, tələb ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, məh.21, ev 2A, 24 saylı mənzilin ilkin satış qiyməti 85000 manat müəyyən edilərək açıq hərracda satılmalı və satışdan əldə edilmiş məbləğ borcun ödənilməsinə yönəldilməsini qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13.12.2017-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinə icraya yönəldilmiş və mənzil açıq hərracdan satılması üçün “xxxx” MMC-yə təqdim edilmişdir. Hərrac mərkəzi tərəfindən ipoteka predmeti olan evin açıq hərracdan satılması ilə əlaqədar “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq hərracda iştirak etmək hüququ olan şəxslərə, o cümlədən iddiaçıya məlumat verilmişdir. İlkin hərracda mübahisəli evin alıcısı olmadığından hərrac baş tutmamış, bu səbəbdən hərrac mərkəzi tərəfindən təkrar hərrac keçirilmiş və mənzil təkrar hərracdan 54.187,50 manat banka satılmışdır. Bank hərracdan daşınmaz əmlakı alınması üçün 3197,06 manat hərrac xərci ödəmişdir. Bank hərracdan əldə etdiyi daşınmaz əmlakı üzrə yeni çıxarış almasından əvvəl iddiaçı Bakı Apellyasiya Məhkəməsinin 13.12.2017-ci il tarixli qətnaməsi üzrə 28807,93 manat məbləğində borc və 3197,06 manat hərrac xərci ödəmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, borc hərracdan əvvəl tam şəkildə ödənildiyinə görə mənzilin hərraca çıxarılmasına ehtiyac qalmamışdır. Bu səbəbdən onun mənzilin hərrac vasitəsilə satılmadığından hərraca görə ödənilmiş 3.200 manat məbləğində pulun ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hərracın keçirilmədiyindən və mənzilin hərrac vasitəsilə satılmadığını iddia etsə də, məhkəmə araşdırması zamanı bu hallar öz təsdiqini tapmamışdır. Eyni zamanda iddiaçı tərəfindən bu halları təsdiq edən sübutlar da təqdim edilməmişdir. Əksinə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, bank tərəfindən hərracdan əmlakı alınması üçün 3196,06 manat hərrac xərci ödəmişdir və 30.10.2020-ci il tarixdə bank və hərrac mərkəzi arasında 34/04 saylı yekun hərrac protokolu imzalanmışdır. Bank əldə edilmiş mənzil üzrə yeni çıxarış almamışdan əvvəl iddiaçı Bakı Apellyasiya Məhkəməsinin 13.12.2017-ci il tarixli qətnaməsi üzrə 28807,93 manat və 3197,06 manat hərrac xərci ödəmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürdüyü tələblərin əsası kimi gətirdiyi dəlillər öz təsdiqini tapmadığından və bununla bağlı sübutlar təqdim edilmədiyindən, iddia tələbi əsaslı hesab edilə bilməz. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı iddia tələbini əsaslandıra biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «X4 Azərbaycan» QSC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində «xxxx» MMC, Qaradağ rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə «pul» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «X4 Azərbaycan» QSC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində «xxxx» MMC, Qaradağ rayon İcra və Probasiya Şöbəsi cəlb edilməklə «pul» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-3567/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3567/2021
02.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver